Xüsusi olimpiyaçılar xatirə turnirində iştirak etmişlər

 

Xüsusi Olimpiya Komitəsi (XOK), “İnter” peşəkar idman klubunun təşkilatçılığı və “Coca-Cola” şirkətinin maliyyə dəstəyi ilə “Şəfa” stadionunda ulu öndər Heydər Əliyevin 90 illiyinə həsr edilmiş mini futbol turnirinin açılış mərasimi olub.

 İdman ictimaiyyətinin nümayəndələrinin və futbolçuların iştirakı ilə keçirilən açılış mərasimində  çıxış edən Xüsusi Olimpiya Komitəsinin prezidenti Şahin Əliyev Azərbaycanda əsası Heydər Əliyev tərəfindən qoyulan idman siyasətindən danışdı və ümummilli liderin fəallar yığıncağındakı çıxışını xatırlatdı: “Kütləvi idman işinin inkişafına rəhbərlik siyasi əhəmiyyətə malik işdir, çünki xalqın sağlamlığına bizim dövlət həmişə böyük əhəmiyyət vermişdirindiverir”. İdman ictimaiyyətinin bütün nümayəndələrinin Heydər Əliyevi Azərbaycan idmanının ən böyük pərəstişkarı hesab etdiklərini vurğulayan natiq qeyd etdi ki, idmançılarımız ulu öndərin ümidlərini doğrultmağı, mötəbər yarışlarda yüksək nəticələr əldə etməyi özlərinə borc bilir, onun idmanımızın tərəqqisi naminə gördüyü işləri həmişə dərin minnətdarlıq hissi ilə xatırlayırlar.

Mərasimin bədii hissəsində bir-birindən maraqlı kompozisiyalar, rəqs nömrələri və gimnastların nümunəvi çıxışları nümayiş etdirildi.

Sonra mini futbol yarışlarına start verildi. Yarışlarda iştirak edən UNİFİED, yəni birləşmiş komandaların yarısı xüsusi qayğıya ehtiyacı olan əqli imkanları məhdud idmançılardan, yarısı isə məktəbyaşlı sağlam futbolçulardan ibarət idi. Turnirdə Bakı-Abşeron, Gəncə, Sumqayıt, Lənkəran, Şəki, Göyçay Salyan regional proqramlarının xüsusi, yardımçı məktəb internatlarından 21 komanda iştirak etdi.  Sonda qalib gələn komandalara diplom hədiyyələr təqdim edildi.

 

 

Leyla QURBANOVA

 

Xalq qəzeti.- 2013.- 9 may.- S. 12.