Heydər – qalib
Mixail QUSMAN: “Əgər Andropovun
siyasi ömrü bir qədər uzun olsaydı, Heydər Əliyev
SSRİ hökumətinin çox güclü və qüdrətli
başçısı olardı”
Rusiyanın nüfuzlu “Moskovskiy
komsomolets” qəzetinin 7 may tarixli nömrəsində bu nəşrin
siyasi icmalçısı Mixail Rostovskinin İTAR-TASS
agentliyinin baş direktorunun birinci müavini, agentliyin
şef-redaktoru Mixail Qusman ilə müsahibəsi “Heydər-qalib”
sərlövhəsi ilə dərc edilmişdir. AzərTAc həmin
müsahibəni oxuculara təqdim edir.
Mayın
10-da yaxın keçmişimizin siyasi nəhənglərindən
birinin – Azərbaycanın keçmiş Prezidenti Heydər Əliyevin
anadan olmasının 90 illiyi tamam olur. Əliyevin siyasi
karyerası “Stalindən Putinə qədər” davam etmiş və
ən ağlasığmaz peripetiyaları əhatə
etmişdir. Hakimiyyət piramidasının demək olar ki, ən
uca zirvəsinə çatmış H.Əliyev - SSRİ
dövründə o, Azərbaycanın partiya lideri, siyasi
bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin
birinci müavini olmuşdur - Qorbaçovun ucbatından həmin
zirvədən qəflətən, daş kimi aşağı
düşmüşdür. Lakin bu, Heydər Əliyevin
növbəti yüksəlişi üçün bir
prelüdiya oldu: Postsovet dövründə baş alıb gedən
qanunsuzluq və dağıntı şəraitində Heydər
Əliyev çoxsaylı düşmənlərini məğlub
edərək artıq müstəqil Azərbaycanın rəhbəri
oldu.
Lakin
Əliyevin karyerasında əsas məsələ onun tutduğu vəzifələrin və
layiq görüldüyü rütbələrin uzun
siyahısı deyildir. Onunla görüşən insanların
istisnasız olaraq hər biri Əliyevin fantastik xarizmaya,
qeyri-adi dərəcədə güclü şəxsi
energetikaya malik olmasını söyləyir. Heydər Əliyevin
siyasi sirri nədən ibarətdir? Əgər Moskvada bu suala
cavab verə biləcək bir adam varsa, bu, İTAR-TASS
agentliyinin şef-redaktoru Mixail Qusmandır. Azərbaycan siyasəti
üzrə hamının qəbul etdiyi mütəxəssis
olan M.Qusman hələ məktəbli ikən Heydər Əliyev
ilə görüşmüşdür.
-
Mixail Solomonoviç, sizin fikrinizcə, Əliyevin məhz
hansı keyfiyyətləri ona sovet və postsovet
dövründə siyasi nəhənglərdən biri
olmağa imkan vermişdi?
-
Dünyada siyasətçilərin mütləq əksəriyyətinin
taleyi heç də həsəd aparılmalı deyildir. Onlar
siyasi arenadan gedəndən cəmi bir neçə il, bəzən
də bir neçə ay sonra öz ölkələrində
unudulur. Nəinki tarixdə qalmaq, həm də bu tarixə
getdikcə daha dürüst yazılmaq yalnız tək-tək
insanlara qismət olur. Axı, bir sıra hadisələrin həqiqi
mənası çox vaxt yalnız uzun illərdən sonra
üzə çıxır.
“Barmaqla
sayıla biləcək” bu cür siyasətçiləri qalan
kütlədən ayıran onların hansı keyfiyyətləridir?
Mənim fikrimcə, bir keyfiyyət var ki, onu nə tərbiyə
etmək mümkündür, nə azaltmaq, nə də
çoxaltmaq. Bu, fitri siyasi duyum, intuisiyadır. Mən
sözün həqiqi mənasında böyük siyasətçi
olan bircə nəfər də tanımıram ki, onun bu fitri
atributu olmasın. Və əksinə, yalnız incə və
güclü duyuma malik olan siyasətçilərin tarixə
düşmək şansı vardır. Heydər Əliyev
fenomenal siyasi duyuma malik idi. Bunu onun tərəfdarları da
etiraf edir, düşmənləri də.
