Milli Kitabxananın
inkişafının Heydər Əliyev mərhələsi
Milli Kitabxana Azərbaycanın
müstəqilliyi illərində özünün
inkişafının ən yüksək pilləsinə qədəm
qoymuşdur. 1993-cü ilin
ikinci yarısından Azərbaycan
xalqının ümummilli lideri,
ulu öndər Heydər Əliyevin rəhbərliyi
ilə respublikada başlanan
möhtəşəm yenidənqurma prosesi
Milli Kitabxananın fəaliyyətində
də özünü büruzə vermişdir. Həmin dövrdən
başlayaraq ölkəmizdə elmin, təhsilin, mədəniyyətin və
incəsənətin inkişafına göstərilən
dövlət qayğısı bütün
sahələrdə olduğu kimi, kitabxana işində
də xeyli canlanmaya səbəb
olmuşdu.
90-cı
illərin əvvəllərində bütün mədəniyyət
müəssisələrinə, o cümlədən
kitabxanalara bir “hücum” başlanmışdı:
kitabxanaların binaları əllərindən alınır,
onlar bağlanaraq qiymətli kitab fondları küçələrə
tökülür, özəlləşdirmə adı
altında qanunsuz işlər görülürdü. Həmkarlar
təşkilatlarının, kolxoz və sovxozların,
ayrı-ayrı idarə və müəssisələrin
kitabxanalarının aqibəti məhz belə
qurtarırdı.
Bu
dövrdə Milli Kitabxananın binasına da müştəri
gözü ilə baxanlar, onun zəngin fondunun bir hissəsinin
həyətə tökülərək
yandırılmasını israrla tələb edənlər də
var idi. Nə yaxşı ki, ölkəmizin tarixinin ən
azı 70 illik bir dövrünə aid qiymətli
materialların məhvinə mane olan ziyalılar tapıldı
və bu dəhşətli hadisənin qarşısı
alındı. Ancaq Milli Kitabxananın binasının iqamətgaha
çevrilməsi və yaxud başqa məqsədlər
üçün istifadəsi fikirləri ara-sıra yenə də
səslənirdi.
1993-cü
ilin iyununda ulu öndər Heydər Əliyevin ikinci dəfə
respublikada hakimiyyətə gəlməsi bu ehtimallara son qoydu,
Milli Kitabxananın və digər mədəniyyət müəssisələrinin
üzərində dolaşan qara buludları tamamilə
dağıtdı. Onların kənar “hücumlardan”
etibarlı müdafiəsini təmin
edəcək qanunvericilik bazasının
yaradılmasına böyük ehtiyac var idi. Bu məsələnin
vacibliyini əsas amil hesab edən ulu öndər Heydər Əliyev
hələ 1994-cü ildə Mədəniyyət Nazirliyinə
“Mədəniyyət haqqında”, “Kitabxana işi haqqında” və
digər qanunların işlənib hazırlanması barədə
xüsusi göstəriş vermişdi.
Kitabxana
işi sahəsində yol verilmiş ciddi nöqsanların
aradan qaldırılması məqsədilə Azərbaycan
Respublikasının Prezidenti, ulu öndər Heydər Əliyevin
ciddi tapşırığı ilə tədbirlər
görülmüş, tezliklə “Mədəniyyət
haqqında” və “Kitabxana işi haqqında” Azərbaycan Respublikası
qanunlarının işlənib hazırlanması istiqamətində
işlərə başlanmış, ilkin layihələr
Nazirlər Kabinetinin iclasında ulu öndər Heydər Əliyevin
ciddi tapşırığı əsasında 1996-cı ildə
kitabxana işçilərinin respublika müşavirəsində
geniş müzakirə olunmuşdur. Bu tədbirin yekunu olaraq
Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında kitabxana
işinin vəziyyəti və onu yaxşılaşdırmaq
tədbirləri haqqında” qərarı qəbul olunmuşdu.
Bu qərara müvafiq olaraq “Mədəniyyət haqqında” və
“Kitabxana işi haqqında” Azərbaycan Respublikası
qanunlarının qısa müddətdə baxılmaq
üçün Milli Məclisə təqdim olunması,
kitabxanaların maliyyələşdirilməsinin
yaxşılaşdırılması, kitabxanaların kitab təchizatının
yeni sisteminin yaradılması, onların maddi-texniki
bazasının təkmilləşdirilməsi istiqamətində
ciddi tədbirlər görülməsi nəzərdə
tutulmuşdu.
