HEYDƏR ƏLİYEV
müstəqil Azərbaycanda hüquqi
islahatların banisidir
Zaman keçdikcə ümummilli lider Heydər Əliyevin dövlət, millət və xalq qarşısında misilsiz xidmətləri gözlərimiz önündə daha əzəmətli görünür. Dərin zəkası, zəngin həyat və idarəçilik təcrübəsi, hədsiz çalışqanlığı sayəsində böyük nüfuz, hörmət və məhəbbət qazanmış ulu öndərin adı tarixlər boyu yaşayacaq. Xarizmatik lider Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmişdi. O, xalqının yaddaşında xilaskar və qurucu dövlət xadimi kimi qalacaq.
Hələ
1969-cu ildə siyasi hakimiyyətə ilk gəlişindən
sonra sovet rejiminin məhdudiyyətlərinə və müsəlman
respublikalarına qarşı, əslində, müstəmləkəçilik
siyasətinin yeridilməsinə baxmayaraq, həyatımızın
bütün sahələrində inkişafa nail olunmasında,
ittifaq respublikaları arasında Azərbaycanın ən
öncül mövqeyə çıxmasında ümummilli
liderin tarixi rolu
danılmazdır. Örnək rəhbərlik və idarəetmə
keyfiyyətləri nəzərə alınaraq 1982-ci ildə
Heydər Əliyev Moskvaya - SSRİ Nazirlər Soveti Sədrinin
1-ci müavini vəzifəsinə təyin edilmiş, Siyasi
Büro üzvlüyünə seçilmişdir. Siyasi olimpdəki
uğurları ilə hər bir azərbaycanlının qəlbini
qürurla döyündürən, sonsuz iftixar
qaynağımız olan ulu öndərin hakimiyyətdə
atdığı bütün addımlar tarixilik mahiyyəti qazanmış, yaddaşlara
yazılmışdır.
Respublikaya birinci rəhbərliyi dövründə
məhz Heydər Əliyevin sayəsində ədliyyə
sisteminin də önəmi xeyli artmışdır. Azərbaycan
SSR Ali Sovetinin 1970-ci
ildə qəbul etdiyi qərarla Ədliyyə
Nazirliyi yenidən təsis edilmiş,
beləliklə də Azərbaycanın ədliyyə tarixində
yeni dövr
başlanmışdır. Dahi rəhbər ədliyyənin mühüm
dövlət təsisatı kimi
formalaşması, qanunçuluq və hüquq qaydalarının möhkəmləndirilməsi
işində fəal mövqeyə yiyələnməsi üçün bütün
gərəkli tədbirləri həyata keçirmişdir.
1993-cü
ildə xalqın təkidli xahişi ilə yenidən hakimiyyətə
gələn və ilk növbədə Azərbaycanı
düşdüyü ictimai-siyasi burulğandan, vətəndaş
müharibəsi təhlükəsindən xilas edən Heydər
Əliyevin müdrik rəhbərliyi sayəsində tədricən
cəmiyyət həyatında sabitlik yaranmış,
qarşıdurmalar dayandırılmış, necə deyərlər,
sular durulmuş və xaosa son qoyulmuşdur. Bir il sonra
dünyanın aparıcı dövlətlərinin
iştirakı ilə Bakıda “Əsrin kontraktı”nın
imzalanması dövlət
müstəqilliyimizin dönməzliyinin təminatı və
təsdiqi kimi dəyərləndirilmişdir.
Ulu
öndərin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə gənc, müstəqil
respublikamızın dövlət suverenliyinin, iqtisadi qüdrətinin
möhkəmləndirilməsi, ölkədə vətəndaş
cəmiyyətinin qurulması və inkişaf etdirilməsi məqsədilə
geniş əhatəli islahatlar həyata keçirilməyə
başlanmışdır. Dövlət və cəmiyyət
həyatının müxtəlif sahələrində
aparılan iqtisadi, sosial,
mədəni islahatlarla yanaşı, hüquqi islahatlar da demokratik, dünyəvi dövlət quruculuğunun üstün
prinsiplərindən olmuşdur. Bir hüquqşünas kimi inamla deyə bilərəm ki,
respublikamızın müstəqilliyinə qovuşduğu
dönəmdə qazanılan böyük
uğurlar ilk növbədə
hüquqi islahatların düzgün
istiqamətləndirilməsi və
səmərəli şəkildə həyata
keçirilməsi ilə sıx bağlıdır. Məhz
həmin dövrdən sonra dövlət
müstəqilliyimizin dönməzliyinin təmin edilməsində
ümummilli liderin xidmətləri
ölçüyəgəlməzdir.
