Xalqın milli sərvətinə
çevrilmiş insan
Hər bir xalq gələcək inkişaf prioritetlərini düzgün müəyyənləşdirmək üçün, ilk növbədə, konkret zaman və məkan daxilində keçdiyi yolun uğurlu nəticələrindən bəhrələnməyə çalışır. Bu emprik dəyərləndirmə mənsub olduğu xalqın təminatlı gələcəyi baxımından hətta zamandan istifadə edərək uzaq hədəflərə hesablanmış praqmatik, əməli siyasət yeridən, milli inkişaf üçün dayanıqlı əsasların müəllifinə çevrilən fenomenal liderlərin misilsiz xidmətlərini ön plana çəkir. Tarixə möhürünü vuran belə liderlər mütərəqqi inkişaf modelinin siyasi və iqtisadi əsaslarını formalaşdırmaq kimi ağır missiyanı çiyinlərinə götürərək mənsub olduqları xalqların gələcək inkişaf strategiyasını müəyyənləşdirirlər.
XXI əsrin başlanğıcında Azərbaycanın müstəqil dövlət kimi bölgədə və dünyada layiqli yerini tutması, regional liderliyini təmin etməsi, iqtisadi sahədə keçid dövrünü uğurla başa vurması da məhz ümummilli lider, dünya şöhrətli ictimai-siyasi xadim Heydər Əliyevin xalqın iradəsinə əsaslanmaqla əsasını qoyduğu uzaqgörən siyasətin nəticəsidir. XX əsr Azərbaycan tarixinin fenomen şəxsiyyəti olan ümummilli lider xalqı tarixən can atdığı müstəqillik idealına qovuşdurmuş, mütərəqqi tarixi ənənə əsasında yeni dövlətçilik konsepsiyasını irəli sürmüşdür. O, qlobal dünya nizamı fonunda tamamilə fərqli - xalqın demokratik idealları və milli dövlətçilik təfəkkürü ilə uzlaşan, hər bir mərhələ üçün konkret fəaliyyət prioritetləri, taktiki və strateji məqsədləri olan milli inkişaf strategiyasını irəli sürərək uğurla həyata keçirmişdir.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında” sərəncamında deyilir: “Dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir”.
Böyük strateqin müdrikliklə
formalaşdırdığı milli dövlətçilik
modeli spesifikliyi və unikallığı ilə fərqlənməklə,
xalqın gələcək yaşam fəlsəfəsini, milli
inkişaf prioritetlərini müəyyənləşdirmiş,
demokratik dəyərləri özündə maksimum dərəcədə
ehtiva etmişdir. Azərbaycanın sürətli
inkişafını təmin edən, milli iqtisadi modeli
özünəməxsus uzaqgörənliklə əsaslandıran
ümummilli lider bu inkişaf strategiyasının yalnız
demokratik tərəqqiyə əsaslanan möhkəm
ictimai-siyasi sabitlik şəraitində davamlı nəticələr
verə biləcəyini diqqətə çəkmişdir.
Heydər Əliyev böyük uzaqgörənliklə
bildirmişdir ki, Azərbaycan könüllü olaraq
qoşulduğu demokratiya yolunun iqtisadi bazisə əsaslanan təkamül
modelini özünün alternativsiz inkişaf yolu hesab edir. O, tətbiq
olunan hər bir mütərəqqi yeniliyin xalqın milli
xüsusiyyətləri, ictimai şüur səviyyəsi ilə
səsləşməsini vacib saymışdır: “Demokratiya
daim inkişafda olan bir prosesdir. Bu, bir mərhələdən
o birisinə qədər təkmilləşmə yolu ilə
getməlidir. Bu təkmilləşmə təkamül yolu ilə
olmalıdır. Çünki hər bir şeyə tezliklə
nail olmaq çətindir”.
