İnsanlığın
və liderliyin zirvəsində dayanan şəxsiyyət
İnsanlar var ki, bir müddət
ağızlarda dolaşan nəğmələrə bənzəyirlər,
az sonra bu nəğmə unudulur. Dahilərin adı isə hər
zaman dillərdə olur. O da dahi idi. Və bütün
dövrlərin dahisi olaraq qalacaq...
Bu gün yenə Heydər Əliyev şəxsiyyətindən danışırıq, Heydər Əliyev bənzərsizliyindən söhbət açırıq. Bu siyasət korifeyinin heç vaxt heç bir təbliğ təntənələrinə ehtiyacı olmasa da, biz dönə-dönə ona qayıdacağıq. O səbəbdən ki, özümüzün ona ehtiyacımız var... Heydər Əliyev... Müdrikliyi, uzaqgörənliyi, titanik fəaliyyəti ilə dünyanın ən nəhəng, say-seçmə siyasətçiləri ilə bir sırada özünə əbədi yer alan ən böyük Azərbaycanlı. Adı Azərbaycanın, bütövlükdə türk dünyasının tarixinə qızıl hərflərlə yazılmış Dahi. Belə dahilər, bu cür hərtərəfli düşüncə və dərrakəyə, təfəkkürə malik insanlar isə hər əsrin və hər xalqın bəxtinə düşmür!
Heydər Əliyev böyük uzaqgörənliklə: “Mən həmişə xalqa arxalanmışam, xalqa bel bağlamışam... Mənim həyatım həmişə xalqla bir yerdə olub, bu gün də bir yerdədir, sabah da bir yerdə olacaqdır”, — dedi və xalqımız qarşısında göstərdiyi möhtəşəm xidmətlərinə görə tarixdə əbədi yaşamaq haqqı qazandı. O, sözün əsl mənasında, Vətənin böyük oğlu, liderlər lideri, bənzərsiz dövlət xadimi idi. O, sağlığında millətin atası olmağı bacardı, bu zirvəyə ucaldı, xalqın sevgisini qazandı. O, müstəqil Azərbaycanın yaradıcısı, qurucusu, dövlətçiliyimizin qarantı oldu. O, respublikamızı hərtərəfli inkişafa, tərəqqiyə çatdırdı, onun siyasətini, iqtisadiyyatını, elmini, təhsilini, mədəniyyətini dünya standartları səviyyəsinə qaldırdı, 34 illik rəhbərliyi dövründə Vətənimizin ən ağır vaxtlarında, ən çətin məqamlarında belə onu təklənməyə, dağılmağa, parçalanmağa qoymadı. İndi bütün dünyadan səsi eşidilən, sözü eşidilən, ən super dövlətlərin belə hesablaşdığı Azərbaycan bu fenomenal şəxsiyyətin şah əsəridir.
Heydər Əliyev
və Azərbaycan dili
Xalqımızın böyük lideri, əvəzolunmaz şəxsiyyət, nəhəng siyasətçi Heydər Əlirza oğlu Əliyevin müasiri olmaq səadəti mənə də nəsib olub. Ağlım kəsəndən onun nümunəsi məni ahənrüba kimi özünə çəkib. Bu qüdrətli insanın ömür yolundan çox təsirlənmişəm. Onun ağlı, müdrikliyi, uzaqgörənliyi, fəaliyyəti, bütövlükdə həyatı hər kəs üçün nümunədir. Bu nümunədən görüb-götürməliyik, hər birimiz onun ibrətamiz həyat yolundan öyrənməliyik. Əlbəttə, onun müasiri olub, ondan öyrənməmək qeyri-mümkündür. Ondan öyrənməyin özü böyük xoşbəxtlikdir! Təbii ki, o zirvəyə çatmaq, o zirvəni fəth etmək olduqca çətindir, amma ondan öyrənmək, ondan bəhrələnmək olar...