- Siz
Heydər Əliyevin əfsanəvi “şəxsi magiya”
sını ilk dəfə öz üzərinizdə nə
vaxt hiss etdiniz? Onunla ilk görüşünüzü
necə xatırlayırsınız?
- Ən
birincisini deyirsiniz? Bu görüş çox gülməli
olmuşdu. Mən doqquzuncu sinifdə oxuyurdum. Bizim məktəbdə
komsomol drujinaçıları vardı. Biz
yaşadığımız mikrorayonda qayda-qanuna riayət
olunmasına nəzarət edirdik. Yəni,
çalışırdıq ki, orada xuliqanlar olmasın, pis
oğlanlar bizim qızlara sataşmasınlar. Bir dəfə
biz üç xuliqanı yaxalamışdıq. Onlar pəncərə
şüşələrini qırmaq istəyirdi, biz buna imkan
verməmişdik. Bununla əlaqədar, Azərbaycan Dövlət
Təhlükəsizlik Komitəsinin sədrinin müavini Heydər
Əliyev bizim məktəb drujinasını fəxri fərmanla
təltif etməyə gəlmişdi.
- Yəqin
ki, Əliyev haqqında növbəti dəfə o,
respublikanın rəhbəri təyin ediləndə
eşitmiş olarsınız, düzdürmü?
-
1969-cu ilin o iyul gününü çox yaxşı
xatırlayıram. Respublika Kommunist Partiyası Mərkəzi
Komitəsinin plenum iclası gedirdi. Yeni birinci katib vəzifəsinə
kimin seçiləcəyini heç kəs bilmirdi. O vaxt
mən anam və atamla birlikdə şəhər ətrafındakı
pansionata istirahətə gedirdik. Biz ailəmizin
dostu olan bir nazirin yaşadığı evin yanından
keçib gedirdik. Onda valideynlərim mənə dedilər:
Sən yuxarı qalx, soruş görək kimi seçiblər.
Mən nazirin evinə qalxıb öyrəndim
ki, Əliyevi seçiblər. Onda mən bir də
soruşdum: hansı Əliyevi? Axı Əliyev
Azərbaycanda çox populyar soyaddır. O vaxt respublikada
Əliyev soyadlı nazir də vardı, vilayət partiya komitəsinin
birinci katibi də. Amma mən eşidəndə
ki, söhbət bu adamların heç birindən deyil, Heydər
Əliyeviçdən gedir, bu, son dərəcə gözlənilməz
oldu. Onun bu vəzifəyə təyin edilməsi
ehtimalı barədə heç şayiə də
yayılmamışdı.
- Adamların Heydər Əliyevi başqa əliyevlərlə
dolaşıq salmaması üçün nə qədər
vaxt keçdi?
- Bu,
çox tez baş verdi. Heydər Əliyev
bütün səviyyələrdə siyasi elitanı kəskin
şəkildə yeniləşdirdi, elə addımlar
atmağa başladı ki, uzun illərdən sonra bu
addımlar Yeltsinin Moskva şəhər partiya komitəsinin
birinci katibi olduğu dövrdə Moskva reallıqları
nümunəsində bizə tanış gəldi.
Məsələn, günlərin birində o,
şəhəri gəzir, Bakının ticarət obyektlərinin
necə işlədiyini yoxlayırdı. Başqa
bir gün o, şəhər nəqliyyatına minir və
avtobusların necə işlədiyini yoxlayırdı.
Bu yerdə
qeyd etməliyəm ki, mənimlə eyni nəslə mənsub
olan insanlar keçən əsrin 60-cı illərində “Azərbaycanfilm”
kinostudiyasında çəkilmiş “Uzaq sahillərdə”
filmini yaxşı xatırlayırlar. Bu film
almanların arxa cəbhəsində fəaliyyət göstərən
əfsanəvi sovet kəşfiyyatçısı, Mixaylo ləqəbli
Mehdi Hüseynzadədən bəhs edirdi. Mehdi öz
partizanları ilə birlikdə tamamilə gözlənilməz
yerlədə peyda olanda almanlar telefonla xəbər verirdilər:
“Mixaylo şəhərdədir”. Əliyev də
Bakının müxtəlif ticarət obyektlərinə qəfil
səfərləri sayəsində xalq arasında Mixaylo ləqəbi
qazanmışdı. O vaxt bakılılar tez-tez zarafatla
deyirdilər: “Bax ha, Mixaylo yenə şəhərdədir!”.
