HEYDƏR ƏLİYEV– milli tərəqqinin memarı

 

Ötən əsrin 90-cı illərinin əvvəllərində müstəqilliyini yenicə qazanmış, Ermənistanın hərbi təcavüzü və daxildə müxtəlif siyasi qüvvələrin vəzifə uğrunda amansız mübarizəsinin məntiqi nəticəsi olaraq xaosun və özbaşınalığın hökm sürdüyü Azərbaycanda xalqın təkidli tələbilə ikinci dəfə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev prezident kimi fəaliyyətinin əsas istiqamətlərindən danışarkən iki halı xüsusi qeyd etmişdir: “Respublika iqtisadiyyatı, demək olar ki, tamamilə dağıdılıb, xalqın rifah halı aşağı düşüb. Lakin respublikanın böyük sosial-iqtisadi, elmi-texniki potensialı var. Azərbaycanın coğrafi-siyasi vəziyyəti, onun təbii sərvətləri, uzun illər boyu yaranmış əsas fondları respublikanı bu ağır böhrandan çıxarmağa imkan verir. Digər tərəfdən yeni islahatlar aparmaq yolu ilə bazar iqtisadiyyatına keçmək istiqamətində hərəkət etməliyik”.

Ümummilli lider Heydər Əliyevin apardığı ardıcıl və məqsədyönlü siyasət nəticəsində ictimai-siyasi sabitliyin təmin olunması, istehsalda yaranmış geriləmə prosesinin qarşısının alınması və digər tədbirlərdən sonra iqtisadiyyatda tənəzzül tədricən aradan qaldırıldı. Bununla da Azərbaycanın iqtisadi inkişafının mahiyyətcə yeni mərhələsinin təməli qoyuldu.

Əldə olunan makroiqtisadi sabitlik, sənayedə və digər sahələrdə göstəricilərin artımı, həyata keçirilən genişmiqyaslı iqtisadi islahatların ilkin nəticələri aparılan siyasətin düzgünlüyünü və Azərbaycanın bazar iqtisadiyyatı yolunda inamlı addımlarını təsdiq edirdi.

 Dövlət müstəqilliyinin bərpasından sonra ötən qısa tarixi dövrdə Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində ölkəmizin sosial-iqtisadi inkişafı və dünya təsərrüfat sisteminə inteqrasiyası sahəsində uğurlu nailiyyətlər əldə olundu.

Azad sahibkarlığın möhkəm əsaslar üzərində təşəkkül tapmadığı bu dövrdə bazar konyunkturuna uyğun olmayan məhsul istehsalına rəvac verilməsi iqtisadi proseslərin daha gərgin məcraya yönəlməsinə səbəb olmuşdu. İstehsalın şəraitə uyğunsuzluğu nəticəsində konkret alıcı auditoriyası tapmayan məhsullar tədavül dairəsində əmtəəlik məhsul ehtiyatı kimi yığılıb qalmışdı və iqtisadiyyatın inkişafında əlavə yükə çevrilmişdi. İstehsal ilə istehlak arasındakı disbalans iqtisadi böhranın daha da dərinləşməsi ilə xarakterizə olunur, problemlərin miqyasını genişləndirirdi.

