Heydər Əliyev
və milli iqtisadiyyatda sahibkarlıq fenomeni
1991-ci ildə Azərbaycanın öz müstəqilliyinə
qovuşması ittifaq respublikalarından biri kimi, uzun illər
boyu sosialist kollektivçiliyinin, inzibati-amirlik sisteminin bərqərar
olduğu ölkəmizi də köklü dəyişikliklər
astanasına gətirmiş oldu. Dövlətin dəyişməsi
ilə onun iqtisadiyyatının idarəetmə əsaslarının
da köklü şəkildə dəyişməsi, bu prosesdən
qaynaqlanan radikal dəyişikliklər, yeni münasibətlər
sisteminin hüquqi əsasının
formalaşdırılması, yaranmış fərqli
situasiyaya adaptasiya şərtləri dövlətin və
cəmiyyətin həyatına birbaşa təsir göstərərək,
siyasi, iqtisadi, sosial həyatın hər bir spektrində
qabarıq şəkildə hiss olunan proseslərdir.
Məhz
bu proseslər – müstəqilliyimizin ilk illərində ictimai-siyasi vəziyyətin gərginliyi,
ərazi bütövlüyümüzə qarşı təhdidlər,
hakimiyyətdaxili çəkişmələr yeni siyasi, iqtisadi sistemə
keçidin xaotik şəkil almasına gətirib
çıxarmışdı. Belə bir durumda azad bazar
münasibətləri zəminində, demokratik əsaslarla
idarə olunan, sahibkarlıq təşəbbüslərinin dəstəkləndiyi bir iqtisadi sistemin bərqərar
olunmasından hələ söhbət belə gedə bilməzdi.
Yalnız
ümummilli lider Heydər Əliyevin xalqın təkidi ilə
hakimiyyətə qayıdışından sonra, ölkədə
bərqərar edilən ictimai-siyasi sabitlik şəraitində
köklü islahatların aparılmasına, bazar
iqtisadiyyatına, azad sahibkarlığa əsaslanan iqtisadi
münasibətlərə keçid prosesinin sistemli formada həyata
keçirilməsini nəzərdə tutan proqramların
işlənib hazırlanmasına və tətbiqinə
başlanıldı.
Prosesin
başlanğıc mərhələsində həll edilməli
məsələlər kifayət qədər çox idi: uzun
müddət ərzində mərkəzləşdirilmiş
idarəetməyə, planlı iqtisadiyyata, kollektivçiliyə
əsaslanan iqtisadi sistemin mövcud olması, insanların
iqtisadi təfəkkürünün yeni situasiyaya tam
uyğunlaşmaması - keçmiş zamanların siyasi,
iqtisadi və mənəvi inersiyası, ölkədə bazar
iqtisadiyyatı prinsiplərinin qısa zamanda tətbiqinə,
dövlət mülkiyyətinin tamamilə özəlləşdirilməsinə,
bütövlükdə iqtisadiyyatda köklü islahatların
aparılmasına maneələr yaradırdı. Belə bir vəziyyətdə
ümummilli liderin uzaqgörənliyi və iqtisadi siyasət
kursunun səciyyəvi xüsusiyyəti məhz ondan ibarət oldu ki, bazar
iqtisadiyyatına keçid kəskin islahatlarla deyil, mərhələli
islahatlar prinsipi əsasında həyata keçirilməlidir.
