Akademik Arif
MEHDİYEV: Azərbaycanın əldə etdiyi
nailiyyətlər elmi təməl üzərində
həyata keçirilən uğurlu siyasətə
əsaslanır
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) təşkilatçılığı ilə “Ali Attestasiya Komissiyası: tarix, inkişaf yolu, müasirlik” mövzusunda konfrans keçirilmişdir.
Konfrans çərçivəsində AAK-ın sədri, akademik Arif Mehdiyev AzərTAc-a müsahibə vermişdir. Akademik demişdir:
– Tarixin taleyüklü
və çətin anlarında hər bir
xalqın onu düşdüyü
həmin şəraitdən xilas edə
biləcək ümummilli liderə kəskin
ehtiyacı olur. Xoşbəxt o xalqdır ki, onun belə bir lideri var.
XX əsrin 90-cı illərinin əvvəllərində respublikamız siyasi, iqtisadi və sosial böhran içərisində idi. Məhz Azərbaycanı o zaman idarə edən qüvvələr respublikamızı bu böhran vəziyyətə sürükləmişdilər. Faktiki olaraq 1993-cü ildə hökumət böhranının son dərəcə kəskinləşməsi, ölkədə vətəndaş müharibəsinin başlaması və müstəqilliyimizə qarşı edilən qəsdlər Azərbaycanı bir dövlət kimi dağılmaq təhlükəsi qarşısında qoymuşdu. Azərbaycanın düşdüyü belə bir ağır və böhranlı vəziyyət dünyanın hegemon dövlətlərini tam razı salırdı.
Tarixin
bu ağır sınağı qarşısında çətin
vəziyyətdə qalan xalq ulu öndər Heydər Əliyevi
özünün yeganə xilaskarı kimi görürdü.
Taleyüklü məsələlərin həll olunduğu belə
ağır, mürəkkəb və çətin tarixi şəraitdə
böyük siyasi təcrübəyə, müdrik uzaqgörənliyə,
qətiyyətə, dönməz əqidəyə malik olan
böyük tarixi şəxsiyyətin hakimiyyətə gəlməsini
xalq təkidlə tələb etməyə başladı.
Ümummilli
liderimiz Heydər Əliyev respublikamızın və
xalqımızın düşdüyü vəziyyətin
ağır və çətinliyinin məsuliyyətini dərindən
dərk edirdi. Ulu öndərimiz Azərbaycan xalqının
ona göstərdiyi bu yüksək etimadı və onun yenidən
hakimiyyətə gəlməsi tələbini tarixin bu
ağır məqamında cavabsız qoymadı və
xalqı bu intizarda çox saxlamadı.
Məhz
ulu öndərin siyasi müdrikliyi, dönməz əqidəsi,
qətiyyəti və xalqın ümummilli liderə olan
böyük inamı və dəstəyi Azərbaycanı
parçalanmaq və müstəqilliyimizi itirmək təhlükəsindən
xilas etdi. Qısa bir müddətdə ümummilli liderimizin
xüsusi bacarığı, dönməz əqidəsi və
fədakar əməyi nəticəsində Azərbaycan
Respublikası düşdüyü siyasi, iqtisadi və sosial
böhrandan uğurla çıxdı.
1994-cü
ildən başlayaraq Azərbaycanın tarixən dostluq
münasibətlərində olduğu dövlətlərlə,
o cümlədən Rusiya Federasiyası, İran İslam
Respublikası, Gürcüstan, Türkmənistan ilə beynəlxalq əlaqələri
yaxşılaşdı və yeni mərhələyə qədəm
qoydu.
Ümummilli
lider Heydər Əliyevin uğurla həyata keçirdiyi siyasi
və iqtisadi kurs sürətlə artan inflyasiyanın
qarşısını aldı. Ulu öndər Heydər Əliyevin
səyləri sayəsində müharibə
dayandırıldı, atəşkəs elan edildi, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinə dünya
ictimaiyyətinin münasibəti Azərbaycanın xeyrinə dəyişdi.
Dahi
şəxsiyyət Heydər Əliyevin təməlini
qoyduğu düzgün iqtisadi siyasət nəticəsində
Azərbaycan dünya miqyasında neft-qaz hasilatı və
ixracatı sahəsində qabaqcıl ölkələr
sırasına çıxmışdır. Xarici dövlətlərin
nüfuzlu neft şirkətlərinin Azərbaycan ilə
müqavilələr bağlaması və
respublikamızın iqtisadiyyatına sərmayə qoyması,
müasir tələblərə cavab verən neft və qaz
infrastrukturunun yaradılması, Bakı-Tbilisi-Ceyhan,
Bakı-Novorossiysk və Bakı-Supsa boru kəmərləri
vasitəsilə Azərbaycan neftinin dünya bazarına
çıxarılması məhz ulu öndər Heydər Əliyevin
iqtisadi inkişaf siyasətinin tərkib hissəsi və nəticəsidir.
Ulu
öndər Heydər Əliyevin siyasi müdrikliyi, uzaqgörənliyi,
təcrübəsi və qətiyyətinin və təməlini
qoyduğu iqtisadi kursun nəticəsidir ki, bu gün Azərbaycanda
güclü, demokratik və müasir dövlət
qurulmuşdur.
Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyev
özünün
başladığı siyasi və iqtisadi kursu davam etdirə
biləcək bir siyasi lider kimi İlham Əliyevi
görürdü. O deyirdi:
“İnanıram ki, mənim axıra
çatdıra bilmədiyim taleyüklü
məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə
İlham Əliyev başa
çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə
böyük ümidlər bəsləyirəm”.
Bu
gün ulu öndər Heydər Əliyevin əsasını
qoyduğu siyasi və iqtisadi kurs Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev tərəfindən
uğurla həyata keçirilir və inkişaf etdirilir. Qətiyyətlə
deyə bilərik ki, bu
gün Azərbaycan Respublikasının əldə
etdiyi nailiyyətlər elmi
təməl üzərində həyata keçirilən uğurlu siyasətə əsaslanır. Azərbaycanın
gələcəyini təbii resurslara bağlamayan ölkə rəhbərliyi neft-qaz gəlirlərinin insan
kapitalına çevrilməsi yönümündə məqsədyönlü
və ardıcıl siyasət yürüdür.
Prezident
İlham Əliyevin rəhbərliyi
altında ölkədə aparılan islahatlar, həyata
keçirilən kompleks tədbirlər, sosial-iqtisadi və mədəni-mənəvi
inkişaf sahəsində qazanılmış nailiyyətlər
Azərbaycanın beynəlxalq aləmə
inteqrasiyasını daha da yüksək səviyyədə təmin
etməyə, respublikamızın beynəlxalq aləmdə
nüfuzunun yüksəlməsinə və
bütövlükdə dövlətimizin və
xalqımızın yeni inkişaf mərhələsinə qədəm
qoymasına xidmət edir.
Xalq qəzeti.- 2013.- 9 may.- S. 14.