Ümummilli
lider Heydər Əliyev 1993-cü ildən dövlət-vətəndaş
münasibətlərinin hüquq müstəvisində tənzimləndiyi,
insan hüquq və azadlıqlarının yüksək səviyyədə
qorunduğu, humanizm ideyalarının möhkəm təmələ
çevrildiyi sivil cəmiyyətin
formalaşdırılması, idarəçilikdə demokratik
ənənələrin bərqərar olması naminə
misilsiz xidmətlər göstərmişdir. Dövlətçiliyin
mükəmməl təməl prinsiplərini yaradan Heydər Əliyev
idarəçilikdə səriştəsizliyə, qətiyyətsizliyə,
bəsitliyə birdəfəlik son qoyaraq uğurlu daxili və
xarici siyasət yeritmiş, dünyanın fövqəlgüc
dövlətlərini Azərbaycanla hesablaşmaq məcburiyyətində
qoymuşdur.
Yeni
dünya düzənində aparıcı güc mərkəzləri
arasında gedən mübarizənin mahiyyətinə uyğun
xarici siyasət yeridən müstəqil Azərbaycan nəticədə
Cənubi Qafqazın lokomotiv dövlətinə
çevrilmiş, ölkəmizin regionda gerçəkləşdirilən
bütün transmilli layihələrdə iştirakı təmin
olunmuşdur. Ulu öndərin rəhbərliyi altında Azərbaycanın
xarici siyasəti, dünyanın aparıcı dövlətləri
və beynəlxalq təşkilatları ilə əlaqələri
ümummilli mənafelərə, habelə siyasi perspektivlərə
əsaslanan xətlə inkişaf etmişdir.
Dövlət idarəçiliyi sahəsində zəngin təcrübəyə malik ümummilli lider xarici siyasətdə yol verilmiş səhvlərin aradan qaldırılması istiqamətində qətiyyətli addımlar ataraq birinci növbədə qonşu dövlətlərlə münasibətləri sahmana salmağa çalışmış, balanslaşdırılmış xarici siyasət yeritməklə respublikamızın geosiyasi rəqabət meydanına çevrilməsinə yol verməmişdir. Azərbaycana ikili standartlardan yanaşmalara qarşı qətiyyətli mübarizə aparan Heydər Əliyev aparıcı dünya dövlətlərini respublikamızın tarazlı və müstəqil siyasət yürüdəcəyinə inandıra bilmişdir. “Respublikamızın qarşısında duran əsas vəzifələrdən biri Azərbaycanın mənafeyini dünya miqyasında müdafiə edə bilən ağıllı, səriştəli xarici siyasətin yeridilməsidir. Vəzifə dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu, qarşılıqlı faydalı əlaqələr yaratmaq və inkişaf etdirməkdən, bu əlaqələrin həm Azərbaycan Respublikasının beynəlxalq mövqelərini möhkəmləndirmək üçün, həm də respublikanın iqtisadiyyatını, elmini, mədəniyyətini inkişaf etdirmək üçün səmərəli istifadə etməkdən ibarətdir” - deyən ümummilli lider həmçinin əlavə etmişdir ki, müxtəlif dövlətlərlə və beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qurulması, Avratlantik məkana inteqrasiya, sivil Qərb dəyərlərinin mənimsənilməsi Azərbaycanın xarici siyasət prioritetləri sırasında mühüm yer tutur.
Müstəqil respublikamızın
1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə
qəbul edilmiş ilk Konstitusiyasında xarici siyasətin
konseptual xarakterinin, məqsəd və vəzifələrinin
mükəmməl şəkildə əksini tapması məhz
ulu öndər Heydər Əliyevin müdrikliyi, uzaqgörənliyi
sayəsində mümkün olmuşdur. Dövlətin
idarəetmə sisteminin əsasını təşkil edən
Azərbaycan Konstitusiyasının 10-cu maddəsinə görə,
Azərbaycan başqa dövlətlərlə və beynəlxalq
aləmlə münasibətlərini beynəlxalq hüquq
normaları və ölkənin maraqlarını nəzərdə
tutan prinsiplər əsasında qurur.
