Azərbaycan
gömrük xidmətinin inkişafının prioritetləri
ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmişdir
Müasir Azərbaycan dövlətinin
memarı və qurucusu, xalqının və dövlətinin
müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz
işlər görmüş Heydər Əliyev hər zaman fəxr
edəcəyimiz, qürur hissi ilə
xatırlayacağımız dahi şəxsiyyətdir. Heydər Əliyev böyük siyasətdə
qarşıya qoyduğu hədəflərə doğru irəliləyərkən
təkcə daxili inamına, iti fəhminə, yüksək
intellektinə və parlaq zəkasına deyil, həm də
ictimai etimada əsaslanmış və ən böyük dəstəyi
xalqından almışdır. Şəxsiyyət və
lider kimi böyüklüyü ona hələ
sağlığında ikən ümummilli liderlik zirvəsini
fəth etmək imkanı vermişdir. Məhz bu qeyri-adi
xüsusiyyəti sayəsində ulu öndər həm də
idarəçilikdə böyük uğurlara imza
atmış, cəmiyyətin bütün təbəqələrini
arxasınca apara bilmişdir.
Heydər
Əliyevin respublikamıza rəhbərlik etdiyi bütün
dövrlər xalqımızın milli mənlik
şüurunun oyanması, azadlığa və müstəqilliyə
qovuşmaq arzularının çiçəklənməsi,
ictimai həyatımızın, iqtisadiyyatımızın
bütün sahələrində, elm və mədəniyyətimizin
inkişafında böyük nailiyyətlərin əldə
edilməsilə əlamətdar olmuşdur. Ölkəmizin
müstəqilliyinin və dünya iqtisadiyyatına dərin
inteqrasiya prosesinin hazırkı möhkəm təməli məhz
ümummilli liderimizin respublikaya rəhbərlik etdiyi həmin
illərdə yaradılmış potensiala əsaslanır.
Azərbaycan
neft ölkəsi olmasına baxmayaraq XX əsrin 60-cı illərində
Sovet İttifaqının geridə qalmış
respublikalarından biri idi. Heydər Əliyev məhz belə
bir vaxtda - 1969-cu il iyulun 14-də Azərbaycanda siyasi hakimiyyətə
gəldi. Heydər Əliyev qısa müddətdə bu
böyük etimada yüksək dərəcədə layiq
olduğunu sübuta yetirdi.
Yeni
rəhbər dahiyanə bir zəka və duyumla Azərbaycanı
hərtərəfli inkişaf etdirməyin yolunu iqtisadi sferada
arayıb tapdı. Heydər Əliyev respublikanın
potensialını hərəkətə gətirdi, xalqı
ümumi rifah, xoş güzəran və milli
varlığı təsdiq naminə səfərbər etdi.
Heydər
Əliyev 1982-ci ildə Sovet İttifaqında ali rəhbər
vəzifəyə irəli çəkildiyi zaman Azərbaycan
artıq inkişaf etmiş sənaye respublikası kimi
tanınırdı. O, ölkə iqtisadiyyatında
sözün əsl mənasında inqilab etmiş, respublikada
yüzlərlə yeni müəssisə tikilmiş,
neft-maşınqayırma sənayesinin yeni sahələri
yaradılmış, dəmiryol nəqliyyatı sektoru yenidən
qurulmuş, kimya, yeyinti sənayesi, kənd təsərrüfatının
ayrı-ayrı sahələri sürətlə inkişaf etməyə
başlamışdı. Beləliklə, Heydər Əliyevin
1969-1982-ci illərdə Azərbaycanda rəhbər olduğu
dövrdə yaratdığı sosial-iqtisadi, siyasi, mənəvi,
psixoloji baza sonrakı dövrdə - müstəqillik illərində
Azərbaycan xalqı üçün çox böyük əhəmiyyət
kəsb etdi.
Müstəqilliyin təməli
Artıq
müstəqillik illərində bu dövrü xatırlayarkən
ümummilli lider deyirdi: “Bəli, mən istəyirdim ki, Azərbaycan
müstəqil olsun, hər şeydən əvvəl iqtisadi cəhətdən.
Çünki istənilən müstəqilliyin əsasında
iqtisadiyyat durur”.