Həmin dövrdə sosial gərginliyi azaltmaq üçün ölkə iqtisadiyyatının real imkanları nəzərə alınmadan əməkhaqqının və sosial ödənişlərin yüksəldilməsi cəhdləri, çoxsaylı güzəştlərin tətbiqi inflyasiya prosesinin daha da sürətlənməsinə, hiperinflyasiyaya çevrilməsinə gətirib çıxarmışdı. Bunu o dövrün statistik  rəqəmləri də aydın göstərir. Belə ki, 1991-ci ildə istehlak mallarının qiyməti 1990-cı ilə nisbətən 2,07 dəfə artdı, növbəti illərdə isə bu artım bir neçə dəfə sürətlənmişdi. 1992-ci ildə istehlak qiymətləri 1991-ci ilə nisbətən 10,12 dəfə, 1993-cü ildə 1992-ci ilə nisbətən 12,3 dəfə, 1994-cü ildə 1993-cü ilə nisbətən 17,63 dəfə artmışdı. Ümumilikdə 1991-1994-cü illərdə iqtisadiyyatda ümumi daxili məhsul (ÜDM) istehsalı hər il orta hesabla 16,5 faiz azalmışdı. Tənəzzül meyli sənayedə xüsusilə kəskin xarakter almış, 1985-ci ilə nisbətən sənaye istehsalının həcmi 1991-ci ildə 10 faiz, 1992-ci ildə 37 faiz, 1993-cü ildə isə 50 faizə qədər azalmışdı. Ölkə istehsal potensialının, demək olar ki, üçdə ikisini itirmiş, büdcə kəsirinin ümumi daxili məhsula nisbəti 1991-ci ildəki 0,1 faizdən 1994-cü ildə 13 faizə çatmışdı. 1992-1994-cü illərdə xarici ticarət dövriyyəsinin həcmi 42 faiz azalmış, 1994-cü ilədək ölkə iqtisadiyyatına bir manat da olsun, xarici sərmayə qoyulmamışdı. 1994-cü ildə Milli Bankın uçot dərəcəsini 250 faizə çatdırması bank sektorunda vəziyyətin idarəolunmaz vəziyyətə düşməsindən xəbər verirdi.

Sosial gərginlik özünü daha qabarıq göstərirdi: 1991-1995-ci illərdə əhalinin pul gəlirləri real ifadədə 3,3 dəfə, adambaşına pul gəlirləri orta hesabla 3,6 dəfə aşağı düşmüşdü. 1993-cü ilə qədər ölkədə sahibkarlıq sektoru istiqamətində ciddi islahatların həyata keçirilməməsi və sistemsiz epizodik tədbirlər bazar iqtisadiyyatının aparıcı elementlərindən sayılan sahibkarlıq institutunun inkişafını ləngidirdi. Bu da milli iqtisadiyyatın müxtəlif sahələrinin böhran mərhələsinə düşməsinə təsirini mütləq göstərməli idi. Xarici ticari fəaliyyət, həmçinin zəruri təşkilati-hüquqi baza yaradılması sahəsində təcrübəsizlik ona gətirib çıxarmışdı ki, müəssisələr, xüsusilə yeni yaranmış bazar strukturları dəyəri yüz milyonlarla ölçülən neft məhsullarını, alüminiumu, pambığı və digər strateji əhəmiyyətli məhsulları dünya qiymətlərindən xeyli aşağı qiymətə ixrac edirdi.

Maliyyə vəsaitinin məhdudluğu xarici şirkətlərin və investorların cəlb olunmasını zərurətə çevirsə də, Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə yanaşı, ölkəni bürümüş daxili ziddiyyətlər, səbatsızlıq, özbaşınalıq Qərbin neft şirkətlərini Azərbaycandan çəkindirirdi. Eyni zamanda, aparılan danışıqlarda respublikamızın iqtisadi maraqları tam təmin olunmurdu.

 Ulu öndər Heydər Əliyevin sosialyönümlü iqtisadi inkişaf modeli 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul edilmiş ilk milli Konstitusiyada da dolğun əksini tapmışdır. Dövlətin diqqət sahəsində olan sosial siyasətin konturlarını və vəzifələrini özündə əks etdirən Əsas Qanunun 16-cı maddəsinin 1-ci bəndində deyilir: “Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalır”.

