Milli varlığımızı hər şeydən üstün tutan tarixi şəxsiyyət

 

Tarix yalnız dahi şəxsiyyətlərin nurlu əməlləri sayəsində nəsillərin yaddaşına həkk olunur. Azərbaycan xalqı dünya tarixinə Cavanşir, Babək, Şəmsəddin Eldəniz, Məhəmməd Cahan Pəhləvan, Qızıl Arslan, Uzun Həsən, Şah İsmayıl, Nadir şah kimi qüdrətli şəxsiyyətlər bəxş etmişdir.

Əsrlər keçdikdən sonra - XX yüzillikdə xalqımız daha bir dahi şəxsiyyət yetirdi. Dünyanın Atatürk, Vaşinqton, Nehru, De Qoll kimi nadir tarixi simaları sırasında Heydər Əliyev şəxsiyyəti öz layiqli yerini tutdu.

Bu gün dünya dövlətləri sırasında özünü təsdiq etmiş Azərbaycan məhz fövqəladə zəka sahibi Heydər Əliyevin sayəsində müasir dövlətçilik konsepsiyasını yaratmağa müvəffəq oldu. Ulu öndər Azərbaycan şəraitinə uyğun olan hüquqi dövlət və demokratik cəmiyyət quruculuğu strategiyasını işləyib hazırladı və bu məfkurənin müəyyən mərhələlərinin həyata keçməsinin təminatçısı şəxsən özü oldu.

Heydər Əliyev qeyd edirdi ki, “milli ideologiya xalqımızın özü ilə, gələcəyi ilə bağlı olmalıdır.” Ərazi bütövlüyünü və xalqın həmrəyliyini təmin etmək Azərbaycan ideologiyasının əsas məfkurəsidir. Azərbaycançılıq milli istiqlal hərəkatının nəticəsidir. Deməli, bu ideologiya müəyyən bir sinfin, partiyanın, siyasi qurumun yox, bütöv xalqın ideologiyası, onun birliyinin ifadəsidir.

1994-cü ilin oktyabr və 1995-ci ilin mart hadisələri milli məğlubiyyət sindromu yarada bilərdi. Lakin, ulu öndər Heydər Əliyevin müdrik siyasəti sayəsində xalqımız bu fəlakətdən qurtuldu. Heydər Əliyev Azərbaycan xalqının dizini qatlanmağa qoymadı, arzusunda olduğu Azərbaycan dövlətinin dayaqlarını möhkəmləndirə bildi.

Tarixi təcrübə göstərir ki, xalqın tarixində şərəfli yer tutan böyük siyasi xadimlərin onun taleyində müstəsna rolu vardır. Belə qüdrətli dövlət başçısı və siyasi xadimlər sırasında ümummilli lider Heydər Əliyevin adı öz yüksək və layiqli yerini tutur. O, öz zəngin təcrübəsi, yüksək intellekti sayəsində milli  tariximizə böyük töhfələr vermişdir.

Müasir dünyanın siyasi xadimləri arasında çox az şəxsiyyət tapmaq olar ki, mənsub olduğu xalqın tarixi ilə Heydər Əliyev qədər ardıcıl, məhsuldar və səriştəli bir şəkildə məşğul olsun. Heydər Əliyevin mənsub olduğu, uzun zaman peşəkarlıqla rəhbərlik edib möhkəmləndirdiyi dövlətin və xalqın tarixi haqqında fikirləri heç vaxt elmi dəyərini, fəlsəfi mahiyyətini itirməyəcək. Onun tariximiz haqqındakı mülahizə və qeydlərini dövlət səviyyəli əməli fəaliyyətindən kənarda təsəvvür etmək mümkün deyil. Çünki o, doğulduğu torpağa, xalqa, onun tarixinə bağlı adam idi. Xalqın taleyüklü məsələlərinə aydın gözlə baxırdı.