Zəngin dövlətçilik təcrübəsinə malik
olan, dünya siyasətində, dünya iqtisadiyyatında
baş verən proseslərdən düzgün nəticə
çıxaran Heydər Əliyevin birbaşa təşəbbüsü
və nəzarəti altında iqtisadi sahədə islahatlar həyata
keçirilərkən təkcə ölkə daxilindəki
ictimai, siyasi, iqtisadi proseslər deyil, bütövlükdə
Azərbaycanın regionda tutduğu mövqe, dünya iqtisadi
birliyinə inteqrasiyanın labüdlüyü geniş
kontekstdən təhlil olunur və iqtisadi islahatlar
konsepsiyasına, onun reallaşdırılma praktikasına
dövlət siyasətinin digər komponentləri ilə
tarazlaşdırılmış şəkildə
baxılırdı. Bu sahədə həyata keçirilən
islahatları dövlət quruculuğunun tərkib hissəsi
kimi görən ümummilli lider 21iyun 1994-cü ildə
Prezident sarayında respublika iqtisadiyyatının və həyatın
digər sahələrinin cari məsələlərinə həsr
olunmuş müşavirədəki
çıxışında vurğulayırdı: “Biz
respublikamızda hüquqi-demokratik dövlət qurmaq yolu ilə
gedirik. Bu, dövlət quruculuğunda, siyasi sahədə
strateji yolumuzdur. Bununla çox sıx əlaqədə olan
ikinci sahə iqtisadiyyatın demokratik yollarla idarə edilməsidir,
yəni iqtisadiyyatda demokratik islahatlar aparılması, bazar
iqtisadiyyatı yoludur. Bütün bunlar kompleks şəkildə
respublikamızı gələcəyə aparan yollar, istiqamətlərdir”.
Beləliklə,
Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə
bazar iqtisadiyyatı institutlarının
formalaşdırılması, özəl sektorun
inkişafı üçün lazımi dövlət dəstəyinin
göstərilməsi və sahibkarlıq fəaliyyəti
subyektləri üçün əlverişli şəraitin
yaradılması istiqamətində silsilə tədbirləri
özündə əks etdirən dövlət əhəmiyyətli
proqramların hazırlanmasına başlanıldı. Lakin
hamımıza məlum olduğu kimi, həmin ərəfədə
ölkənin təcavüzə məruz qalması, ölkə
daxilində sabitliyin pozulmasına yönəlmiş qüvvələrin
xəyanətkar fəaliyyəti yeni iqtisadi sistemə
transformasiya mərhələsinin ilk günlərini yaşayan
ölkə iqtisadiyyatının ağır durumunu bir qədər
də dərinləşdirmişdi. Bu baxımdan, ilkin mərhələdə
ümummilli lider tərəfindən qarşıya qoyulmuş əsas
məqsəd ölkədə sabitliyi bərqərar etməkdən,
hərbi təcavüzü dayandırmaqdan və iqtisadiyyatda
geriləmə meyllərinin qarşısını almaqdan ibarət
oldu.
Təsadüfi
deyildir ki, həmin tarixi dönüşlər zamanında Heydər
Əliyevin rəhbərliyi ilə ölkənin sosial-iqtisadi vəziyyətinə,
yenicə başlanmış islahatlara həsr olunmuş
çoxsaylı toplantılarda ölkənin
düşmüş olduğu ağır durumdan
çıxarılması yolları, bazar iqtisadiyyatına
keçid, ölkənin iqtisadi yüksəliş mərhələsinə
adlamasını təmin edəcək proqram və layihələrin
hazırlanması və bu sahə üzrə qanunvericilik
bazasının formalaşdırılması kimi məsələlərin
hakimiyyət və geniş ictimaiyyət nümayəndələri
ilə ətraflı şəkildə müzakirəsi təşkil
edilirdi. Bu, Heydər Əliyevin Azərbaycanda yenilikçi və
islahat yönümlü ideyaların bayraqdarı olduğunu bir daha bariz şəkildə
göstərirdi. Bir sözlə, ölkə iqtisadiyyatında
azad bazar münasibətlərinin bərqərar olunmasına