Planlı təsərrüfat sistemindən bazar iqtisadiyyatına keçid şəraitində ümummilli liderin ölkənin böyük perspektivlərinə hesablanmış strateji inkişaf proqramının başlıca məqsədlərindən biri xalqın rifahının təminatı, əhalinin sosial müdafiəsinin gücləndirilməsi idi. Sosialyönümlülük prinsipinə xüsusi diqqət yetirən Heydər Əliyevin bu istiqamətdə qabaqcıl dünya təcrübəsinə cavab verən, eyni zamanda ölkə və cəmiyyət reallıqlarını nəzərə alan məqsədyönlü siyasəti cəmiyyətdə özünü göstərən sosial ziddiyyətlərin aradan qaldırılmasına xidmət edirdi. Bunun da nəticəsində 1995-2003-cü illərdə ölkədə sosial təminatlar, sığorta və sosial xidmətlər, hamı üçün mümkün ola bilən təhsil, səhiyyə, mədəniyyət sistemləri inkişaf etdirildi. Vətəndaşlara göstərilən dövlət yardımları artırıldı, əməyin və insanların sağlamlığının qorunması prosesi gücləndi. Məsələn, 1997-ci ildə pensiya qanunvericiliyinə edilmiş dəyişikliklərdən sonra 1993-cü ilə qədər təqaüdə çıxmış 650 min vətəndaşın pensiya məbləği 2,2 dəfə artırıldı, əlillərin, tənha, ahıl vətəndaşların və sosial təqaüdçülərin pensiyalarının üzərinə əlavə müavinətlər hesablandı. 1998-ci ilin avqust ayının 1-dən pensiyaların yeni hesablanma mexanizminin tətbiqi nəticəsində şəhid ailələrinin, müharibə əlillərinin, qaçqın və məcburi köçkünlərin pensiyalarının məbləği 2 dəfədən çox artırıldı. Minimum pensiya ilə daha yüksək pensiya alanlar arasında uyğunsuzluğu aradan qaldırmaq üçün 1 yanvar 2000-ci ildən 450 min nəfərin pensiyasının minimum məbləğinin artırılması məqsədilə dövlət büdcəsindən müvafiq həcmdə vəsait ayrıldı. Həmin ilin noyabr ayından isə sosial pensiyaçılara dövlət qayğısının nəticəsi olaraq onların pensiyalarının üzərinə aylıq müavinət hesablandı. Ulu öndər Heydər Əliyevin 29 dekabr 2000-ci il tarixli “Əlil olmuş və digər kateqoriyadan olan bir qrup aztəminatlı vətəndaşa dövlət yardımının artırılması haqqında” sərəncamına əsasən, ölkəmizi erməni təcavüzündən müdafiə edərkən və 1990-cı il 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərə verilən aylıq müavinətlər artırıldı. Növbəti ildə isə bu kateqoriyadan olan insanlara hesablanan aylıq müavinətlər orta hesabla yenidən 50 faizə kimi çoxaldıldı.

Yeni Azərbaycan Partiyasının 1999-cu ilin dekabr ayında keçirilmiş I qurultayındakı dərin məzmunlu çıxışında ölkənin iqtisadi göstəricilərinə xüsusi diqqət çəkən Heydər Əliyev bildirirdi ki, Azərbaycanın dinamik inkişafı Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa Birliyinin İqtisadi Komissiyası və digər beynəlxalq təşkilatların hesabatlarında dolğun əksini tapır. Ulu öndər Heydər Əliyev məruzəsində vurğulayırdı ki, milli iqtisadiyyatda islahatların aparılması, insanlara sərbəstlik verilməsi, dünya təsərrüfat sisteminə inteqrasiya, ölkəyə xarici sərmayələrin cəlb olunması kompleks iqtisadi proseslərdir: “Bunları bu qısa müddətdə həyata keçirmək, inanın, asan iş deyildir. Həm də bizim göstəricilərimiz Müstəqil Dövlətlər Birliyi ölkələrinin göstəriciləri içərisində yüksək yerləri tutur. Ona görə də biz son illərdə əhalinin rifah halının yaxşılaşdırılmasına nail ola bilmişik. Ona görə də maaşları, - burada deyildi, - dəfələrlə artıra bilmişik, pensiyaları artıra bilmişik. ...Əgər biz iqtisadi islahatları ağıllı, düşüncəli və uzaqgörənliklə aparmasaydıq, bu nailiyyətləri əldə edə bilməzdik. Məsələn, təsəvvür edin, indi, - mən bu ili götürürəm, - Azərbaycanda əldə olunan ümumi daxili məhsulun 60 faizi özəl sektorun hesabınadır. Bu, islahatların nəticəsidir. Sənayedə 30 faiz özəl sektorun hesabınadır. Kənd təsərrüfatında 98 faiz, ticarətdə 98 faiz, tikintidə təxminən 60-70 faiz, yük daşımalarında təxminən 45-50 faiz özəl sektorun hesabınadır. Demək, bizim iqtisadi islahatlarımız öz konkret nəticələrini verir”.