Bu qərarın
icrası ilə əlaqədar Milli Kitabxanada işin tamamilə
yenidən qurulması istiqamətində addımlar
atılmağa başlanmışdı. Kitabxanada yeni iş
üsulları, yeni iş metodları tətbiq olunmağa,
mütərəqqi iş formalarından istifadə edilməyə
başlanılmışdı.
1995-1997-ci
illərdə Azərbaycan Respublikasının Prezidenti, ulu
öndər Heydər Əliyev M.F.Axundzadə adına Azərbaycan
Milli Kitabxanasına 4 dəfə səfər etmiş və
onun kitabxanaya hər gəlişi bu elm məbədinə yeni
bir ab-hava, təkmilləşmə gətirmişdir. Təbii
ki, Prezidentin hər hansı bir mədəniyyət
ocağına gəlməsi orada müəyyən işlərin
görülməsi və həmin müəssisəyə əlaqədar
təşkilatlar tərəfindən münasibətin
kökündən dəyişməsinə gətirib
çıxarırdı. Bunların içərisində ilk
növbədə Azərbaycanın müstəqillik illərində
qazandığı nailiyyətləri əks etdirən
kitabların təqdimat mərasimlərinin keçirilməsini
qeyd etmək olar. Bu mərasimlərdə iştirak edən Azərbaycan
xalqının ümummilli lideri
Heydər Əliyev Milli Kitabxananın fəaliyyətini və
orada çalışan insanların əməyini yüksək
qiymətləndirmişdi: “Mən vaxtilə bu kitabxanaya dəfələrlə
gəlmişəm. Amma bu gün kitabxananın astanasından
keçərkən çox böyük hörmət və
ehtiram hissi duyuram. Kitabxanaya, burada çalışan insanlara
hörmət və ehtiramımı bildirmək istəyirəm”.
Bu dahiyanə fikirləri yalnız ziyalı, dahi və
uzaqgörən insan söyləyə bilərdi.
Ulu
öndərin 1995-ci ildə Milli Kitabxanada “Vətənə,
Dövlətə, Xalqa sədaqət andı” kitabının
təqdimat mərasimində iştirakı kitabxananın həyatında
böyük bir hadisəyə çevrilmişdi. Bu mərasimdə
iştirak edən ulu öndər Heydər Əliyev
kitabxananın yeni ədəbiyyatla təchizatı işinin vəziyyəti
ilə maraqlanmış və Rusiyadan və digər uzaq xarici
ölkələrdən kitabların
alınmadığını görən ulu öndər bu sahədə olan nöqsanları
aradan qaldırmaq məqsədilə ciddi göstəriş
vermiş, eyni zamanda Milli Kitabxananın fondunun xarici dillərdə
ədəbiyyatla komplektləşdirilməsi məqsədilə
hər il kitabxanaya əlavə olaraq 5 min ABŞ dolları vəsait
ayrılması barədə göstəriş vermişdir. Məlumat
üçün bildirək ki, 1995-ci ildə Milli Kitabxana
üçün bu vəsait çox böyük məbləğ
hesab olunurdu.
Milli
kitabxanada çıxışı zamanı “Kitabxana xalq, millət
üçün, cəmiyyət üçün müqəddəs
bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir” deyən
ulu öndər Milli Kitabxanaya öz şəxsi
kitabxanasından 300 nüsxəyədək qiymətli kitab
bağışlamışdır. Bu kitabların içərisində
ulu öndərin şəxsi avtoqrafı ilə Milli Kitabxanaya
hədiyyə etdiyi və dünyanın bir sıra ölkələrindən
gətirdiyi, habelə Məkkəyə ziyarəti zamanı
ona bağışlanan nəfis “Qurani-Kərim” də
vardır. Mərhum Prezidentimizin kitabxanaya hədiyyə etdiyi
kitablar bu gün Milli Kitabxananın kolleksiyasının ən
qiymətli nümunələri kimi nadir kitablar fondunda
mühafizə olunur.