- Bəs Heydər Əliyev özü bu “fəxri
adı” barədə bilirdimi?
-
Bilirsinizmi, nə qədər qəribə olsa da, mən bu
suala onun öz dili ilə cavab verəcəyəm. Qorbaçovun hakimiyyətinin son vaxtlarında Moskvada
istedadlı rejissor Murad İbrahimbəyovun - mənim
böyük dostum, Azərbaycanın böyük
yazıçısı Maqsud İbrahimbəyovun oğlunun
filminin premyerası idi. O vaxt artıq Siyasi Büronun
üzvü vəzifəsindən istefaya göndərilmiş
Heydər Əliyev Kino Evinə həmin filmin premyerasına gəlmişdi.
Yeri gəlmişkən, Əliyev oraya köhnə
“Moskviç” maşınında gəlmişdi. Sükan arxasında onun mühafizə dəstəsinin
keçmiş rəisi Saşa İvanov əyləşmişdi.
Bədəncə çox böyük olan Əliyev
həmin maşına güclə yerləşirdi.
Filmə baxışdan sonra, mənim təəccübümə
rəğmən, Əliyev banketə də qaldı, hərçənd
bu məclisdə ondan başqa yalnız kino işçiləri
vardı. Siyasi Büronun keçmiş üzvünü belə
bir məclisdə görmək çox qeyri-adi idi. Mən onun yanında əyləşmişdim.
Maraq mənə güc gəldi və soruşdum: “Siz
bilirdinizmi ki, ləqəbiniz Mixaylo olmuşdur?” H.Əliyev
ürəkdən gülərək dedi ki, əlbəttə
bilirdim. Hiss olunurdu ki, bu ləqəb onun xoşuna gəlirdi.
- Bəs
onun Brejnevi hamıdan yaxşı tərifləməyi bacaran adam reputasiyası necə, bu da xoşuna gəlirdi?
Leonid İliç vəfat edəndə mənim
cəmi 7 yaşım vardı. Lakin
Brejnevin “Şiroko şaqayet Azerbaydjan” cümləsi hətta mənim
də yaddaşımda həkk olunmuşdur.
- Gəlin,
Sovet İttifaqının həyatının Brejnevlə
bağlı dövrünü karikaturaya çevirməyək.
Baş katibin belə bir cümlə işlətməsinə
nail olmaq üçün hünər lazım idi. Özü də bu, heç də ritorik vasitələrlə
qazanılan nailiyyət deyildi. H.Əliyevin MK-nın
birinci katibi olduğu dövrdə Sovet Azərbaycanının,
məsələn, neft hasilatında qazandığı
uğurlar barədə konkret rəqəmlər əsasında
söhbət açmağa hazır deyiləm, lakin baş
katibin müttəfiq respublikalardan hansına tez-tez getməsi və
onun məhz nə deməsi iqtisadi göstəricilər sayəsində
müəyyən olunurdu. Axı, hər kəs istəyirdi ki,
Brejnev məsələn, “Şiroko şaqayet Moldaviya” və ya
“Şiroko şaqayet Tadjikistan” desin. O isə bu sözləri
yalnız Azərbaycan haqqında demişdir. Əlbəttə,
bu fakt təkcə Brejnevin H.Əliyevə rəğbətinin
göstəricisi deyil, H.Əliyevin rəhbərliyi altında
respublikada görülmüş real işlərin göstəricisi
idi.
Amma bir məsələdə siz haqlısınız. Bilirsinizmi nə
məsələ? Sizin dediyiniz “tərifləmək
bacarığı” sözlərini “insanlarla ünsiyyət
qurmaq bacarığı” sözləri ilə əvəz etsəniz
düz hədəfə düşərsiniz. Heydər Əliyev lap əvvəldən olduqca
güclü xarizmaya malik idi. Onun gözəl
natiqlik istedadı vardı. Ən müxtəlif
yerlərdə həmişə odlu-alovlu
çıxışlar edirdi. Jurnalistikanın,
televiziya işinin əhəmiyyətini instinktiv duyurdu. Lakin Əliyevin həmkarları olan respublika rəhbərləri
arasında bu məziyyətə malik olanlar yalnız sonradan
faciəvi şəkildə həlak olmuş Belarusun rəhbəri
Pyotr Maşerov və Gürcüstanda Eduard Şevardnadze idi.