Heydər Əliyev 50-ci illərin ortalarından respublikada gedən prosesləri bir ideoloq və analitik kimi araşdırır, müəyyən nəticələr çıxarırdı. Sonralar respublikaya rəhbərlik etdiyi dövrlərdə sosial-iqtisadi problemlərlə, Azərbaycanın mənəvi-psixoloji və ideoloji həyatı ilə daha çox maraqlanır, cəmiyyətin sosial psixologiyasında baş verən dəyişiklikləri vaxtında görüb dəyərləndirir, müxtəlif məruzə, nitq və söhbətlərində bu məsələlərlə bağlı heç vaxt köhnəlməyən, milli ictimai təfəkkürün təhlilini verən qiymətli fikirlər, mülahizələr söyləyirdi.

Dövlətçilik, Azərbaycançılıq keşiyində duran Heydər Əliyev Azərbaycan xalqının təkcə maddi sərvətlərinin deyil, eyni zamanda mənəvi-mədəni sərvətlərinin də qoruyucusu idi, onun çağdaş tarixi problemlərinin həllini öz öhdəsinə götürmüşdü. Azərbaycan xalqının genezisinin düzgün və dəqiq müəyyənləşdirilməsində gətirdiyi arqumentlərlə heç də tarixçi və dilçilərdən geri qalmırdı. Bu məsələlərin şərhində o tarixilik prinsipinə əsaslanır və sübut edirdi ki, Azərbaycan türkcəsi sovet dövründə də görünməmiş inkişaf yolu keçmişdir, günümüzün reallığı isə dövlət dili məsələsini nəzərdən qaçırmamağı tələb edir. Heydər Əliyev geniş müzakirələrdən sonra Azərbaycan dilinin dövlət dili statusunun Konstitusiya ilə təsbit edilməsinə nail olmaqla bu dilin dəyərini bir daha təsdiqlədi, Azərbaycanın dövlət dilinin daha möhkəm hüquqi baza üzərində təminatına nail oldu.

Heydər Əliyev demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu sahəsində ardıcıl siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaratmışdır. 1995-ci ilin noyabrında ümumxalq səsverməsi yolu ilə ümumbəşəri demokratik dəyərləri özündə əks etdirən Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi, 1995 və 2000-ci illərdə çoxpartiyalılıq əsasında demokratik parlament seçkilərinin keçirilməsi. Azərbaycanda latın əlifbasına keçilməsi, dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi, Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında 2001-ci ildə imzaladığı fərmanlar, milli-mənəvi dəyərlərin qorunub saxlanması çağırışı ilə xalqına müraciətləri, türk xalqları və dövlətləri arasında əlifba birliyinin təmin edilməsi və ümumən bu sahədə genişmiqyaslı coşğun fəaliyyəti Heydər Əliyevə böyük nüfuz qazandırmışdı. O, Bakı Dövlət Universitetini “Azərbaycan xalqının milli sərvəti”, Elmlər Akademiyasını isə “xalqının tarixi nailiyyəti” adlandırmış və respublikada elmin, təhsilin inkişafına daim diqqət və qayğı göstərmişdir; Heydər Əliyev 2001-ci il 15 may tarixli fərmanı ilə Elmlər Akademiyasına Milli Elmlər Akademiyası statusu verməklə bu nəhəng elm ocağının xalq qarşısındakı xidmətlərini və akademik elmin ölkənin inkişafının əsas təminatçılarından olduğu faktını bir daha yüksək səviyyədə təsdiqləmişdir.

 Böyük miqyaslı dövlət idarəçiliyi istedadına malik olan Heydər Əliyev demişdir ki, tarixi həqiqəti həmişə demək lazımdır, bununla yanaşı, əldə olan nailiyyətləri də unutmaq lazım deyildir. Azərbaycan xalqının tarixində bütöv bir dövrü - Sovet dövrünün inkar edilməsi, nəticə etibarı ilə bir sıra çox mühüm problemlərin düzgün həllinə mane olmaya bilməz. Ulu öndərin tarixilik prinsipini və reallığı nəzərə almağa dəvət etməsi bir sıra vacib məsələlərin həllinə kömək etdi və edir. Yarım əsrdən çox inkişaf tarixini inkar edərək həmin tarixin davamı barədə mühakimə yürütmək olmaz. Eyni zamanda tarixin reallıqlarına etinasız yanaşmaqla bu gün qərar qəbul etmək məntiqdən kənardır.