Mən bu gün fəxrlə
deyirəm ki, Heydər Əliyev dövrünün yetirməsiyəm,
onun zəmanəsinin övladıyam, onun liderlik məktəbindən
dərs almışam. Əslində, o, hər kəlməsi,
hər sözü, hər çıxışı, hər hərəkəti
ilə insanlara dərs keçirdi. O, bitib-tükənməyən
bir xəzinə, bir örnək, Allah tərəfindən Yer
üzünə göndərilmiş müqəddəs bir
varlıq, xarizmatik bir qüvvə idi. Onun
çox zəngin həyatını, ömür yolunu, titanik
fəaliyyətini, Azərbaycan və azərbaycanlılar
üçün, bütövlükdə türk
dünyası üçün gördüyü misilsiz işləri
ifadə etməkdə az qala söz də acizdir. Əslində,
bunun üçün qalaq-qalaq, cild-cild kitablar
yazılmalıdır və mütləq
yazılacaqdır.
Mən
bir də ona görə xoşbəxtəm ki, hələ
sağlığında ikən xalqımızın
ümummilli lideri Heydər Əliyev haqqında kitab
yazmışam: “Heydər Əliyev və Azərbaycan dili”. “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini
yaşadan, inkişaf etdirən onun dilidir” deyən, — Heydər
Əliyevə mənəvi borcum məni o kitabı yazmağa
vadar etdi, milli mədəniyyətimizin, o sıradan dilimizin
inkişafı üçün külüng çalan, onun
ictimai statusunun qorunması, dövlət dili kimi işlədilməsi,
geniş auditoriyalara yayılması üçün fövqəladə
güc, enerji və zəhmət sərf edən ulu öndərimizin
natiqlik təcrübəsini ümumiləşdirib yaymaq əsas
məqsədim oldu. Kitab kütləvi tirajla Türkiyədə
də, İranda da nəşr edildi. Onun ana
dilimizə bu qədər yüksək dəyər verməsi,
Azərbaycan dövlətçiliyinin qurucusu və memarı
olması məni biganə qoymadı. Bu gün ana dilimizin
dövlət statuslu dillər arasında olmasına görə
biz hamımız məhz Heydər Əliyevə borcluyuq.
Amma düşünürəm ki, hələ çox az
iş görmüşəm. Biz alimlər bu mahir siyasətçinin,
görkəmli dövlət başçısının həyat
və fəaliyyətini hələ geniş tədqiq etməliyik,
onun haqqında hələ çox ədəbiyyat
yazmalıyıq. Bundan əlavə, məncə,
həm də bütün müəssisələrdə, təhsil
ocaqlarında xalqımızın bu böyük
övladının nitqinə, natiqlik məharətinə aid
xüsusi məşğələlər keçirilməli,
yeniyetmələrə, gənclərə, gələcək nəsillərə
bu görkəmli şəxsiyyətin həyat yolu hərtərəfli
öyrədilməlidir.
Heç şübhəsiz, millətin
simasını səciyyələndirən amillərdən
birincisi dildir. Əgər bu gün planetimizdə yaşayan
minlərlə millət və etnik qrupun cəmi iki yüzə
qədər dövlətin bayrağı altında cəmləşdiyini
və rəsmi dövlət dillərinin sayının
yetmişi keçmədiyini nəzərə alsaq, onda hər
hansı bir millətin dilinin öz dövlətində
dövlət dili olmasının əhəmiyyətini dərk
etmək o qədər də çətin olmaz. Bu mənada, dilin dövlət statusu qazanması həqiqətən
tarixi hadisə, millətin millət olaraq təsdiq, bəşəri
təkamüldə təkanverici qüvvə kimi
çıxış etmək şansıdır.
Çünki dilin dövlət dili statusuna yüksəlişi
millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və
qorumaq qüdrətinin sübutudur. Ana dilimizin qürur
zirvəsinə yüksəlişi yolunda Heydər Əliyevin
gərgin əməyi və gördüyü iş isə həyatını
bu yöndə araşdırmalara sərf edən onlarla alimin fədakarlığına
bərabərdir.
