Azərbaycan Dəmir
Yolunun dinamik
inkişafı ulu öndər Heydər Əliyevin
adı ilə bağlıdır
Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi 1969-2003-cü illəri Azərbaycan dəmir
yolunun texniki tərəqqi
və hərtərəfli inkişaf dövrü adlandırmaq olar.
1969-cu ildə ilk dəfə respublika rəhbərliyinə gələn Heydər
Əliyevin gərgin fəaliyyəti sayəsində bütün respublika
iqtisadiyyatında olduğu
kimi, dəmir yolu nəqliyyatında
da əsaslı dəyişikliklərə
və köklü inkişafa
təkan verilmişdir. Ölkə polad magistralında istifadəyə verilən mühüm obyektlərin əksəriyyəti
onun bilavasitə təşəbbüsü
ilə həyata vəsiqə almışdır. Təkcə
bir faktı deyək ki,
ulu öndərin rəhbərliyi
dövründə 14300 texniki yeniləşmə
metodları tətbiq edilmiş və bunlar dəmir yolunun bütün sahələrini əhatə etmişdir.
İstər
Sibir torpaqlarında inşa edilən Baykal – Amur Magistralı
(Yeri gəlmişkən, 2008-ci il iyulun 18-də Baykal-Amur
Magistralının (BAM) Anqoya stansiyasında ümummilli
liderin adını
daşıyan vağzalın təntənəli
açılışı olmuşdur), istərsə də Azərbaycan
BAM-ı adlanan Yevlax-Balakən yolu da ulu öndərin gərgin
zəhmətinin bəhrəsi idi.
132
illik tarixə malik olan Azərbaycan Dəmir Yolu çox əzəmətli
fəaliyyət yolu keçmişdir. İstər çar
Rusiyası, istərsə də Sovet hakimiyyəti
dövründə Azərbaycan Dəmir Yolu daima inkişafda
olmuş və Heydər Əliyevin qayğı və diqqəti
sayəsində keçən əsrin 70-90-cı illərində
öz tərəqqisinin zirvəsinə
çatmışdır.
O
dövrlərdə respublikaya rəhbərlik
edən ümummilli liderimiz ölkənin inkişafına
verdiyi önəmli diqqətdən Azərbaycan Dəmir Yolu da
kənarda qalmamışdır. Ulu öndər keçən əsrin
80-cı illərinin əvvəllərində istər Azərbaycan
Respublikasına, istərsə də Sovetlər
İttifaqında hökumətə
rəhbərlik etdiyi dövrdə də, ümumilikdə,
sovet respublikalarının nəqliyyat sistemini, o cümlədən
dəmir yolunun fəaliyyətini daim diqqət mərkəzində
saxlamış və onun inkişafına xüsusi önəm
vermişdir.
Ümummilli
liderimizin rəhbərliyi altında o zamanki sovetlər
ittifaqının ən böyük çeşidləyici
stansiyalarından biri olan Şirvan
stansiyası, Yevlax-Balakən, Güzdək-Qaradağ dəmir
yolu xətləri, Azərbaycan Dövlət Dəmir Yolunun
öz fəaliyyətini həyata keçirməsində
çox mühüm əhəmiyyət daşıyan digər
dəmir yolu stansiyaları inşa edilərək istismara
verilmişdir. Görülən işlərin nəticəsində
dəmir yolu vasitəsilə daşınan yüklərin həcmi
həmin dövrdə 80-90 milyon tona
çatdırılmışdır.
XX əsrin
90-cı illərinin əvvələrində sovet ittifaqı
çökdükdən sonra Azərbaycan
polad magistralı da tənəzzülə uğramış,
qonşu ölkələrlə iqtisadi əlaqələr kəsilmiş,
istər yük, istərsə də sərnişin
daşınması minimum həddə enmiş, bəzi istiqamətlərdə
daşımalar tamamilə dayandırılmış və
bunun nəticəsində dəmir yolu infrastrukturu, demək
olar ki, tamamilə dağıdılmış, ixtisaslı
kadrlar müvafiq sahədən uzaqlaşmış və
ölkə polad magistralı tamamilə iflic vəziyyətinə
düşmüşdü.
Erməni
təcavüzü nəticəsində Azərbaycan Dəmir
Yolunun 240, 4 kilometr sahəsi
işğal altına düşmüş və təsərrüfatlara təxminən 45 milyon ABŞ
dolları məbləğində ziyan dəymişdir.
1993-cü
il iyunun 15-də də ümummilli lider xalqın təkidli tələbi ilə
yenidən ölkə rəhbərliyinə
qayıtmış və respublikada sosial-iqtisadi tənəzzülü
dayandırmağa müvəffəq olmuşdur.
O
vaxtdan başlayaraq Azərbaycan dəmir yolunda dönüş
nöqtəsinin əsası qoyulmuş və ölkə polad
magistralı dirçəliş dövrünə
başlamışdır. Belə ki, ümummilli liderin göstərişlərini
əldə rəhbər tutan nəqliyyat naziri, o vaxtkı
Dövlət Dəmir Yolunun rəisi Ziya Məmmədovun rəhbərliyi
ilə bir sıra iqtisadi
islahatlar aparıldı. Dəmir yolunun idarəetmə
strukturları dəyişdirilərək xidmət və
şöbələrin bazasında müstəqil istehsalat
birlikləri, müəssisə və təşkilatlar
yaradıldı. Hazırda bu uğurlu işlər “Azərbaycan
Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri
Arif Əsgərov tərəfindən uğurla davam etdirilir.