- Demək
istəyirsiniz ki, piar baxımından Heydər Əliyev öz
zəmanəsini qabaqlamış siyasətçi idi?
- Təkcə
piar baxımından yox. Məsələn,
partiya lideri H.Əliyevin dövründə respublika Mərkəzi
Komitəsinin plenumlarının və ya Ali Sovetin
sessiyalarının necə keçdiyini xatırlayıram.
Adətən, H.Əliyev o dövr
üçün qısa - qırx dəqiqəlik birinci məruzə
ilə çıxış edirdi. Sonra
daha 30 nəfər çıxış edə bilərdi.
Yekun sözündə H.Əliyev əvvəlki
natiqlərin demək olar ki, hər biri ilə dialoq və
diskussiya aparırdı. Üç saat, bəlkə
daha çox davam edən bu cür nitqlər çox
güclü təsir bağışlayırdı. İnsanlar hətta inana bilmirdilər ki, Əliyev
bütün çıxışları bu dərəcədə
diqqətlə dinləyir və hər kəs
üçün ya onu dəstəkləyən sözlər,
ya da əks dəlillər tapırdı.
- Heydər
Əliyevin arxa otağında bir növ xüsusi analitik mərkəz
vardı?
- Xeyr, H.Əliyevin
fenomenal yaddaşı vardı. O, ömrünün sonuna qədər
neçə il əvvəl baş
vermiş hadisələrin ən xırda təfərrüatlarını
və nüanslarını xatırlayırdı. Heydər Əliyevlə özümün söhbətlərimdə
bunu dəfələrlə yəqin etmək imkanım
olmuşdur. Bir halda ki, siz H.Əliyevin
komandası mövzusuna toxundunuz, bu barədə də
danışım. O, ən yaxın ətrafındakı
insanlara münasibətdə çox ciddi idi. Lakin
onun etimadını qazanan insanlar həyatda, necə deyərlər,
axıra qədər onunla yanaşı
addımlamışlar.
- Heydər
Əliyevin Azərbaycana partiya lideri təyin edilməsi
gözlənilməz olmuşdu. Bəs, 1982-ci
ildə onun Moskvaya çağırılması gözlənilməz
oldumu?
- Birmənalı
şəkildə deyirəm, mənim üçün bu,
gözlənilməz olmadı. Artıq 70-ci illərin
ortalarında məndə belə təəssürat
yaranmışdı ki, Əliyev şəxsiyyətinin miqyası
onun rəhbərlik etdiyi respublikadan qat-qat genişdir. Həyatda bəzən belə olur. Bəzən də hər şey əksinə olur,
siyasətçinin şəxsiyyətinin miqyası ölkənin
miqyası ilə müqayisədə kiçik, məhdud, bəsit,
kobud olur. Bu, hətta demokratiyanın
inkişaf etdiyi ölkələrdə də olur.
Demokratik prosedurlar bəzən elə şəxsi üzə
çıxara bilər ki, ola bilsin, həmin
adamın hər xüsusiyyəti yaxşıdır, amma
ölkəni idarə edə bilmir. Məsələn,
tarixçilərin çoxu deyir ki, İkinci Dünya
müharibəsi dövründə görkəmli sərkərdə
olmuş Duayt
Eyzenhauer ABŞ-ın prezidenti kimi çox zəif
olmuşdur. Yaxud, ABŞ-ın digər prezidenti
Cimmi Karteri götürək. Onun Ağ evə
gəlişi Amerika ictimaiyyətinin prezident Nikson
dövründəki siyasi qalmaqallar çirkabından təmizlənmək
arzusundan irəli gəlmişdi. Lakin Karter
yalnız bir müddət prezident oldu. O, cəmi 4 il hakimiyyətdə olandan sonra peşman
olmuş amerikalılar ona qapını göstərmişdilər.
Heydər Əliyev Karterin tam əksidir.
- Bəs
sonrakı hadisələr baxımından, Heydər Əliyevin
Moskvaya çağırılması həlledici səhv təsiri
bağışlamırmı? Əgər
Qorbaçov ölkəni dağıdan dövrdə H.Əliyev
Azərbaycana rəhbərliyi davam etdirsəydi nələr
baş verə bilərdi?
- Tarixin
alternativ versiyasını qurmaq cəhdləri hipotetik və əvvəlcədən
sadəlövh cəhddir. Lakin mən əminəm: Əgər
H.Əliyev Respublikada qalsaydı, nə Dağlıq
Qarabağla bağlı münaqişə baş verərdi, nə
də Ermənistanla müharibə. Bilirsinizmi, nə
üçün mən bu cür qəti danışıram?