Ötən illərdə Azərbaycan cəmiyyətində qanunçuluğun və hüquq qaydalarının etibarlı təminatına, məhkəmə-hüquq sisteminin müasirləşməsinə, ədalət mühakiməsinin səmərəliliyinə nail olunmuşdur. 1995-ci ilin 12 noyabrında qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının birmənalı təmin olunmasının möhkəm təməlini qoymuşdur. Şəxsən ümummilli liderin rəhbərliyi ilə işlənib hazırlanmış və ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilmiş Konstitusiyanın 12-ci maddəsinin I hissəsində göstərilir: “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir”. Bu, dövlətin vətəndaşa xidmət etməsini təsdiqləyən, insan amilinə üstünlük verən humanist bir prinsipdir. Ümumiyyətlə, Azərbaycan Konstitusiyasının 158 maddəsindən 48-i, o cümlədən III fəsli bütünlüklə insan və vətəndaş hüquqları və azadlıqlarına həsr edilmişdir. Bu Konstitusiyada əksini tapan insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcu hesab edilir.
Konstitusiyanın
71-ci maddəsində göstərilir ki, insan və vətəndaş
hüquqlarının, azadlıqlarının həyata
keçirilməsini heç kəs məhdudlaşdıra, “Əsas
Qanun”un heç bir müddəası bu hüquq və
azadlıqların ləğvinə yönəldilmiş
müddəa kimi təfsir edilə bilməz. Yəni bunlar birbaşa qüvvədədir.
Azərbaycan
Respublikası Prezidentinin 1996-cı il 21 fevral tarixli sərəncamı
ilə yaradılan Hüquq İslahat Komissiyası tərəfindən
işlənib hazırlanmış “Konstitusiya məhkəməsi
haqqında”, “Məhkəmələr və hakimlər
haqqında” qanunlar ölkəmizdə məhkəmə-hüquq
islahatları sahəsində aparılan ilk mühüm
addımlar olmaqla, müstəqil məhkəmə sisteminin
yaradılmasına və fəaliyyət göstərməsinə
imkan yaratmışdır. Azərbaycan Respublikası
Prezidentinin 1 dekabr 1998-ci il tarixli “Məhkəmələr və
hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi və məhkəmə islahatlarının həyata
keçirilməsinə dair tədbirlər barədə"
fərmanı əsasında ardıcıl gerçəkləşdirilən
məhkəmə islahatlarının başlıca məqsədi
qanunun aliliyinin təmini, məhkəmə hakimiyyətinin
dövlət idarəçilik mexanizmində nüfuzlu və
müstəqil təsisat kimi təşəkkül tapması,
ədalət mühakiməsinin həyata keçirilməsi
zamanı insan hüquq və azadlıqlarının müdafiəsinin
yüksək səviyyədə təşkili, cinayət və
mülki mühakimədə demokratik prinsiplərin
qorunması, peşəkar hakim korpusunun
formalaşdırılması, məhkəmələrin fəaliyyətində
şəffaflığın təmin edilməsi və digər
konseptual məsələlərin həlli olmuşdur.
Məhz
Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci
ildə Şərqdə ilk dəfə olaraq Azərbaycanda
ölüm cəzası ləğv edilmişdir. Bununla da ümummilli
liderin yüksək humanistliyi
bütün dünyada
bir daha təsdiqlənmişdir.
Bundan başqa, insan hüquqlarının müdafiəsi
işində ulu öndərin 1998-ci ildə
imzaladığı fərmanla təsdiq edilmiş
“İnsan hüquqlarının müdafiəsinə
dair Dövlət Proqramı” mühüm rol
oynamışdır.
