Vergilər
Nazirliyində ulu öndər Heydər Əliyevin 90 illik
yubileyi münasibətilə tədbir keçirilmişdir
May ayının 7-də Vergilər Nazirliyi
ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə
tədbir keçirmişdir. Azərbaycan Respublikasının
vergilər naziri Fazil Məmmədov tədbiri giriş
sözü ilə açaraq müasir Azərbaycan dövlətinin
qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin
həyat yolundan, vətən və xalq qarşısında
tarixi xidmətlərindən danışmışdır.
Azərbaycanın müasir tarixinin son 40 ilə
yaxın bir mərhələsinin ümummilli liderin adı ilə
bağlı olduğunu vurğulayan natiq, Azərbaycan dövlətinin
dünya dövlətləri arasında öz layiqli yerini
tutmasının, qüdrətli bir ölkə kimi təşəkkülünün
və davamlı inkişafının dahi öndər Heydər
Əliyevin misilsiz xidmətləri sayəsində
mümkün olduğunu diqqətə
çatdırmışdır. Məhz onun rəhbərliyi
altında ötən əsrin 70-80-cı illərində Azərbaycan
iqtisadiyyatının təməli və sahəvi strukturu
formalaşdırılmış, respublikamızda yüzlərlə
zavod, fabrik tikilib istifadəyə verilmiş, bir çox yeni
istehsalat sahələri yaradılmışdır. Bu gün
müstəqil Azərbaycan Respublikasının iqtisdiyyatı
məhz bu təməl üzərində inkişaf etdirilir.
Qeyd olunmuşdur ki, bu illər ərzində xalqın
ictimai-siyasi və mədəni həyatının
bütün sahələrində dirçəliş, eləcə
də onun təşəbbüsü və rəhbərliyi
altında ölkədə aparılan iqtisadi islahatların tərkib
hissəsi olaraq vergi sisteminin müasir standartlar əsasında
formalaşdırılması üçün mühüm tədbirlər
həyata keçirilmiş, ölkəmizin vergi siyasətinin
konsepsiyası, vergi sistemində aparılan islahatların fəlsəfəsi,
strategiyası müəyyən olunmuşdur.
Tədbirdə çıxış edən
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər
şöbəsinin müdiri Əli Həsənov Heydər Əliyev
şəxsiyyətinin və siyasətinin yalnız Azərbaycan
çərçivəsində deyil, ümumiyyətlə
regional və qlobal miqyasda mühüm əhəmiyyət
daşıdığını qeyd etmişdir. O
xatırlatmışdır ki, Heydər Əliyev yenidən rəhbərliyə
tariximizin olduqca mürəkkəb məqamında
qayıtmışdır və yalnız siyasi müdrikliyi,
polad iradəsi və dövləti idarəetmə bacarığı
sayəsində qarşıya çıxan bütün maneələri
dəf etmiş, xalqımızı düşdüyü bəlalardan
çıxara bilmişdir. Onun rəhbərliyi altında
ölkəmiz dünya birliyinin tamhüquqlu üzvünə
çevrilmiş, Azərbaycanda sürətli iqtisadi
inkişafa nail olunmuş, dövlətçilik ənənələri
formalaşdırılmışdır.
Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri,
akademik Ziyad Səmədzadə çıxışında
bildirmişdir ki, ümummilli lider Heydər Əliyev
sözün hər mənasında böyük ömür
yaşamışdır. Lakin onun ideyalarının
ömrü, qurduqlarının və yaratdıqlarının
ömrü daha böyükdür. Vurğulanmışdır
ki, ümummilli lider Heydər Əliyev tərəfindən
yaradılan iqtisadiyyatın Azərbaycan modeli bu gün Prezident
İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Ölkəmiz artlıq inkişafın elə bir səviyyəsinə
gəlmişdir ki, o borcalan dövlətdən borcverən
dövlətlər sırasına daxil olmuşdur.
Sonra ümummilli lider Heydər Əliyevin həyat
və fəaliyyətindən bəhs edən film
nümayiş olunmuşdur.
Tədbir Azərbaycanın incəsənət ustalarının çıxışları və yubileyə həsr olunmuş ədəbi-bədii kompozisiya ilə başa çatmışdır.
Xalq qəzeti.- 2013.- 9 may.- S. 14.