Heydər Əliyev
Azərbaycanın iqtisadi müstəqilliyinin
banisidir
Xalqımız müasir Azərbaycan
dövlətinin banisi, ulu
öndər Heydər Əliyevin
90 illik yubileyini böyük sevinc və qürur hissi ilə qeyd edir. Hələ
sağlığında xalqın qəlbində özünə
əbədi abidə ucaltmış, Vətənimizin
şöhrətini bütün dünyaya yaymış böyük
və qüdrətli şəxsiyyətin respublikamıza rəhbərlik
etdiyi 35 ilə yaxın bir
dövr Azərbaycan tarixinin qızıl hərflərlə yazılmış şanlı
səhifələrini təşkil edir.
Heydər Əliyevi zirvələrə qaldıran, ümummilli lider məqamına
yüksəldən ən başlıca keyfiyyət onu xalqını, Vətənini canından
artıq sevməsi ilə
bağlı idi.
Azərbaycanlı olmağı ilə həmişə fəxr
edən ulu öndərimiz bütün
mənalı ömrünü
xalqının rifahının
yaxşılaşdırılmasına, ölkəsinin beynəlxalq
nüfuzunun artırılmasına həsr
etmişdir.
Dahi Heydər Əliyevin Azərbaycana
rəhbərliyə başladığı hər iki tarixi dövr
iqtisadi tənəzzüllə xarakterizə
olunsa da, məhz bu fenomenal şəxsiyyətin,
dünya şöhrətli siyasətçinin
qəbul etdiyi son dərəcə
dəqiq qərarlar, həyata keçirdiyi
məqsədyönlü islahatlar nəticəsində
həmin tənəzzülü sürətli tərəqqi əvəz
etmişdir. Tarixə nəzər
salaq. Ötən əsrin 60-cı illərində
Azərbaycan keçmiş
İttifaqın ən geridə qalmış aqrar
respublikası kimi tanınırdı. Mərkəzi
hökumətin Azərbaycana olan biganə
münasibəti, respublikanın sosial-iqtisadi
inkişafı üçün kifayət
qədər maliyyə vəsaitinin ayrılmaması, məhsuldar
qüvvələrin düzgün
yerləşdirilməməsi və s. səbəblər
ümumi inkişafı ləngidir, əhalinin
maddi-rifah halının getdikcə pisləşməsinə
səbəb olurdu. Məhz
belə bir şəraitdə Azərbaycana
zəngin biliyə, yüksək idarəetmə təcrübəsinə,
respublikanın iqtisadi potensialına,
xalqın milli adət-ənənələrinə
və mentalitetinə yaxından və hərtərəfli bələd
olan bir rəhbər
göndərilməsinə böyük zərurət var idi. Azərbaycanda isə
belə bir şəxs Mərkəzin də yaxından
tanıdığı Heydər
Əliyev idi. Beləliklə, 1969-cu il iyul ayının 14-də
Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin
birinci katibi seçildi. Respublikamızın
yeni rəhbəri idarəçilik fəaliyyətinə
ilk olaraq kadrların düzgün seçilib
yerləşdirilməsi ilə başladı. Yerində olmayan, respublikanın ümumi
inkişafına əngəl törədən səriştəsiz
partiya, sovet
işçiləri savadlı, yüksək ixtisaslı kadrlarla əvəz olundu. Əhalinin
həyat səviyyəsini yaxından öyrənmək məqsədilə
tez-tez rayonlara səfər
edən respublika rəhbəri sakinlərlə
birbaşa təmasa girir,
onları səbr və təmkinlə dinləyirdi. Xüsusən
də aqrar sahənin geridə
qalmasının səbəblərini
öyrənir, onu inkişaf
etdirməyin yollarını araşdırırdı.
