HEYDƏR ƏLİYEVİN
xarici siyasət kursu yeni mərhələdə dinamik şəkildə
inkişaf etdirilir
1993-cü ilin ikinci
yarısında ümummilli lider Heydər Əliyevin yenidən
hakimiyyətə qayıdışı Azərbaycanda müstəqil
dövlətçilik ideyalarının bərqərar
olmasına şərait yaratdı. Bundan sonra Azərbaycanın
xarici siyasət kursunda mövcud reallıqları nəzərə
alan və ölkəmizin milli mənafelərinin
qorunmasına yönəlmiş əməli dəyişikliklər
edildi. Bu dövrdən
başlayaraq həyata keçirilən xarici siyasətimiz məhz
ümumilli liderin adı və onun fəaliyyəti ilə
bağlıdır. Özünün zəngin dövlətçilik
təcrübəsinə əsaslanaraq dövlətimizin yeni
xarici siyasət kursunun əsas istiqamətlərini müəyyənləşdirən
Heydər Əliyevin bu yeniləşmiş xarici siyasət xəttində,
ilk növbədə, bir sıra ən mühüm və təxirəsalınmaz vəzifələrin
yerinə yetirilməsi qarşıya qoyulmuşdu.
Həmin
vəzifələrdən biri və
ən əsası Azərbaycanı
beynəlxalq aləmdəki təcrid
vəziyyətindən çıxarmaq, ölkəmiz
haqqında yaradılmış mənfi ictimai rəyi
dağıtmaq və xalqımızın haqq işini dünya ictimaiyyətinə
olduğu kimi çatdıraraq
respublikamızın ətrafındakı informasiya
blokadasını yarmaqdan ibarət
idi. Ona görə də
yeni xarici siyasət xətti üçün hər
şeydən əvvəl
müharibəni dayandırmaq və dinc şərait təmin
edilməli idi. Bu
məqsədlə 1994-cü ilin mayından Ermənistanla atəşkəsə
nail olunması, qanunsuz hərbi birləşmələrin
buraxılması və ölkə daxilində sabitlik yaratmaq
yolunda atılan addımlar sayəsində yeni xarici siyasət
xəttinin ardıcıllıqla həyata keçirilməsi
üçün lazım olan əlverişli dinc şərait
yarandı.
Müstəqillik
əldə etdikdən sonra demokratik dövlət quruculuğu
yoluna qədəm qoymuş Azərbaycan Respublikasının
üzləşdiyi sosial, iqtisadi və siyasi problemlərin
müvəffəqiyyətlə həll olunması ölkəmizin
beynəlxalq aləmdəki mövqeyi və ayrı-ayrı
ölkələrlə milli dövlət maraqlarına cavab verən
qarşılıqlı əlaqələri, eləcə də
dünya birliyinə inteqrasiya prosesinin intensivliyi ilə sıx
bağlı idi. Bu mənada Azərbaycanın beynəlxalq
münasibətlər sistemində layiqli yer tutması
üçün dünya siyasətinin formalaşmasında aparıcı
rol oynayan dövlətlərlə və beynəlxalq təşkilatlarla
qarşılıqlı münasibətlərin tənzimlənməsi
və inkişaf etdirilməsi mühüm əhəmiyyət
kəsb edirdi.
Məhz buna görə də
dünya birliyinə bərabərhüquqlu üzv kimi daxil
olmağa çalışan və müstəqilliyinin ilk addımlarını
atan, eləcə də Ermənistanın hərbi təcavüzü
nəticəsində ərazi bütövlüyü
pozulmuş Azərbaycan Respublikasının xarici siyasətində
dünya birliyinə inteqrasiya, ikitərəfli və çoxtərəfli
münasibətlər, o cümlədən beynəlxalq təşkilatlarla
əlaqələrin yaradılması və inkişaf etdirilməsi
ümummilli lider Heydər Əliyevin fəaliyyətinin
başlıca istiqamətlərindən birini təşkil
etmişdir.
Ümummilli lider çox bacarıqlı, son dərəcə
təcrübəli dövlət başçısı və
yetkin siyasi xadim kimi bu cətin və mürəkkəb vəzifələrin
öhdəsindən müvəffəqiyyətlə və böyük ustalıqla gəlmək bacarığı
nümayiş etdirdi. Ölkəmizin
sistemli şəkildə dünya birliyinə inteqrasiya
olunmasında ikitərəfli və
çoxtərəfli siyasi
münasibətlərin genişlənməsi istiqamətində
atılan addımlar mühüm əhəmiyyət kəsb
edir.