yönəlmiş iqtisadi islahatlar hakimiyyətin diktəsi ilə
deyil, dövlətin və xalqın mövqeyi və
maraqları nəzərə alınmaqla, sahibkarlığa
böyük güvənc və etimadla həyata
keçirilirdi. 16 avqust 1996-cı ildə ümummilli liderin Azərbaycanda
fəaliyyət göstərən sahibkarlarla keçirdiyi
görüşdə etdiyi çağırış məhz
bu güvənc və etimadın təzahürü idi. “Respublikanın Prezidenti kimi, mən
dövlət orqanlarından aldığım məlumatlar, təkliflərlə
yanaşı, eyni zamanda, sərbəst iqtisadiyyatla,
sahibkarlıqla məşğul olanlardan da məlumatlar, təkliflər,
məsləhətlər almaq istəyirəm.” Ölkə rəhbərliyinin
bu təşviqedici təşəbbüsləri
respublikamızın iqtisadi mənzərəsinin tamamilə dəyişməsinə
gətirib çıxaracaq köklü islahatların ədalətlilik,
qanunun aliliyi prinsipləri, dövlət və özəl
sektor maraqlarının harmonik şəkildə
uyğunlaşdırılması əsasında həyata
keçirilməsi üçün
əlverişli zəmin formalaşdırırdı. Buna
baxmayaraq yeni iqtisadi sistemə
transformasiyanın doğurduğu çətinliklər və
geriləmə meylləri özünü daha çox sənayedə,
kənd təsərrüfatında, bütövlükdə
istehsal potensialının kəskin surətdə
aşağı düşməsində göstərirdi. Bu
sahələrdə müşahidə olunan arzuolunmaz tendensiya
hətta istehsal olunan məhsulların satışı və
ixracında da ciddi problemlər
yaratmışdı. Yenicə formalaşmaqda olan sahibkarlar təbəqəsi
elə fəaliyyətlərinin ilkin dövrlərində
müflis olmaq, təzə açdıqları istehsal müəssisələrini
bağlamaq təhlükəsi ilə üz-üzə
qalmışdı. Belə bir məqamda 5 aprel 1994-cü il tarixində
ümummilli lider Heydər Əliyev tərəfindən “Azərbaycan
Respublikasında xarici ticarətin sərbəstləşdirilməsi
haqqında” fərmanın imzalanması böyük dəyişikliklər
ərəfəsində olan milli iqtisadiyyatımız
üçün həyati önəm daşıdı. Bu fərmanla
nəzərdə tutulan əsas məqsəd – iqtisadi
islahatların daha da dərinləşdirilməsini, xarici ticarətin
və iqtisadi əlaqələrin səmərəliyinin
artırılmasını, ixracat mexanizminin təkmilləşdirilməsini,
xaricə məhsul satışında müəssisələrin
fəaliyyətinin sərbəstləşdirilməsini, respublikanın
valyuta ehtiyatlarının və ixracat potensialının
artırılmasında onların marağının gücləndirilməsini
təmin etməkdən ibarət idi. Həmin fərman,
respublikanın üzləşdiyi ağır iqtisadi durum
şəraitində, maliyyə
çatışmazlığının hökm
sürdüyü bir vaxtda ölkəyə əlavə
valyutanın cəlb edilməsi üçün hüquqi
bazanı formalaşdırmaqla bərabər, həm də
ölkədə sahibkarlıq fəaliyyətinin genişlənməsinə
əlavə zəmin yaratmış oldu. Ümummilli lider bunu nəzərə
alaraq Prezident Sarayında respublika iqtisadiyyatının vəziyyətinə
həsr olunmuş geniş müşavirədə
çıxışı zamanı sözügedən Fərmanın
əhəmiyyətini xüsusi vurğulayırdı: “Bu fərman iqtisadiyyat
üçün olduqca əhəmiyyətli bir fərmandır.
Bildiyiniz kimi, həmin fərman Azərbaycan
Respublikasının xarici ticarətinin sərbəstləşdirilməsi
haqqındadır. Bu, iqtisadiyyatımızın sərbəstləşdirilməsi
üçün, bazar iqtisadiyyatına keçməyimiz
üçün, bazar iqtisadiyyatını inkişaf etdirmək
üçün çox əhəmiyyətli bir sənəddir”.
