Böyük yubileyə həsr olunmuş elmi məclis

 

Azərbaycan Müəllimlər İnstitutu Mingəçevir filialında xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə “Heydər Əliyev - Azərbaycanın əbədi tərəqqisinin banisi” mövzusunda iki günlük elmi-praktik konfrans keçirilmişdir.

Konfransı giriş sözü ilə açan filialın direktoru, fəlsəfə doktoru Xatirə Həsənova qeyd etdi ki, Azərbaycan Müəllimlər İnstitutu və onun filiallarında, o cümlədən Mingəçevir filialında ulu öndərin 90 illiyinə həsr olunmuş elmi nəzəri konfransların və müxtəlif tədbirlərin keçirilməsi Heydər Əliyevin xatirəsinə dərin ehtiram əlamətidir. Natiq daha sonra müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin zəngin və çoxşaxəli fəaliyyətindən, ölkənin inkişafındakı xidmətlərindən, bu gün ulu öndərin siyasi kursunu layiqincə davam etdirən ölkə başçısı İlham Əliyevin siyasi fəaliyyətindən bəhs etmişdir.

Şəhər icra hakimiyyəti başçısının müavini Ramiz Əliyev çıxışında qeyd etmişdir ki, dahi şəxsiyyət Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə daim ölkəsinin inkişafı naminə, xalqın gələcəyi uğrunda əlindən gələni əsirgəməmişdir. Bu gün Azərbaycanı quran və inkişaf etdirən kadrları ötən əsrin 70-80-ci illərində məhz Heydər Əliyev hazırlamışdır.

Müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin 1993-2003-cü illərdə ölkəyə rəhbərliyi dövründə konstitusiya qəbul edilmiş, respublikada ölüm hökmü ləğv olunmuş, neft-qaz yataqları yenidən işlənmiş və istehsal olunmuş yanacaq dünya bazarına çıxarılmışdır. Dahi rəhbərin fəaliyyəti nəticəsində respublikada həyatın elə bir sahəsi qalmamışdı ki, orada inkişaf və yeniliklər olmasın. Ölkənin iqtisadiyyatı, xalqın rifah halı, elm, təhsil, mədəniyyət və incəsənət, səhiyyə tənəzzüldən inkişaf mərhələsinə qədəm qoymuşdur. Dünya şöhrətli siyasi xadim Heydər Əliyevin uğurlu siyasətini layiqincə davam etdirən İlham Əliyevin gərgin səyi nəticəsində bu gün Azərbaycan müstəqil, ədalətli, demokratik, dünyəvi dövlət kimi daim irəliləyir.

Konfransın plenar iclasında filialının tədris və elmi işlər üzrə direktor müavini, fəlsəfə doktoru Nizami Abbasov “Heydər  Əliyev və Azərbaycanda ali təhsilin inkişafı tendensiyaları”,  Pedaqoji fakültənin dekanı, tarix üzrə fəlsəfə doktoru Nizami Zeynalov “Azərbaycan tarix elminin inkişafında və tarixi irsin qorunmasında Heydər Əliyev fenomeninin rolu”, “İctimai və təbiət fənləri” kafedrasının müdiri, dosent Zenfira Əzizova “Heydər Əliyev və yeni təfəkkürlü insanın tərbiyəsi” mövzusunda maraqlı məruzələr etmişlər.

Konfransda dahi şəxsiyyət Heydər Əliyevə həsr edilən film və ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir. İnstitutun  tələbələrinin ifa etdiyi ulu öndərə həsr olunmuş şeir və mahnılar maraqla qarşılanmışdır.

 

 

 İ.MUSAOĞLU

 

Xalq qəzeti.- 2013.- 9 may.- S. 8.