Ulu
öndərin Azərbaycana rəhbərliyinin ilk illərindən
etibarən respublikada geniş islahatların həyata
keçirilməsinə başlanıldı. Respublika həyatının
bütün sahələrində böyük bir canlanma
yarandı, sürətli inkişafın bünövrəsi
qoyuldu. Heydər Əliyevin işgüzarlığı,
bacarığı sayəsində Azərbaycan, sözün əsl
mənasında, nəhəng quruculuq meydanına çevrildi,
hər yerdə tikinti işləri sürətləndi. Məhz
həmin illərdə ulu öndərimizin səyi nəticəsində
İttifaq əhəmiyyətli son dərəcə iri sənaye
obyektlərinin Azərbaycanda tikilməsinə razılıq
verildi, bu məqsədlə külli məbləğdə vəsait
ayrıldı. Heydər Əliyevin
gərgin və səmərəli fəaliyyətinin nəticəsi
idi ki, bir neçə il əvvəl geridə qalmış
aqrar respublika kimi tanınan Azərbaycan qısa müddətdə
keçmiş İttifaqın inkişaf etmiş sənaye mərkəzlərindən
birinə çevrildi. Respublikada nəhəng energetika
kompleksi, neftayırma və neft-kimya müəssisələri,
bir sıra iri fabrik və zavodlar tikilib istismara verildi. İndi
qətiyyətlə söyləmək olar ki, bugünkü
iqtisadi müstəqilliyimizin bünövrəsini məhz
ümummilli liderimizin həmin illərdə böyük
uzaqgörənliklə işləyib hazırladığı
inkişaf konsepsiyası təşkil edir. Təsadüfi
deyildi ki, müstəqillik illərində həmin
dövrü xatırlayarkən ümummilli lider deyirdi: “Bəli,
mən istəyirdim ki, Azərbaycan müstəqil olsun, hər
şeydən əvvəl iqtisadi cəhətdən.
Çünki istənilən müstəqilliyin əsasında
iqtisadiyyat durur. Məsələn, mən burada çoxlu
elektrik stansiyaları tikdirirdim. Məndən soruşurdular ki,
bunlar sənin nəyinə lazımdır? Mən onlara demirdim
nə üçün bu lazımdır... Mən istəyirdim
mənim ölkəm, mənim xalqım istənilən şəraitdə
müstəqil yaşaya bilsin.”
Xalqların,
dövlətlərin tarix səhnəsindəki yerini və
rolunu mövcud olduqları
müstəqillik illəri müəyyən edir. Ötən
əsrin 90-cı illərinin əvvəllərində yenidən
müstəqillik qazanmış Azərbaycan
Respublikasının bu gün dünyanın nüfuzlu,
qüdrətli bir dövləti kimi mövcudluğu da ulu
öndərimizin titanik fəaliyyətinin məntiqi nəticəsidir.
Heydər Əliyevin tarixi şəxsiyyət kimi
böyüklüyü ötən əsrin sonu və XXI əsrin
əvvəllərində ictimai-siyasi həyatın bir
çox sahələrində özünü göstərdi.
Tarixin çox mürəkkəb, dramatik və məsul bir
dövründə xalqın əsrlərdən gələn
azadlıq və müstəqillik arzularını gerçəkləşdirərək
müstəqil və suveren Azərbaycan Respublikasını
qurması onun dövlətçilik fəaliyyətini daha parlaq
şəkildə nümayiş etdirdi. Bu fəaliyyəti
zamanı o, fenomenal keyfiyyətləri ilə yanaşı,
böyük iqtisadçı kimi də hakimiyyətinin ilk
dövründə olduğundan daha qabarıq və parlaq şəkildə
imkanlarını nümayiş etdirə bildi. Sovet sisteminin miras qoyduğu
çoxsaylı problemlər, müstəqilliyin ilk illərində
respublikamıza rəhbərlik edən səriştəsiz
şəxslərin təqsiri
ucbatından meydana çıxan xaos və anarxiya,
separatçılıq meyilləri Azərbaycanın kövrək
müstəqilliyi üçün çox ciddi təhlükə
törədirdi. Xalqımız çətin sınaq
qarşısında idi. Belə bir şəraitdə Heydər
Əliyev xalqın çoxsaylı müraciətlərini, təkid
və xahişlərini nəzərə alaraq yenidən
respublika rəhbərliyinə qayıtdı. “Mən
ömrümün qalan hissəsini də xalqıma
bağışlayıram” deyən ümummilli lider qısa
müddətdə ictitmai-siyasi sabitliyi təmin etməklə
yanaşı, respublikamızda
quruculuq işlərinin başlıca istiqamətlərini
müəyyənləşdirdi.