Azərbaycanda sahibkarlıq institutunun formalaşıb inkişaf etməsinin müəllifi də ümummilli lider Heydər Əliyevdir. Ölkəmiz yeni dövlət müstəqilliyini əldə etdikdən sonra ulu öndərin ikinci dəfə siyasi hakimiyyətə qayıdışına qədər olan dövr ərzində iqtisadi sferada həyata keçirilən yanlış siyasət  və bunun nəticəsində formalaşmış mühit sahibkarlığın, onun maddi əsasının yaranmasına qətiyyən imkan vermirdi. Çünki yeni iqtisadi şəraitin tələblərinə uyğun islahatların həyata keçirilməsində gecikmələrə yol verilir, həyata keçirilən tədbirlər isə epizodik olurdu, sistemsiz bir xarakterə malik idi. Belə vəziyyət inkişaf göstəricilərinin aşağı düşməsinə, maliyyə və istehsal sahələrində qeyri-sabitliyin hökm sürməsinə, ümumi daxili məhsulun ötən illərlə müqayisədə azalmasına rəvac verirdi. Özəlləşdirmənin aparılmaması, qiymətlərin liberallaşdırılmaması sahibkarlığın yaranıb inkişaf etməsinin qarşısında başlıca maneə olaraq qalırdı. Beləliklə, dövlət müstəqilliyinin qazanılmasından sonra 1993-cü ilə qədər  olan dövrdə sahibkarlıq institutunun formalaşması mümkünsüz oldu.

Yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə aparılan məqsədyönlü siyasət, həyata keçirilən sistemli tədbirlər nəticəsində ölkədə siyasi və makroiqtisadi sabitliyə nail olunması ilə sahibkarlar sinfinin formalaşması üçün həm hüquqi baza yaradıldı, həm digər mühüm əməli tədbirlər görüldü, dövlət tərəfindən özəl sektora hərtərəfli dəstək nümayiş etdirildi. Ulu öndərin gördüyü işlər sayəsində sahibkarlığın hüquqi bazası dünya təcrübəsinə uyğun olaraq təkmilləşdirildi, ölkənin qəbul edilmiş yeni Konstitusiyasında bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şəraitin yaradılması, sahibkarlığa təminat verilməsi, rəqabət mexanizminin formalaşması və inkişafı, həmçinin rəqabətin qorunması ilə bağlı müddəalar öz əksini tapdı. Sahibkarlığın inkişafının zəruri hüquqi mühitinin formalaşdırılması istiqamətində qəbul edilmiş Azərbaycan Respublikasının qanunları və digər qanunvericilik aktları sahibkarlığın bir sistem halında hüquqi bazasını təşkil etdi.

Sahibkarlığın təşəkkülü istiqamətində atılan ilkin addımlar qısa zaman kəsiyində öz bəhrəsini verərək ölkənin iqtisadi potensilanın daha dolğun şəkildə reallaşması ilə xarakterizə olundu.  Ümummilli liderin rəhbərliyi altında iqtisadi və dövlət idarəetmə sistemi sahəsində aparılan kompleks islahatlar Azərbaycan iqtisadiyyatının bütün sahələrinin, o cümlədən sahibkarlığın inkişafına güclü təkan verdi.