Azərbaycanın
Heydər Əliyev siyasi kursuna əsaslanmaqla həyata
keçirdiyi xarici siyasət də ümumən bu prinsiplərdən
qaynaqlanmış, respublikanın dövlət müstəqilliyinin
və suverenliyinin möhkəmləndirilməsi, ərazi
bütövlüyünün bərpası, beynəlxalq
münasibətlər sistemində layiqli mövqeyinin təmin
olunması, ikitərəfli əlaqələrdə bərabərhüquqlu
tərəfdaş kimi çıxış etməsi milli
diplomatiyanın əsas hədəflərinə
çevrilmişdir. Böyük strateq Cənubi
Qafqaz regionunun müxtəlif güc mərkəzlərinin rəqabət
və qarşıdurma meydanına çevrilməsini yolverilməz
saymış, bölgə dövlətlərinin ərazisində
xarici qoşun və hərbi bazaların yerləşdirilməsinin,
bir sözlə, Qafqazın militaristləşdirilməsinin əleyhinə
olmuşdur. Respublikamız ötən illərdə
təkcə səmərəli iqtisadi təşəbbüslərlə,
konkret enerji-kommunikasiya layihələri, əlverişli
tranzit-kommunikasiya imkanları ilə deyil, eyni zamanda demokratikləşmə
xəttinə, Avratlantik məkana inteqrasiya kursuna sadiqliyi ilə
də Qərbin diqqətini cəlb etmiş, Avropa məkanında
etibarlı tərəfdaş imici qazanmışdır.
“Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik
yubileyi haqqında” sərəncamda ulu öndərin xarici siyasət
və diplomatiya sahəsində xidmətləri də önə
çəkilmişdir: “Ulu öndər Heydər Əliyevin rəhbərliyi
altında milli maraqlara əsaslanan və siyasi perspektivləri
nəzərə alan xarici siyasət kursu müəyyənləşmiş,
dünyanın aparıcı dövlətləri və beynəlxalq
təşkilatları ilə qarşılıqlı
münasibətlər qurulmuşdur. Onun uğurlu xarici
siyasəti ölkəmizin etibarlı tərəfdaş kimi qəbul
edilərək beynəlxalq miqyasda nüfuzunun artmasına,
islahatçı və təşəbbüskar dövlət
olaraq tanınmasına xidmət göstərmişdir. Heydər Əliyevin beynəlxalq aləmdə
atdığı qətiyyətli addımlar sayəsində
diplomatiyamızın fəal mövqeyi formalaşmış,
Azərbaycanın zorla cəlb olunduğu Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinə dünya
ictimaiyyətinin münasibəti dəyişmiş, ölkəmizin
suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin
toxunulmazlığı bütün beynəlxalq
hüquqi-normativ sənədlərdə öz əksini
tapmışdır”.
Cənubi
Qafqaz xalqlarının iqtisadi və mədəni
inteqrasiyasında maraqlı olan ulu öndər Heydər Əliyev
Avropa-Qafqaz-Asiya (TRASEKA) nəqliyyat dəhlizi kimi qlobal əhəmiyyətli
beynəlxalq layihənin gerçəkləşməsi təşəbbüsünü
irəli sürmüş, beləliklə, Azərbaycanın
perspektivdə strateji əhəmiyyətli tranzit məkana
çevrilməsinə nail olmuşdur. TRASEKA
layihəsi Avropa İttifaqının 1993-cü ildə
Brüsseldə keçirilən sammiti zamanı Orta Asiya
ölkələri, Cənubi Qafqaz respublikaları və həmin
qurumla imzalanmış sazişə əsasən həyata
keçirilmişdir. 1993-cü ilin sonlarında Bakıda Avropa
Birliyinin MDB ölkələrinə texniki yardım proqramı
nümayəndəliyinin açılması ilə Azərbaycan
iqtisadiyyatının bütün sahələrinin Avropa modeli
üzrə yenidən qurulması prosesi
başlanmışdır. Məhz bu proqram çərçivəsində
1993-cü ildə Brüsseldə Avropa İttifaqının təşəbbüsü
ilə “Avropa-Qafqaz-Asiya Transqafqaz nəqliyyat dəhlizi” layihəsi
irəli sürülmüşdür. Müzakirələrin
yekunu olaraq “Brüssel bəyannaməsi” adlı iki rəsmi sənəd
imzalanmış, qədim Şərq-Qərb “İpək yolu”
dəhlizinin yeni şəraitdə bərpası, nəqliyyat-kommunikasiya
infrastrukturlarının yenidən qurulması və inkişaf
etdirilməsi qərara alınmışdır.