Bəli,
Azərbaycanın dövlət müstəqilliyinin bərpası
ərəfəsində gedən prosesdə Heydər Əliyev
tarixi şəxsiyyət, lider olaraq Azərbaycan
xalqının taleyinə təsir göstərən əhəmiyyətli
addımlar atdı. Amma SSRİ Nazirlər Soveti sədrinin
birinci müavini və Sov. İKP MK-nın Siyasi Bürosunun
üzvü Heydər Əliyev hakimiyyətdən
uzaqlaşdırılandan sonra Azərbaycanın çətin
günləri başladı. Onun qoyub getdiyi çiçəklənən
Azərbaycan bir müddət sonra iqtisadiyyatı
dağılmış, Ermənistanla savaşda məğlub
duruma düşmüş, minlərlə qaçqının
çöllərə səpələndiyi, anarxiya, xaos və
separatizmin meydan suladığı bir
məmləkətə çevrilmişdi.
Heydər
Əliyevin Azərbaycanda yenidən siyasi hakimiyyətə
qayıdışı belə ağır bir vaxta təsadüf
etdi. 1993-cü il iyunun 15-də hakimiyyətə
qayıdıb, ikinci dəfə öz xalqının tale məsuliyyətini
üzərinə götürən Heydər Əliyev dahiyanə
bir zəka və iradə ilə xilaskarlıq missiyasına
başladı. Ulu öndər ilk növbədə vətəndaş
müharibəsi təhlükəsini aradan qaldırdı. Azərbaycanda
ictimai-siyasi sabitliyin yaradılması üçün ciddi və
təxirəsalınmaz addımlar atdı. Bu istiqamətdə
həyata keçirilən siyasətin ana xəttini isə
qanunçuluq və möhkəm dövlət
intizamının yaradılması təşkil edirdi.
İctimai-siyasi
sabitliyin təmin edilməsi iqtisadi islahatların həyata
keçirilməsinə də yol açdı. Dövlət
idarəçiliyi ilə bağlı qanunlar hazırlanaraq təsdiq
olundu. Ən başlıcası isə 1995-ci il noyabrın 12-də
ümumxalq səsverməsi ilə müstəqil dövlətimizin
ilk Konstitusiyası qəbul edildi.
Azərbaycan
xalqının siyasi taleyini, siyasi fəaliyyətini, məqsəd
və məramını, iqtisadi və dövlət idarə
üsulunu müəyyən edən Konstitusiyanın qəbul
edilməsi olduqca əhəmiyyətli hadisə idi. Bu
Konstitusiya ilə Azərbaycanda hakimiyyət bölgüsü
- qanunverici, icra və məhkəmə hakimiyyəti
arasında bölgü müəyyənləşdirildi.
Konstitusiya ilə təsbit edildi ki, Azərbaycan demokratik,
hüquqi və unitar dövlətdir.
Müstəqillik
hər bir xalqın, dövlətin davamlı
inkişafını milli ideya səviyyəsinə yüksəldərək
mövcud iqtisadi, elmi-intellektual və mədəni potensialdan səmərəli
istifadəyə geniş imkanlar yaradır. Müstəqillik
nemətinə qovuşan hər bir xalq ilkin mərhələdə
onu qoruyub saxlamaq, möhkəmləndirmək, dövlətin gələcək
inkişafına etibarlı bünövrə hazırlamaq kimi
məsuliyyətli və çətin mərhələni də
keçməli olur. Müstəqil Azərbaycan 1993-cü ilin
iyun ayında üzləşdiyi bu taleyüklu mərhələni
məhz qətiyyətli və müdrik lider Heydər Əliyevin
rəhbərliyi altında geridə qoydu, elmi təməl
üzərində davamlı inkişaf yolunu müəyyənləşdirdi.
Milli iqtisadi inkişaf modeli
Ulu
öndər bir ictimai-iqtisadi formasiyadan digərinə
keçid dövründə respublikanın
qarşısında duran strateji vəzifə və hədəfləri
düzgün müəyyənləşdirməklə
dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində
sınaqdan uğurla çıxmış, müsbət nəticələri
sübut olunmuş inkişaf kursunun Azərbaycan gerçəkliyinə
adekvat modelini yaratdı.
Ölkədə
aparılan müstəqil dövlət quruculuğu prosesində
iqtisadi islahatların və inkişafın mahiyyət etibarilə
yeni bir modeli - Azərbaycan modeli formalaşdı. Bu modelin fərqləndirici
xüsusiyyətini isə inkişaf üzrə müəyyən
olunmuş istiqamətlərin sahəvi proqramlarla əlaqələndirilməsi,
iqtisadi inkişafın obyektiv qanunauyğunluqlarını nəzərə
alan, gələcəyə hesablanan cəsarətli qərarların
qəbul olunması, sosialyönümlülüyün gözlənilməsi,
milli mentalitetin nəzərə alınması və mütərəqqi
dünya təcrübəsinə arxalanması təşkil
edir.
