“Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda elmi-praktik konfrans keçirilmişdir

 

Qədirbilən xalqımız ulu öndər Heydər Əliyevin xatirəsini həmişə əziz tutur, onun ideyalarına sadiqliyini əməli işləri ilə sübut etməyə çalışırlar. Könüllərdə özünə əbədi taxt qurmuş bu dahi insanın həyat və fəaliyyətini örnək bilən azərbaycanlılar bu günlərdə bütün bölgələrdə, müxtəlif idarə və təşkilatlarda onun 90 illiyi münasibətilə anım tədbirləri, elmi-praktik konfranslar təşkil edirlər. Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Atatürk Mərkəzində təşkil etdiyi elmi-praktik konfrans da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illiyinə həsr olunmuşdu.

Konfransı Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova açaraq ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətlərindən və onun həmkarlar ittifaqına münasibətindən söz açdı. Bildirdi ki, məhz ulu öndərin ölkəmizə rəhbərliyi dövründə respublikada həmkarlar ittifaqlarına xüsusi diqqət və qayğı göstərilmiş, həmkarların rolu nəzərə çarpacaq dərəcədə artmışdı. Azərbaycanın regionlarında – müəssisə və təşkilatlarında həmkarlar ittifaqlarının yaranması da məhz Heydər Əliyevin bu təşkilata xüsusi önəm verməsindən və onun fəaliyyətini ardıcıl izləməsindən irəli gəlirdi. C. Səttarova xalqımızın ümummilli lideri ilə bir dövrdə yaşadığına, eyni təşkilatın üzvü olduğuna, onun ideyalarından və tövsiyyələrindən bəhrələndiyinə, nitq və məsləhətlərini canlı olaraq dinlədiyinə görə özünü xoşbəxt hiss etdiyini, gələcək nəsillərin onlara həsəd aparacaqlarına əminliyini bildirdi. O, ulu öndəri bilik və bacarığını xalqın xoşbəxtliyinə sərf edən, çətin anlarda cavabdehliyi öz üzərinə götürən Böyük İnsan adlandırdı.

“Heydər Əliyev – milli inkişaf strategiyasının banisi” mövzusunda “Azərbaycan” qəzetinin şöbə müdiri İradə Əliyeva çıxış edərək ümummilli liderin ölkəmizə rəhbərlik etdiyi dövrlərdə əldə edilən uğurlu nəticələrdən – müxtəlif sahələrə göstərilən diqqət və qayğıdan, təhsilimizdə, elmimizdə, səhiyyəmizdə və digər sahələrdə qazanılan nailiyyətlərdən söz açdı. Məhz Heydər Əliyevin məharəti sayəsində Azərbaycan ziyalılarının xarici ölkələrə axınının qarşısının alınmasını xüsusi diqqətə çatdıran natiq qeyd etdi ki, bu prosesin saxlanması intellektual potensialın ölkəmizdə qalmasına, bu da öz növbəsində gənclərin elmi biliklərinin artırılmasına möhkəm zəmin yaratdı.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının gənclər və mədəni-kütləvi iş üzrə prorektoru, Tələbə HİK-nin sədri Yusif Babanlı “Azərbaycan idmanında ulu öndər Heydər Əliyevin rolu” adlı məruzəsində 1993-cü ilə qədər ölkənin idman obyektlərinin qeyri məqsədlərə istifadə edilməsindən, ulu öndərin bu məsələyə diqqət və qayğısı sayəsində həmin obyektlərin yenidən təmir edilərək idman sahələrinə verilməsindən, bunun da nəticəsində idmanın müxtəlif növlərinin inkişaf etməsindən söz açdı. Məhz ümummilli liderin ideyalarının uğurla həyata keçirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan idmançıları dünyaAvropa çempionatlarında layiqli nəticələr əldə edirlər. O hələ 10 yaşı olanda, Naxçıvanda Heydər Əliyevin 91-lər tərəfindən dəstəklənməsinin, çox ağır şəraitdə ulu öndərin hakimiyyətə gətirilməsinin şahidi olduğunu fəxrlə konfrans iştirakçılarına bildirdi.

Azərbaycan Turizm İnstitutunun tədris şöbəsinin müdiri, HİK sədri Nərminə Abdullayeva “Sabahda səslənən keçmişimiz” adlı məruzə ilə çıxış etdi. 1970 –1980-ci illərdə Heydər Əliyevin rəhbərlik etdiyi dövrdə Azərbaycanın dünya ictimaiyyətinin maraq dairəsinə daxil olmasından, məhz onun təşəbbüsü ilə ölkəmizdə yüzlərlə məktəb, uşaq bağçası, xəstəxana, muzey, teatr, zavod, fabrikbir sıra obyektlərin tikintisinə start verilməsindən danışdı. Bildirdi ki, 1980-ci ildə SSRİ-nin 49 şəhərinin 170 ali məktəbində 244 ixtisas üzrə 3500 nəfərdən çox azərbaycanlı tələbə, 100 nəfərdən çox aspirant təhsil alırdı. Ulu öndər hər il ölkə xaricindəki şəhərlərə göndərilən gənclərlə şəxsən görüşür, Azərbaycan üçün yüksək ixtisaslı kadr kimi yetişmələrinin əhəmiyyətini onlara başa salırdı. Sanki ulu öndər hələ 1960 – 1970-ci illərdə Azərbaycanın gələcəkdə dövlət müstəqilliyini əldə edəcəyini hiss etmişdi. O, həm Dövlət Təhlükəsizliyi Komitəsində çalışdığı illərdə, həm də ölkəyə rəhbərlik etdiyi dövrdə milli kadrların yetişdirilməsini, yerli mütəxəssislərin irəli çəkilməsini bir nömrəli vəzifə kimi qarşıya qoyur və istənilən təzyiqdən, təhdiddən çəkinməyərək öz arzularını reallaşdırırdı.

“AzərTAc” İnformasiya agentliyinin bölmə müdiri Mehriban Quliyeva “Heydər Əliyev və jurnalistika”, 35 saylı musiqi məktəbinin direktoru Yusif Vəliyev “Heydər Əliyev və musiqi təhsili”, Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidov “Heydər Əliyev və teatr”, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin “Uşaq və gənclik” redaksiyasının baş redaktorunun müavini Aybəniz Məmmədəliyeva “Azərbaycan televiziya və radiosunun inkişafında ulu öndərin rolu” mövzularında məruzələrini konfrans iştirakçılarının diqqətinə çatdırdılar. Təqdim edilən mövzuları bir qayə, bir amal birləşdirirdi: Xalqımızın ümummilli lideri Heydər Əliyev canı, sağlamlığı bahasına müstəqil Azərbaycanı yaratdı, möhkəmlətdi, dünyaya tanıtdı. Ulu öndərin ideyaları həmişə yaşayıb və yaşayır. Onun siyasi irsi əbədidir.

 

 

Zərifə BƏŞİRQIZI

 

Xalq qəzeti.- 2013.- 9 may.- S. 11.