Bu
baxımdan Xəzər dənizinin
Azərbaycan sektorundakı neft yataqlarının istismarına
dair 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin
müqaviləsi” ölkəmizin dünya dövlətləri
ilə qarşılıqlı əlaqələrinin dərinləşməsi
və beynəlxalq mövqelərinin
möhkəmləndirilməsinə güclü təkan verdi.
“Əsrin müqaviləsi” və sonrakı illərdə
imzalanmış çoxsaylı neft müqavilələrin Azərbaycanın
dünya birliyinə inteqrasiyasını sürətləndirdi.
Ümummilli
lider Heydər Əliyevin xarici siyasət xəttində beynəlxalq
təşkilatlarla əməkdaşlığın genişləndirilməsi
məsələlərinə çox böyük diqqət
yetirilmişdir. Azərbaycan beynəlxalq təşkilatlara
üzv olmaqla yanaşı, onların işlərində
müntəzəm, eləcə də fəal surətdə iştirak etmək və səmərəli
əməkdaşlıq ölkəmizin problemlərini dünya ictimaiyyətinə
çatdırmaq
üçün mühüm əhəmiyyət kəsb
edir.
Bu baxımdan 1994-cü il mayın 4-də Prezident Heydər Əliyev tərəfindən “Sülh naminə tərəfdaşlıq” proqramının çərçivə sənədinin imzalaması Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsi istiqamətində atılan mühüm addımlardan biri oldu. Bu proqramın Azərbaycan üçün əhəmiyyəti ondan ibarətdir ki, ölkəmiz NATO-ya daxil olan Avropa ölkələri və ABŞ-la dünya təhlükəsizlik sisteminin, eləcə də beynəlxalq münasibətlərin sivil qaydaları çərçivəsində hər cür əməkdaşlıq etmək imkanı qazandı. Bu da öz növbəsində NATO-nun hərbi strukturları ilə Azərbaycan ordusunun sülh naminə əməkdaşlıq etmək, birgə təlim və manevrlər keçirmək, onların ordu quruculuğu təcrübəsindən bəhrələnmək, kadr hazırlığı və s. sahədə birgə hərəkət etmək imkanı verməklə yanaşı, ölkəmizin bu proqramda iştirakı qarşıya qoyulan məqsədlərin həyata keçirilməsi üçün də əlverişli şərait yaratmışdır.
Bu gün NATO ilə əlaqələrin
genişləndirilməsi və dərinləşdirilməsi,
Azərbaycanın dünya birliyinə inteqrasiya olunması,
öz maraqlarını bilavasitə təmsil etməsi
baxımından xüsusi əhəmiyyət kəsb etdiyindən
bu sahədə fəaliyyət müstəqil Azərbaycan
dövlətinin xarici siyasətinin prioritet istiqamətlərindən
birini təşkil edir.
1996-cı il aprelin 22-də Lüksemburqda Avropa İttifaqı və Azərbaycan Respublikası arasında ticarət, sərmayə, iqtisadiyyat, qanunvericilik, mədəniyyət, immiqrasiya və qeyri-qanuni ticarətin qarşısının alınması sahəsində əməkdaşlığı nəzərdə tutan “Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi”(TƏS) imzalanmışdır. Bu müqavilənin imzalanması Azərbaycanın xarici siyasətinin ən uğurlu səhifələrindən biri kimi qiymətləndirilir. Dövlətimiz və xalqımız üçün mühüm tarixi əhəmiyyət kəsb edən bu müqavilə Azərbaycanın Avropa strukturları və institutları ilə əlaqələrinin genişlənməsi, xüsusilə inteqrasiya istiqamətində hüququ baza rolunu oynayır. Müqaviləni imzalamış dövlətlər tərəfindən ratifikasiya edildikdən sonra 1999-cu il iyunun 22-dən qüvvəyə minən və ümummilli lider Heydər Əliyevin imza atdığı bu saziş tərəflər arasında yüksək səviyyəli əməkdaşlığın təşəkkül tapmasını təsdiqləyir.