Ona görə ki, bütün bu hadisələr
ilk növbədə həm Moskvada, Bakıda, Yerevanda, həm
də Dağlıq Qarabağın özündə yol
verilmiş çoxsaylı siyasi səhvlərin nəticəsidir.
H.Əliyev isə elə siyasətçi idi ki,
o, əvvələn özü bu cür səhvlər etməzdi
və ikincisi, qonşuları da, ittifaq mərkəzini də
bu səhvlərdən çəkindirə bilərdi. Əlbəttə, mən demirəm ki, ümumiyyətlə
heç bir hadisə olmazdı. Lakin H.Əliyev
elə edə bilərdi ki, bütün bu hadisələr
çoxlu qan tökülməsi ilə nəticələnməsin.
Onun siyasi istedadı və məharəti bunun
üçün kifayət edərdi.
Üstəlik, həmin illərdə Ermənistanın rəhbəri
Karen Dəmirçiyanın H.Əliyevə necə
böyük hörmət bəslədiyini mən özüm
bilirəm. Yeri gəlmişkən, bu yaxınlarda mən Ermənistanın
indiki prezidenti Serj Sarkisyanla söhbət edirdim. O,
Stepanakert şəhərinin partiya işçisi kimi siyasi
karyerasında ilk dəfə Heydər Əliyevin yanında
müsahibədən keçmişdi. O da mənə dedi ki,
Heydər Əliyevə bu gün də çox böyük
hörmət bəsləyir.
- Bəs Heydər Əliyev 1982-ci ildə Moskvaya gedəndə
Bakıda öz yerinə nə üçün belə zəif
bir varis qoyub getmişdi?
- Bu,
yaxşı sualdır. Azərbaycanın yeni partiya lideri Kamran
Bağırov çox təmiz adam idi,
korrupsiyadan uzaq idi, lakin eyni zamanda, çox zəif siyasi lider
idi. 1986-cı ildə məni Moskvada işə
köçürəndə Bağırov məni öz
kabinetinə dəvət etmişdi. Onun tərtəmiz
stolunu görəndə necə heyrətlənməyimi
heç vaxt unutmaram. Elə təsəvvür
yaranırdı ki, o, öz kabinetinə indicə daxil olub.
Stolunun üstündə heç bir kağız yox idi!
Lakin sizin sualınız 2013-cü ilin siyasi
reallıqları baxımından yaxşıdır. 1982-ci ildə
H.Əliyev Moskvaya gedəndə isə reallıqlar tamam
başqa cür idi. Sovet İttifaqı əla
vəziyyətdədir, sosializm çiçəklənir,
respublika şokoladı xatırladır. Ola
bilsin ki, həmin dövrdə Azərbaycana məhz belə bir
adamın rəhbərlik etməsi H.Əliyevə lazım idi.
Axı, o özü Moskvadan respublikaya
göz-qulaq olmağa hazırlaşırdı.
- 1982-ci il noyabrın 12-də Yuri Andropov Sov.İKP
MK-nın baş katibi seçildi. 12 gündən
sonra Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin
birinci müavini təyin edildi. H.Əliyev
Andropovun komandasının mühüm üzvü idimi?
- Tamamilə
doğrudur. Bir dəfə Heydər Əliyeviç
özü mən ondan müsahibə götürərkən
söyləmişdi: 1969-cu ildə onun Azərbaycanın
partiya lideri vəzifəsinə irəli sürülməsinin təşəbbüskarı
Yuri Andropov və onun birinci müavini Semyon Sviqunun şəxsində
SSRİ DTK-nın rəhbərliyi olmuşdur. Brejnevlə
çox yaxın münasibəti olan Sviqun Azərbaycan
DTK-nın sədri kimi H.Əliyevin bilavasitə sələfi
olmuşdur.
H.Əliyevin
Moskvada işə keçirilməsi məsələsinə gəldikdə
isə mən belə bir versiyaya inanıram: əgər
baş katib Andropovun siyasi ömrü bir qədər uzun
olsaydı, H.Əliyevi Sovet İttifaqının baş naziri vəzifəsi
gözləyirdi. Təəssüf ki, belə
olmadı. Mənə belə gəlir ki,
H.Əliyev İttifaq hökumətinin çox güclü və
qüdrətli rəhbəri olardı.