Heydər
Əliyev qısa zamanda özəl mülkiyyətçiliyə,
sahibkarlığa, sərbəst rəqabətə meydan
açan, dövlətsizləşdirməni özündə
ehtiva edən, sosialyönümlü mahiyyət daşıyan,
habelə xarici iqtisadi əlaqələrin gücləndirilməsi
və münbit biznes mühitinin formalaşdırılması
yolu ilə ölkəyə investisiya axınını
stimullaşdıran liberal inkişaf modelinin praktik surətdə
gerçəkləşdirilməsinə nail oldu. “Azərbaycan
dövlətinin strateji yolu yalnız demokratiya, sərbəst
iqtisadiyyat prinsiplərinin bərqərar olması, bazar
iqtisadiyyatı və sahibkarlığın
inkişafıdır”, - deyən Heydər Əliyev demokratik
düşüncə və həyat tərzinin bütün
dünyada diktə etdiyi bu meyarlara hər zaman sadiqlik göstərdi,
milli inkişaf naminə bu yolun alternativsizliyi fikrinin ictimai rəyə
aşılanmasına nail oldu.
Heydər
Əliyevin ən böyük xidmətlərindən biri də
Azərbaycanın öz təbii sərvətlərinə
sahib çıxması, dünyanın əsas neft-qaz ixracatçısına
çevrilməsidir. Heydər Əliyevin uzaqgörənliyi və
qətiyyəti sayəsində 1994-cü il sentyabrın 20-də
Bakıda müxtəlif ölkələrin neft şirkətləri
ilə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın
yeni neft strategiyasının əsasını qoydu. Bununla da Azərbaycanın
dünya iqtisadi sisteminə inteqrasiyasının və ölkənin
enerji təhlükəsizliyinin möhkəm təməli
qoyuldu. Azərbaycan neftinin dünya bazarlarına
çıxarılması üçün Bakı-Novorossiysk,
Bakı-Supsa ixrac neft kəmərlərinin istismara verilməsinə
və Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin
inşası ilə bağlı sazişin imzalanmasına, beləliklə,
ixrac marşrutlarının diversifikasiyasına nail olundu.
Ümummilli
lider Heydər Əliyevin 1999-cu ildə imzaladığı fərmanla
neft yataqlarının xarici şirkətlərlə birgə
işlənməsindən əldə edilən mənfəət
neftinin satışından daxil olan vəsaitlərin səmərəli
idarə olunması, həmin vəsaitlərin prioritet sahələrin
inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət
kəsb edən layihələrin həyata keçirilməsinə
yönəldilməsini təmin etmək üçün
Dövlət Neft Fondu yaradıldı. Ümumilikdə, neft-qaz
sektoru iqtisadiyyatın digər sahələrinin
inkişafında da lokomotiv rolunu oynadı.
Düşünülmüş iqtisadi siyasət nəticəsində
makroiqtisadi sabitliyə nail olundu və davamlı iqtisadi
artımın əsası qoyuldu. İqtisadiyyatın
bütün sahələrində islahatlara
başlanıldı, əhalinin həyat səviyyəsinin
yaxşılaşdırılması istiqamətində ciddi
addımlar atıldı.
Əsas atributlardan biri
Heydər
Əliyev bu gün həm də müstəqil Azərbaycanın
sosial-iqtisadi inkişaf modelinin banisi kimi böyük ehtiramla
anılır. Ölkəmizin sosial-iqtisadi həyatının
elə bir sahəsi yoxdur ki, orada Heydər Əliyevin parlaq zəkasının,
quruculuq dühasının açıq-aşkar təsiri hiss
edilməsin. Belə sahələrin ən önəmlilərindən
biri olan Azərbaycan Gömrük Xidmətinin formalaşdırılıb
inkişaf etdirilməsi də müdrik rəhbərin diqqət
mərkəzində olmuşdur. Gömrük xidmətini hər bir dövlətin
müstəqilliyinin əsas atributlarından biri kimi dəyərləndirən
Heydər Əliyev gömrük xidmətinin
inkişafının prioritetlərini müəyyənləşdirərək
bu istiqamətdə tövsiyə və
tapşırıqlarını vermişdir.