Yüksək kübarlıq, ziyalılıq
etalonu olan Heydər Əliyev, həm də bənzərsiz
natiq idi. O, müdrik, ağıllı qərarları
ilə yanaşı, danışığı, nitqilə də
bu dilin keşiyində duran bənzərsiz bir insan,
böyük mütəfəkkir və alim idi. Öz təfəkkürü
və nitqi ilə ağılları fəth edən bu
insanın natiqlik məktəbindən öyrənəcəyimiz
çox nüanslar var. Mən 1969-cu ildən bu yana onun
bütün çıxışlarını
ardıcıllıqla, diqqətlə izləmişəm. Bu
böyük insanın siyasi məsləkdaşı
olduğumdan onunla yaxından təmas, ünsiyyət də mənə
qismət olub, bir sıra xarici səfərlərdə onu
müşayiət edənlər arasında olmuşam. Və
onun nitqinin gözəlliyinə, zənginliyinə,
axıcılığına, səlisliyinə, sistemliliyinə,
ardıcıllığına, məntiqliliyinə heyran
olmuşam, hər dəfə də bu nitqdə yeni-yeni
çalarlar tapmışam. Heydər Əliyev hər zaman
sırf ədəbi dildə danışır, “sənətlər
içərisində ən gözəl sənət” olan
natiqlik məharəti ilə də hər kəsi valeh edirdi.
“Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı
öz ana dilini - Azərbaycan dilini, dövlət dilini mükəmməl
bilməlidir... Xalqın, millətin, insanın
öz ana dilindən əziz heç bir şeyi ola bilməz”
deyən Heydər Əliyev uzun illər Moskvada
yaşamasına baxmayaraq, heç vaxt ana dilini unutmadı. O,
gözəl nitq mədəniyyəti, danışıq tərzi,
habelə səsinin tembri, aydın diksiyası, intonasiyası,
hətta üz cizgiləri, mimikası ilə də
auditoriyanı ələ alır, onu zənginləşdirir, tərbiyə
edirdi. Sanki sənin qarşında dilin bütün incəliklərinə
dərindən bələd olan, uzun illər natiqlik, nitq mədəniyyətindən
dərs verən mahir bir dilçi alim çıxış
edirdi. Onun nitqi mükəmməl, kamil bir nitq idi. Bu nitqdə
yeknəsəklik yox idi. Heydər Əliyev saatlarla heç bir
qeydə-filana baxmadan, yanılmadan nitq söyləyir və
hamını heyrətləndirirdi!
Zəngin
biliyə, analitik təfəkkürə malik bu insan
tarixçi ilə tarixçi, kimyaçı ilə
kimyaçı, musiqiçi ilə musiqiçi,
yazıçı ilə yazıçı dilində
danışırdı. İti yaddaş və
güclü hafizəyə malik Heydər Əliyev nitqlərində
bəzən elə yeni məlumatlar söyləyirdi ki, hətta
həmin sənətin biliciləri də məəttəl
qalırdılar. Onun saatlarla çıxışı
heç vaxt auditoriyanı yormurdu, çünki o, nitq söyləməyin
bütün sirlərini ən yüksək səviyyədə
bilirdi.
Heydər
Əliyevin əzəmətli görkəmi, mənalı sifəti,
gur, məzmunlu səsi də
danışığındakı məntiqi, emosiyanı
gücləndirir və dinləyicilərdə, onların
yaddaşında dərin iz qoyurdu.
Bəli, hər bir millətin ana dili onun milli varlığının göstəricisidir və ana dilinə dəyən zərbə də, ilk növbədə, milli varlığa dəyən zərbədir. Heydər Əliyev isə müqəddəs ana dilimizi hər şeydən qorudu.
