Mərkəzi
Bankda Heydər Əliyevin 90 illiyinə həsr olunmuş tədbir
keçirilib
Bu gün Azərbaycan Mərkəzi Bankı tərəfindən
Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbir
keçirilmişdir.
Bankdan
“APA-Economics”ə verilən məlumata görə, tədbiri
giriş nitqi ilə açan Mərkəzi Bankın sədri
Elman Rüstəmov qeyd etmişdir ki, Heydər Əliyevin təşəbbüsü
və dəstəyi ilə aparılan islahatların
mühüm istiqamətlərindən biri də bank
quruculuğu olmuşdur. Bank islahatları dövlət
banklarının yenidən qurulması, özəl bankların
kapitalizasiyası və konsolidasiyası, bank infrastrukturunun
formalaşması istiqamətində həyata
keçirilmişdir.
E.Rüstəmov bildirmişdir ki, Azərbaycan cəmi
3 il ərzində orta gəlirli ölkələr qrupuna daxil
olmuşdur. Halbuki, ən yaxşı təcrübələrdə
belə, uğurun müddəti 10 ildən az
olmamışdır. Yoxsulluq 50 faizdən 6 faizə enib.
İşsizlik tamamilə aradan qalxıb. Sosial həyatın
bütün sahələrində ölkə müasirləşməyə
başlayıb. Milli iqtisadiyyat ötən dövrdə 3,4 dəfə
böyüyüb, orta illik iqtisadi artım tempi dünya
üzrə orta artım tempini 3,5 dəfə üstələyərək
13,5 faiz təşkil edib. Ölkədə müasir
infrastruktur yaradılmış, regional inkişaf sürətlənib.
2003-cü ildən bəri yüksək
inkişaf və iqtisadi artıma adekvat olaraq bank sektoru 17 dəfədən
çox böyüyüb, onun maliyyə vasitəçiliyi
rolu əhəmiyyətli genişlənib, korporativ sektorun və
əhalinin bank maliyyəsinə əlyetərliliyi səviyyəsi
əhəmiyyətli dərəcədə artıb. Bank
sektoruna inam əhəmiyyətli şəkildə yüksəlib,
əmanət bazası 5 milyard manatı keçib. Hazırda
ölkədə 2 milyon nəfər əmanətçi var.
Xalq qəzeti.- 2013.- 9 may.- S. 8.