Keçid
mərhələsinin başlanğıcında
respublikadakı iqtisadi durumu ağırlaşdıran amillərdən
biri də maliyyə dayanıqlığının təmin
edilməməsi, manatın məzənnəsinin kəskin tərəddüdü,
nəticədə inflyasiyanın davamlı şəkildə
artımı idi. Maliyyə vəziyyətinin qeyri-sabitliyi və
zəruri valyuta ehtiyatlarının
çatışmazlığı aparılan iqtisadi islahatların
səmərəli nəticə verməsinə birbaşa təhlükə
yaradırdı. Bu, həm də bazar iqtisadiyyatına
keçidi, özəl sektorun iqtisadiyyatın təkanverici
qüvvəsinə çevrilməsini əngəlləyən
və ləngidən əsas səbəblərdən idi.
Xalqımızın ümummilli lideri Heydər Əliyev
ölkədə maliyyə sabitliyinin bərqərar edilməsinin
nə qədər önəm kəsb etdiyini yaxşı
bilirdi. Bu çərçivədə atılan ən
mühüm addımlardan biri “Azərbaycan Respublikasında
valyuta tənzimlənməsinin sərbəstləşdirilməsi
haqqında” 28 fevral 1995-ci il tarixli Azərbaycan Respublikası
Prezidenti fərmanının imzalanması oldu. Bazar münasibətlərinə
keçidi nəzərdə tutan islahatların tərkib hissəsi
kimi, sözügedən Fərman respublikada inflyasiyanın
ardıcıl surətdə azaldılması, əhalinin
yaşayış səviyyəsinin aşağı
düşməsinin dayandırılması, istehsalın, ilk
növbədə ixracat potensialının
artırılmasına müəssisələrin
marağının gücləndirilməsi, maliyyə vəsaitlərindən,
o cümlədən valyuta ehtiyatlarından istifadənin səmərəliliyinin
artırılması baxımından əvəzsiz rol
oynadı. Bu Fərmanla həm də ölkədə valyuta
ehtiyatlarının idarə edilməsi Azərbaycan
Respublikasının Mərkəzi Bankına həvalə
edildi və beləliklə valyuta ehtiyatlarının mərkəzləşdirilmiş
şəkildə idarə edilməsinin əsası qoyuldu.
1995-ci
ilin noyabrında ümumxalq səsverməsi ilə qəbul
edilmiş ölkənin əsas qanununda – Azərbaycan
Respublikasının Konstitusiyasının 15-ci maddəsində ölkə iqtisadiyyatının sərbəst
iqtisadi münasibətlər əsasında qurulmasının
təsbiti Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş
iqtisadi inkişaf yolunun konturlarını aydın şəkildə
bir daha ifadə etmiş oldu: “Azərbaycan dövləti bazar
münasibətləri əsasında sosial yönümlü
iqtisadiyyatın inkişafına şərait yaradır, azad
sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə
inhisarçılığa və haqsız rəqabətə
yol vermir”.
Bazar
münasibətlərinin demokratik əsaslarla tənzimlənməsini
göstərən başlıca şərtlərdən biri
sahibkarlıq subyektləri arasında rəqabətin sağlam
əsaslarla aparılmasına nail olmaqdan ibarətdir.
Xüsusilə yeni iqtisadi mühitə adaptasiya
dövrünü yaşayan iqtisadi sistemdə yenicə
formalaşmaqda olan sahibkarlar təbəqəsi
üçün sağlam rəqabət mühitinin
yaradılması həmin dövrün aktual məsələlərindən
birinə çevrilmişdi. Məhz bu zərurətdən irəli
gələrək, 1995-ci ildə “Haqsız rəqabət
haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul
edildi. Sözügedən qanunun qəbul edilməsi ilə
ölkədə haqsız rəqabətin
qarşısının alınması və aradan
qaldırılmasının hüquqi əsasları müəyyən
edildi. Bu, həm də sahibkarlıq fəaliyyətinin təşviqi
və bu sahədəki münasibətlərin ədalətlilik
prinsipləri əsasında qurulmasında dövlətin qətiyyətinin sübutu idi.