Ulu öndərin rəhbərliyi ilə özəl sektorun inkişafı istiqamətində atılan mühüm addımlardan biri bu sahədə  hüquqi bazanın dünya təcrübəsinə uyğun olaraq təkmilləşdirilməsi, ölkənin qəbul edilmiş yeni Konstitusiyasında bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şəraitin yaradılması, sahibkarlığa təminat verilməsi, rəqabət mexanizminin formalaşması və inkişafı, həmçinin rəqabətin qorunması ilə bağlı müddəaların əksini tapmasıdır. 1994-cü ilin sentyabr ayında Heydər Əliyevin təşəbbüsü və bilavasitə iştirakı ilə Bakıda “Sahibkarlıq strategiyası və iqtisadi yenidənqurma” mövzusunda keçirilən beynəlxalq konfrans ölkədə sahibkarlığın inkişafına təkan verən mühüm məqamlardan biri idi.

Sözügedən sahədə qabaqcıl Qərb təcrübəsinin Azərbaycanda tətbiqi üçün hər bir şəraitin yaradılacağını diqqətə çatdıran dahi öndər xarici investorları ölkəmizə sərmayə qoymağa çağırdı. Azərbaycana gələn və gələcək xarici investorların həm hüquqlarının, həm də yatırdıqları sərmayələrin təhlükəsizliyinin qanunvericiliklə qorunduğunu bəyan edən ümummilli lider Heydər Əliyev sahibkarlığın inkişafında Qərb təcrübəsindən istifadə olunacağını konfransda bəyan edərək dedi: “İqtisadi baxımdan inkişaf etmiş Qərb ölkələrinin təcrübəsindən bəhrələnməklə, sözün yaxşı mənasında, sahibkarlıq bizim üçün ən mühüm amildir, buna görə də dövlət hər şeyi edəcəkdir ki, biz bu yolla gedə bilək. Bununla əlaqədar olaraq mən xarici investisiyalar üçün hüquqi imkanlar yaradan, onların müdafiə edilməsini nəzərdə tutan qanunu da xatırlatmaq istərdim. Zənnimcə, bu qanun əlverişli şərait yaradır ki, bizdə sahibkarlıq nəinki Azərbaycanın məhdud çərçivəsi daxilində inkişaf etsin, həm də bazar iqtisadiyyatı prinsiplərinin bərqərar edilməsi xarici firmalarla birlikdə, xarici investisiyalardan fəal istifadə olunmaqla həyata keçirilsin. Xarici investisiyaların Azərbaycanda tətbiq olunması üçün burada şərait var”.

İqtisadiyyatın, ümumi rifah halının yüksəlişində mühüm rol oynayan sahibkarlığın təşəkkülü istiqamətində görülən işlər tezliklə öz nəticələrini göstərməyə, Azərbaycanın iqtisadi cəhətdən daha qüdrətli dövlətə çevrilməsinə rəvac vermişdir. Ümumi sosial-iqtisadi tərəqqi prosesində sahibkarlıq potensialının uğurla realizasiyası üçün atılan növbəti vacib addımlardan biri 1993-1995-ci illəri və 1997-2000-ci illəri əhatə edən iki Dövlət Proqramı olmuşdur. Həmin proqramlar sahibkarlığın inkişafını, dövlət tərəfindən özəl sektor subyektlərinə hərtərəfli dəstəyin göstərilməsini özündə ehtiva etmişdir. Bütün bunlara paralel olaraq sözügedən sahəyə dövlət nəzarət sistemi təkmilləşdirilmiş, müvafiq qanunvericilik bazasında qabaqcıl dünya təcrübəsinə uyğun dəyişikliklər həyata keçirilmişdir.