TRASEKA layihəsi üzrə ən mühüm tədbir - beynəlxalq konfrans da məhz ulu öndər Heydər Əliyevin diplomatik səyləri ilə 1998-ci ilin sentyabrında Bakıda keçirilmişdir. Konfransın yekun sənədi olaraq “Avropa-Qafqaz-Asiya nəqliyyat-kommunikasiya dəhlizinin inkişafına dair çoxtərəfli saziş” adlanan mühüm sənəd imzalanmışdır. Avropa Birliyinin TASİS-TRASEKA proqramı çərçivəsində “Böyük İpək yolu”nun bərpası üzrə keçirilən tədbirlər Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizində yerləşən bütün ölkələrin inkişafı, onların iqtisadi potensialından daha səmərəli istifadə edilməsi, çoxtərəfli iqtisadi əməkdaşlığın genişlənməsi üçün əlverişli şərait yaradır. Şərqlə Qərb arasında körpü rolunu oynayan Azərbaycanın Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişaf etdirilməsində aparıcı yer tutması ölkəmizin dünya dövlətləri ilə inteqrasiyasının daha da dərinləşməsinə xidmət edir. Bu isə nəinki iqtisadi, həm də siyasi sabitlik və təhlükəsizlik baxımından böyük əhəmiyyətə malikdir.
Ümummilli lider Heydər Əliyevin milli dövlətçilik qarşısında misilsiz xidmətlərindən biri də müstəqil Azərbaycanın yeni neft strategiyasının hazırlanması və 1994-cü ildən uğurla həyata keçirilməsi olmuşdur. Miqyasına görə XX əsrin analoqu olmayan qlobal layihələrindən biri kimi alternativ enerji mənbələri axtarışında olan müasir dünyanın yeni geoiqtisadi xəritəsinin müəyyənləşməsinə əsaslı təsir göstərən “Əsrin müqavisi” Azərbaycanın siyasi və iqtisadi cəhətdən möhkəmlənməsinə, beynəlxalq iqtisadi münasibətlər sisteminə sürətli inteqrasiyasına da təkan vermişdir. Son 19 ildə bir çox inkişaf etmiş dövlətlərin əsrlərlə keçdiyi inkişaf yolunu inamla qət edən respublikamızın inanılmaz iqtisadi və siyasi nailiyyətlərinin bazisinə çevrilən bu kontrakt, eyni zamanda Azərbaycanın yüksək siyasi iradəsini, milli maraqlarını sonadək müdafiə etmək, təbii sərvətlərinə sahib çıxmaq əzminin təntənəsi kimi tarixiləşmişdir.
