Səbaillilərin yubiley tədbirləri

 

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar tədbirlər planına uyğun olaraq Səbail rayonunun Badamdar qəsəbəsində 7 binada əsaslı təmir və abadlıq işləri yekunlaşdırılmış və  Abad həyət” layihəsi əsasında Neftçilər küçəsi 2 ünvanda növbəti “Abad həyət”  istifadəyə verilmişdir.

Sakinlərlə görüş zamanı Səbail Rayon İcra Hakimiyyətinin  başçısı Asif Əsgərov ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı keçirilən tədbirlər, rayonda və o cümlədən, Badamdar qəsəbəsində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, qısa müddət ərzində Badamdarda Heydər Əliyev parkı əsaslı təmir olunmuş, burada ulu öndərin əzəmətli büstü ucaldılmışdır. Ötən il qəsəbədə 880 şagird yerlik yeni məktəb və 120 yerlik uşaq bağçası istifadəyə verilmişdir. “Abad həyət” layihəsi əsasında qəsəbədə 15 həyət əsaslı təmir olunmuş, 2 xeyir-şər zalı tikilmiş, yol kənarlarındakı mağaza və obyektlərin fasadları üzlənmişdir. Hazırda  qəsəbə daxili yolların təmiri və asfaltlaşdırılması aparılır.

50 il əvvəl tikilmiş və indiyədək təmir olunmamış 7 binanın fasadı əsaslı təmir olunaraq hər birinə 3500 kvadratmetrdən çox aqlay üzlük çəkilmişdir. Həyət tərəfdə binanın bloklarında yeni plastik pəncərələr və girişlərdə  isə yeni dəmir qapılar quraşdırılmışdır. Binaların eyvanları təmir olunaraq  ilkin vəziyyətə gətirilmişdir. Sakinlərin istirahəti üçün söhbətgahlar quraşdırılmış, yeni oturacaqlar qoyulmuşdur. Mini stadionda futbol qapıları quraşdırılmış, bura dəmir torla hasara alınmış və rənglənmişdir. AFFA-nın köməyi ilə 500 kvadratmetr sahəsi olan stadiona süni örtük çəkilmişdir. Uşaqlar da yaddan çıxmamış, onlar üçün əyləncə qurğuları quraşdırılmışdır.  Həyətlərdə yeni ağaclar əkilmiş, yaşıllıqlar salınmışdır.

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində istifadəyə verilmiş həyətin sakinləri görülən işlərdən çox razı qalmış, onların istirahəti üçün burada yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

 

* * *

 

Yubileylə əlaqədar Səbail RİH-nin təşkilatçılığı ilə rayonda yaşayan aztəminatlı, imkansız 1000 ailəyə ərzaq bağlamaları verilmişdir.

 

* * *

 

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı Səbail rayonunun sıx dostluq və əməkdaşlıq əlaqələri  olan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Xızı rayonunda yerləşən Təlim Mərkəzində də tədbir keçirilmişdir.

Səbail rayon rəhbərliyi və Daxili Qoşunlar komandanlığının iştirakı ilə keçirilən mərasimdə rayonun ali məktəblərinin tələbələri ilə yanaşı, Bakı Oksford məktəbində təhsil alan şagirdlər, Daxili Qoşunların şəxsi heyətinin nümayəndələri iştirak etmişlər.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Daxili Qoşunların komandanı, general-leytenant Zakir Həsənov və qonaqlar əvvəlcə Daxili Qoşunların istifadəsində olan müasir hərbi texnika, silah və sursatla tanış olmuşlar.

Yubiley mərasimində Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov ümummilli lider Heydər Əliyevin ölkəmizdə ordu quruculuğu işindəki əvəzsiz xidmətlərindən, ulu öndərin səyləri nəticəsində hələ sovetlər dönəmində respublikamızda peşəkar hərbçilərin yetişdirilməsi məqsədi ilə C.Naxçıvanski adına hərbi liseyin yaradılmasından danışmışdır. Natiq bu gün ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhkəmlənməsi və müasir silah və texnika ilə təminatında görülən işlər barədə məlumat vermiş, gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinin önəmini vurğulamışdır.

Daxili Qoşunların komandanı, general-leytenant Zakir Həsənov Azərbaycan Ordusunun yaradılmasında Heydər Əliyevin böyük və əvəzsiz rolundan danışmış, Daxili Qoşunların inkişafı, müasir silah və texnika ilə təminatı, şəxsi heyətin məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ölkə başçısı İlham Əliyevin fəaliyyəti barədə  məlumat vermişdir.  Mərasimdə  Vətəni ulu öndər Heydər Əliyev  kimi sevməyin, onu  ayıq-sayıq qorumağın müqəddəs borc olduğu vurğulanmışdır.

 

 

R.TAHİR

 

Xalq qəzeti.- 2013.- 9 may.- S. 11.