Heydər Əliyev:
müstəqilliyimiz və dövlətçiliyimiz
Heydər Əliyev
xalqımızın danılmaz tarixidir. ...1982-ci il 23 noyabrda o,
Siyasi Büroya üzv seçildi, Moskvaya getdi, SSRİ Nazirlər
Soveti sədrinin birinci müavini oldu, ölkənin ən
mühüm sahələrinə rəhbərlik etdi və
öz güclü təsir qabiliyyəti ilə inkişafa təkan
verdi. Ətrafında belə güclü siyasətçini
görüb xoflanan, ona qısqanclıqla yanaşan
Qorbaçov hər vəchlə Heydər Əliyevi hakimiyyətdən
uzaqlaşdırmağa çalışdı və buna nail
oldu. Bu, ona qarşı ən böyük haqsızlıq idi.
Lakin Heydər Əliyev Siyasi Büro tarixində ilk şəxsiyyət
idi ki, sovet siyasi maşını onu sındıra, əyə,
məhv edə bilmədi. O, Siyasi Bürodan
uzaqlaşdırılan yeganə şəxs idi ki, yenidən
siyasi olimpə qalxmağı bacardı! Çünki o,
artıq çoxdan milyonların sevgisini qazanmışdı.
Qorbaçov
1990-cı il 20 yanvarda təpədən dırnağadək
silahlanmış sovet ordusu ilə Bakıda qanlı faciə
törətdi. Dəhşətli gecənin
səhəri günü xalqımızın böyük
övladı Heydər Əliyev özünün və ailəsinin
həyatını təhlükə altına qoyaraq, Azərbaycanın
Moskvadakı daimi nümayəndəliyinə gəldi, mətbuat
konfransı keçirərək kütləvi informasiya vasitələri
işçilərinə törədilmiş qətliam barədə
ətraflı məlumat verdi, Kommunist Partiyası və Sovet
hökumətinin rəhbərlərini ittiham etdi. Bu, 20 Yanvar faciəsinə verilən
ilk qiymət idi.
Bir məqama diqqət yetirək. Əvvəla,
o tarixə qədər Heydər Əliyev bir şəxsin
çata biləcəyi bütün mümkün zirvələri
fəth etmişdi, bir fərdin öz milləti, öz dövləti
üçün edə biləcəyi xidmətlərin ən
alilərini göstərmişdi, bununla da Azərbaycan
tarixində öz əbədiyaşarlıq hüququnu
artıq təsdiqləmişdi. Digər tərəfdən o,
yaxşı bilirdi ki, bu addımdan sonra Moskvada qalmağı təhlükəlidir.
Başqası olsaydı, bəlkə də, belə təhlükəli
məqamda bu yüksək mövqeyi ilə kifayətlənər,
öz həyatını riskə atmazdı. Bəli,
başqası olsaydı! Amma bu, Heydər Əliyev idi! Və
o, canından çox sevdiyi xalqı, Vətəni, Azərbaycanın
milli dövlətçiliyi naminə bu addımı atdı.
Azərbaycanın müstəqilliyi ona hər şeydən əziz
idi - hətta həyatından da. Bu, onun mənliyi idi. Sonralar
deyəcəkdi: “E Mənim üçün hər şeydən
üstün mənim milli mənliyimdir. Milli mənliyim məni
həmişə bütün çətin vəziyyətlərdən
çıxarıb. Milli mənliyimə görə mən istədiyim
yolla gedə bilmişəm, istədiyimə nail ola bilmişəm
və xalqıma xidmət edə bilmişəm. Ona görə
milli mənliyimizi gərək itirməyək...” Bəlkə
də, elə yüksək mənəviyyat sahibi olduğuna
görə də Tanrı bu fövqəlbəşər
insanı hər zaman hər bir təhlükədən qorudu.
Həm də Azərbaycan üçün, xalqı
üçün qorudu!
...İstər
mərkəz, istərsə də respublika rəhbərləri
tərəfindən təqiblərə məruz qalan Heydər
Əliyev ata yurduna - Naxçıvana üz tutdu. Və həmin
andan etibarən Azərbaycanın qədirbilən
insanlarının diqqəti Naxçıvana yönəldi.
Naxçıvan
Ali Məclisinin sədri olarkən Azərbaycanın
üçrəngli bayrağını ilk dəfə iclas
salonuna məhz Heydər Əliyev gətirdib!