- Bəs
sizin fikrinizcə, bu tandem Sovet İttifaqının vəhdətini
qoruyub saxlaya bilərdimi?
- Biz yenə
hipotetik mühakimələr müstəvisinə keçirik.
Amma siz soruşursunuzsa, mən də öz
nöqteyi-nəzərimi deyərəm. Mən
dərindən inanıram ki, tarixi perspektivdə hər bir
başqa imperiya kimi Sovet İttifaqının da
dağılması onsuz da qabaqcadan müəyyən
edilmişdi. Lakin SSRİ-nin dağılmasının
məhz həmin şəraitdə, həmin gündə və
saatda baş verməsi əvvəlcədən müəyyən
edilməmişdi. Məsələn, şərait, o
cümlədən iqtidardakı komandanın tərkibi
başqa ola bilərdi. Onda İttifaq
hansısa bir formada hələ müəyyən qədər,
bəlkə də xeyli müddət mövcud ola
bilərdi.
- Bəs
necə oldu ki, Andropovun irəli çəkdiyi o biri adam - Mixail Qorbaçov hakimiyyətə gələn
kimi H.Əliyevi tezliklə pensiyaya göndərməyə
çalışdı? Yəni,
doğurdanmı vaxtilə Heydər Əliyeviçin
qızı Sevil xanımın dediyi kimi Qorbaçov H.Əliyevin
simasında öz təhlükəli rəqibini
görürdü?
- Mən
bu məsələni Mixail Qorbaçovun özü ilə - təbii
ki, o, prezident vəzifəsindən istefa verəndən sonra,
müzakirə etmişəm. Deməliyəm ki,
Mixail Sergeyeviç özünün indiki vəziyyətində
H.Əliyev haqqında çox yaxşı fikirdədir. Onun sözlərinə görə o, H.Əliyevi həmişə
çox güclü siyasətçi və rəhbər hesab
etmişdir. Lakin yenilənmə, siyasi
elitanın dəyişməsi tələb olunurdu.
Dövlətin ali mənafeləri naminə
rəhbər işçilərin böyük bir qrupunun tərkibində
H.Əliyev pensiyaya göndərilmişdi.
Təbii ki, yuxarıda deyilənlərin hamısı
Qorbaçovun postfaktum, H.Əliyev pensiyaçıdan fəal
siyasi liderə çevriləndən sonra irəli
sürdüyü versiyadır. Lakin mən
güman etmirəm ki, Qorbaçov haçansa H.Əliyevi
dövlətdə ali vəzifə
uğrunda mübarizədə öz rəqibi hesab etmişdir.
Stalinin ölümündən sonra Ukrayna və
Belarusdan başqa milli respublikaların nümayəndələrinin
SSRİ-yə yenidən başçılıq etməyə
heç vaxt şansı olmamışdır.
- Amma əvəzində
Heydər Əliyev başqa bir şansdan tam istifadə etdi: O,
nəinki özü Azərbaycana yenidən rəhbərlik
etdi, həm də hakimiyyəti irsən öz oğluna verdi. İnkişaf etmiş
demokratik dövlətlərdə belə hal o qədər də
qəbul edilməmişdir, elə deyilmi?
- Sizinlə
mübahisə etməyə hazıram - həm sizin
sualınızın mahiyyəti barədə, həm də sizin
işlətdiyiniz “hakimiyyətin irsən verilməsi” termini
barədə. Tamamilə demokratik ölkə olan Amerikada mənim
dərin rəğbət bəslədiyim bir adam
var - oğul Corc Buş. Məgər, bunu inkar
etmək olarmı ki, o, vaxtilə prezident atası tərəfindən
işlənib hazırlanmış siyasi mexanizmlər sayəsində
hakimiyyətə gəlmişdir? Bəs,
müasir Argentinanı demokratik dövlət hesab edirsinizmi?
Əgər belədirsə, onda Prezident vəzifəsinin
Nestor Kirxnerdən onun arvadı Kristina Fernandesə keçməsi
faktını necə qiymətləndirirsiniz?
- Lakin
oğul Buş və oğul Əliyev ilə bağlı vəziyyətlər
eyni dərəcədə əhəmiyyətlidirmi? Məgər ABŞ-ın və Azərbaycanın
siyasi sistemlərinin inkişaf səviyyəsini ciddi müqayisə
etmək olarmı?