Azərbaycanın
Avropa institutlarına inteqrasiyası istiqamətində Avropa
Şurasının bərabərhüquqlu üzvü
olması - respublikamızın mühüm problemlərinin
dünya ictimaiyyətinin diqqətinə obyektiv
çatdırılması üçün yeni və
çox mötəbər tribuna vermiş oldu. Belə
ki, Avropa Şurası Nazirlər Komitəsinin 2001-ci il
yanvarın 17-də nümayəndələr səviyyəsində
keçirilmiş iclasında Azərbaycan Respublikasının
Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinə
dair qərar qəbul edildi. Bu qərar ümummilli liderin
uzaqgörən, daxili və xarici siyasətinin və bu istiqamətdə
görülmüş məqsədyönlü fəaliyyətinin
nəticəsi idi.
Az
sonra, yanvarın 25-də Azərbaycan Prezidenti Heydər Əliyevin
iştirakı ilə Strasburqda ölkəmizin bu təşkilata
üzv qəbul edilməsi münasibətilə rəsmi mərasim
keçirilmiş və dövlətimizin üçrəngli
bayrağı ucaldılmışdır. Bu hadisəni
ümummilli lider Heydər Əliyev yüksək qiymətləndirərək
demişdi: “Azərbaycanın Avropa Şurasına qəbul
edilməsi nəinki müstəqil, suveren, demokratik, dünyəvi
dövlət kimi tanımasıdır, həm də Avropa ailəsinin
bərabərhüquqlu üzvü kimi Azərbaycan dövlətinin
inkişafında yeni mərhələnin
başlanğıcıdır”.
Ümummilli lider Heydər Əliyev
Avropa Şurasının tribunasından Azərbaycanın mənafeyinə
uyğun şəkildə istifadə edilməsi
üçün uğurlu bir addım atdı. Belə ki,
Avropa Şurası Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinə
millət vəkili İlham Əliyevin rəhbərlik etməsi
və daha sonra cənab İlham Əliyevin AŞPA-dakı fəaliyyəti
ümummilli liderimiz Heydər Əliyevin qarşıya
qoyduğu bütün vəzifələri
reallaşdırdı.
Məhz cənab İlham Əliyevin
prinsipial və ardıcıl fəaliyyəti nəticəsində
AŞPA-nın 2002-ci ilin sentyabrında keçirilən
payız sessiyasında ilk dəfə olaraq bu beynəlxalq
qurumun sənədlərində Ermənistan silahlı qüvvələri
tərəfindən Dağlıq Qarabağın
işğalı faktı rəsmi şəkildə öz əksini
tapdı. Bu hadisə Azərbaycan nümayəndə heyətinin,
xüsusilə, nümayəndə heyətinin rəhbəri cənab
İlham Əliyevin qətiyyətli mövqeyinin nəticəsi
idi. Bütün bunların məntiqi davamı
kimi, 2003-cü il yanvarın 27-də siyasi qabiliyyəti,
diplomatik məharəti və prinsipiallığı ilə
xüsusi seçilən Azərbaycan nümayəndə heyətinin
rəhbəri cənab İlham Əliyevin AŞ PA-nın
vitse-prezidenti və qurumun Büro üzvü seçilməsi
ilə müstəqil Azərbaycan tarixinə yeni səhifə
yazılmış oldu.
Azərbaycanın
ən ağrılı problemi olan Ermənistan – Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin nizama
salınması ümummilli lider Heydər Əliyevin xarici siyasət
fəaliyyətində başlıca yer tutmuşdur. Bu məqsədlə
1993-cü ilin ikinci yarısından başlayaraq Prezident Heydər
Əliyev respublikamızın təhlükəsizlik problemlərini,
xüsusilə, Ermənistanın ölkəmizə
qarşı əsassız ərazi iddiaları və hərbi
təcavüzü məsələlərini beynəlxalq aləmə
çıxararaq, regionda sülhün bərqərar olması
üçün beynəlxalq təşkilatların təsirini
artırmağa çalışmışdır.
Bu məqsədlə ən yüksək
səviyyədə dövlət başçıları və nümayəndə heyətləri
ilə ikitərəfli, eləcə
də çoxtərəfli görüşlərində ATƏT-in
Zirvə toplantılarında, Minsk qrupunun həmsədrləri
ilə aparılan müzakirələrdə, eyni zamanda Ermənistan
prezidenti ilə danışıqlarda göstərdiyi səylər
Azərbaycan Prezidenti Heydər Əliyevin apardığı məqsədyönlü
siyasətin mühüm tərkib hissəsini təşkil
etmişdir. Belə ki, Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin dinc vasitələrlə
nizama salınması istiqamətində məhz Prezident Heydər
Əliyevin qətiyyətli və
gərgin fəaliyyəti nəticəsində 1994-cü
il mayın 12-də atəşkəs
haqqında razılıq əldə
edildi və bundan sonra ATƏT-in Minsk qrupu çərçivəsində
müntəzəm olaraq
danışıqlar aparılmağa başlandı.