Bazar
iqtisadiyyatına keçidin başlıca komponentlərindən
biri də, sözsüz ki, özəlləşdirmə –
mülkiyyət formasının dəyişdirilməsi prosesi
idi. Bu, həm də şəxsi və kollektiv sahibkarlıq təşəbbüsünün
inkişafı, istehsalın səmərəliliyinin yüksəldilməsi
və ölkənin iqtisadi dirçəlişinin sürətləndirilməsinə
təkan verən ciddi bir dönüş demək idi. Ancaq
“Özəlləşdirmə haqqında” Qanunun hələ
1993-cü ilin yanvarında qəbul olunmasına baxmayaraq,
dövlət mülkiyyətinin özəlləşdirilməsinin
meyarlarını və mexanizmlərini müəyyən edəcək
kompleks proqram və layihələrin yoxluğu belə bir
önəmli prosesin anarxik hal almasına gətirib
çıxarmışdı. Özəlləşdirmə
sahəsində vahid qaydaların müəyyənləşdirilməsi
və ardıcıl həyata keçirilməsinin təmin
edilməsi məqsədilə “Azərbaycan Respublikasında
dövlət əmlakının özəlləşdirilməsi
sahəsində əməli tədbirlər haqqında”
Prezident fərmanının qəbul edilməsi bu sahədə
münasibətlərin hüquqi əsasının
yaradılması baxımından xüsusi əhəmiyyətə
malik oldu. Fərmana müvafiq olaraq, dövlət mülkiyyətinin
özəlləşdirilməsi üzrə kompleks
proqramın hazırlanması başa
çatdırıldı və “Azərbaycan Respublikasında
1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin
Dövlət Proqramı” qəbul edildi. Bununla da, mülkiyyətin
özəlləşdirilməsi dövləti maraqlar nəzərə
alınmaqla vahid qaydada müəyyən edilmiş prinsiplər
əsasında həyata keçirilməyə başlandı.
Daha sonrakı dövrdə 10 avqust 2000-ci il tarixdə
ümummilli lider tərəfindən “Azərbaycan
Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin
II Dövlət Proqramı”nın
təsdiq edilməsi ilə
dövlət mülkiyyətinin özəlləşdirilməsinin
ikinci mərhələsinə start verildi. Beləliklə,
özəlləşdirmə prosesinin sistemli şəkildə
və dövlət nəzarəti altında həyata
keçirilməsi nəticəsində respublikada özəl
mülkiyyətçilər və səhmdarlar təbəqəsi
formalaşdı, dövlət tərəfindən özəlləşdirmə
çeklərinin buraxılması ilə əhalinin geniş
təbəqəsi özəlləşdirilmə prosesinə
cəlb edildi. Bazar iqtisadiyyatına keçidin əhəmiyyətli
mərhələsi olan özəlləşdirmə prosesinin
uğurla həyata keçirilməsi ölkə
iqtisadiyyatının liberallaşdırılmasına,
sahibkarlığın genişləndirilməsinə,
bütövlükdə iqtisadiyyatın strukturunda əhəmiyyətli keyfiyyət dəyişikliklərinə
təkan verdi. Həmin dövrün rəqəmlərinə nəzər
saldıqda özəlləşdirmə prosesinin və
bütövlükdə bazar iqtisadiyyatına keçidin
uğurlu nəticələrinin şahidi oluruq. Dövlət
Statistika Komitəsinin məlumatına görə, 1995-ci ildə
sayı 7226 olan kiçik müəssisə və kooperativlər
2000-ci ildə 24254-ə, xarici və müştərək müəssisələr
isə 293-dən 1478-ə çatmışdı.