Azərbaycanın
dövlət müstəqilliyinin bərpasından qısa
müddət sonra, 1992-ci il yanvarın 30-da
yaradılmış Dövlət Gömrük Komitəsi
yalnız ulu öndər Heydər Əliyev tərəfindən
həyata keçirilən uzaqgörən siyasət və köklü
islahatlar nəticəsində dinamik inkişaf yoluna qədəm
qoymuş, dahi rəhbər Azərbaycanda gömrük
sisteminin qurulması işinə böyük önəm
vermişdir. Azərbaycan öz müstəqilliyini bərpa
etdikdən sonra dövlət quruculuğu sahəsində təxirəsalınmaz
vəzifələrdən biri də ölkənin iqtisadi
maraqlarının və mənafelərinin qorunması, səmərəli
xarici iqtisadi fəaliyyət və idxal-ixrac əməliyyatlarına
dövlət nəzarət sisteminin yaradılması, sərhədlərin
iqtisadi təhlükəsizliyinin təmin edilməsi idi.
Qısa zaman kəsiyində ölkənin milli gömrük
xidmətinin yaradılması və
formalaşdırılması bütün kəskinliyi ilə
qarşıda dururdu. Həmin dövrdə Dövlət
Gömrük Komitəsi yaradılsa da, lakin mürəkkəb
ictimai-siyasi vəziyyət gömrük orqanlarının
formalaşmasına imkan vermirdi. Gömrük orqanları
qarşısında duran vəzifələr, demək olar
ki, icra olunmur, neqativ hallar
baş alıb gedirdi.
Məhz
ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə
qayıdışı ilə, onun rəhbərliyi ilə
dövlət quruculuğunun bütün sahələrində
iqtisadi inkişafa və sosial-siyasi gərginliyin aradan
qaldırılmasına xidmət edən genişmiqyaslı
islahatlar həyata keçirildi. 1995-ci ilin əvvəllərindən
etibarən respublikada gömrük işinin yenidən
qurulmasına başlanıldı. Yeni qurum olduğu
üçün, kadr potensialının, normativ-hüquqi və
maddi-texniki bazanın məhdudluğu, öz səlahiyyətlərini
tam müəyyənləşdirə və mənimsəyə
bilməməsi, rəhbər kadrların innovativ və təşəbbüskar
olmaması cəmiyyətdə və dövlət rəhbərliyində
gömrük xidməti haqqında mənfi rəy və
haqlı narazılıq yaradırdı. Bütün bu halları
nəzərə alan Heydər Əliyev 1995-ci il yanvarın
9-da gömrük orqanlarının fəaliyyətinə həsr
olunmuş müşavirə keçirdi. Həmin
müşavirədə gömrük orqanlarının o
dövrdəki fəaliyyətini kəskin tənqid edən
prezident iradəli yanaşma nümayiş etdirərək
ölkədə qısa müddətdə, belə demək
mümkünsə, “gömrük islahatı”nın
keçirilməsi haqqında tapşırıqlar verdi. Ulu
öndərin həmin müşavirədə dediyi “Biz Azərbaycanda
gömrük orqanlarının işini kökündən dəyişməliyik,
sağlam əsaslar üzərində qurmalıyıq. Həqiqi
gömrük orqanları qurulmalıdır” - fikri Dövlət
Gömrük Komitəsinin yeni rəhbərliyinin fəaliyyətində
əsas tutulmaqla, qısa zamanda ölkənin gömrük xidməti
ulu öndərin görmək istədiyi formada yenidən təşkil
edildi. Uğurlu kadr seçimi, maddi-texniki və qanunvericilik
bazasının yenilənməsi, əməkdaşların
peşəkarlığının yüksəldilməsi,
dünya gömrük ailəsinə əməli inteqrasiya məhz
ulu öndərin gömrük xidmətinə göstərdiyi
etimadın, diqqət və qayğının cavabı idi.
Respublika
gömrük orqanları üçün dünya
standartlarına cavab verə biləcək kadr ordusunun
hazırlanması kimi çox ümdə bir problemin həlli
öz aktuallığı ilə qarşıda dururdu.
1996-cı ilin dekabrında yaradılan Dövlət
Gömrük Komitəsinin Tədris Mərkəzi bu sahədə
ilk tədris müəssisəsi olmaqla yanaşı, respublika
gömrük orqanları əməkdaşlarının
peşə hazırlığının yüksəldilməsi
və onlara nəzəri və praktiki vərdişlər
aşılamasına xidmət edirdi. Kadrların təlim və
tərbiyəsində müstəsna rol oynayan Tədris Mərkəzi
xüsusilə gənclərin yüksək ixtisas almaları
işində mühüm rol oynamışdır.