Ümumiyyətlə, Ermənistan-Azərbaycan münaqişəsi və Dağlıq Qarabağ probleminin dinc vasitələrlə nizama salınması ümummilli liderimiz Heydər Əliyevin xarici siyasət fəaliyyətində mühüm yer tutmuşdur. Yalnız onu qeyd etmək kifayətdir ki, 1993-2003-cü illər ərzində Azərbaycanın dövlət başçısı Heydər Əliyev Ermənistan Prezidenti ilə 23, ATƏT-in rəhbərliyi və Minsk qrupunun nümayəndələri ilə 150-yə qədər görüş keçirmişdir. Azərbaycan Prezidenti bu dövrdə 80-dək ölkənin dövlət başçıları ilə keçirdiyi 500-dən çox görüşdə, eləcə də nüfuzlu beynəlxalq təşkilatların ən yüksək səviyyəli nümayəndələri ilə, ATƏT- in, NATO-nun , Avropa Şurasının, İslam Əməkdaşlıq Təşkilatının, MDB-nin, GUAM-ın, İqtisadi Əməkdaşlıq Təşkilatının, Türkdilli ölkələrin dövlət başçılarının Zirvə görüşlərində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə olunmuşdur.
Əsası ümummilli lider tərəfindən
qoyulmuş və bu gün
Prezident İlham Əliyev tərəfindən
uğurla həyata keçirilən
xarici siyasət strategiyası dövlətlərarası regional və beynəlxalq əlaqələrə daha yaxından qatılaraq, Şərq və Qərb
dəyərlərinin sintezindən yaranmış cəhətləri
özündə əxz edərək, dünya birliyinə
sıx inteqrasiya olunmaq xəttini seçmişdir. Hazırda
regionda və dünyada baş verən əsas iqtisadi siyasi və mədəni
proseslərdə Azərbaycan dövləti layiqincə təmsil
olunur, öz mövqeyini bildirir
və mənafelərini qoruyur.
Azərbaycan artıq Cənubi Qafqaz regionunda əsas söz sahibi olan
dövlət kimi çətin geosiyasi şəraitdə
müstəqil xarici siyasət həyata keçirir. Hazırda bu
istiqamətdə əsas diqqət Azərbaycanın ərazi bütövlüyünün tezliklə
bərpa edilməsi, regionda sabitliyin və təhlükəsizliyin
gücləndirilməsi, Xəzər dənizi hövzəsinin demilitarizasiyası, Avroatlantik
strukturlara inteqrasiya və s. məsələlərə
yönəldilmişdir. Hazırda mühüm geosiyasi məkan
kimi Azərbaycan regionda
sülhün və təhlükəsizliyin təmin
olunması üçün dayaq nöqtəsi, ən
perspektivli tərəfdaş
hesab edilir. Artıq ölkəmiz
bütün regional məsələlərdə əsas
iştirakçıdır və dövlət
başçısı cənab İlham Əliyevin qeyd etdiyi
kimi, “Regiondakı strateji əhəmiyyətli heç bir layihə
Azərbaycanın razılığı olmadan reallaşa bilməz”
.
Müasir
dövrdə ölkəmiz Avropa İttifaqı ilə
münasibətlərində
öz xarici prioritetlərinə uyğun olaraq daha
çox ikitərəfli əlaqələrə
üstünlük verir. Avropa İttifaqının
regional layihələrində iştirak etməklə
yanaşı, Cənubi Qafqazdakı ümumi iqtisadi tərəqqidəki
payına görə lider dövlət olan Azərbaycan
İttifaqın xarici əlaqələrində müəyyən
mövqe tutmağa çalışır. Buna
görə də Azərbaycan
dövləti Avropa İttifaqı ilə ikitərəfli əlaqələrin
yeni formatlarını yaratmaqla, onunla yaxınlaşmaq
üçün zəruri olan bütün təsisatları
inkişaf etdirərək ittifaqın ümumavropa iqtisadi,
siyasi və təhlükəsizlik məkanına inteqrasiya olunmaq
istəyini nümayiş etdirir.