“Azərbaycan
Respublikasında hakim vəzifəsinə namizədlərin
seçilməsi qaydalarının təkmilləşdirilməsi
haqqında” 2000-ci il 17 yanvar tarixli fərmanla isə hakimlərin
seçilməsi, məhkəmə fəaliyyəti ilə
bağlı digər funksiyaların həyata keçirilməsi
məqsədilə Azərbaycan Prezidenti yanında mötəbər
tərkibdə Məhkəmə-Hüquq Şurası təsis
edilmiş, hüquq sistemində köklü dəyişikliklərə
səbəb olan tədbirlər
görülmüşdür. Məhkəmə-Hüquq
Şurası ötən illərdə ölkədə
müstəqil məhkəmə sisteminin təmin edilməsi,
vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin
seçilməsinin təşkili, hakimlərin fəaliyyətinin
qiymətləndirilməsi, onların iş yerinin dəyişdirilməsi,
vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə
cəlb edilməsi, habelə məhkəmələr və
hakimlərlə bağlı digər məsələləri
səlahiyyəti daxilində həll edən, məhkəmə
hakimiyyətinin özünüidarə funksiyalarını həyata
keçirən müstəqil orqan kimi fəaliyyət göstərmişdir.
Qeyd
etmək vacibdir ki, Azərbaycan Respublikası dövlət
müstəqilliyini bərpa etdikdən sonra ulu öndərin
uzaqgörən siyasətinin nəticəsi olaraq, ölkəmiz
200-dən artıq beynəlxalq konvensiyaya, o cümlədən
insan hüquqlarının müdafiəsi ilə bağlı
70-dən çox beynəlxalq sənədə tərəfdar
çıxmış və bu sahədə beynəlxalq
öhdəliklərə riayət edilməsində
mühüm nailiyyətlər əldə etmiş, dünyada
nüfuzunu artırmışdır.
Müstəqillik
illərində Heydər Əliyev Azərbaycanın xarici
ölkələrlə əlaqələrini genişləndirməyə
və dərinləşdirməyə nail ola bilmişdir. Təsadüfi
deyil ki, 2001-ci ilin əvvəlində dövlətimiz Avropa Şurası kimi
mötəbər beynəlxalq təşkilata tamhüquqlu
üzv qəbul edilmişdir.
Strasburq şəhərində Avropa Şurasının iqamətgahı
önündə müstəqil dövlətimizin üçrəngli,
ay-ulduzlu bayrağının
ucaldılması məhz Heydər Əliyev siyasətinin təntənəsidir.
İnsan
hüquqlarının müdafiəsi
Azərbaycanda davamlı xarakter daşıyır. Xatırlatmaq yerinə düşər ki, insan və vətəndaş
hüquq və azadlıqlarının daha etibarlı şəkildə təmin edilməsi
məqsədilə 28 dekabr 2001-ci ildə Milli Məclis
tərəfindən “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili
(Ombudsman) haqqında” Konstitusiya
Qanunu qəbul edilmişdir.
Ölkəmizdə ilk dəfə olaraq Ombudsman təsisatı
yaradılmış və hazırda bu qurum səmərəli fəaliyyət göstərməkdədir.