Ümummilli
lider tərəfindən həyata keçirilən iqtisadi
islahatların tərkib hissəsi kimi aqrar sahədə
aparılmış islahatlar çərçivəsində
sahibkarlığın inkişafını xüsusilə qeyd
etmək lazımdır. Formalaşmaqda olan yeni iqtisadi
münasibətlər iqtisadiyyatın digər seqmentlərində
olduğu kimi, aqrar sahədə də ənənəvi təsərrüfat
vərdişlərini yeni iqtisadi mühitə
uyğunlaşdırmaq, torpaq və əmlak üzərində
yeni mülkiyyət münasibətlərini
formalaşdırmaq və bu sahədə bazar iqtisadiyyatı
qanunlarına uyğun yeni fermer təsərrüfatları
yaratmaq zərurətini meydana çıxarmışdı. Əhalinin
böyük əksəriyyətinin aqrar sahə ilə
bağlılığını nəzərə alsaq, qeyd
olunan sektorda həyata keçirilən fundamental islahatlar əhalinin
yaşayış şəraitinin yaxşılaşmasında,
aqrar bölmədə yeni sahibkarlar nəslinin yetişməsində
mühüm rol oynadı. Aqrar sahədə islahatları bazar
iqtisadiyyatına keçidin əsas mərhələsi kimi dəyərləndirən
Heydər Əliyev vurğulayırdı: “Bir Prezident kimi, mən
Azərbaycanın aqrar bölməsində, ümumiyyətlə,
iqtisadiyyatında dövlət siyasətini artıq müəyyən
etmişəm. Bu, islahatlar yoludur, islahatlar vasitəsilə
istehsalın artırılması, inkişaf etdirilməsi,
mülkiyyətin özəlləşdirilməsi, özəl
bölmənin inkişafına geniş yer verilməsi, bazar
iqtisadiyyatı, insanlara sərbəstlik verilməsi,
sahibkarlığa, təşəbbüskarlığa şərait
yaradılmasıdır. Bu, dövlət siyasətimizin əsas
prinsipləridir”. İslahatların gedişində qəbul
olunan “Sovxoz və kolxozların islahatları haqqında”, “Aqrar
islahatların əsasları haqqında”, “Torpaq islahatı
haqqında” Azərbaycan Respublikasının Qanunları aqrar
sahədə münasibətlərin və dövlət siyasətinin
hüquqi əsaslarının formalaşdıran əhəmiyyətli
qanunvericilik sənədləri idi. Məhz dövlət tərəfindən
müəyyən edilmiş vahid əsaslarla həyata
keçirilən islahatlar kənd təsərrüfatında
illərlə davam edən durğunluğun inkişaf mərhələsi
ilə əvəz olunmasına təkan verdi.
Heydər
Əliyevin qətiyyəti və uzaqgörənliyi nəticəsində
keçmiş postsovet məkanında torpağın özəl
mülkiyyətə verilməsi prosesi ilk olaraq Azərbaycanda həyata
keçirilməyə başlamışdı. Torpaq üzərində
sahiblik, ondan müstəqil şəkildə istifadə etmək
hüquqlarını əldə edən əhalinin
timsalında bu tarixi imkandan yararlanaraq kənd təsərrüfatında
yeni sahibkarlar nəslinin formalaşmasına rəvac verildi.
Müqayisə üçün qeyd edək ki, əgər
1995-ci ildə fermer təsərrüfatlarının sayı
3186 idisə, aqrar bölmədə aparılmış
davamlı islahatlar nəticəsində 2000-ci ildə
onların sayı 34126-ya qədər yüksəldi. Bu proses növbəti illərdə də artan tendensiya
ilə davam etdi.