Ölkəmiz
Avropa təhlükəsizlik
arxitekturasının etibarlı tərəfdaşı
kimi qitənin enerji təhlükəsizliyinin təmin
olunmasında əhəmiyyətli rol oynayır. Azərbaycan
2004-cü ildə əsas məqsədi Cənubi Qafqaz dövlətlərinin
siyasi, iqtisadi cəhətdən Avropa dəyərlərinə
yaxınlaşmasını sürətləndirməkdən
ibarət olan “Avropa Qonşuluq Siyasətinə”
qoşulmuş, 2006-cı ildə Azərbaycan Respublikası ilə
Avropa İttifaqı arasında
enerji məsələləri üzrə strateji tərəfdaşlığa
dair anlaşma memorandumunu imzalamış, 2008-ci ildə isə
ittifaqın “Şərq tərəfdaşlığı”
proqramına qoşulmaqla bu
siyasi, iqtisadi əməkdaşlıq daha da genişlənmiş
və keyfiyyətcə yeni mərhələyə
qədəm qoymuşdur.
Azərbaycanın
neft sektorunun inkişafı artıq ölkəmizin iqtisadi
yüksəlişinə töhfə vermiş, regional və
qlobal əməkdaşlıq üçün əlavə
imkanlar yaratmışdır. Bakı-Supsa,
Bakı-Tibilisi-Ceyhan neft kəmərləri və Cənubi
Qafqaz qaz kəməri kimi regional infrastruktur regionun əhəmiyyətini
artırmış, Avropa
üçün yeni və həyati əhəmiyyətli
enerji mənbələrinin əsasını qoymuşdur.
Yalnız enerji istehsalçısı və
ixracatçısı kimi Azərbaycanın regionun əsas
iştirakçısı və beynəlxalq arenada əhəmiyyətli
aktor olaraq imkanları getdikcə artmaqdadır. Cənubi Qafqaz
regionu üzərindən beynəlxalq nəqliyyat və komunikasiya dəhlizlərinin
genişləndirilməsi və Azərbaycanın tranzit
imkanlarının gücləndirilməsi ölkə
iqtisadiyyatının və qeyri-neft sektorunun
inkişafının vacib elementidir.
Bundan əlavə, Azərbaycanın
xarici siyasətində İslam
ölkələrini birləşdirən və ölkəmizin
də üzv olduğu İslam Konfransı Təşkilatı
(hazırda İslam Əməkdaşlıq Təşkilatı adlanır -
İƏT) ilə əməkdaşlıq xüsusi əhəmiyyət
kəsb edir. Ümummilli lider Heydər Əliyevin 1994-cü
ilin iyul ayında Səudiyyə Ərəbistanına
rəsmi səfəri çərçivəsində müqəddəs
Kəbədə ümrə ziyarəti, kral Fəhd bin Əbdüləzizlə
apardığı danışıqlar, İƏT Baş
katibliyinin rəhbərliyi ilə keçirdiyi səmərəli
görüşlər Azərbaycanın İslam aləmində olan maraq və diqqəti
daha da artırdı. Nəticədə, İƏT-in beynəlxalq
aləmdəki nüfuz və imkanlarından lazımi səviyyədə
istifadə edə bilməsi istiqamətində Azərbaycanın
mövqeyini daha da möhkəmləndirərək əməkdaşlığın
gələcək inkişafına zəmin yaratdı.
Azərbaycan müasir dövrün hədə və təhdidlərinin əlaqələndirilmiş şəkildə qarşısının alınması, eləcə də aradan qaldırılması üçün beynəlxalq birliyin səylərini səfərbər etmək məqsədilə qlobal və regional təşkilatların işində fəal iştirak edir. Ölkəmiz sülhün və təhlükəsizliyin təmin olunmasında universal beynəlxalq təşkilat kimi BMT-nin mərkəzi rolunun daha da artırılması istiqamətində göstərilən səyləri dəstəkləməklə təşkilatın müxtəlif təsisatları və ixtisaslaşdırılmış qurumlarında təmsilçiliyini daha da artırmışdır. Azərbaycan Respublikası BMT mexanizmlərinin yenidən işlənməsini, xüsusilə də Təhlükəsizlik Şurasının daimi üzvlərinin veto hüququna yenidən baxılmasını təklif etmişdir.