Beləliklə,
1995-96-cı illərdə görülmüş çevik və
təsirli tədbirlər sayəsində Dövlət
Gömrük Komitəsinin fəaliyyətində müsbət
dönüş nöqtəsi əldə olundu və
gömrük təşkilatı özünün müstəqil
inkişaf yoluna qədəm qoydu.
İnkişaf yolunda –ön cərgədə
Ulu
öndər 1997-ci ildə gömrük orqanlarının
yaradılmasının 5 illiyi münasibətilə
keçirilən təntənəli tədbirdəki tarixi
nitqində bunu belə qiymətləndirmişdir: “1995-ci ilin
yanvar ayında gömrük xidmətində ciddi nöqsanlar
mövcud olduğuna görə və onlar dözülməz
olduğuna görə, mən gömrük xidmətinin
işini ciddi müzakirə etdim, çox qəti qərarlar
çıxartdım. Gömrük Komitəsinin rəhbərliyi
dəyişdirildi və bu ciddi tədbirlərin və tələblərin
nəticəsində 1995-ci ildə, 1996-cı ildə
Gömrük Komitəsi tərəfindən görülən
işlər artıq gömrük təşkilatının Azərbaycanda
özünəməxsus yer tutmasını nümayiş
etdirir”. Heydər Əliyevin gömrük təşkilatının
ikiillik fəaliyyətinə verdiyi bu yüksək və
obyektiv qiymət bütün gömrük işçilərini
gələcəkdə daha da əzmlə
çalışmağa ruhlandırdı.
Ümumiyyətlə,
həmin yığıncaqda Heydər Əliyevin sonradan hər
bir gömrük əməkdaşının dövlətinə,
xalqına layiqli xidmət edən gömrükçü kimi
formalaşmasında və gündəlik fəaliyyətində
əldə rəhbər tutduğu qısa proqram xarakterli
çıxışı həmçinin Azərbaycan
gömrüyünün inkişaf istiqamətlərini müəyyənləşdirən
bir konsepsiya halını aldı. Bu nitq həmin dövr və
sonrakı illər üçün gömrük xidmətinin
inkişafının prioritetlərini müəyyənləşdirdi.
Heydər Əliyev Azərbaycan dövlətçiliyinin
möhkəmləndirilməsi vəzifəsinin yerinə
yetirilməsində, dünya birliyində respublikamızın
demokratik, hüquqi bir dövlət olaraq tanınması
işində gömrük xidmətini də mühüm
dövlət orqanı kimi ön cərgədə görmək
istədiyini bildirdi.
Onu
da qeyd edim ki, sözügedən dövrdə respublikada
gömrük orqanlarının yalnız bir neçəsi bina
və digər əlavə qurğulara malik idisə, qısa
müddətdən sonra gömrük orqanlarının
sayı, forma və məzmunu tamamilə yeniləndi.
2003-cü ilədək respublikada müasir avadanlıqla təchiz
olunmuş və dünya standartlarına cavab verən onlarla
gömrük orqanları formalaşdırıldı. Heydər
Əliyevin gündəlik diqqət və qayğısı nəticəsində
gömrük orqanlarının maddi-texniki bazası xeyli
möhkəmləndi və ixtisaslaşdırılmış
gömrük idarələri, gömrük postları, Tədris
Mərkəzi, Mərkəzi Laboratoriya yaradıldı.
Ümumdünya
Gömrük Təşkilatının Azərbaycan
Respublikasına etimadının təzahürü kimi, bu təşkilatın
Regional Tədris Mərkəzinin Bakı şəhərində
təşkili də, bilavasitə Heydər Əliyevin
gömrük orqanlarına göstərdiyi gündəlik
qayğının təzahürü kimi qəbul edilməlidir.
Həmin müddətdə Azərbaycan Gömrük Təşkilatının
beynəlxalq əlaqələri də xeyli genişlənmiş
və keyfiyyətcə yeni səviyyəyə
çatmışdır.
Ümumdünya
Gömrük Təşkilatının üzvü olan Azərbaycan
Gömrük Təşkilatı 1999-cu ilin iyulunda bu təşkilatın
Maliyyə Komitəsinin, 2000-ci ilin iyulunda isə Siyasi Komissiyasının
üzvü seçilmişdir ki, bu da Heydər Əliyevin
respublikamızın qabaqcıl dünya ölkələri cərgəsinə
inteqrasiyası istiqamətində apardığı
düzgün, məqsədyönlü siyasətinin
gömrük təşkilatında obyektiv inikası kimi qəbul
edilməkdədir.