- Mənə
belə gəlir ki, bu halda mücərrəd nəzəri
mühakimələrdən imtina etmək düzgün
olardı. Gəlin, siyasi reallıqlardan
çıxış edək. Məsələn,
1993-cü ildə Heydər Əliyevin Azərbaycanda hakimiyyətə
hansı şəraitdə qayıtmasını
xatırlayırsınızmı? O vaxt Heydər Əliyev
doğma Naxçıvanda bacısının kiçik mənzilində
yaşayır, ömrünü orada başa vurmaq istəyirdi.
Lakin əvvəlcə Əliyevi bu muxtar
respublikanın parlamentinin rəhbəri vəzifəsinə
seçirlər, sonra isə onu Bakıya - ölkəni xilas
etməyə çağırırlar. Bakıya
gedəndə aeroportda onu minlərlə insan
gül-çiçəklə qarşılayır. Bunun hansısa dövlət xidmətləri tərəfindən
təşkil edildiyini düşünməyin. O dövrdə
belə xidmətlər sadəcə olaraq yox idi. 1993-cü ildə Azərbaycan həm Ermənistanla
müharibə, həm də vətəndaş müharibəsi
ucbatından dağılmaq həddinə
çatmışdı.
Başqa bir misal, 1995-ci ildə nüfuzlu güc qurumlarının
rəhbərləri - Cavadov qardaşları Azərbaycanda
dövlət çevrilişi cəhdi göstərmişdi. Artıq gecədən
xeyli keçmiş Əliyev televiziya ilə
çıxış edərək xalqı prezident
sarayının yanında toplaşmağa
çağırdı və cəmi bir saatdan sonra orada onminlərlə
insan toplaşmışdı. Bu
adamların çoxu oraya əllərində Heydər Əliyevin
portretlərini tutaraq gəlmişdi. Bu
qiyam cəhdi bir neçə saat da davam gətirmədi.
Mən “filankəs öz xalqının gücünə
arxalanırdı” kimi pafoslu ifadələr işlətməyi
xoşlamıram. Lakin Heydər Əliyev barəsində bu
ifadə pafos deyil, sadəcə faktın
xatırladılmasıdır. Eyni qayda ilə
2003-cü ildə İlham Əliyev də istər elitanın,
istərsə bütün cəmiyyətin nəzərində
üstünlük verilən namizəd oldu.
-
2003-cü ildən bəri on il keçib. Doğrudanmı bu müddətdə Azərbaycanda
ölkəyə rəhbərlik etməyə layiq olan,
soyadı Əliyev olmayan bir siyasətçi yetişməyib?
- Bir daha
təkrar edirəm: obyektiv reallıq deyilən bir
anlayış var. Azərbaycanda həmin reallıq bu gün
belədir: ölkədə öz şəxsiyyətinin
miqyasına görə İlham Əliyev ilə müqayisə
edilə biləcək siyasətçi yoxdur. Bu yaxınlarda mən
Bakıda Moskva Dövlət Beynəlxalq Münasibətlər
İnstitutunun məzunlarının birinci forumunun
tribunasından çıxış edərkən zarafatla
demişdim: “Mən burada MDBMİ-yə daxil olmayanların
böyük gildiyasını təmsil edirəm. 70 il ərzində sizin sayınız cəmi 40
min nəfər olmuşdur. Biz isə
milyonlarıq. Bizi iki hiss birləşdirir: bizə
münasibətdə ədalətsizlik hissi və sizə
münasibətdə həsəd hissi”.
Bəli, MDBMİ-nin məzunu və keçmiş müəllimi
İlham Əliyevə münasibətdə mənim “həsədim”
yalnız təmiz həsəddir. O, həqiqətən çox dərin,
ağıllı və iradəli insandır. Hətta
sizin arqumentlərinizi qəbul etsək belə, bunu sübut
etmək çətin deyil. Siz deyirsiniz ki,
İlham Əliyev “ölkəni miras kimi almışdır”.