Azərbaycanın əbədi və firavan gələcəyinin
əsas təminatı kimi dövlətin strateji yolunun
yalnız demokratiya, sərbəst iqtisadiyyat, sahibkarlıq yolu
olduğunu göstərdi. Ulu öndərin müəyyən
etdiyi ölkənin ümumi inkişaf konsepsiyasının əsasını
sosial-iqtisadi sabitliyi qorumaq, iqtisadi sistemin
transformasiyasını təmin edən islahatları sistemli
şəkildə aparmaq, dünya iqtisadiyyatına sürətli
inteqrasiya, sosial-iqtisadi inkişaf və xalqın
rifahının yüksəldilməsi təşkil edirdi.
Ümummilli
liderimiz tarixi müstəqilliyimizin qorunub saxlanmasına
çox ciddi təhlükə olan separatizm meyillərinin
qarşısını qətiyyətlə aldı,
respublikamızda ictimai-siyasi sabitliyin möhkəmləndirilməsinə
nail oldu. Ulu öndər həmişə deyirdi ki, müstəqilliyi
qoruyub saxlamaq onu əldə etməkdən qat-qat çətindir.
Heydər Əliyev Azərbaycanın siyasi müstəqilliyinin
möhkəmləndirilməsini, onun əbədiyaşarlığının
təmin edilməsini ölkənin iqtisadi müstəqilliyinə
nail olunmasında görürdü. Bunun üçün isə
Azərbaycanın güclü iqtisadi potensialından, zəngin
yeraltı və yerüstü sərvətlərindən
ağılla, məqsədyönlü şəkildə
istifadə etmək lazım idi. Elə ulu öndərin
böyük uzaqgörənliklə işləyib hazırladığı
iqtisadi inkişaf konsepsiyasının əsasını da məhz
bu amil təşkil edirdi.
1994-cü
il sentyabr ayının 20-də imzalanmış “Əsrin müqaviləsi” ilə Azərbaycan
xarici sərmayələr üçün açıq
ölkə elan olundu. Azərbaycanda ictimai-siyasi sabitliyin təmin
edilməsinə tam əmin olan xarici neft şirkətləri
respublikamızın neft sənayesinə sərmayə yönəltməyə
başladılar. Sonrakı beş-altı il ərzində
dünyanın bir çox dövlətləri ilə 21 neft
müqaviləsi imzalandı. Beləliklə də, Azərbaycanda
yeni neft erası başlandı, ölkənin neft-qaz sənayesi
sürətli inkişaf mərhələsinə qədəm
qoydu. Artıq 19 ilə yaxındır ki, ulu öndərin
müəllifi olduğu yeni neft strategiyası ölkəmizin
çiçəklənməsinə, xalqımızın
rifahının yaxşılaşmasına xidmət edir.
