Heydər Əliyev
və Azərbaycanda elmi-pedaqoji kadr hazırlığı
1969-cu ildə Azərbaycanın rəhbərliyinə seçilən xalqımızın böyük oğlu Heydər Əliyev mövcud rejimin məhdud imkanları çərçivəsində Azərbaycanın tərəqqisi, elm, təhsil və mədəniyyətinin yüksəldilməsi ilə bağlı düşünülmüş strategiya və taktika seçdi. Onun rəhbərliyi dövründə Azərbaycanda pedaqoji kadr hazırlığına da xüsusi diqqət yetirildi, məktəbəqədər tərbiyə müəssisələrindən tutmuş ali məktəblərədək bütün pedaqoji təhsil ocaqları yeni inkişaf pilləsinə qalxdı, xalqın ümummədəni və intellektual səviyyəsi yüksəldi.
Respublikamızın kadrlara olan
ehtiyacını ödəmək məqsədi ilə azərbaycanlı
gənclərin SSRİ-nin qabaqcıl ali məktəblərinə
göndərilməsi ali təhsil sahəsində uzaqgörənliklə
düşünülmüş strategiya idi. Azərbaycanın
intibah dövrü kimi səciyyələndirilən həmin mərhələ
pedaqoji və elmi-pedaqoji kadr hazırlığında keyfiyyətcə
yeni mərhələdir.
Pedaqoji
kadr hazırlığının təkmilləşdirilməsi
ölkənin ümumi göstəricilərindən birbaşa
asılı olduğundan, Heydər Əliyevin bilavasitə
qayğısı sayəsində elmi işçilərin
hazırlanması keyfiyyəti nəzərəçarpacaq dərəcədə
yaxşılaşdı. Respublikada elmi-pedaqoji kadr
hazırlığına Azərbaycan KP MK-nın 1969-cu il avqust və 1971-ci il oktyabr plenumları əhəmiyyətli
təsir göstərdi. Həmin plenumda
Heydər Əliyev aspirantura vasitəsi ilə
elmi-pedaqoji kadr
hazırlığındakı nöqsanları aşkar etdi, bu nöqsanları doğuran
səbəbləri müəyyənləşdirdi,
çatışmazlıqların aradan
qaldırılması və elmi-pedaqoji kadr hazırlığının təkmilləşdirilməsi
yollarını göstərdi.
Heydər
Əliyevin bu proqram çıxışından sonra
aspiranturaya qəbul müsabiqə yolu ilə aparıldı, tədqiq
etdiyi mövzu üzərində işləməyə
başlayanlara, dərc olunmuş əsərləri olanlara, ali
pedaqoji məktəbləri fərqlənmə diplomu ilə
başa vuranlara, ən azı iki illik məktəb təcrübəsi
olanlara üstünlük verildi. Pedaqoji elmlər üzrə
kadr hazırlığında ilk dəfə
ixtisaslaşdırılmış müdafiə
şuralarının yaradılması, aspiranturaya
yeni elmi qüvvələrin,
daha səriştəli və qabiliyyətli
gənclərin gəlməsinə şərait yaratdı,
respublikanın elmi-pedaqoji həyatında böyük canlanmaya səbəb
oldu. 1927-60-cı illərdə
təhsil-tərbiyənin nəzəri, praktik
və tarixi problemləri ilə
bağlı 33 namizədlik dissertasiyası müdafiə olunmuşdursa, sonrakı on
ildə 41 nəfər tədqiqatçı pedaqoji
elmlər namizədi alimlik dərəcəsi
almışdı. Həmin illərdə respublikanın elmi-tədqiqat
institutları, ali məktəbləri
və elmi idarələri dərəcəli
kadrlarla -198 elmlər doktoru
və 1981 elmlər namizədi ilə daha da möhkəmləndirilmişdi.
Əvvəllər ümumtəhsil məktəblərində
işləyən müəllimlərin böyük əksəriyyətinin
ali təhsili yox idisə, Heydər Əliyevin məqsədyönlü
fəaliyyəti nəticəsində pedaqoji kadr
hazırlığında keyfiyyət
dəyişikliyi baş verdi. Ümumtəhsil məktəblərində
nəinki ali təhsilli müəllimlərin sayı artdı,
hətta onların bir qismi elmi dərəcə aldılar,
elmi-metodik əsərlərin və dərsliklərin müəllifi
kimi tanındılar.