Görülən işin bəhrəsi
ÜGT-nin
Siyasi Komissiyasının 44-cü iclasının müstəsna
hal kimi Bakı şəhərində keçirilməsi də
Azərbaycan gömrüyünün Heydər Əliyevin rəhbərliyi
altında əldə etdiyi çoxsaylı uğurlardan
biridir. Təsadüfi deyil ki, 2000-ci il dekabrın 5-də
ÜGT-nin Siyasi Komissiyasının Bakı şəhərində
keçirilən 44-cü iclasının
iştirakçılarını qəbul edən Heydər Əliyev
deyirdi: “Azərbaycan Dövlət Gömrük Komitəsinin
Ümumdünya Gömrük Təşkilatı ilə son illər
yaratdığı işgüzar əlaqələr və
Ümumdünya Gömrük Təşkilatının Siyasi
Komissiyasının 44-cü sessiyasının Azərbaycanda
keçirilməsi - Rusiyanı təmsil edəm hörmətli
qonağımız da dedi, bu, Müstəqil Dövlətlər
Birliyində ilk ölkədir ki, belə bir tədbir
keçirilir - onu göstərir ki, Azərbaycan gömrük
təşkilatı qısa bir müddətdə həqiqətən
inkişaf edib və lazımi təcrübəni toplaya
bilibdir”.
Bu
fikirlər ümummilli liderimizin müstəqil Azərbaycan
gömrükçülərinə verdiyi ən yüksək
qiymət və dəyərdir. Bu gün əminliklə demək
olar ki, Azərbaycan gömrük xidməti ulu öndərin
dediyi kimi, sözün həqiqi mənasında, Azərbaycan
Respublikasının müstəqilliyinin əsas
atributlarından birinə çevrilmişdir. Dövlət
büdcəsinin formalaşması, milli iqtisadiyyatın
stimullaşdırılması, istehlakçıların mənafeyinin
qorunması, cinayətkarlığa qarşı mübarizə
kimi çoxşaxəli funksiyaları daim şərəflə
yerinə yetirməyə səy göstərən Dövlət
Gömrük Komitəsi öz inkişafı ilə dünya
gömrük ailəsində layiqli yerini tutur.
Görülən
işlərin məntiqi nəticəsidir ki, bu gün ölkəmizdə
büdcə gəlirlərinin yaradılmasında
gömrük orqanlarının rolu xeyli artmış, büdcə
gəlirlərində gömrük vergi və
rüsumlarının xüsusi çəkisi xeyli yüksəlmişdir.
Bütün bunlar bir daha onu göstərir ki, ulu öndər
Heydər Əliyevin əsasını qoyduğu və
hazırda uğurla davam etdirilən iqtisadi siyasət tam mahiyyəti
ilə vətəndaş amilinin mənafeyinin təmin
olunmasına, insanların rifah halının yüksəlməsinə
xidmət edir. Müstəqilliyin bəhrələrini zaman
keçdikcə Azərbaycan vətəndaşı öz
taleyində, həyatında daha qabarıq hiss edir.
Bu
gün müasir Azərbaycan
dövləti özünəməxsus inkişaf yolu ilə inamla irəliləyir.
Memarı və qurucusu ulu öndər Heydər Əliyev olan
müstəqil Azərbaycan dövləti böyük şəxsiyyətin
Azərbaycan xalqına ən böyük töhfəsidir. Bu
gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirilən genişmiqyaslı tədbirlər ümummilli
liderimiz tərəfindən başlanmış işlərin
məntiqi davamıdır və hər birimizin borcu ulu öndərin
şah əsəri olan Azərbaycanı qorumaq və daha da
inkişaf etdirməkdir. Öz növbəsində, Azərbaycan
gömrük xidmətinin şəxsi heyəti də Heydər
Əliyev siyasi kursuna sadiq
qalaraq, doğma Vətənin davamlı tərəqqisi naminə
öhdəsinə düşən mühüm vəzifələrin
layiqincə yerinə yetirilməsi üçün bundan sonra
da qüvvə və bacarığını əsirgəməyəcəkdir.
Aydın ƏLİYEV,
Dövlət Gömrük Komitəsinin
sədri,
gömrük xidməti general-leytenantı
Xalq qəzeti.- 2013.- 10 may.- S. 3.