Bu
dövrdə sərnişin daşınmasının yüksək
səviyyədə təşkili üçün xüsusi tədbirlər
görülmüş, daxili imkanlar hesabına sərnişin
vaqonlarının təmirinə başlanılmış və
qısa vaxt ərzində yüksək standartlara cavab verən
sərnişin vaqonları hazırlanaraq istismara verilmişdir.
Dahi
şəxsiyyətin rəhbərliyi
ilə yaradılmış nəqliyyat infrastrukturunun
inkişaf etdirilməsi və modernləşdirilməsi prosesi
hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
tərəfindən daha intensiv şəkildə
aparılır, ölkəmiz
Bakı-Tbilisi-Qars və Şimal-Cənub beynəlxalq və
regional nəqliyyat dəhlizlərinin reallaşması prosesində
yaxından iştirak edir. İndi Azərbaycan polad
magistralı öz inkişafının yeni mərhələsinə
qədəm qoymuşdur. Hazırda ölkə
başçısı İlham Əliyevin 6 iyul 2010-cu il
tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan
Respublikasında dəmir yolu nəqliyyat sisteminin
2010-2014-cü illərdə inkişafına dair Dövlət
Proqramı” sürətlə icra olunur.
Dahi
öndər hər sahəni mükəmməl bilən,
yüksək intellektual səviyyəyə malik bir şəxsiyyət
idi. Heydər Əliyev hələ imperiya dövründə Azərbaycana
rəhbərlik etdiyi zamanlarda milli dəyərlərə
böyük önəm verərək milli kadrların
hazırlanması işini yüksək səviyyədə
reallaşdırmışdır. Məhz bu böyük
insanın qayğısı və təşəbbüsü
ilə azərbaycanlı gənclər keçmiş
SSRİ-nin müxtəlif ali məktəblərində
oxumağa göndərilmişdir. Təsadüfi deyil ki, həmin
gənclərin bir çoxu məhz dəmir yolu mühəndisi
ixtisasına yiyələnmişlər və onların əksəriyyəti
bu gün nəqliyyatın müxtəlif sahələrində
mühüm vəzifələri ləyaqətlə icra edirlər.
Bütün bunlar gələcəyə hesablanmış mətin
addımlar idi. Azərbaycanın indi dünyanın
bütün hegemon dövlətləri ilə bir sırada
dayanması, beynəlxalq qurumlara tam hüquqlu üzv
olması, haqq səsimizin beynəlxalq kürsülərdən
eşidilməsi də bu dahi siyasət adamının
mübarizəsinin məntiqi nəticəsidir. Sevindiricidir ki,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev
ulu öndərin siyasi kursunu uğurla davam etdirir.
Böyük
öndərin qayğısı ilə dəmir yolunda həyata
vəsiqə alan yeniliklərin bir qisminə nəzər salaq.
4 yanvar 1998-ci il tarixdə Dübəndi terminalının və
stansiyasının açılış mərasimi
keçirilmişdir. Həmin mərasimdə ümummilli lider
Heydər Əliyev iştirak etmiş, burada görülən
işləri, dəmir yolunun fəaliyyətini yüksək
qiymətləndirmişdir.
Prezident
Heydər Əliyev həmin tədbirdə
çıxış edərkən demişdir: “Mən bu
gün burada verilən məlumatları çox məmnuniyyət
hissi ilə qəbul edirəm ki, Azərbaycan Dövlət Dəmir
Yolu İdarəsi buraxılmış səhvləri artıq
aradan qaldırır və öz işinin keyfiyyətini
yaxşılaşdırır, yaxşı iqtisadi nəticələr
əldə edir. Bu, çox
vacib məsələdir. Çünki dəmir yolu Azərbaycan iqtisadiyyatının böyük
bir hissəsidir. Azərbaycan dəmir yolunu on illərlə
yaratmışıq, onun maddi texniki bazasını qurmuşuq.
Təəssüflər olsun ki,1990-cı ildən başlayaraq
Azərbaycan Dövlət Dəmir Yolunda da çox şeylər
dağılıbdır, itirilibdir. Yaxşı ki, indi
bunların qarşısı alınır. Mən indi Azərbaycan
Dövlət Dəmir Yolunda inkişafı hiss edirəm”.
Ulu
öndər Heydər Əliyev 6 dekabr 1998-ci il tarixdə
çadır şəhərciklərində məskunlaşmış
qaçqınlar və məcburi köçkünlər
üçün dəmiryolçular
tərəfindən konteynerlərdən hazırlanmış
evlərə, səhiyyə, məişət xidməti obyektlərinə,
sinif otaqlarına baxmaq üçün Keşlə
stansiyasına gəlmişdir.
O, dəmiryolçular qarşısında
çıxış edərkən demişdir: “Tərcümeyi-halımdan
məlumdur ki, mənim atam da dəmiryolçu olubdur. Mən dəmiryolçu
ailəsində böyümüşəm. Hələ
uşaq ikən dəmir yollarının üzərində, nə
qədər atamın yanında olmuşam. Hesab edirəm ki, dəmir
yolunu həm bilirəm, həm də sevirəm. Dəmir yolu
sahəsinin Azərbaycanda dərin kökləri və
böyük ənənələri var. Dəmiryolçular həmişə
çox intizamlı olublar. Dəmir yolunun özü çox
intizam tələb edir. Keçmişdə belə bir ənənə
var idi ki, saatları həmişə dəmir yolunun
saatları ilə düzəldirdilər. Çünki dəmir
yolunun saatı həddindən artıq dəqiq işləyən
saat idi...”
Xeyrulla HÜMBƏTOV,
YAP-ın “Azərbaycan
Dəmir Yolları” Qapalı Səhmdar
Cəmiyyəti ilk təşkilatının
sədri
Xalq qəzeti.- 2013.- 8 may.- S. 14.