“Ruhun
şad olsun, ustad!”
Azərbaycan Mətbuat Şurasında
yazıçı-jurnalist Məzahir Süleymanzadənin ümummilli lider Heydər Əliyevin
90 illik yubileyinə həsr olunmuş “Ruhun şad olsun, ustad!” kitabının təqdimatı keçirilib.
Mərasimi giriş
sözü ilə açan
MŞ sədri Əflatun Amaşov bu kitabda ümummilli
lider Heydər Əliyev haqqında
tanınmış qələm sahiblərinin, mətbuat
işçilərinin xatirələrinin, təəssüratlarının, müsahibələrin yer
aldığını diqqətə çatdırıb.
Heydər Əliyevi jurnalistlərin dostu kimi tanıdan cəhətlərdən söz açan Ə.Amaşov bildirib ki, onun müəyyənləşdirdiyi
mediaya dövlət qayğısı siyasəti
jurnalistikanın cəmiyyətdəki yerinə və roluna verilən böyük
dəyərdən irəli gəlirdi. Buna
görə də qələm sahibləri ulu
öndərin xatirəsinə daim ehtiramla yanaşırlar. Belə
yanaşmanın bariz nümunələrindən
biri də bu gün təqdimatı keçirilən
kitabıdır.
“Ruhun
şad olsun, ustad!” kitabının redaktoru, Ahıl Jurnalistlər
Məclisinin sədri Yusif Kərimov Heydər Əliyevlə
təmaslarındakı ayrı-ayrı məqamlardan söz
açaraq ulu öndəri diqqətli, alicənab və son dərəcə
həssas dövlət xadimi kimi xatırladığını
önə çəkib. O, həmçinin 1992-ci ildə bir
qrup jurnalistin Naxçıvandan keçərək Türkiyəyə
səfərə gedərkən yolüstü Heydər Əliyevlə
görüşdüyü anları yada salıb.
“Ruhun
şad olsun, ustad!” kitabının müəllifi Məzahir
Süleymanzadə Heydər Əliyev şəxsiyyəti barədə
fikir bildirməyin son dərəcə çətin və məsuliyyətli
iş olduğunu vurğulayıb. Lakin
Heydər Əliyevin çıxışları,
görüşləri bütün
dövrlər üçün
aktualdır, xüsusən də gələcək nəslə
son dərəcə vacibdir:
“Buna görə də yalnız 2001-ci ildə
bir qrup
tanınmış qələm sahibinin
fikirlərini “Prezident Heydər Əliyevin
jurnalistika dərsi” kitabımda ümumiləşdirdim.
Düşünürəm ki, indi qarşınızda olan
bu kitab ulu öndərin 90 illiyinə bir
jurnalist hədiyyəsidir və nəşrdə
fikirləri yer almış həmkarlarım
ümummilli liderimizi
jurnalistlərin müəllimi, ustadı kimi
xatırlayaraq onun ruhuna
olan ehtiramlarını bildiriblər”.
Tədbirdə çıxış edənlərdən MŞ İdarə Heyətinin üzvü, “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas, qocaman jurnalist Ələsgər Cabbarov, “Azərbaycan” qəzetinin əməkdaşı Flora Sadıqlı, əməkdar jurnalist Tahir Aydınoğlu və başqaları ümummilli lider Heydər Əliyevi jurnalistikaya və bütövlükdə, söz sənətinə yüksək qiymət verən tarixi şəxsiyyət kimi səciyyələndirərək, ulu öndərin əsasını qoyduğu mətbuata dəstək ənənəsinin hazırda oturuşmuş sistem olaraq fəaliyyət göstərdiyini vurğulayıblar. Onlar təqdimatı keçirilən nəşrin Heydər Əliyev irsinin gələcək tədqiqatçıları üçün dəyərli mənbə olacağına əminliklərini də ifadə ediblər.
Əlipənah BAYRAMOV
Xalq qəzeti.- 2013.- 9 may.- S. 15.