Xalqın
böyük sevgisi, tələb və təkidi 1993-cü ildə
Heydər Əliyevi yenidən hakimiyyətə gətirdi.
Bu, Böyük Qayıdış idi. Bu, xalqın ümidlərinin bərpası idi, onun öz Xilaskarına qovuşması idi! Bu, Azərbaycanın tarix səhnəsindən həmişəlik silinmək təhlükəsindən Qurtuluşu idi! Bu, “ölüm-qalım” dilemmasının xalqın, millətin, dövlətin xeyrinə həll olunması idi! Bu, azadlıq və dövlətçilik rəmzinə çevrilən real və əfsanəvi liderin: “Müstəqilliyimiz dönməzdir, qətidir və əbədidir” fikrinin təsdiqi idi!
Heç vaxt
silinməyən yaddaş
Bu gün Azərbaycanda hara baxsan, Heydər Əliyevin izini görərsən. O, sağlığındaykən Azərbaycan üçün nə küləyin, nə yağışın, nə tufanın soldura bilmədiyi elə möhtəşəm abidələr yadigar qoyub ki, onlar ulu öndər haqqında heç vaxt silinməyən yaddaşdır... Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanda dövlət quruculuğu, ictimai-siyasi sabitlik təmin edildi, iqtisadi inkişaf, beynəlxalq əlaqələrin gücləndirilməsi istiqamətində davamlı proses başlandı, ölkədə bütün sahələr üzrə köklü islahatlar aparıldı. Bunlardan ən birincisi hüquqi islahatlar idi. SSRİ dağıldıqdan sonra ölkə daxilində yaranmış hərc-mərclikdən əsər-əlamət qalmadı. Müdrik bir rəhbərin aydın təfəkkürü, qəti iradəsi, möhkəm əzmi ilə 1994-cü il oktyabr, 1995-ci il mart dövlət çevrilişlərinin qarşısı məharətlə alındı.
Müstəqillik
yolunda inamla addımlayan Azərbaycan qısa zaman kəsiyindən
sonra dünyada baş verən demokratikləşmə
prosesinin iştirakçısına çevrildi.
Heydər
Əliyev 1994-cü ilin may ayında atəşkəs
haqqında müqavilə imzalamaqla Azərbaycanı siyasi,
iqtisadi və hərbi böhrandan qurtardı, dünyanın Azərbaycana
qarşı siyasətini dəyişdi, onun diqqətini Vətənimizə
yönəltdiE
O,
1994-cü il sentyabrın 20-də əsasını qoyduğu
“Əsrin müqaviləsi” ilə dünyanın neft siyasətini
birmənalı şəkildə Xəzər regionuna istiqamətləndirdi.
Bu neft strategiyası Xəzərin Azərbaycan sektorunda
15 ölkənin, 33 iri neft şirkətinin iştirakı ilə
22 neft-qaz müqaviləsinin imzalanmasına səbəb oldu.
Heydər Əliyevin siyasi uzaqgörənliyinin nəticəsidir
ki, indi Azərbaycan dünyanın aparıcı dövlətlərinin
iqtisadi maraq meydanına çevrilmişdir.
Bakı-Ceyhan
Azərbaycanın yeni neft strategiyasının təməl
daşı, iqtisadiyyatımızın ana xəttidir. Mütəxəssislər
haqlı olaraq bu layihəni Azərbaycanın taleyində
dövlət müstəqilliyi qədər əhəmiyyətli
tarixi hadisə hesab edirlər. Azərbaycanın sosial-iqtisadi tərəqqisinə,
onun beynəlxalq iqtisadi inteqrasiyasına zəmin yaradan bu
misilsiz layihəyə görə nəinki Azərbaycan,
xalqı, eləcə də bir çox xalqlar Heydər Əliyevə
minnətdar olacaqlar. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin
çəkilməsi haqqında müqaviləni bağlamaqla
Heydər Əliyev təkcə Azərbaycanın yox,
Gürcüstan və Türkiyənin də iqtisadi
inkişafına zəmin yaratdı, üstəlik, hərbi təhlükəsizliyi
təmin etdi.