Mütərəqqi ideyalar carçısı Heydər Əliyevin bilavasitə rəhbərliyi, uzaqgörənliyi sayəsində Azərbaycanən xarici siyasəti ona yaxın olan üç böyük dövlətlə münasibətlərin düzgün qurulmasına əsaslanır: İran, Türkiyə və Rusiya. Möhtərəm Heydər Əliyevin həyata keçirdiyi daxili siyasət nəticəsində iqtisadi baxımdan müstəqillik respublikanı xammal ixrac edən ölkədən məhsul istehsal edən ölkəyə çevirməyi nəzərdə tuturdu. Fərəhlidir ki, həmin yol bu gün də uğurla davam etdirilir.

Öz taleyini xalqın taleyindən kənarda təsəvvür etməyən Heydər Əliyevin millətinin müstəqilliyini hər şeydən yüksək tutduğunu, onunla qürurlandığını duymamaq mümkün deyil: “Biz gərək milli mənliyimizi həmişə yüksək saxlayaq, mənim üçün hər şeydən üstün mənim milli mənliyimdir. Milli mənliyim məni həmişə bütün çətin vəziyyətlərdən çıxarıb. Milli mənliyimə görə mən istədiyim yolla gedə bilmişəm, istədiyimə nail ola bilmişəm və xalqıma xidmət edə bilmişəm. Ona görə də milli mənliyimizi gərək itirməyək...”

Bəli, Heydər Əliyevin istədiyi kimi, milli mənliyi olmayan millətin, eləcə də həmin millətin rəhbəri çətin vəziyyətlərdən baş çıxara bilməz. Dövlətçiliyi, milli ideyanı qoruyub saxlaya bilməz. Heydər Əliyev hər hansı bir məsələyə tariximizin, bu günümüzün və gələcəyimizin mənafeyi baxımından yanaşdığı, heç bir kənar qüvvənin təzyiqi, tələbi ilə hərəkət etmədiyi kimi, bütün dövlət idarəçiliyində çalışanları da bu yola dəvət edirdi.

Amansız bolşevik rejiminin milli-dini ayrı-seçkilik siyasəti şəraitində ağır təqiblərə məruz qalan türk xalqlarından birinin oğlu olmasına baxmayaraq planetin altıdan bir hissəsində hökmranlıq edən Sovet imperiyasının rəhbərlərindən biri səviyyəsinə yüksələ bilən, Sovet imperiyası və sosializm sistemi çökdükdən sonra isə müstəqil dövlətimizin rəhbəri kimi bütün Yer kürəsində seçilib-sayılan dahi siyasətçi zirvəsinə qalxan Heydər Əliyev şəxsiyyəti bundan sonra da hələ neçə-neçə nəsillərin diqqət mərkəzində olacaqdır.

Heydər Əliyevin rəhbərliyə qayıdışı ilə əsas qayəsini müstəqillik,  dövlətçilik, ədalət, demokratik-hüquqi dövlət quruculuğu, milli tərəqqi, dünyəvilik kimi milli və bəşəri dəyərlər təşkil edən yeni bir məfkurənin əsası qoyuldu.

Zəngin, hərtərəfli və dərin tarixi biliyə malik olan Heydər Əliyev doğma tarixin doğru-düzgün araşdırılması, öyrədilməsi və təbliğ olunmasını daim diqqət mərkəzində saxlamış, bu mühüm sahəyə böyük qayğı göstərmiş, metodoloji göstərişləri və apardığı çox dəyərli ümumiləşdirmələrlə tarix elminin inkişafına güclü təkan vermişdir. Onun müxtəlif tarixi hadisələr, proseslər, görkəmli tarixi simalar barədə çıxışları, məruzələri, irəli sürdüyü dövrləşdirmələr, 1948-53-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası (1997, 18 dekabr) və soyqırımı (1998, 26 mart) haqqında fərmanları bunun parlaq nümunələridir.

