Heydər Əliyev
irsini əks etdirən ədəbiyyat sərgisi
açılmışdır
Xalqımızın böyük oğlu,
ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi
respublikamızda böyük ehtiram hissi ilə geniş qeyd
olunur. Yubiley münasibətilə keçirilən silsilə
tədbirlər çərçivəsində mayın 7-də
Vergilər Nazirliyində Azərbaycan Respublikasının Milli
Elmlər Akademiyası (AMEA) ilə birgə Heydər Əliyev
irsini əks etdirən kitab sərgisi nümayiş
etdirilmişdir.
Sərgini giriş sözü ilə açan
AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru, filologiya
elmləri doktoru Aybəniz Əliyeva-Kəngərli
bildirmişdir ki, kitabxananın elmi fəaliyyətinin əsas
istiqamətlərindən biri də Heydər Əliyev irsinin tədqiqi
və təbliğidir. Məqsəd Heydər Əliyevin
yüksək ideyalarının, ölkəmizin dövlət
quruculuğu prosesində bu dahi şəxsiyyətin rolunun və
xidmətlərinin öyrənilməsi, bütün
bunların gənc nəsillərə
çatdırılmasıdır.
Qeyd olunmuşdur ki, təqdim olunan sərgidə
ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini,
zəngin idarəçilik təcrübəsini, onun
respublikanın sosial-iqtisadi inkişafı və beynəlxalq
aləmdə nüfuzunun artırılması istiqamətində
apardığı ardıcıl, məqsədyönlü
siyasəti, elm, təhsil, mədəniyyət sahəsindəki
xidmətlərini əks etdirən 1000-dən çox kitab
nümayiş etdirilir.
Vergilər nazirinin müavini Sahib Ələkbərov
ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçilik
tarixində müstəsna yeri olduğunu vurğulayaraq, ulu
öndərin azərbaycançılıq ideyasının
gerçəkləşdirilməsində, müasir Azərbaycan
dövlətinin qurulmasında müstəsna rol
oynadığını söyləmişdir.
Ümummilli liderin ömrünün və fəaliyyətinin
öyrənilməsinin və gələcək nəsillərə
örnək kimi çatdırılmasının vacibliyini
vurğulayan S.Ələkbərov xalqımızın
böyük oğlunun müasir vergi sisteminin qurulmasında və
inkişaf etdirilməsindəki rolundan da
danışmış, sərginin ümummilli lider Heydər Əliyev
irsinin təbliğinə güclü təkan verəcəyini
diqqətə çatdırmışdır.
Vergilər Nazirliyinin kollektivi geniş təəssürat yaradan sərgi ilə böyük maraqla tanış olmuş, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş filmə tamaşa etmişlər.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2013.- 8 may.- S. 15.