Bu kəmərin
böyük iqtisadi əhəmiyyətini dərk etdiyindəndir
ki, xalqımız ona dahi öndərimizin adını verdi.
İndi Bakı-Tbilisi-Ceyhan neft kəməri Heydər Əliyevin
adını daşıyır.
Ümummilli
liderin təxəyyülünün qlobal siyasətə bu
uzaqgörən təsiri bütün Qafqaza aid dünya siyasətinin
dəyişməsinə səbəb oldu.
Qədim İpək yolunun bərpası ideyasını qaldırmaq və onun həyata keçirilməsi işini təşkil etmək isə Heydər Əliyev şəxsiyyətinin regional yox, dünyəvi xarakter daşıdığını sübut etdi. Böyük İpək yolu ilə bağlı otuzdan çox dövlətin müasir inkişafında bu yolun müstəsna rolu ulu öndərin adı ilə bağlıdır.
Siyasi nüfuz və
qüdrətin təzahürü
Mən 1992-ci ildən Heydər Əliyevin
yaradıcısı və qurucusu olduğu Yeni Azərbaycan
Partiyasının, və həmin partiyanın İdarə Heyətinin
üzvüyəm. Bu partiyanı məhz onun rəhbərinə
inandığıma görə seçmişəm. Çox
yaxşı dərk etmişəm ki, belə bir dahinin
yaratdığı partiya 5-10 ilin partiyası deyil. Həqiqətən
də, tarix sübut etdi ki, idarəetmənin böyük
ustası, dünya siyasətinin nadir simalarından olan Heydər
Əliyevin Yeni Azərbaycan Partiyası dünənin, bu
günün və sabahın partiyasıdır.
2007-ci ildə partiyanın yaradılmasının 15 illiyi münasibəti ilə “YAP dünənin, bu günün, sabahın partiyasıdır” adlı kitab yazdım. YAP mövcud olduğu 20 il ərzində məhz qüdrətli liderinə görə özünü cəmiyyətə hakimiyyət hərisi olan qruplaşma kimi yox, dövlətçiliyə xidmət edən mükəmməl bir ordu kimi təqdim edə bilib. Bu gün YAP sıralarında altı yüz mindən çox insanın birləşməsi onun liderinin siyasi nüfuz və qüdrətinin təzahürüdür. Heydər Əliyev elə bir nəhəng siyasətçi idi ki, bircə çağırışına milyonlarla adam səs verirdi. Bu, onun iradəsinin xalqın iradəsinə söykənməsi faktıdır.
Xeyirxahlığın
ali nümunəsi
Heydər Əliyev Azərbaycan rəhbərliyinə gələn kimi qədim milli dəyərlərimizi, ədəbiyyatımızı, mədəniyyətimizi, incəsənətimizi, tariximizi özümüzə qaytarmaq sahəsində də çox ciddi işlər gördü. Dədə Qorqudu, Nizamini, Nəsimini, Xətaini layiq olduğu müdriklik zirvəsinə qaldırdı. Alimlərin, bəstəkarların, sənətkarların yetişməsi üçün lazımi şərait yaratdı. Ulu öndərin çox böyük xidmətlərindən tək birini yada salmaq istəyirəm. 1937-ci il repressiyasının qurbanlarından biri, görkəmli ədibimiz Hüseyn Cavidin Vətənə “dönüşü”, yəqin ki, orta yaşlı hər bir azərbaycanlının yaxşı xatirindədir. 45 illik vətənsizlikdən sonra Hüseyn Cavid məhz Heydər Əliyev böyüklüyü sayəsində Azərbaycana, Vətən torpağına qovuşdu. Bu, xeyirxahlığın ali nümunəsi idi! 1993-cü ildə prezident seçkilərindən sonra Heydər Əliyev Cavid məsələsinə yenidən qayıtdı. O, 1995-ci il iyun ayında keçirdiyi müşavirədə Cavidin məqbərəsi, ev muzeyi ilə bağlı problemləri həll etdi. 1996-cı il oktyabrın 29-da Naxçıvanda Hüseyn Cavidin məqbərəsinin açılışı oldu. Mən də həmin tədbirdə iştirak edirdim. Və orada bir daha Heydər Əliyev ucalığının, qədirbilənliyinin şahidi oldum. Həmin gün o, hər kəsdən artıq sevinirdi. Bu misilsiz xidmətinə görə ona minnətdarlıq edənlərə isə sözü bu oldu: “Mən çox məmnunam. Sevinirəm ki, 15 il bundan əvvəl qəbul etdiyim qərar həyata keçir. Mənim arzularım həyata keçir. Mən sizi də, özümü də bu münasibətlə təbrik edirəm”. Bəli, Heydər Əliyev elə hər sahədə misilsiz lider və böyük rəhbər olduğunu bütün bəşəriyyətə öz əməlləri ilə sübut etdi...