Ötən
əsrin 90-cı illərinin sonlarında ulu öndərin mədəniyyət
sahəsinə diqqət və qayğısının nəticəsi
olaraq Milli Kitabxananın fəaliyyətində nəzərəçarpacaq
irəliləyişlər özünü göstərməyə
başlayırdı. Belə ki, artıq 2000-ci ildə Milli Kitabxanaya daxil
olan yeni ədəbiyyatın miqdarı xeyli artaraq 14.780
nüsxəyə çatmışdı ki, bunların da 9584
nüsxəsi kitablar olmuşdur.
Ulu
öndərin Milli Kitabxanaya diqqət və
qayğısının nəticəsi olaraq artıq
oxucuların kitabxanaya qayıdışı dövrü
başlanmışdı. Müəyyən qədər yeni ədəbiyyatın
alınmasında baş verən ciddi irəliləyişlər
oxuculara xidmət işinin keyfiyyətinə də müsbət
təsir göstərmişdir. Belə ki, kitabxananın daimi
oxucularının sayı 1995-ci ildəkindən iki dəfə
artaraq 2002-ci ildə 32 min nəfərə
çatmışdı.
Milli
Kitabxananın inkişafının Heydər Əliyev mərhələsində
kitabxanada yenidənqurma işləri həyata
keçirilmiş və oxucuların zallarda oturub işləməsi
üçün normal şərait yaradılmışdı.
Bu yenidənqurma işləri bilavasitə ulu öndərimiz
Heydər Əliyevin şəxsi tapşırığı ilə
həyata keçirilmişdi. Belə ki, 1999-cu ildə 2000-2003-cü
illərdə “Ərazilərin yenidən qurulması və bərpası”
layihəsi üzrə Bakı şəhərində bir
sıra iri obyektdə yenidənqurma işlərinin
aparılması məsələsi müzakirə olunarkən,
5 böyük müəssisə seçilərək Prezidentə
təqdim olunmuşdu. Bu siyahıya Suraxanı rayonunda 10
kilovoltluq 2 yarımstansiyanın tikilməsi, Respublika Onkoloji Mərkəzində
və ya Milli Kitabxanada yenidənqurma işlərinin
aparılması, Bakıda su anbarının bərpası
daxil idi. Ulu öndər Heydər Əliyev bu siyahını nəzərdən
keçirərək “Siz Milli Kitabxananı götürün
qalanlarına Bakı şəhəri və Azərenerji
özləri pul taparlar!”- demişdi.
Ulu
öndərin bu dahiyanə seçimi nəticəsində
2000-2003-cü illərdə Milli Kitabxana əsaslı şəkildə
təmir olunaraq yenidən qurulmuşdu: kitabxananın damı
tam dəyişdirilmiş, istilik sistemi yenidən qurulmuş,
oxu zallarında və iş otaqlarında oxucuların və
işçilərin işləməsi üçün normal
şərait yaradılmışdı.
Göründüyü
kimi, ulu öndər Heydər Əliyevin rəhbərliyi
altında həyata keçirilən uğurlu siyasət öz
nəticələrini verməyə başlamışdır.
Bu
qanunlar mədəniyyətimizin müxtəlif sahələrində
fəaliyyət göstərən minlərlə müəssisələri
bazar iqtisadiyyatı şəraitində mülkiyyət
formasının dəyişdirilərək özəlləşdirilməsi
istiqamətindəki hücumlardan qorumuşdur. Onların normal
yaşayıb fəaliyyət göstərməsi
üçün toxunulmazlıq şəraiti
yaratmışdır. “Kitabxana işi haqqında” Azərbaycan
Respublikası Qanununda Milli Kitabxanaya ayrıca bir bölmə həsr
olunmuş və bu elm məbədinin toxunulmazlığı
üçün müddəalar öz əksini
tapmışdır. Milli Kitabxanaya ölkə ərazisində
dərc olunan çap məhsullarından Milli Kitabxanayaa pulsuz
məcburi nüsxələrin verilməsi müddəası
da məhz ilk dəfə bu qanunla təsbit olunmuşdur.
Bu
dövrdə “Dövlət mülkiyyətinin özəlləşdirilməsi
haqqında” qanun qüvvəyə minmişdi və burada mədəniyyət
müəssisələrinin müdafiəsi üçün
maddə yox idi. Məhz bu zaman
ulu öndərin ciddi tapşırığı ilə
hazırlanan və 1998-ci ildə onun imzaladığı
“Dövlət mülkiyyətinin özəlləşdirilməsi
haqqında qanuna əlavələr”də mədəniyyət
müəssisələrinin, o cümlədən
kitabxanaların özəlləşdirilməsinin qadağan
edilməsinin qanunvericilik şəklində təsbit
olunması minlərlə kitabxananın özəlləşdirmə
adı altında bağlanaraq binalarının əllərindən
alınmasının və qiymətli kitab fondlarının
küçəyə atılmasının
qarşısını almış oldu. Bütün bunlar Heydər
Əliyevin Azərbaycan mədəniyyəti
qarşısında əvəzolunmaz xidmətləri idi.
