Qurtuluş dastanı” tamaşaçıların böyük marağına səbəb oldu

 

Azərbaycan Dövlət Dram Teatrının səhnəsində  C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı kollektivinin  şair-dramaturq İftixarın “Qurtuluş dastanı” əsəri əsasında səhnələşdirilmiş eyniadlı tamaşasının premyerası keçirildi.

Xatırladaq ki, ikihissəli epik, tarixi dram olan “Qurtuluş dastanı”  ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibəti ilə onun əziz xatirəsinə ehtiram əlaməti olaraq  tamaşaya hazırlanmışdır. Tamaşada ümummilli liderimizin bədii obrazının səhnə təcəssümü öz ifadəsini uğurla tapmışdır. İ.Piriyevin ifasında ulu öndərin zəngin həyat yolunun müxtəlif məqamlarının, habelə  böyük şəxsiyyətin ayrı-ayrı hadisələrə münasibətini ifadə edən müdrik kəlamlarının sürəkli alqışlarla qarşılanması Heydər Əliyevə dərin tamaşaçı sevgisinin, məhəbbətinin bariz ifadəsi idi.

Kollektivin yaratdığı canlı səhnələr, xüsusən İ.Piriyevin bu əsərdə dahi öndər Heydər Əliyevin bədii obrazını böyük sənətkarlıqla canlandırması tamaşaçıların sürəkli alqışları ilə qarşılandı. Dahi rəhbərin obrazını  yaratmaq aktyordan  böyük məsuliyyət tələb edir. Səhnədə sözlə ifadə olunmayan bir ucalığa yüksəlmək o qədər də asan məsələ deyil. İ.Piriyevin bunun öhdəsindən yüksək səviyyədə gəlməsini əminliklə söyləmək olar.

Yeri gəlmişkən, İ.Piriyev bundan əvvəl yazıçı-dramaturq Aqşin Babayevin ümummilli liderimizin 90-cı illər siyasi fəaliyyətinə həsr olunmuş “Xilaskar” əsərini uğurla  səhnələşdirmişdir. Onu da deyək ki, dahi Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş  “Qurtuluş dastanı”  Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə tamaşaya  hazırlanmışdır. Tamaşanın ideya müəllifi və baş məsləhətçisi rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, siyasi məsləhətçi RİH başçısının müavini Vüsal İsmayılovdur.

Əsərə teatrın baş rejissoru, əməkdar incəsənət xadimi, “Qızıl Dərviş” mükafatı laureatı Oruc İzzətoğlu quruluş verib. O, eyni zamanda tamaşanın quruluşçu rəssamıdır. Musiqi tərtibatı Miranda Qurbanovaya məxsusdur.  Tərtibatçı rəssam isə Xaqani Əliyevdir. İftixar Piriyev (Heydər Əliyev), Rövşən Cəfərov (Gənc Heydər Əliyev), Səadət Həsənalıyeva (Gənc Zərifə Əliyeva),  əməkdar artistlər Vaqif Kərimov (el şairi), Esmiralda Şahbazova (İzzət xanım), Vidadi Əliyev (ziyalı),   aktyorlar Əjdər Zeynalov (M.S.Qorbaçov), Əhliman Ərşadlı (İzzət kişi)  və başqaları maraqlı ansambl yaratmaqla tamaşanın canlı, baxımlı və inandırıcı alınmasına nail olmuşlar.

Burada rejissor yozumunun maraqla qarşılanması da xüsusi qeyd edilməlidir. Xatırladaq ki, rejissor Oruc İzzətoğlu indiyədək  müxtəlif teatrların səhnəsində Cəfər Cabbarlının “Aydın”, Hüseyn Cavidin “Afət”, Mir Cəlalın “Dirilən adam”, Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi”, Elçinin “Mahmud və Məryəm” əsərlərinə uğurlu quruluş vermişdir. Molyerin dramaturgiyasına müraciət edən rejissor bu günlə səsləşən səhnə əsəri yaratmışdır.

Səhnədə baş verənləri izləyən hər bir tamaşaçı xəyalında ulu öndərin xalqln təkidi ilə hakimiyyətə gəldiyi 90-cı illərin əvvəllərinə - o  ağır dövrə qayıdır. Moskvada SSRİ rəhbərliyinin təqib və təzyiqləri altında yaşamasına baxmayaraq, Heydər Əliyevin heç nədən qorxmadan və çəkinmədən SSRİ və respublika rəhbərliyinin antimilli qərarına kəskin etirazını xatırlayır. Bununla yanaşı, ulu öndərin  1990-cı il yanvarın 21-də Moskvadan Azərbaycan rəhbərliyinə və xalqa göndərdiyi teleqramda 20 Yanvar hadisəsini “SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı antidemokratik, qanunazidd və düşünülmüş aksiyası” kimi qiymətləndirməsini  yada salır...

...Tamaşada o zamankı SSRİ rəhbəri M. Qorbaçovun və onun əlaltılarının istənilən an təxribat törədə biləcəyinə baxmayaraq, Heydər Əliyevin öz həyatını təhlükə altına ataraq 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəlməsi və orada sovet ordusunun Bakıda dinc əhaliyə qarşı törətdiyi vəhşi aksiya ilə bağlı mətbuat konfransı keçirməsi səhnələrini həyəcansız izləmək mümkün deyil. Eyni zamanda, Heydər Əliyevin  Moskvada M.Qorbaçovun, onun ermənipərəst ətrafının təqib və təzyiqləri altında, böyük çətinliklə 1990-cı il iyulun 20-də Bakıya yola düşməsi, Azərbaycan hakimiyyətinin onun respublikaya dönüşündən ciddi təşvişə düşməsi və ona qarşı müxtəlif təxribatçı hərəkətlərə rəvac verməsi, siyasi hakimiyyətin təzyiq və təxribatları altında, iki gün sonra anadan olduğu Naxçıvana yollanması, orada  yaşaması, parlament seçkilərinə qatılması və qalib gəlməsi, respublika ictimaiyyətinin qabaqcıl nümayəndələrinin Naxçıvana üz tutması, insanlarla günü-gündən genişlənən çoxsaylı və kütləvi görüşlər və s. tamaşada öz canlı  ifadəsini tapmışdır.

130 il öncə fəaliyyətə başlayan İrəvan Dövlət Azərbaycan Dram Teatrı Azərbaycan mədəniyyətinə və incəsənətinə görkəmli aktyor və aktrisalar, rejissorlar bəxş edib. 1988-ci ildə Ermənistanda yaşayan azərbaycanlıların tarixi yurdlarından zorla deportasiyası nəticəsində İrəvan Teatrının kollektivi də doğma sənət ocağını tərk etməli olub, teatrın bütün əmlakı talanıb. Sonrakı dövrdə teatr Azərbaycan dövlətinin dəstəyi, kollektiv üzvlərinin zəhməti, ayrı-ayrı ziyalıların qayğısı sayəsində ayağa qalxıb.

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2013.- 9 may.- S. 6.