Zaman
keçdikcə, ölkə vətəndaşları müstəqil
Azərbaycan dövlətçiliyinin memarı, dünya
şöhrətli şəxsiyyət Heydər Əliyevin
polad əzmi, qətiyyəti və uzaqgörənliyi sayəsində
əfsanədən gerçəkliyə çevrilən bu
hadisənin siyasi və iqtisadi əhəmiyyətini,
bugünkü uğurların əsasında məhz yeni neft
strategiyasının dayandığını daha dolğun
şəkildə dərk edirlər. “Əsrin
müqaviləsi”nin fövqəladə əhəmiyyəti həm
də onunla şərtlənir ki, məhz bu tarixi
razılaşma əsasında Xəzər dənizində ilk
dəfə beynəlxalq əməkdaşlığın əsası
qoyulmuş, region dövlətlərinin
karbohidrogen ehtiyatlarının mənimsənilməsi prosesində
müsbət presedent yaranmış, transmilli enerji və
kommunikasiya layihələrinin gerçəkləşməsinə
start verilmiş, ümumən regionun hərtərəfli
inkişafında keyfiyyətcə yeni mərhələ
başlanmışdır. Müqavilə
çərçivəsində Qərb şirkətlərinin
respublikamıza 20 milyard dollardan artıq investisiya
yatırması Azərbaycana ən müasir innovasiya və
informasiya texnologiyalarını gətirməklə
yanaşı, demokratik proseslərin, hüquqi-siyasi
islahatların sürətlənməsinə, vətəndaş
cəmiyyətinin formalaşmasına, habelə Avropanın
nüfuzlu beynəlxalq təşkilatları ilə əməkdaşlıq
xəttinin güclənməsinə ciddi təkan vermişdir.
Ulu öndər Heydər Əliyev uzaqgörən lider kimi respublikamızdan kənarda güclü diaspor və lobbi təşkilatlarının formalaşdırılmasına da xüsusi qayğı ilə yanaşmışdır. Ümummilli liderin Vətən və xalq qarşısında göstərdiyi böyük xidmətlərdən biri də milli dövlətçiliyimizin möhkəmləndirilməsi baxımından çox əhəmiyyətli olan azərbaycançılıq ideyasını irəli sürməsi, milli birlik meyillərini daha da dərinləşdirməsidir. 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I qurultayının keçirilməsi, ümummilli lider Heydər Əliyevin fərmanı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması da milli həmrəyliyə nail olmaq amalının Azərbaycanın dövlət siyasətinin tərkib hissəsinə çevrildiyini nümayiş etdirmişdir.
Avropa fəlsəfi fikrinin görkəmli nümayəndəsi İmmanuel Kant yazırdı ki, milli ideologiyası olmayan xalqın uğurlu gələcəyi ola bilməz. İdeologiya hər bir xalqın milli-mənəvi varlığının ilkin əlamətlərindən olub, onun təfəkkür, adət və inanclar sisteminin məcmusu kimi özünü göstərir. Ümummilli liderin lider kimi böyüklüyü həm də onun bütün idarəçiliyi boyu azərbaycanlı olmasını unutmamasında, xalqın milli mənlik şüurunu, özünüdərk hissini, mənəvi dəyərlərə bağlılığını gücləndirmək əzmini nümayiş etdirməsində idi. Bütün zəngin və mənalı ömrünü Azərbaycana dərin məhəbbət hissi ilə yaşamış bu dahi şəxsiyyət həyatını Azərbaycanı və azərbaycançılığı dünyaya tanıtmağa sərf etmişdir. Xaricdə yaşayan soydaşlarımızın tarixi Vətənə bağlılığını təmin edən ideoloji istinad nöqtəsinin tapılması da ümummilli liderin dövlətçilik qarşısındakı əvəzsiz xidmətləri sırasında diqqəti çəkir.
Ulu
öndər müstəqil Azərbaycana rəhbərliyi
dövründə xalqın milli kimliyinin təcəssümü
olan maddi-mənəvi mədəniyyət abidələrinin,
adət-ənənə və milli dəyərlərin, milli
irsin qorunması və gənc nəslə
aşılanması məsələlərinə də
xüsusi diqqət yetirmişdir. Böyük
strateq olaraq Heydər Əliyev çıxışlarında
xüsusi vurğulamışdır ki, yeni dünya
nizamının, qarşısıalınmaz qloballaşma
prosesinin nəticəsi kimi meydana çıxan
sivilizasiyalararası toqquşma və ziddiyyətlər hər
bir xalqın milli-mənəvi dəyərlərinin
qorunması məsələsini çağdaş
zamanın ən aktual məsələlərindən birinə
çevirmişdir. Problemi aktuallaşdıran başlıca
amil budur ki, qloballaşma prosesinin və çoxqütblü
inteqrasiyanın diktələri bir çox hallarda milli-mənəvi
dəyərlərə, adət-ənələlərə,
saf duyğulara qarşı yönəlir. Məhz Heydər Əliyev
dühasının Vətəninə, xalqına, milli irs və
ənənələrə bağlılığı bu təhdidlər
önündə əzəmətli sipərə
çevrilmiş, bütövlükdə xalqın milli
genefondunu qorumuşdur. Bu dahi şəxsiyyət
Azərbaycanın min illərin sınağından
çıxmış mədəniyyətinə, incəsənətinə,
ədəbiyyatına, fokloruna həddən artıq
bağlı olmaqla, onların olduğu kimi xalqa
qaytarılması üçün əlindən gələni
əsirgəməmişdir.