Böyük strateq Heydər Əliyevin siyasi uzaqgörənliyinin və qətiyyət nümayişinin məntiqi nəticəsi olaraq 1994-cü ildə “Əsrin müqaviləsi”nin əfsanədən reallığa çevrilməsi ölkənin bütün strateji əhəmiyyətli sahələrinin inkişafına yeni təkan vermişdir. “Əsrin müqaviləsi”nin imzalanmasının milli inkişafdakı misilsiz əhəmiyyəti bügünkü intensiv sosial-iqtisadi inkişaf fonunda daha qabarıq görünür. Azərbaycana son illərdə daha böyük uğurlar gətirən bu strategiyanın əsas mahiyyəti ölkənin malik olduğu təbii sərvətlərdən Azərbaycan xalqının rifahı naminə daha uğurlu şəkildə istifadə prinsipinə əsaslanır. Bu müqavilə dünyada miqyasca ən böyük enerji layihəsinin həyata keçirilməsini təmin etməklə yanaşı, respublikamızın ciddi elmi əsaslara söykənən sosial-iqtisadi inkişaf strategiyasının gerçəkləşməsinə imkan yaratmış, dayanıqlı siyasi sabitliyə, iqtisadi və milli təhlükəsizlik maraqlarının beynəlxalq səviyyədə təminatına real zəmin formalaşdırmışdır.

Regionda qlobal enerji və kommunikasiya layihələrinin gerçəkləşdirilməsi anlamında müsbət presedent yaranmış, Azərbaycanın Qərb dövlətləri ilə münasibətləri strateji müstəvidə inkişaf etməyə başlamış, respublikamız Cənubi Qafqazda sülhün, sabitliyin, iqtisadi tərəqqi və inkişafın başlıca təminatçısına çevrilmişdir. Xarici şirkətlərlə imzalanmış 30-dan çox neft-qaz müqaviləsi iqtisadiyyatın digər sahələrinin inkişafına da əsaslı təkan vermiş, iqtisadi proseslərdə yüksək dinamizmin əldə olunması, əhalinin maddi rifah halının və alıcılıq qabiliyyətinin yüksəlməsi prosesini sürətləndirmişdir.

O illərdə təhsil sahəsində böyük uğurlar əldə edilmişdir. Mən Rusiyada ali təhsil aldığım üçün burada bir məqama toxunmaq istərdim.  Azərbaycanlı gənclərin keçmiş SSRİ-nin bir sıra qabaqcıl universitetlərinə oxumağa göndərilməsi ənənəsi  ulu öndərin respublikada milli kadr potensialının formalaşdırılması istiqamətində atdığı mühüm addımlardan biri kimi xatırlanır. Heydər Əliyevin Azərbaycanın gələcəyini düşünərək uzaqgörənliklə əsasını qoyduğu bu ənənə milli elmi potensialımızın yüksəlməsinə, ixtisaslı kadrlara olan ehtiyacın ödənilməsinə hesablanmışdır. Ümummilli liderin dövlətçilik fəlsəfəsinə görə, elmə, təhsilə göstərilən qayğı xalqın xoşbəxt gələcəyinə qoyulan təminatlı sərmayədir. Ötən əsrin 60-cı illərində SSRİ-nin müxtəlif yerlərində oxumaq istəyənlər üçün yalnız 50 yer ayrıldığı halda, 80-ci illərin əvvəllərində bu göstərici 1000 nəfəri ötmüşdü.

Ümumiyyətlə, o dövrdə Heydər Əliyevin qayğı və diqqəti ilə 10 minədək azərbaycanlı gənc respublikamızdan kənarda təhsil almağa göndərilmişdi. Keçmiş ittifaqın müxtəlif yerlərində, xüsusən Moskva, Sankt-Peterburq şəhərlərində ali təhsil alaraq Bakıya dönmüş mütəxəssislər sonradan cəmiyyətin aparıcı təbəqəsinə çevrilmiş və bugünün özündə də həmin insanlar dövlət idarəçiliyində layiqli yerlərini tuturlar.