Heydər Əliyev öz əsərlərində, məruzə, çıxış və  müraciətlərində, imzaladığı fərman və sərəncamlarda Azərbaycan xalqının dövlətçilik tarixində parlaq rol oynamış Azərbaycan Xalq Cümhuriyyətinin, Cümhuriyyət xadimlərinin fəaliyyətinə obyektiv və yüksək qiymət vermiş, müstəqil Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu dönə-dönə qeyd etmişdir.

Xüsusi vurğulamaq lazımdır ki, öz həyatının bəzi təhlükəli məqamlarında Heydər Əliyev general de Qollun təsvir etdiklərinə qəribə bir tərzdə uyğun gələn vəziyyətlərə də düşmüşdür. Məsələn, de Qoll yazırdı: “Bəziləri deyirlər ki, mən kommunistlərin, frankmassonların müttəfiqəyəm, digərləri iddia eləyir ki, guya mən Fransada krallıq, imperiya, yaxud da şəxsi diktatura qurmaq istəyirəm. Güclü təsəvvür və fantaziyaya malik olan bütün bu adamlar bircə şeyi yaddan çıxarırlar. Onu yaddan çıxarırlar ki, Fransa işğalçılarla dolu olanda mən azad fransızların başında durdum və Fransa imperiyasına ona görə rəhbərlik elədim ki, Fransa işğal altında idi. Yaddan çıxarırlar ki, Fransa işğal altında olmasaydı, mən bizim ordumuzun öz rütbəmdə bir zabiti olaraq qalacaqdım. Onu yaddan çıxarırlar ki, mən siyasətçi deyiləm, sadəcə öz ölkəsini azad etmək istəyən bir vətənpərvərəm”. Lakin de Qolldan fərqli olaraq Heydər Əliyev hərbçi olmaqdan əlavə, həm də böyük siyasətçi idi. O, geniş miqyaslı idarəçilik istedadına malik idi. Ona görə də milli dövlətimizi bir çox fəlakətdən xilas edə bildi.

Heydər Əliyev Böyük azərbaycanlı idi. Onun “Mən fəxr edirəm ki Azərbaycanlıyam!” - şüarı təsadüfi deyildir. O,Azərbaycan xalqının, Azərbaycan torpağının misilsiz təəssübkeşi, dövlətçiliyimizin xilaskarı idi. Heydər Əliyev Azərbaycan xalqının insanlığa bəxş etdiyi bir fenomen idi.

İllər, qərinələr ötdükcə Azərbaycan xalqının və bütün türk dünyasının dahi oğlu Heydər Əliyevin təkrarsız və misilsiz həyat yolu, tarixi xidmətləri, bir insan ömründə yaratdığı ağlasığmaz möcüzələr daha aydın görünəcək, bütün dünya onun həyatı və fəaliyyəti ilə maraqlanacaqdır.

Fərəh və inamla deyə bilərik ki, ümummilli lider, Azərbaycan xalqının böyük oğlu, əbədiyaşarlıq qazanmış ulu öndər Heydər Əliyevin milli ideologiya, dövlətçilik, böyük miqyaslı idarəçilik istedadı və azərbaycançılıq konsepsiyası bu gün onun layiqli davamçısı olan Azərbaycan Prezidenti,  İlham Əliyev tərəfindən uğurla və ləyaqətlə davam etdirilir.

 

 

 Süleyman MƏMMƏDOV,

tarix elmləri doktoru, professor,

əməkdar elm xadimi,

Dövlət mükafatı  laureatı

 

Xalq qəzeti.- 2013.- 9 may.- S. 1.