Heydər
Əliyevin həyata keçirdiyi ağıllı, səriştəli,
təmkinli və məqsədyönlü iqtisadi islahatlar nəticəsində
1996-cı ildən etibarən Azərbaycan iqtisadiyyatında əsaslı
yüksəlişin bünövrəsi qoyuldu. İlk dəfə
olaraq ölkədə əhalinin pul gəlirlərinin
artım səviyyəsi qiymətlərin artım səviyyəsini
üstələdi. Təkcə belə bir faktı qeyd etmək
kifayətdir ki, 1996-2003-cü illərdə bütün
makroiqtisadi göstəricilər iki-üç dəfədən
çox artdı. 1993-2003-cü illəri əhatə edən
10 il ərzində Azərbaycanda ümumi daxili məhsul
istehsalı 22,3 dəfə, adambaşına düşən
ÜDM-in həcmi isə 20,3 dəfə artdı. Həmin illərdə
ölkəmizdə hüquqi-təşkilatı formasından
asılı olmayaraq üç minə qədər yeni sənaye
müəssisəsi açılaraq 2003-cü ilin əvvəlinə
onların sayı 5200-ü ötdü.
Ulu
öndər Azərbaycana ilk rəhbərliyi dövründə
hərtərəfli savada və geniş dünyagörüşünə
malik kadrların yetişdirilməsinə xüsusi diqqət və
qayğı göstərirdi. Hələ ötən əsrin
70-ci illərində o, Azərbaycan gənclərinin
SSRİ-nin ən qabaqcıl ali məktəblərində təhsil
almasına xüsusi diqqət yetirirdi. Ali təhsilini başa
vurub Azərbaycana qayıdan gənclərə xüsusi
qayğı göstərərək onları xalq təsərrüfatının
müxtəlif sahələrində işlə təmin edirdi.
Ötən əsrin sonlarında tarixi müstəqilliyini bərpa
etmiş Azərbaycana yenidən rəhbərliyə gələn
ümummilli liderimiz 70-80-ci illərdə etimad göstərib müxtəlif
vəzifələrə təyin etdiyi kadrları
respublikamızın çiçəklənməsi kimi
müqəddəs bir işə töhfə verməyə səslədi.
Onların bir çoxuna yenidən etimad göstərildi. Çox xoşbəxtəm və
qürur hissi keçirirəm ki, əmək fəaliyyətimin
əsas hissəsi məhz
ümummilli liderimizin respublikamıza rəhbərlik etdiyi
dövrə təsadüf edir. Bu parlaq şəxsiyyətin rəhbərliyi
altında müxtəlif məsul vəzifələrdə
çalışmışam. Ulu öndərimizin
bütün sahələrə diqqət və
qayğısını daim hiss etmiş, onun nizam-intizama
xüsusi diqqət yetirdiyinin, kadrlara qarşı yüksək tələbkarlığının
şahidi olmuşam.
Hər
il may ayının 10-u gələndə Azərbaycan
xalqının böyük oğlu, görkəmli dövlət
xadimi, dünya şöhrətli siyasətçi, müasir
dövlətçiliyimizin banisi Heydər Əliyevin ilk dəfə
respublikamıza rəhbərlik etdiyi 70-80-ci illəri
xatırlayıram. Həmin illərdə Azərbaycanda
bütün sahələrdə olduğu kimi, iqtisadiyyatda, o
cümlədən bank sistemində də genişmiqyaslı
islahatlar həyata keçirilirdi. Hətta o illərdə əhali
arasında geniş yayılmış 3 faizli istiqrazların
satışına görə respublikamız SSRİ-də
birincilər sırasında idi...