Milli
ənənə və dəyərlərə sadiqlik əsla
Heydər Əliyevin daxili demokratizminin inkarına yönəlməmiş,
bu dahi şəxsiyyət düşüncələrində
böyük ustalıqla milli və liberal dəyərlərin
uğurlu sintezini yarada bilmişdir. Ulu
öndər öz davranışı ilə xalqımıza kənar
mədəniyyətlərlə təmas zamanı
yabançı həyat tərzlərindən nələri əxz
etməyi, nələri götürüb, nələri kənara
qoymağı böyük uzaqgörənliklə göstərmişdir.
Azərbaycanın qapıları ən ali, bəşəri
və universal dəyərlərin üzünə məhz onun
əlləri ilə açılsa da, bu qapıdan həyatımıza
daxil olan yeniliklər minilliklər boyu tariximizlə yol gedən,
bizi dünya xalqları içərisində tanıdan milli dəyərləri
üstələyə bilməmişdir. Xalqımıza
xas mənəvi keyfiyyətlər yad mədəniyyət
stereotiplərinin milli ənənələr üzərində
hakim mövqeyə sahib olmasına heç zaman imkan verməmişdir.
Ulu öndər Heydər Əliyev bu mənada, həm də
xalqın inanclarını, milli dəyərlərini
bütün siyasi proseslərin fövqündə saxlayaraq
qorumağı bacarmış liderdir.
Heydər
Əliyev cismən aramızda olmasa da, bu gün əminliklə
deyə bilərik ki, onun ölməz ideyaları
xalqımızın mütərəqqi inkişaf yoluna parlaq
işıq saçır, hər bir azərbaycanlını
vahid məram və məqsədlər ətrafında birləşdirir.
Həm də onunla təsəlli
tapırıq ki, ulu öndərin möhtərəm Prezident
İlham Əliyev kimi müasir dünya siyasətinin incəliklərini
dərindən bilən, xalqının və dövlətinin
maraqlarını daim uca tutan, siyasətində hər bir vətəndaşın
mənafeyini nəzərə alan, bir
sözlə, hər vədini əməli işi ilə
doğruldan layiqli siyasi davamçısı var. Ölkəyə
rəhbərlik etdiyi 10 ilə yaxın müddətdə qəbul
etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlar
cənab İlham Əliyevin daim xalqın mənafeyindən
çıxış etdiyini, habelə verdiyi vədlərin
sırf əməli fəaliyyətə, praqmatizmə söykəndiyini,
reallığa adekvat olduğunu göstərmiş, onun ictimai
rəydə alternativsiz rəhbər kimi qəbul edilməsini
şərtləndirmişdir.
“Əsl
siyasət konkret real iş görməkdir” devizinə sadiq
qalan cənab İlham Əliyevin xalqa layiqli rəhbərlik
missiyasının əsasında hər bir vətəndaşın
maraq və mənafeyini maksimum dərəcədə təmin
edən mükəmməl idarəetmə sisteminin
yaradılması istəyi dayanır. Həmin
məqsədin reallaşdırılmasını, ümumən
ölkənin üzləşdiyi bütün problemlərin həllini
haqlı olaraq sosial-iqtisadi problemlərin aradan
qaldırılmasında, yüksək tərəqqidə
görən dövlət başçısı 2003-cü ildən
bu sahədə inamlı
addımlar atır. Cənab İlham Əliyev
son 10 ildə imzaladığı məqsədyönlü fərman
və sərəncamları, habelə praqmatik qərarları,
obyektiv reallıqdan irəli gələn addımları
bütün dünyanı bürüyən qlobal böhrana
qarşı respublikamızın effektiv müqavimət əzmini
təmin etmiş, hətta iqtisadi inkişafa da nail
olunmuşdur.