1998-ci ilin 31 avqustunda 1970-1987-ci illərdə Azərbaycandan kənarda təhsil almış mütəxəssislərin ümumrespublika toplantısındakı nitqində həmin dövrü xarakterizə edən Heydər Əliyev bir çox məqamlara toxunaraq demişdir: “Mən 1969-cu il iyulun 14-də Azərbaycana rəhbər seçiləndən sonra dərhal birinci növbədə təhsil məsələləri ilə məşğul olmağa başladım. Araşdırmalar apararkən mənə aydın oldu ki, Azərbaycandan kənarda respublikamızın özündə hazırlana bilməyən ixtisaslar üzrə ali təhsil almaq üçün respublikaya 50 nəfərlik limit verilibdir. Mən dərhal maraqlandım ki, bəs siz kimləri seçmisiniz, kimləri oxumağa göndərirsiniz? Siyahını aldım, çox təəssüfləndim. Onların əksəriyyəti azərbaycanlı deyildi. Sonrakı illərdə də bu məsələ bir az çətin idi. Bilirsiniz ki, Azərbaycanda bir çox millətlərin nümayəndələri vardır. O vaxt mən iki-üç ildən sonra hər il respublikadan kənarda oxumağa göndərilənlərin 97-98 faizinin azərbaycanlılardan ibarət olmasına nail oldum”.

Heydər Əliyevdən sonra onun siyasi kursunu uğurla davam etdirən dövlət başçısı İlham Əliyev son 10 ildə milli inkişaf prioritetlərini düzgün müəyyənləşdirmiş, ölkənin bütün potensialını intellektual resursların, insan kapitalının gücləndirilməsi yönümündə səfərbər etmişdir. Uğurla gerçəkləşdirilən sosial-iqtisadi islahatların - davamlı və tarazlı inkişafı stimullaşdıran dövlət proqramlarının, ictimai həyatın bütün sahələrini əhatə edən fərman və sərəncamların nəticəsi olaraq Azərbaycan son illərdə dünyanın sürətli inkişaf yolunda olan, qlobal maliyyə-iqtisadi böhrandan uğurla çıxan dövlətlərindən biri kimi tanınır.

Bu gün dünyanın aparıcı iqtisadi və maliyyə institutlarının rəyləri və proqnozları, ən əsası, uğurlarımızın real mənzərəsi bir daha təsdiq edir ki, hələ 2004-cü ildə Prezident İlham Əliyevin bəyan etdiyi strateji hədəflər, qarşıya qoyduğu vəzifələr reallığa çevrilmişdir. Təsadüfi deyil ki, Azərbaycan artıq 2009-cu ildə iqtisadi keçid dövrünü başa çatdırmışdır və hazırda dünyanın müasir və inkişaf etmiş ölkələri ilə müqayisə olunur. Son 10 ildə iqtisadiyyatın şaxələndirilməsinə, ümumi daxili məhsulun 300 faiz artırılmasına, ən əsası, iqtisadiyyatın qeyri-neft sektorunun 2,4 dəfə yüksəldilməsinə nail olunmuşdur. Ötən müddətdə ölkəmizin strateji valyuta ehtiyatları 30 dəfəyə yaxın çoxalaraq 46 milyard dolları ötmüşdür. Bütün bunlarla yanaşı,  yoxsulluğun səviyyəsinin 49 faizdən 6 faizə, işsizliyin isə 5,2 faizə endirilməsi həyata keçirilən sosial siyasətin ən böyük uğuru hesab olunmalıdır. Respublikamızın şəhər və rayonları, qəsəbə və kəndləri tanınmaz dərəcədə dəyişmiş,  müasirləşmiş və əhalinin rifahı yüksəlmişdir.