Ölkə
iqtisadiyyatının digər aparıcı sahələrində
olduğu kimi, aqrar bölmədə həyata keçirilən
islahatlar da ardıcıllığı və sistemliliyi ilə
səciyyələnirdi. Belə ki, əgər
ilkin mərhələdə bu sahəni əhatə edən
islahatlar aqrar sektorda münasibətlərin yeni bazar
qanunları əsasında idarə edilməsinə keçid
və qanunvericilik bazasının yeni mühitə uyğun
olaraq təkmilləşdirilməsi xarakteri
daşıyırdısa, artıq növbəti mərhələdə
həyata keçirilən islahatlar inkişafın sürətləndirilməsinə
yönəlmiş əməli proqram və layihələrlə
dəstəklənməyə başlandı. 1999-cu ilin 9 noyabr tarixli Prezident fərmanı ilə
təsdiqlənmiş “1999-2000-ci illərdə Azərbaycan
Respublikasında aqrar islahatların dərinləşdirilməsi
və kənd təsərrüfatında
sahibkarlığın inkişafına kömək göstərilməsinə
dair Dövlət Proqramı” məhz aqrar sahədə yeni mərhənin
başlanmasından xəbər verirdi. Sözügedən
Dövlət Proqramı ilə aidiyyəti dövlət
qurumlarının qarşısında konkret vəzifə və
tapşırıqlar müəyyənləşdirildi, aqrar
sahədə sahibkarlığın inkişafına dövlət
yardımı mexanizminin təkmilləşdirilməsinə
başlanıldı. Növbəti illərdə də
artıq əldə olunmuş təcrübə əsasında
azad və ədalətli bazar münasibətlərinin bərqərar
edilməsinə xidmət edən proqram və layihələrin
həyata keçirilməsi uğurla davam etdirildi.
Gördüyümüz kimi, ölkə iqtisadiyyatında
köklü dəyişikliklərə və inkişaf
tendensiyasının dönməz xarakter almasına yönəlmiş
islahatlar zamanın tələbləri, dövlət və
özəl sektorun maraqları tam nəzərə alınmaqla
kompleks şəkildə həyata keçirilirdi. Bütün
bu islahatlar sahibkarlıq fəaliyyətinin ölkə
iqtisadiyyatında aparıcı mövqeyə yüksəlməsinə
münbit zəmin formalaşdırdı. Ölkədə
iqtisadi geriləmənin qarşısını alan
və onun inkişaf fazasına daxil olmasının əsaslarını
yaradan islahatlardan sonra ölkədə sahibkarlıq fəaliyyətinin
tənzimlənməsinin hüquqi əsaslarının daha da
möhkəmləndirilməsini hədəfləyən
qanunvericilik islahatlarının, eləcə də
sahibkarlıq təşəbbüslərinin təşviqi və
bu sahəyə dövlət himayəsinin gücləndirilməsini
nəzərdə tutan konkret proqram və tədbirlərin həyata
keçirilməsi sürətləndi.
Qanunvericilik
islahatları çərçivəsində sahibkarlıq fəaliyyətini
tənzimləyən bir sıra qanunvericilik aktlarına mütərəqqi
dəyişikliklər edildi, o cümlədən “Kiçik
sahibkarlığa dövlət köməyi haqqında” Azərbaycan
Respublikasının Qanunu qəbul edildi. Bununla
yanaşı, sahibkarlıq fəaliyyətinin dövlət
qeydiyyatı, lisenziyalaşdırılması kimi
prosedurların hüquqi əsaslarını təkmilləşdirən
və bu prosedurların sadələşdirilməsini nəzərdə
tutan önəmli fərman və sərəncamlar verildi.
Bu çərçivədə, ümummilli lider tərəfindən
imzalanmış “Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi
və sahibkarlığın inkişafı sahəsində
süni maneələrin aradan qaldırılması
haqqında”, “Sahibkarlığın inkişafına mane olan
müdaxilələrin qarşısının alınması
haqqında”, “Azəraycan Respublikasında sahibkarlıq fəaliyyətinin
tənzimlənməsinin bəzi məsələləri
haqqında” fərmanları sahibkarlıq fəaliyyətinin
stimullaşdırılmasında xüsusi rol oynadı.