Azərbaycan
Prezidentinin qarşıya qoyduğu bu vəzifələrin həyata
keçirilməsində güclü, monolit komanda amilinin də
rolunu qeyd etmək lazımdır. Cənab İlham Əliyevin
idarəçilik üslubunda kadrların peşəkarlığı,
vəzifə məsuliyyəti, xalqa qüsursuz xidməti
mühüm amil kimi aktuallıq kəsb edir. Cənab İlham Əliyevin
həyata keçirdiyi siyasi kursa sadiqlik amili yenə də
aktualdır. Bu sadiqlik anlayışı daha
çox hər hansı kadrın müasir təfəkkürə,
mütərəqqi baxışlara malik olması, ona
tapşırılmış sahədə vicdanla fəaliyyət
göstərməsi, xalqın problemlərinə həssas
münasibəti əsasında müəyyənləşir.
Azərbaycan Prezidentinin son illərdəki kadr dəyişiklikləri
də məhz hakimiyyət komandasının xalqa daha layiqli
xidmət göstərməsi məqsədindən irəli gəlmişdir.
İqtisadi,
siyasi və hüquqi islahatların paralelliyi prinsipi son 10 ildə
Azərbaycanın demokratikləşməsi və ümumən
cəmiyyətin liberal dəyərlərə adaptasiyası
prosesinin fundamental əsasını təşkil edir. Dövlət başçısı İlham Əliyev
çıxışlarında dəfələrlə
vurğulamışdır ki, demokratik proseslərin davamlı
şəkildə aparılmadığı hansısa dövlətin
iqtisadi sahədə yüksək nəticələr əldə
etməsi, beynəlxalq arenada layiqli yerini tutması, dünya təsərrüfat
sisteminə inteqrasiyası mümkün deyildir. Eyni
zamanda, iqtisadi cəhətdən inkişaf etməmiş
hansısa dövlətdə demokratikləşməyə və
vətəndaş cəmiyyəti quruculuğuna yönələn
cəhdlər uğursuzluqla nəticələnir. Dövlət başçısının dünya
siyasi arxitekturasının tələblərinə maksimum dərəcədə
cavab verən bu mütərəqqi inkişaf konsepsiyası
kifayət qədər təkmil səciyyə daşımaqla,
inkişaf etmiş dünya dövlətlərinin təcrübəsindən
qaynaqlanır. “Əsl açıq demokratik cəmiyyəti
ancaq maddi rifah əsasında qurmaq mümkündür.