Ümummilli
lider Heydər Əliyevin əsasını qoyduğu məhkəmə-hüquq
islahatları son 10 ildə onun layiqli davamçısı - Azərbaycan
Prezidenti İlham Əliyev tərəfindən uğurla davam
etdirilir. Müstəqil məhkəmə
hakimiyyətinin formalaşdırılması, ədalət
mühakiməsinin şəffaf, demokratik,
obyektiv şəraitdə həyata
keçirilməsi, bu zaman
insan və vətəndaş hüquq və azadlıqlarının maksimum səviyyədə qorunması üçün hakimlər korpusunun
sağlamlaşdırılması davam edən
islahatların əsas hədəfidir. Dövlət
başçısının 19 yanvar
2006-cı il tarixli “Azərbaycan
Respublikasında məhkəmə sisteminin
müasirləşdirilməsi və bəzi qanunvericilik
aktlarına dəyişikliklər və əlavələr
edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” fərmanı
bu baxımdan xüsusi
qeyd edilməlidir. Regionların
sosial-iqtisadi inkişafı sahəsində
həyata keçirilmiş bir sıra təşkilati-hüquqi, sosial tədbirlərin mahiyyətindən irəli
gələn həmin fərmanda bölgələrdə yeni apelyasiya və iqtisad məhkəmələrinin
yaradılması başlıca vəzifə kimi
qarşıya qoyulmuşdur. Belə bir fərmanın imzalanması bölgələrin
sürətlə inkişaf etdiyi bir zamanda
rayonlarda yaşayan vətəndaşlara
göstərilən hüquqi
yardımın səviyyəsini yaxşılaşdırmaq; onlarda haqlı narazılıq doğuran
sui-istifadə, süründürməçilik
hallarını, eləcə də digər nöqsanları aradan qaldırmaq; ədalət mühakiməsinin
səmərəliliyini yüksəltmək; məhkəmələrə
inamı artırmaq; məhkəmələrin fəaliyyətində
yeni informasiya
texnologiyalarının tətbiqinə nail
olmaq; məhkəmə aparatlarının
strukturunu və işini
daha optimal şəkildə
qurmaq; habelə hakimlərin sosial vəziyyətini
yaxşılaşdırmaq niyyətindən irəli gəlmişdir.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 28 dekabr
2006-cı il tarixli sərəncamı ilə insan
hüquqlarının mühafizəsi üzrə “Milli Fəaliyyət
Planı” təsdiq edilmişdir. Bu sərəncamda
qeyd edilir ki, Azərbaycanda hüquqi
dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində
səylərin gücləndirilməsi dövlət siyasətinin
əsas istiqamətlərindən biridir. Cənab
Prezidentin 18 iyun 2007-ci
il tarixli sərəncamı
ilə hər il iyun
ayının 18-nin Azərbaycan Respublikasında İnsan Hüquqları günü
kimi qeyd edilməsi hazırkı dövrdə
xüsusilə mühüm önəm
daşıyır.
Xüsusi
vurğulamaq istərdim ki, son illər Prezident İlham Əliyevin
xüsusi diqqət və qayğısı ilə məhkəmələrin
yeni bina və inventarla təmin olunması, onların iş
şəraitinin yaxşılaşdırılması, hakimlərin
sosial müdafiəsinin gücləndirilməsi istiqamətində
də mühüm addımlar atılır. Bu qəbildən
olan məsələlər dövlət
başçısının hələ 2009-cu il 6 fevral tarixli
sərəncamı ilə təsdiq edilmiş
“Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün
Dövlət Proqramı”nda da geniş əksini tapmışdır. Bu, dövlət başçısının
məhkəmələrin fəaliyyətinə və hüquq sistemindəki yerinə xüsusi həssaslıqla
yanaşdığını bir daha təsdiqləyir.
Regionlarda
ağır cinayətlər və hərbi məhkəmələrin
yaradılması, habelə inzibati-iqtisadi məhkəmələrin
fəaliyyətinin təkmilləşdirilməsi zamanın tələblərindən
irəli gələn sosial tələbatdır. Son dövrlər
imzalanmış qanun və fərmanlar, sərəncamlar eyni
zamanda regionlarda yaşayan əhalinin hüquq və mənafeyinin
etibarlı qorunmasına xidmət edir.
Bəli,
azadlıq və suverenliyimizin böyük mücahidi və cəfakeşi
- ulu öndər Heydər Əliyevin
90 illik yubileyinin Azərbaycan ədliyyəsinin də hazırkı yüksək səviyyəli
fəaliyyəti dövründə böyük təntənə
ilə qeyd olunması hər birimizin qəlbini iftixar və
qürurla döyündürür.
Əliəjdər
ƏLƏKBƏROV,
Cəlilabad Rayon Məhkəməsinin sədri
Xalq qəzeti.- 2013.- 9 may.- S. 13.