Sahibkarlıq subyektlərinin sərbəst fəaliyyət
göstərməsinə, bürokratik əngəllərin
qarşısını alan hüquqi mexanizmin
formalaşdırılmasına yönəlmiş bu hüquqi
sənədlər bütövlükdə sahibkarlıq sahəsində
yoxlama və nəzarət funksiyalarının həyata
keçirilməsi qaydalarının müasir tələblərə
uyğun təkmilləşdirilməsində əhəmiyyətli rol
oynadı. Məhz sahibkarlıq fəaliyyətinin
tənzimlənməsinin mütəmadi olaraq qabaqcıl beynəlxalq
standartlara uyğunlaşdırılması nəticəsində
artıq bu gün belə bir fəaliyyətə başlamaq
üçün heç bir bürokratik əngəl
mövcud deyildir. Belə ki, hazırda
sahibkarlıq subyektlərinin dövlət qeydiyyatının
“bir pəncərə” prinsipi əsasında həyata
keçirilməsi sahibkarların biznes fəaliyyətini
maksimum dərəcədə optimallaşdırmış və
onların bir neçə dövlət qurumuna müraciət
etməsi zərurətini aradan qaldırmışdır.
Ümummilli lider Heydər Əliyevin iqtisadi inkişaf
konsepsiyasının tərkib hissəsi kimi 1997-ci ildən
etibarən ölkədə sahibkarlığın
inkişafına dövlət dəstəyinin əhatə dairəsini
daha da genişləndirən və sahibkarlar təbəqəsinin
ölkə iqtisadiyyatında aparıcı mövqeyə
yüksəlişinin əsasını qoyan proqramlar həyata
keçirildikcə, xalqın içərisindən
çıxan bu təşəbbüskar insanların dövlətə,
onun qanunlarına və ölkə iqtisadiyyatının
inkişafına inamı və məsuliyyət hissi yüksəlirdi. Sahibkarlıq fəaliyyətinin
genişləndirilməsinə və təşviqinə
yönəlmiş konkret tədbirləri özündə əks
etdirən 1997-2000-ci illər üzrə “Azərbaycan
Respublikasında kiçik və orta sahibkarlığa Dövlət
Köməyi Proqramı”, 2002-2005-ci illəri əhatə edən
“Azərbaycan Respublikasında kiçik və orta
sahibkarlığın inkişafının Dövlət
Proqramı”nın qəbulu və həmin proqramlarla müəyyənləşdirilmiş
tədbirlərin səmərəli icrası
bütövlükdə sahibkarlar təbəqəsinə
dövlət himayəsinin əyani sübutu, özəl
sektorun üstünləşmə tendensiyasının real
göstəricisi idi. Beləliklə, sahibkarlıq fəaliyyətində
bazar iqtisadiyyatı prinsiplərini möhkəmləndirən,
bu sahənin dövlət tərəfindən maliyyələşdirilməsi
mexanizmlərini müəyyən edən proqramlar ölkə
iqtisadiyyatında özəl sektorun getdikcə aparıcı
mövqe tutmasına səbəb oldu, sahibkarlıq subyektlərinin
rəqabət potensialının daha da artmasını,
onların iqtisadi qloballaşma şəraitinə
uyğunlaşmasını daha da sürətləndirdi.
Həmin dövrün statistik rəqəmləri
də bunu bir daha sübut edir. Belə ki, 2001-ci ilin
yekunlarına əsasən ümumdaxili məhsulda qeyri-dövlət
sektorunun payı artıq 71,0 faiz təşkil
edirdi.
(ardı var)
Cavanşir FEYZİYEV,
millət vəkili, fəlsəfə doktoru
Xalq qəzeti.- 2013.- 10 may.- S. 4.