XX əsrin
90-cı illərinin sonunda Milli Kitabxanada işlərin təşkilində
əsas istiqamət müstəqil Azərbaycanın nailiyyətlərinin
geniş təbliğ edilməsinə və latın
qrafikalı Azərbaycan əlifbası ilə çap olunan
kitabların fondda ümumi çəkisinin artmasına gətirib
çıxaran tədbirlərin görülməsindən
ibarət olmuşdur.
70
ildən artıq bir zaman kəsiyində sovet rejiminin yeritdiyi
siyasət nəticəsində Milli Kitabxananın kitab fondunun
80 faizindən çoxu rus dilində ədəbiyyatdan ibarət
idi. İndi kitab fondunda milli dildə ədəbiyyatın
xüsusi çəkisinin artırılması əsas vəzifə
idi. XX əsrin 90-cı illərinin ortalarından bu istiqamətdə
aparılan məqsədyönlü işlərin nəticəsində
artıq 2000-ci ildə kitab fondunun ümumi tərkibində
milli dildə olan ədəbiyyatın xüsusi çəkisi
xeyli artmışdı. Artıq 2000-ci il ərzində fonda
daxil olan ədəbiyyatın 90 faizindən çoxu milli dildə
olmuşdur. Təbii ki, XX əsrin 90-cı illərinin
ortalarından kitab alınması üçün ayrılan vəsaitin
getdikcə artması da bu işdə əhəmiyyətli rol
oynamışdı.
XX əsrin
90-cı illərinin sonundan başlayaraq Azərbaycan Milli
Kitabxanasında informasiya-kommunikasiya texnologiyalarının
kitabxana işinə tətbiqinə başlanması da
xalqımızın ümummilli lideri Heydər Əliyevin xidmətləri
idi. 1998-ci ildə kitabxanada İnternet zalın
açılması ilə bu sahədə ilk addımlar
atılmışdır. Respublikamızda kitabxanada ilk
İnternet zalı məhz Milli Kitabxanada
yaradılmışdır. 2000-ci ildə isə Milli Kitabxanada
ilk Tədris Mərkəzi təşkil olunmuş, mərkəzdə
ilk dəfə olaraq respublikamızın kitabxana işçiləri
üçün kompyuter təlimi üzrə və
İnternetdə axtarış aparmaq vərdişlərinin
aşılanması üzrə treninqlər həyata
keçirilmişdir. Həmin ildə respublikamızda ilk dəfə
olaraq avtomatlaşdırılmış kitabxana sistemlərinin
tətbiqi istiqamətində ilk addımlar
atılmışdır. Üç illik hazırlıq
işləri aparıldıqdan, beynəlxalq treninqlər
keçirildikdən və lazımi mütəxəssislərin
hazırlanması prosesi başa çatdıqdan sonra
2003-cü ildə elektron kataloqun tərtibi işlərinə
başlanılmışdır. Milli Kitabxanada elektron kataloq
beynəlxalq maşınla oxunan MARK-21 formatında işlənilmişdir.
Bütün
bunlar ulu öndərin göstərişi ilə Milli
Kitabxanaya dövlət büdcəsindən ayrılan vəsaitin
ildən-ilə artırılması nəticəsində
mümkün olmuşdur.
Bu
gün Milli Kitabxana xalqımızın ümummilli lideri Heydər
Əliyevin mədəniyyət siyasətini böyük
uğurla davam etdirən hörmətli Prezidentimiz İlham Əliyevin
məqsədyönlü siyasəti nəticəsində
özünün çiçəklənmə
dövrünü yaşayır və günü-gündən
inkişaf edərək dünyanın ən modern
kitabxanalarının sırasına daxil olmuşdur.
Kərim TAHİROV,
M.F.Axundzadə adına Milli
Kitabxananın direktoru,
əməkdar mədəniyyət
işçisi
Xalq qəzeti.- 2013.- 9 may.- S. 6.