İxtisaslı
professor-müəllim kadrları hazırlığının
formalarından biri də elmlər namizədi olan müəllimlərin
doktorluq dissertasiyaları yazmaları üçün iki il
müddətinə pedaqoji işdən azad edilməklə elmi
işçi vəzifəsinə keçirilmələri idi. Bu qayda çox əlverişli
idi. Çünki diqqətin
konkret olaraq dissertasiya işi üzərinə
cəmlənməsi imkanı yaranır, elmi
tədqiqatın səmərəsi artırdı. Bu imkandan istifadə edənlərdən
biri də indi ADPU-nun Ümumi pedaqogika kafedrasına rəhbərlik edən akademik Hüseyn Əhmədov
oldu. O, doktorluq
dissertasiyası yazması üçün
elmi işçi vəzifəsinə
keçirildikdən sonra iki
il müddətində arxivlərdə ciddi axtarışlar apardı, “XIX əsrdə
Azərbaycanda məktəb təhsilinin inkişaf
tarixi” adlı doktorluq
dissertasiyasını yazdı.
Milli
ruhun, milli özünüdərkin və milli qürur hissinin
güclənməsinə təsir göstərən bu səpkili
əsərlərin yazılması, milli məktəb və
pedaqoji fikir tariximizin qaranlıq səhifələrinə
işıq salınması, fundamental tədqiqatların
aparılması bilavasitə Heydər Əliyevin sovet
ideologiyasının ağır təzyiqlərinə, məhdudiyyətlərinə
baxmayaraq, Azərbaycanın strateji maraqları naminə ciddi
addımlar atmasının nəticəsi idi. Bu illərdə Azərbaycanda milli
özünüdərk prosesi xüsusilə
qüvvətlənmişdi. Həmin proses
Heydər Əliyev tərəfindən çox
böyük həssaslıq və
uzaqgörənliklə idarə olunur və
tənzimlənirdi. SSRİ-nin ayrı-ayrı regionlarında totalitar
rejimin əleyhinə çıxan elm, təhsil və mədəniyyət xadimləri
təqiblərə məruz qaldıqları halda,
Azərbaycanda yaradıcı ziyalılar üçün
sərbəst düşüncə və iş
şəraiti hökm sürürdü.
Həmin illərdə Azərbaycan dilinin
dövlət dili statusu
alması, Azərbaycan dilçilərinə və
tarixçilərinə yüksək dövlət
mükafatlarının verilməsi, EA-nın Ədəbiyyat İnstitutunda Cənubi Azərbaycan ədəbiyyatı,
Tarix İnstitutunda Cənubi
Azərbaycan tarixi şöbələrinin
yaradılması, Azərbaycan Yazıçılar
İttifaqında Cənubi Azərbaycan ədəbiyyatı
üzrə katibliyin təsis
olunması Heydər Əliyev şəxsiyyətinin azərbaycançılıq
və soykökə qayıdış ideyalarının
dirçəldilməsinə, həyata keçirilməsinə
yönəldilmiş çoxşaxəli fəaliyyətinin
yalnız ayrı-ayrı epizodlarıdır. Heydər
Əliyevin bu istiqamətli fəaliyyəti
pedaqoq alimlərə imkan
verdi ki, milli məktəb və pedaqoji
fikir tariximizi daha dərindən öyrənsinlər, dissertasiyalar, dərsliklər və dərs vəsaitləri
yazsınlar. Əgər 70-ci illərin əvvəllərinə
kimi ali pedaqoji təhsil müəssisələrində
ancaq Avropa, rus məktəb və pedaqoji fikir tarixi tədris olunurdusa,
70-ci illərdə Azərbaycanda pedaqogika tarixinin tədrisində ciddi
dönüş yarandı. Keçmiş SSRİ məkanında ilk dəfə respublikamızda professor
H.Əhmədovun təşəbbüsü ilə milli məktəb və pedaqoji
fikir tarixi ilə
bağlı xüsusi kurs
hazırlandı, Bakıda, Naxçıvanda, Tibilisidə
sınaqdan keçirildi, SSRİ
PEA-nın müvafiq institutunun
elmi-metodiki şurası tərəfindən
bəyənildi, Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyi tərəfindən təsdiq olundu. Tələbələr
Avropanın və Rusiyanın görkəmli pedaqoqları ilə
bərabər, Azərbaycanda təlim-tərbiyə və məktəb
təhsilinin meydana gəlməsi və
inkişafı, maarifpərvərlərin, məktəbdarların,
pedaqoqların fikirlərini sistemli öyrənmək
imkanı qazandılar.
