Lerikdə
yubiley tədbirləri
Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik
yubileyi münasibətilə Lerik rayonunda fəaliyyət
göstərən bütün idarə, təşkilat və
müəssisələrdə, ərazi icra nümayəndəliklərində
maraqlı tədbirlər təşkil olunur. Ümumtəhsil
məktəblərində müxtəlif müsabiqələr,
idman yarışları, dahi rəhbərin həyat və fəaliyyətinə
həsr edilmiş xüsusi dərslər keçirilir.
Şanlı yubileylə əlaqədar elmi-praktik konfrans daha geniş əhatəli
olmuşdur. Əvvəlcə Heydər Əliyev meydanında
rayon ictimaiyyətinin nümayəndələri ulu öndərin
abidəsini ziyarət etmiş, önünə gül dəstələri
qoymuşlar. Sonra iştirakçılar rayon mədəniyyət
evində unudulmaz böyük şəxsiyyətə həsr
olunmuş kitablardan ibarət sərgiyə baxmışlar.
Azərbaycan
Respublikasının Dövlət himni səsləndirilmişdir.
Lerik
Rayon İcra Hakimiyyətinin başçısı
Rövşən Bağırov “Heydər Əliyev və
müasir Azərbaycan dövlətçiliyi” mövzusunda
geniş məruzə etmişdir. O bildirmişdir ki, Heydər Əliyev
elə nadir tarixi şəxsiyyətlərdəndir ki, onun zəngin
irsi hələ uzun müddət tədqiqatçıların
diqqət mərkəzində olacaq. Ulu öndər Azərbaycan
xalqının müstəqillik mübarizəsindəki
misilsiz xidmətləri ilə hələ
sağlığında ikən canlı əfsanəyə
çevrilmiş, bütün dünya azərbaycanlılarının
sonsuz sevgisini qazanmışdı.
Ötən
əsrin 60-cı illərinin sonlarında çətin iqtisadi
durumda olan Azərbaycana rəhbərlik məhz Heydər Əliyevə
etibar edildi. Doğma xalqının böyük təəssübkeşi
totalitar rejim şəraitində Azərbaycanı Sovet
İttifaqının ən qabaqcıl respublikalarından birinə
çevirməyə nail oldu. Xalqın tarixində Heydər Əliyev
dövrü başlandı. Bu, hərtərəfli,
köklü yeniləşmə dövrü, dinamiklik,
işgüzarlıq dövrü idi. Heydər Əliyevin Azərbaycana
birinci rəhbərliyi dövründə həyata
keçirdiyi əzəmətli quruculuq işlərinin
çox böyük tarixi əhəmiyyəti ondan ibarət
idi ki, xalqımızda milli qürur, milli mənlik
şüuru oyandı. Dahi rəhbərimiz 1982-1987-ci illərdə
nəhəng Sovet İttifaqının məsul rəhbərlərindən
oldu. İstefa verdikdən sonra siyasi təzyiqlərlə
üzləşdi. Həyatının təhlükə
qarşısında olmasına baxmayaraq, 1990-cı ilin
yanvarında sovet qoşunlarının Bakıda törətdiyi
qanlı faciə ilə əlaqədar Azərbaycanın
Moskvadakı nümayəndəliyində bəyanatla
çıxış edərək xalqına qarşı
törədilmiş cinayətin təşkilatçıları
və icraçılarının cəzalandırılmasını
tələb etdi, bu ağır günlərdə
xalqının yanında olduğunu bildirdi.
Azərbaycan
dövlət müstəqilliyi qazandıqdan sonra ölkədə
çox çətin ictimai-siyasi vəziyyət yarananda, hərbi
böhran, anarxiya baş alıb gedəndə xalq
çıxış yolunu böyük təcrübəyə
malik görkəmli dövlət xadimi Heydər Əliyevin
şəxsində gördü və qətiyyətlə onun
siyasi hakimiyyətə qayıtmasını tələb etdi.
Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə
qayıdışı ilə vətəndaş müharibəsinin
qarşısı alındı, torpaqların işğalı
dayandırıldı, respublikanın parçalanması təhlükəsi
aradan qalxdı, ölkə həyatında dönüş
yarandı. Tədricən ictimai-siyasi sabitlik təmin
olundu, ölkə inkişaf
relslərinə çıxarıldı. 1994-cü il
sentyabrın 20-də “Əsrin müqaviləsi”nin
imzalanması və onun gerçəkləşdirilməsi Azərbaycan
üçün həyati əhəmiyyəti kəcb edərək
müstəqilliyimizin dönməzliyinə möhkəm təminat
oldu. Bu gün Heydər Əliyevin
fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan
xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət
idarəçiliyi məktəbinə çevrilmişdir. Azərbaycan
xalqının hələ neçə-neçə nəsli
bu böyük məktəbdən, Heydər Əliyevin zəngin
siyasi irsindən ölkəmizin inkişafı,
xalqımızın rifahı naminə faydalanacaq.
Konfransda
Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının
sədri Elxan Qənbərov “Heydər Əliyevin Yeni Azərbaycan
Partiyasının yaradılmasında rolu”, Lerik Rayon Təhsil
Şöbəsinin müdiri Balaşirin Nəsirov “Heydər Əliyev
və Azərbaycan təhsili” mövzularında məruzə
etmişlər.
Milli
Məclisin deputatı İqbal Məmmədov, Azərbaycan
Dövlət Pedaqoji Universitetinin professoru Elman Quliyev, şair
Balayar Sadiq tədbirdə çıxış etmişlər.
Daha sonra Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul
olunmuş gənclərə partiya vəsiqələri təqdim
edilmiş, yubiley münasibətilə keçirilmiş
müsabiqə və idman yarışlarının qalibləri
mükafatlandırılmışlar.
Həmin
gün rayonun mərkəzi meydanında Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik
yubileyi münasibəti ilə konsert proqramı nümayiş
etdirilmişdir.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.- 2013.- 8 may.- S. 15.