“Azərsu” ASC-nin jurnalistlər arasında keçirdiyi yazı müsabiqəsinə yekun vurulmuşdur

 

Azərbaycan xalqının ümummilli lideri, böyük dövlət xadimi Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə “Azərbaycanın içməli su təchizatı sektorunun inkişafında ümummilli lider Heydər Əliyevin rolumövzusunda kütləvi informasiya vasitələri nümayəndələri arasında keçirilmiş müsabiqəyə yekun vurulmuşdur.

Mayın 7-də “Azərsu” Açıq Səhmdar Cəmiyyətində müsabiqənin yekunları və qaliblərin mükafatlandırılması ilə bağlı tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan “Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr departamentinin rəisi Anar Cəbrayıllı ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar səhmdar cəmiyyətin tədbirlər planı çərçivəsində təşkil olunmuş müsabiqədə mətbuat nümayəndələrinin yüksək fəallıq nümayiş etdirdiyini bildirmişdir.

“Azərsu” ASC sədrinin iqtisadi məsələlər üzrə müavini Mahir Məmmədov  görkəmli ictimai-siyasi və dövlət xadimi Heydər Əliyevin Azərbaycanda mətbuatın inkişafı, söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində tarixi xidmətlərindən danışmış, mətbuatın problemlərinin həlli ilə bağlı gördüyü işlərdən söz açmışdır.

Mətbuatda senzuranın ləğvi, qəzetlərin  əlavə dəyər və mənfəət vergisindən azad edilməsi, onlara güzəştli kreditlərin ayrılması ümummilli liderin adı ilə bağlı olduğunu diqqətə çatdıran natiq bildirmişdir ki, daim jurnalistlərlə ünsiyyətdə olan, mətbuatla işləmək mədəniyyəti nümunəsi göstərən böyük dövlət xadiminin belə münasibəti kütləvi informasiya vasitələrinin nümayəndələri tərəfindən yüksək dəyərləndirilmiş və ümummilli lider “Jurnalistlərin dostu” mükafatına layiq görülmüşdür.

Qeyd olunmuşdur ki, dahi şəxsiyyətin müstəqil mətbuatın formalaşması və inkişafına xidmət edən siyasəti bu gün  Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmizdə söz və mətbuat azadlığına yüksək səviyyədə diqqət və qayğı göstərilir”.

Münsiflər heyəti adından çıxış edən Mətbuat Şurası idarə heyətinin üzvü Vüqar Rəhimzadə müsabiqəyə təqdim olunmuş məqalələrin hazırlanmasına jurnalistlər tərəfindən peşəkar yanaşıldığını bildirmişdir. V.Rəhimzadə müsabiqənin keçirilməsinə göstərilən dəstəyə və kütləvi informasiya vasitələri ilə sıx əməkdaşlığa görə “Azərsu” ASC-nin rəhbərliyinə təşəkkürünü bildirmişdir.

Daha sonra münsiflər heyətinin qərarı əsasında müsabiqənin nəticələri açıqlanmış, qaliblər pul mükafatı və “Azərsu” ASC-nin diplomları ilə təltif olunmuşlar. Qəzetimizin əməkdaşı Mirbağır Yaqubzadənin “Azərbaycanın içməli su təchizatı sektorunun bugünkü inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır” məqaləsi müsabiqənin birinci mükafatına görülmüşdür.

 

 

B.VAQİF

 

Xalq qəzeti.- 2013.- 9 may.- S. 11.