Müstəqil
Azərbaycan Respublikasında sığorta sahəsinin təşəkkülü
və inkişafı da ölkəmizin
iqtisadi müstəqilliyinin banisi, ulu öndər Heydər Əliyevin
adı ilə bağlıdır. Yeri gəlmişkən, ümummilli liderimiz Heydər Əliyevin
bir sıra xarici dövlətlərə səfərləri
zamanı ölkəmizi təmsil edən geniş tərkibli
nümayəndə heyətlərinin tərkibində mən də
iştirak etmişəm. Həmin səfərlər vaxtı
ulu öndərimizin Azərbaycanın
beynəlxalq nüfuzunun artırılması üçün
necə böyük səy göstərdiyinin şahidi
olmuşam. Yaxşı yadımdadır: 1995-ci ilin noyabr
ayında Londonda keçirilən “Azərbaycanda investisiya
imkanları” adlı beynəlxalq
konfransda çıxış edən ulu öndərimiz
ölkəmizdə iqtisadiyyatın mühüm sahələrindən
olan sığorta bazarının
formalaşdırılması ilə bağlı maraqlı
fikirlər söylədi, konkret
təkliflər irəli sürdü. Ümummilli liderimiz
dedi: “...Sığorta işi bizim üçün yeni bir
işdir... Bu iş bizim üçün iqtisadi həyatın
yeni, amma mühüm cəhətidir. Elə bizim
hamımız da respublikamızda səhmlərin
sığortalanmasının vacibliyini və ümumiyyətlə,
hər hansı biznesin sığortalanmasının əhəmiyyətini
başa düşürük. Mən sizə bildirmək istəyirəm
ki, Azərbaycanda xarici səhmləri sığortalamaq
üçün təminatlı şərait
yaradılması sahəsində tədbirlər görürük.
Əmin ola bilərsiniz ki, bizim tərəfimizdən
qanunvericilik qaydasında, sərəncam qaydasında
bütün tədbirlər həyata keçiriləcəkdir.
Digər tərəfdən isə, bizim özümüz bazar
münasibətlərinin həyata keçirilməsi prosesinə,
xarici səhmlərin cəlb edilməsi prosesinə
başlayaraq, artıq hiss edirik ki, sığorta məsələsi
bizim zəif yerimizdir. Həqiqətən, çox etibarlı,
möhkəm təminatlı sığorta xidməti,
sığorta sistemi yaratmaq lazımdır”.
Azərbaycanda
güclü iqtisadiyyatın yaradılmasına nail
olmağı başlıca hədəflərdən biri kimi
müəyyənləşdirən ulu öndərimiz,
bütün sahələrdə olduğu kimi, müstəqil
ölkənin sığorta bazarının
formalaşdırılması üçün hüquqi
bazanın yaradılması məqsədilə bir sıra zəruri
sənədlər imzaladı. 1993-cü ilin əvvəlində
qəbul olunmuş “Sığorta haqqında” Azərbaycan
Respublikasının Qanunu sığorta bazarının
inkişafına müəyyən təkan versə də, cəmiyyətdə
gedən köklü dəyişikliklər, ölkəmizdə
həyata keçirilən geniş miqyaslı sosial-iqtisadi
islahatlar, bir çox sahələrdə olduğu kimi,
sığorta sahəsində də qanunvericilik
bazasının təkmilləşdirilməsini tələb
edirdi. Məhz bu məqsədlə 1999-cu il avqustun 19-da ölkə
Prezidenti Heydər Əliyevin fərmanı ilə
“Sığorta haqqında” Azərbaycan Respublikasının
yeni qanunu qəbul edildi. Bütövlükdə isə həmin
dövrdə sığortanın inkişafına dair 11
müxtəlif qanun və qərar qəbul olunmuşdur. Yeri gəlmişkən, ulu öndərin
layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab
İlham Əliyevin 2007-ci il dekabrın 25-də
imzaladığı fərmanla “Sığorta fəaliyyəti
haqqında” daha mükəmməl
bir qanunun qəbul olunması bu
sahədə hüquqi bazanın daha da təkmilləşdirilməsinə
səbəb oldu. Dövlət
başçısı İlham Əliyevin 24 iyun 2011-ci il
tarixli fərmanı ilə təsdiq olunmuş icbari
sığortalar haqqında” Qanun isə ölkəmizdə
sığorta bazarının xeyli canlanmasına gətirib
çıxarmışdır. Xatırladaq ki, qanuna əsasən, daşınmaz əmlak,
yəni yaşayış evi, mənzil yanğın,
partlayış və ya təbii fəlakət nəticəsində
zədələndikdə və məhv olduqda ona qanunla müəyyən
olunmuş sığorta ödənişi veriləcək ki,
bununla da onların tikintilərinə
dəyən zərərin bərpası təmin ediləcəkdir.