Ölkəmiz öz tərəfdaşları ilə mühüm transmilli enerji və kommunikasiya layihələrini uğurla reallaşdırmaqla regionun və Avropanın iqtisadi xəritəsini dəyişdirməkdə və onu zənginləşdirməkdə davam edir. Bu gün Cənubi Qafqaz iqtisadiyyatının təxminən 80 faizi Azərbaycanın payına düşür. Öz enerji təhlükəsizliyini təmin etmiş Azərbaycan Avropanın enerji bazarında mühüm amilə çevrilir, həm də onun təhlükəsizliyinə öz töhfələrini verir. Hesablamalara görə, hazırda bir sıra Avropa ölkələrinin enerji bazarında respublikamızın payı 30-40 faiz təşkil edir.

Azərbaycan Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının üzvü kimi qlobal siyasətin formalaşmasında iştirak edir, sülhün və təhlükəsizliyin təmin olunmasına dəyərli töhfələr verir. “Eurovision”, BMT-nin İnternet İdarəçilik Forumu, Beynəlxalq Humanitar Forum, İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısı və onlarla digər mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edən ölkəmiz həm də sosial-iqtisadi, mədəni-humanitar və digər sahələrdə qlobal məsələlərin müzakirə edildiyi əlverişli məkana çevrilmişdir. Bu yaxınlarda Bakı şəhəri Davos İqtisadi Forumunu qəbul etməklə özünün dünya əhəmiyyətli iqtisadi mərkəz statusunu daha da möhkəmləndirmişdir. 2015-ci ildə isə Azərbaycan birinci Avropa Oyunlarını keçirən ölkə kimi tarixə düşəcəkdir. Eyni zamanda, bu il ilk telekommunikasiya peykimizin orbitə çıxarılması, ölkəmizdə kosmik sənayenin yaradılması inkişafımızın zirvəsi olmaqla uğurlarımızın miqyasını təcəssüm etdirir.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, inkişafımızın əsasında düşünülmüş siyasət, liberal islahatlar, dövlətin həyata keçirdiyi siyasətin xalq tərəfindən dəstəklənməsi, güclü hakimiyyət və sabitlik amilləri dayanır. Azərbaycan Prezidentinin praqmatik siyasi kursu, hakim komandanın səmərəli fəaliyyəti və ən əsası, xalqımızın güclü dəstəyi olmasaydı, bütün bu uğurlar əlçatmaz xəyal olaraq qalacaqdı. Buna görə də dünyanın nüfuzlu ekspertləri, politoloqları hesab edirlər ki, hazırda planetimizin müxtəlif bölgələrində münaqişələrin, siyasi kataklizmlərin müşahidə olunduğu, aparıcı ölkələr iqtisadi və maliyyə böhranından əziyyət çəkdiyi bir dövrdə Azərbaycanın dinamik inkişafı əsl möcüzədir. Davamlı iqtisadi inkişaf, ictimai-siyasi sabitlik, sosial rifah, xalqla hakimiyyət arasında vəhdət - budur, bugünkü Azərbaycanın reallıqları.

Təbii ki, bütün bunlar həm xalqımızın, həm də beynəlxalq ictimaiyyətin nəzərində, habelə dünyanın siyasi elitası arasında cənab İlham Əliyevin qurucu, yaradıcı, görkəmli dövlət və siyasi xadim obrazını şərtləndirən mühüm amillərdir. Cənab İlham Əliyev dövlətimizin möhkəmləndirilməsi, müstəqilliyimizin dönməzliyinin təmin olunması kimi məsul bir vəzifəni yerinə yetirməklə həm də milli şüurumuzun inkişafı və cəmiyyətimizin müasirləşməsi üçün yorulmadan səy göstərir. O, hər bir situasiya üçün düzgün qərar verərək onların həyata keçirilməsinə nail olur. Azərbaycan Prezidenti siyasi lider kimi yeni dövrün tanınmış şəxsiyyətidir. Dövlət başçımızın qazandığı uğurlar xalqımıza böyük ümidlər verir, gələcəyə geniş yollar açır.

 

 

Elşad Abbasov

 

Xalq qəzeti.- 2013.- 9 may.- S. 7.