İqtisadi cəhətdən geridə qalmış dövlətlərdə
demokratik proseslər də geridə qalır. O ölkələr
ki, onlar iqtisadi cəhətdən güclüdürlər, o
ölkələrdə demokratiyanın inkişafı da
çox yüksək zirvədədir. Ona görə iqtisadi
islahatların davam etdirilməsi, xalqın maddi rifahının
yaxşılaşdırılması, demokratik cəmiyyətin
qurulması və formalaşması üçün
başlıca şərtdir. Ancaq bununla bərabər,
əgər sadəcə olaraq iqtisadi məsələlərə
diqqətimizi yönəltsək və siyasi, hüquqi
islahatlarda hansısa bir yubanma olarsa, bu da Azərbaycan
qarşısında duran vəzifələrin həlli
üçün bizə imkan yaratmayacaqdır. Siyasi islahatlar mütləq aparılmalı və Azərbaycan
müasir ölkəyə çevrilməlidir” - deyən Azərbaycan
Prezidenti bu fikirdədir ki, demokratik-hüquqi inkişaf prosesi
insanların sosial-siyasi, mədəni və iqtisadi rifahına
adekvat olmalı, cəmiyyətin siyasi şüur səviyyəsinin
yüksəlməsi ilə paralel şəkildə həyata
keçirilməlidir. Prezidentlik
dövründə xarici siyasət məsələlərinə
də xüsusi diqqət yetirən, Azərbaycanın hücum
diplomatiyasını, habelə qlobal həmlələrə
qarşı adekvat reaksiyasını təmin edən,
respublikamızın geosiyasi rəqabət meydanına
çevrilməsinə yol verməyən cənab İlham Əliyev
bu sahədə də mühüm nailiyyətlərə
imza atmışdır. Milli mənafeləri önə çəkən
bu çevik və qətiyyətli diplomatiya nəticəsində
Azərbaycanın bölgədə və ümumən Avropa
geopolitik arealında nüfuzu artmış, mövqeləri
möhkəmlənmişdir. Cənab İlham Əliyevin
fenomenal siyasi liderliyi sayəsində Azərbaycan milli mənafelərini
dünya miqyasında müdafiə edə bilən praqmatik,
çevik, təmkinli və səriştəli xarici siyasətini
yeritməyə nail olmuşdur. Eyni zamanda,
dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu,
qarşılıqlı faydalı əlaqələr yaratmaq və
inkişaf etdirməklə, Azərbaycanın heç bir
dövlətdən asılı olmadan müstəqil siyasət
yeritməsi, beynəlxalq mövqelərinin güclənməsi
təmin edilmişdir.
Hazırda
respublikamızın özündən asılı olmayan səbəblərdən
həll edə bilmədiyi yeganə problem Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsidir. Nəticədən asılı olmayaraq, hazırda Azərbaycanın
danışıqlar prosesində iştirakını şərtləndirən
mühüm amillərdən biri də respublikamızın
haqlı mövqeyini beynəlxalq miqyasda və əsasən də
mötəbər təşkilatlar çərçivəsində
sübuta yetirmək üçün vaxt imkanı əldə
etməsidir. Yəni ATƏT-in Minsk qrupu
çərçivəsində aparılan
danışıqlar prosesi son nəticədən asılı
olmayaraq, Azərbaycana təcavüzkar dövləti ifşa
etmək, onun işğalçı siyasəti barədə
beynəlxalq miqyasda obyektiv rəy formalaşdırmaq
baxımından mühüm əhəmiyyət kəsb
edir. Rəsmi Bakının danışıqlar prosesində
sonadək təmkinlə iştirakı ona həm də hərb
yolunun seçilməsi üçün əsaslı arqumentlər
verir. Yəni danışıqlar prosesi sonadək nəticə
verməsə, Azərbaycan hərb yolunun
qaçılmazlığını beynəlxalq ictimaiyyətə
əsaslandırmaq imkanı qazanacaq, bu istiqamətdə real
addımlar atacaqdır.
Ötən 10 ilə nəzər saldıqda əminliklə demək olar ki, ulu öndər Heydər Əliyev cənab İlham Əliyevə xitabən “Mən ona özüm qədər inanır və gələcəyinə böyük ümidlər bəsləyirəm” deməklə qətiyyən yanılmamışdır. Heydər Əliyev siyasi kursunu davam etdirə biləcək yeganə şəxs məhz İlham Əliyev idi və ötən 10 illik zaman məsafəsində bu həqiqət bir daha təsdiqini tapmışdır. İrs-varislik əlaqələrinə əsaslanan bu bağlılıq Azərbaycana inamla rəhbərlik edən cənab İlham Əliyevin ictimai inamı doğrultmasında da bir daha özünü göstərir. Bəli, Prezident İlham Əliyev Heydər Əliyevin və milyonlarla azərbaycanlının inamını doğrultmağı bacarmışdır.
Rafael CƏBRAYILOV,
Milli Məclisin
deputatı
Xalq qəzeti.- 2013.- 9 may.- S. 5.