Bütövlükdə
isə Azərbaycanın sığorta bazarı son illər
böyük inkişaf yolu keçmişdir. Təsadüfi
deyil ki, BMT-nin İnkişaf Proqramı və Dünya Bankı
pensiya ilə bağlı həyata keçirdikləri layihələrdə
Azərbaycan Respublikasının sığorta-pensiya sistemini
keçid dövrü ölkələri üçün
uğurlu model kimi təqdim etmişdir. Son illər ölkəmizdə
sosial-sığorta və pensiya təminatı sahəsindəki
islahatlar, bu sferada informasiya-kommunikasiya texnologiyalarının tətbiqi,
inzibati idarəetmə və kadr potensialının
inkişafı sahəsində mühüm nailiyyətlər əldə
olunmuşdur. 2012-ci ildə Azərbaycanın
sığorta sistemində iqtisadi göstəricilərin xeyli dərəcədə
yaxşılaşması da bunun bariz nümunəsidir. Belə
ki, il ərzində sığorta
yığımlarının həcmi 44,4 faiz artaraq 342,5 milyon manata,
sığorta ödənişləri isə 30,7 faiz artaraq
93,8 milyon manata çatmışdır. Bundan əlavə, könüllü sığorta
növləri üzrə yığımlar 28 faiz artaraq 215
milyon manata, icbari sığorta növləri üzrə 80
faizdən çox artaraq 127 milyon manata yüksəlmişdir. Yeri gəlmişkən, ötən
il sığorta yığımları üzrə əldə
edilən nəticə əvvəlki illərə nisbətən
daha yüksək olmuşdur. On il əvvəllə müqayisədə sığorta haqlarının həcmi
6 dəfə, son beş ildə isə 2,3 dəfə
armışdır. Eyni dinamika sığorta ödənişlərində
də müşahidə olunmuşdur. Bu baxımdan 2012-ci il Dövlət
Sığorta Şirkəti üçün də
üğürlu olmuşdur. Hesabat ilində şirkətimiz tərəfindən
daxilolmalar 34,6 milyon manat, ödənişlər isə 11,7
milyon manat olmuşdur ki, bu da ölkə üzrə
yığılan sığorta haqlarının 10,1 faizini,
ödənişlərin isə 12,5 faizini təşkil edir.
Azərbaycanda
sığorta bazarının inkişafı nəticəsində
ötən müddətdə bir sıra özəl
sığorta şirkətləri təsis edilmiş, xarici
ölkələrin bu sahədə fəaliyyət göstərən
qabaqcıl şirkətləri ilə mühüm əməkdaşlıq
əlaqələri qurulmuşdur.
Hazırda
Dövlət Sığorta Şirkəti təbii fəlakətlərdən,
yanğından, zəlzələdən və digər
gözlənilməz hadisələrdən dəyən zərərin
ödənilməsinə sığorta təminatı yaratmaq
məqsədilə 30-dan çox sığorta növü
üzrə əhaliyə xidmət göstərir. Bu sahədə
uğurlarımız isə ilbəil artır. Heç
şübhəsiz, bütün bunlar anadan olmasının
90-cı ildönümünü böyük təntənə
ilə qeyd etdiyimiz ulu öndər Heydər Əliyevin əsasını
qoyduğu sosial-iqtisadi strategiyanın hazırda cənab
Prezidentimiz İlham Əliyevin yeni dövrün
reallıqlarına uyğun olaraq böyük
yaradıcılıqla davam etdirməsinin məntiqi nəticəsidir.
Məmməd
MƏMMƏDOV,
Dövlət
Sığorta Şirkətinin sədri,
Azərbaycan Respublikasının
əməkdar
iqtisadçısı
Xalq qəzeti.- 2013.- 8 may.- S. 11.