2000-ci
ilin sentyabr ayında BMT-nin Minilliyin sammitində
çıxış edən ümummilli lider Heydər Əliyev
dünyada sülhün və təhlükəsizliyin
qorunmasında bu beynəlxalq təşkilatın mühüm
rol oynadığını qeyd etmiş, regional münaqişələrin,
o cümlədən Ermənistan–Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin
aradan qaldırılmasına dair Azərbaycanın
mövqeyini bir daha bildirmiş, bəşəriyyətin
üzləşdiyi problemlərin həllində BMT-nin fəaliyyətini
daha da gücləndirmək məqsədilə təşkilatda
islahatların aparılmasının zəruriliyini
vurğulamışdır.
Ölkəmizin
artan bu siyasi fəallığının nəticəsi kimi,
2004-cü il oktyabrın 29-da BMT Baş Məclisinin
sessiyasında Azərbaycan nümayəndə heyətinin təşəbbüsü
ilə “Azərbaycanın işğal edilmiş ərazilərində
vəziyyət” adlı məsələ iclasın gündəliyinə
salınmışdır. Daha sonra BMT Baş Məclisinin
2006-cı il sentyabrın 7-də keçirilən 60-cı
sessiyasının 98-ci və 2008-ci il martın 14-də
keçirilən 62-ci sessiyanın 86-cı plenar iclaslarında
“Azərbaycanın işğal edilmiş ərazilərində
vəziyyət” adlı qətnamələr qəbul
edilmişdir.
Bununla yanaşı, Azərbaycan 2011-ci il oktyabrın 24-də 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə keçirilən seçkilərdə BMT-yə üzv olan 193 dövlətdən 155 dövlətinin dəstəyini qazanaraq inamlı qələbə qazanmışdır. BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul olunması Azərbaycanın diplomatiya tarixində əldə edilmiş ən böyük nailiyyətlərdən biri olmaqla ölkənin son illər dünya miqyasında artan siyasi nüfuzunun bariz sübutu olaraq qəbul edilməlidir. Belə ki, Azərbaycan müstəqilliyin ötən 20 ili ərzində stabil inkişaf edən, yüksək iqtisadi göstəricilərə nail olan və beynəlxalq siyasətdəki əməlləri ilə dünya ictimaiyyətinin rəğbətini qazanan dövlət olaraq bütün bu müvəffəqiyyətlərin nəticəsində beynəlxalq səviyyədə ən mötəbər qurumun üzvlüyünə seçilmişdir. Digər tərəfdən, bu hadisə son illərdə Azərbaycanın dünya siyasətindəki müxtəlif qlobal problemlərin müzakirəsinə cəlb olunması, ölkəmizin regional siyasətlə yanaşı, dünya siyasətinin də əsas aktorlarından birinə çevrilməsidir. Çünki beynəlxalq münasibətlər sisteminin böyük miqyaslı məsələlərinin müzakirəsi prosesində ölkəmizin artan fəallığı danılmaz faktdır.
Azərbaycan
Prezidenti İlham Əliyev müstəqilliyimiz
dövründə – 20 il ərzində belə böyük
uğurun əldə edilməsini tarixi nailiyyət kimi qiymətləndirərək
demişdir: “Biz 20 il ərzində müstəqil ölkə
kimi özümüzü dünyada təsdiq edə
bilmişik. Biz sübut edə bilmişik ki, Azərbaycan
etibarlı tərəfdaşdır, Azərbaycan dost ölkədir
və dostların sayının artması bizim siyasətimizin
təntənəsidir. Bu səsvermə müstəqilliyimizin
20 illiyinə təsadüf edir. Bu, çox rəmzi məna
daşıyan bir hadisədir. Bu, göstərir ki, 20 il ərzində
Azərbaycan müstəqil dövlət, dünyada
böyük şöhrətə malik olan ölkə kimi
özünü göstərib. Bu qələbə Azərbaycan
xalqının qələbəsidir. Bu qələbə Azərbaycan
dövlətinin qələbəsidir, siyasətimizin təntənəsidir”.
Ümummilli
lider tərəfindən müəyyənləşdirilmiş
prinsiplərə sadiq qalan dövlət
başçısı İlham Əliyev ölkəmizin xarici
siyasətinin prioriteti olan Ermənistan – Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin yalnız beynəlxalq
hüququn norma və prinsipləri çərçivəsində
Azərbaycanın ərazi bütövlüyünün təmin
edilməsi şərti ilə nizama salınmasının
vacibliyini bildirmiş və beynəlxalq təşkilatların
bu sahədə səylərini gücləndirməsinin zəruriliyini
bəyan etmişdir.