Heydər
Əliyevin 1990-cı illərin əvvəllərində ikinci
dəfə hakimiyyətə xilaskar missiyası ilə
qayıdışı Azərbaycanın sosial-iqtisadi, siyasi və
mədəni həyatının bütün sahələrində
olduğu kimi, təhsil sistemində də normallaşmaya,
sabitliyə imkan yaratdı, tədris-tərbiyə müəssisələrinin
ahəngdar işi bərpa olundu, təhsil sistemimizin müstəqil
dövlətçilik prinsipləri əsasında qurulması
prosesi başladı. Heydər Əliyev
xalqı bir bayraq
altında birləşdirdiyi, daxili sabitliyi qoruyub
saxladığı, müstəqiliyimizi dönməz etdiyi kimi, cəmiyyətin
bütün potensialını mənəvi-psixoloji,
sosial-iqtisadi mühitin
sağlamlaşdırılmasına yönəltdi. Onun bu fəaliyyəti 70-80-ci illərdəki fəaliyyətinin
bilavasitə davamı, özü də
yüksək formada davamı idi. Çoxşaxəli fəaliyyətinin ümumi istiqamətləri içərisində
pedaqoji təhsilin, pedaqoji
və elmi-pedaqoji kadr
hazırlığının təkmilləşdirilməsi mühüm yer tuturdu. İkinci dəfə
hakimiyyətə gəlişi respublikamızın
dövlət və milli mənafelərinə
xidmət edən elm sahələrinin hərtərəfli
inkişafına, bunun üçün
elmi və elmi-pedaqoji
kadrların hazırlanmasına əsaslı təkan verildi. Nəticədə
1993-cü ildən 2012-ci ilədək AAK tərəfindən
1328 nəfərə elmlər doktoru, 7764
nəfərə elmlər namizədi alimlik
dərəcəsi, 1136 nəfərə professor,
4182 nəfərə dosent, 401 nəfərə
baş elmi işçi adı verildi.
Göstərilən vaxtda alimlik dərəcələrinə və elmi adlara layiq
görülənlərin ümumi sayı
4768 nəfər olmuşdur ki, onların da içərisində
pedaqoji elmlər üzrə doktorluq və namizədlik dissertasiyaları
müdafiə edənlərin sayı kifayət qədərdir.
Son
illərdə ümumi pedaqogika, pedaqogika və təhsilin
tarixi, təlim-tərbiyənin nəzəriyyəsi və metodikası
ixtisasları üzrə elmi-pedaqoji kadr
hazırlığı sahəsində ciddi nailiyyətlər əldə
edilmişdir. Təkcə 2012-ci ildə
respublikamızda 90 nəfərə elmlər doktoru,
609 nəfərə (39 nəfəri
işini xaricdə müdafiə edərərk
Azərbaycanda təkrar attestasiyadan keçib) fəlsəfə doktoru
elmi dərəcəsi, 1136 nəfərə
professor, 4182 nəfərə dosent elmi adı verilmişdir ki, onların da içərisində
pedaqoji elmlər üzrə elmi dərəcə və elmi
ad alanların xüsusi
çəkisi kifayət qədər yüksəkdir. Əgər
1927-ci ildən 1992-ci ilədək ümumi
pedaqogika, pedaqogika və
təhsilin tarixi ixtisası üzrə 14
nəfər elmlər doktoru
hazırlanmışdırsa, son illərdə
həmin ixtisas üzrə 13 nəfər pedaqoji elmlər doktoru alimlik dərəcəsi almaq
üçün dissertasiya
müdafiə etmişdir. Pedaqoji
elmlər üzrə ixtisaslaşdırılmış
müdafiə şuralarının yaradılması elmi-pedaqoji kadr
hazırlığında mühüm rol oynamışdır.
1906-cı
ildə keçirilmiş Azərbaycan müəllimlərinin
I Qurultayında azərbaycanlılardan pedaqogika mütəxəssisinin
olmadığından gündəliyə daxil edilmiş
pedaqoji cərəyanlar haqqında məruzə baş
tutmadığı halda, bu gün 1000-ə yaxın elmi və
elmi-pedaqoji kadr pedaqogika elminin problemlərinin tədqiqi və
tədrisi ilə məşğul olur.
Pedaqoji kadr hazırlığında, onun inkişafının kəmiyyət və keyfiyyət göstəricilərində müəyyən problemlər vardır. Həlli o qədər də mürəkkəb texnologiya, kadr potensialı və maliyyə xərci tələb etməyən həmin problemlərin aradan qaldırılması üçün bir sıra təxirəsalınmaz vəzifələr həyata keçirilməlidir ki, onlardan ən əsası, fikrimizcə, dövlətin təhsil siyasətini elmi-pedaqoji əsaslarla reallaşdırmaq, pedaqoq və psixoloq alimlərin qüvvəsini eyni məcraya yönəltmək məqsədi ilə Respublika Təhsil Akademiyasının yaradılması olardı. Dövlət Təhsil İslahat Proqramına daxil edilmiş bu tarixi missiyanın yerinə yetirilməsi, akademiyanın təsisi, çox istərdik ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adı ilə bağlı olsun. Bunun nəticəsində müasir Azərbaycan təhsili özünün zəngin ənənələrinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanaraq milli təhsil quruculuğu sahəsində geniş spektrli təhsil islahatlarını uğurla başa çatdırar, memarı və yaradıcısı ulu öndər Heydər Əliyev olan təhsil üzrə İslahat Proqramını yüksək peşəkarlıqla həyata keçirər.
Fərrux RÜSTƏMOV,
pedaqoji elmlər doktoru,
professor,
əməkdar elm xadimi
Xalq qəzeti.- 2013.- 9 may.- S. 12.