Fərz edək elədir. Lakin onda o necə
nail ola bilmişdir ki, beynəlxalq
statistikaya görə Azərbaycan ÜDM-in artım sürətinə
görə artıq illər boyu mütəmadi olaraq dünya
liderləri üçlüyünə daxildir. Heydər Əliyevi
tanıyan bir adam kimi nəyə desəniz
and içməyə hazıram: əgər o, öz
oğlunun siyasi istedadına tam əmin olmasaydı, heç
vaxt ölkənin növbəti prezidenti vəzifəsinə
onu tövsiyə etməzdi. Mənim fikrimcə,
zaman bu seçimin müdrikliyini birmənalı şəkildə
sübut etmişdir.
- Bəs Heydər Əliyevin ünvanına başqa bir
standart məzəmmətə nə deyirsiniz – o, müstəqil
Azərbaycanın prezidenti kimi Rusiyaya münasibətdə o qədər
də dostcasına fəaliyyət xətti yeritmirdi?
- Bu,
tamamilə boş sözdür. Bu tezisin xeyrinə
heç bir ciddi arqument gətirmək mümkün deyil.
Heydər Əliyev müstəqil dövlətin
lideri kimi ilk növbədə öz ölkəsinin mənafelərini
gözləməli, bununla bərabər Rusiyanın mənafelərini
də nəzərə almalı idi. Mənə
belə gəlir ki, o, bu məsələnin öhdəsindən
yüz faiz gəlmişdir. Heydər Əliyev
ilə Vladimir Putin arasında böyük etimada əsaslanan,
bu sözü işlətməkdən çəkinmirəm,
o qədər səmimi münasibətlər vardı ki, siyasətçilər
arasında belə münasibətlər çox nadir hallarda
olur.
Heydər
Əliyeviç özü mənə söyləyirdi ki,
onların ilk görüşü Kiyevdə ali
səviyyəli sammitlərin birində olmuşdur. Rəsmi iclas başa çatanda axşam saat 10-a
yaxın idi. Buna baxmayaraq, Heydər Əliyev
Vladimir Vladimiroviçi öz iqamətgahına, bir fincan
çay içə-içə söhbəti davam etdirməyə
dəvət etmişdi. O vaxt Əliyevin yaşı 80-ni
haqlamışdı. Vladimir Vladimiroviç əvvəlcə
cavab vermişdi ki, artıq gecdir, bəlkə başqa bir vaxt
söhbət edək. Əliyev isə demişdir: Nə
olsun ki, gecdir? Bir bax, mən səndən nə
qədər yaşlıyam, amma mən hazıram. Təbii
ki, Vladimir Vladimiroviç bu dəvəti qəbul etmiş və
onlar az qala səhərə qədər
oturub söhbət etmişdilər.
Onların münasibətləri ilə bağlı daha
bir epizod barədə danışmaqdan özümü saxlaya
bilmirəm. Putin Bakıda səfərdə olarkən iki prezident
birlikdə Bakının Şən və Hazırcavablar Klubu
komandasının konsertinə getmişdi. Həmin
konsertdə belə bir zarafat səslənmişdi: Aleks və
Yustas görüşür. Onlardan biri Almaniyada,
digəri mərkəzdə işləyirdi. Bu zarafata həm Putin, həm də H.Əliyev ürəkdən
gülmüşdü.
- Heydər
Əliyevin siyasətdən kənar həyatı
vardımı? O, daha nə ilə maraqlanırdı?
- Heydər
Əliyeviçin ailəsi Mstıslav Rostropoviç və
Qalina Vişnevskaya ailəsi ilə səmimi dostluq edirdi. Rostropoviç emosional şəkildə söyləyirdi
ki, sən demə H.Əliyev musiqini çox yaxşı
bilirmiş. Bu söhbət mənim
yaddaşıma həkk olmuşdur. Bu
yaxınlarda, Heydər Əliyev haqqında film üzərində
işləyərkən, maraqlı bir videofraqment tapdım.
Heydər Əliyev “Gecə patrulu” kinofilmindən
“Quş da vətənsiz olmasın” mahnısını oxuyur.
Onu pianoda müşayiət edən isə mərhum
həyat yoldaşı Zərifə xanımdır.
Əliyev gəncliyində dram teatrında rollar ifa
etmişdir.
Bir dəfə mən ona birbaşa sual verdim: uşaq vaxtı kim olmaq istəyirdiniz? Bu suala tamamilə
gözləmədiyim bir cavab aldım: memar. Obrazlı
şəkildə desək, əslində o, elə memar
olmuşdur – öz ölkəsinin memarı.
Xalq qəzeti.-
2013.- 8 may.- S. 12.