Ona
görə də Azərbaycan Prezidenti İlham Əliyevin münaqişənin nizama
salınması, hücum taktikasına üstünlük verməsi və bu istiqamətdə
ardıcıl, qətiyyətli diplomatik addımların
atılması problemin Azərbaycanın milli maraqları təmin
olunmaqla aradan qaldırılması və uğurlu nəticələrin
əldə edilməsi üçün möhkəm zəmin
yaratmışdır. Dövlət
başçısı İlham Əliyevin dəfələrlə
və birmənalı olaraq “Azərbaycan torpaqları
danışıqların mövzusu ola bilməz” fikrini irəli
sürməsi ölkəmizin ərazi
bütövlüyü təmin
olunmaqla münaqişənin ədalətli şəkildə həll olunacağı ilə
bağlı ümidləri daha artırmışdır.
Eyni zamanda, Azərbaycan Prezidenti bəyan etmişdir ki, Dağlıq
Qarabağa heç vaxt müstəqillik
verilməyəcək, dünya birliyi heç vaxt
Dağlıq Qarabağın müstəqilliyini
tanımayacaqdır.
Münaqişənin dinc vasitələrlə
nizama salınması istiqamətində bütün beynəlxalq
təşkilatların qəbul etdiyi sənədlər Azərbaycanın
mövqeyinin bir daha gücləndirilməsi və məsələnin
beynəlxalq hüquq prinsipləri əsasında həllinin təsdiqlənməsi
deməkdir. Bu baxımdan BMT Təhlükəsizlik
Şurasının qəbul etdiyi
4 qətnamə, ATƏT, Avropa Şurası və
İslam Əməkdaşlıq Təşkilatının qərarları
da əhəmiyyətlidir və ölkəmizin ədalətli
mövqeyinin beynəlxalq səviyyədə müdafiəsi
üçün hüquqi əsasdır. Son zamanlar isə,
Avropa Parlamenti və NATO-nun Zirvə toplantılarında qəbul
olunan qərarlarda birmənalı şəkildə Azərbaycanın
ərazi bütövlüyü dəstəklənir və
işğala son qoyulması bildirilir.
Göründüyü
kimi, bu gün müstəqil dövlətimiz bütün sahələr
üzrə inkişafını davam etdirir, beynəlxalq aləmdə
mövqelərini daha da möhkəmləndirir, xarici siyasət
sahəsindəki uğurlarını intensivləşdirir. Məhz
bunun nəticəsidir ki, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması
istiqamətində dövlət başçısı
İlham Əliyevin mövqeyi dünyanın aparıcı
dövlətləri və nüfuzlu beynəlxalq təşkilatlarının
nümayəndələri tərəfindən yüksək
qiymətləndirilir və müdafiə olunur.
Ümummilli lider Heydər Əliyevin
xarici siyasət kursunu novatarcasına və dinamik şəkildə
davam etdirən Prezident İlham Əliyev yüksək diplomatik
istedadı sayəsində ölkəmizin dünyanın siyasi-iqtisadi mənzərəsini
müəyən edən aparıcı dövlətlərlə
və beynəlxalq təşkilatlarla münasibətləri
keyfiyyətcə yeni müstəvidə daha da inkişaf
etdirmişdir. Nəticədə, Azərbaycan yalnız regional
deyil, eləcə də dünya miqyaslı tədbirlərə
ev sahibliyi edərək, eyni zamanda, beynəlxalq aləmdə cərəyan
edən proseslərə də təsir göstərmək imkanı
qazanmışdır.
Əsası
ümummilli lider Heydər Əliyev tərəfindən
qoyulmuş xarici siyasət strategiyasının müasir dövrdə dinamik şəkildə
inkişaf etdirilməsi, müstəqil
dövlətimizin dünya birliyində mövqelərinin
yüksələcəyinə olan ümidləri daha da
artırmış və perespektivdə Azərbaycanın
qüdrətli dövlətlər sırasında
duracağını şərtləndirmişdir.
Elçin ƏHMƏDOV,
Azərbaycan Respublikasının
Prezidenti
yanında Dövlət İdarəçilik
Akademiyası
beynəlxalq münasibətlər
və xarici siyasət
kafedrasının dosenti, siyasi elmlər
üzrə fəlsəfə doktoru
Xalq qəzeti.- 2013.- 9 may.- S. 4.