Böyüklük...
sadəlik
Heydər Əliyevin elmimizə, təhsilimizə,
müəllimlərə və ziyalılara qayğısı
da hədsiz idi və bu qayğıdan mənə də pay
düşüb. İndi onun: “Mən Yer
üzündə müəllimdən başqa yüksək ad
tanımıram”, “Cəmiyyətimizdə, Azərbaycan
ziyalılarının içərisində müəllimlər
xüsusi yer tuturlar, onlar hörmətə layiqdirlər və
xüsusi qayğı ilə əhatə olunmalıdırlar”
kimi çox uca kürsüdən deyilmiş fikirlərini
böyük minnətdarlıqla yada salıram. Heydər Əliyevin
bu yüksək qiyməti bizi həmin diqqətə layiq
olmağa səfərbər edirdi. Xoşbəxtəm
ki, 1994-cü ildə Azərbaycan Dövlət Pedaqoji
Universitetinə rektor, 1996-cı ildə Heydər Əliyevin fərmanı
ilə məsul dövlət vəzifəsinə—Dövlət
Teleradio Verilişləri Şirkətinin sədri vəzifəsinə
təyin olunmuşam, o dahi insanın xeyir-duasını
almışam. Həmin tarixi ömrümün ən
unudulmaz günü hesab edirəm.
Şübhəsiz, televiziya siyasətinin əsas qayəsini Azərbaycan Prezidentinin daxili və xarici siyasət kursunun həyata keçirilməsinə layiqli xidmət təşkil edir. “Radio və televiziya insanları təsirləndirir, onların təkmilləşməsinə, mənəviyyatca inkişafına kömək edir, dünyaya gözünü açır, onları bütün dünya ilə birləşdirir”,— deyən Heydər Əliyev mətbuata, radio-televiziyaya yüksək dəyər verirdi, mətbuat işçilərinə böyük hörmətlə yanaşırdı. Jurnalistlərlə çox səmimi münasibət yaratması, sözün həqiqi mənasında, onların dostuna çevrilməsi fakt idi və indi hər kəs bu barədə ürəkdolusu danışır. Mətbuatdan senzuranın götürülməsi, ona qayğı isə Heydər Əliyevin nə qədər böyük demokrat olduğunu göstərirdi. Heydər Əliyev efirdə, ekranda elmin, mədəniyyətin nailiyyətlərinin təbliğinə, ictimai rəyə, TV-nin təsiri məsələlərinə, radio, televiziya ilə təbliğata çox böyük əhəmiyyət verirdi. O, radio, televiziya işçilərinin böyük dostu, məsləhətçisi, himayədarı idi. Ötən illər pambıq tarlalarında, əmək müəssisələrində, qızmar Günəş altında kənd əməkçiləri, fəhlələrlə görüşləri zamanı hansı mövzuları daha çox işıqlandırmaq, nələrdən daha çox bəhs etmək gərək olduğunu, bir çox hallarda isə hansı janrlarda proqramlar hazırlamağı TV işçilərinə məsləhət görürdü. Dövlət işlərinin hədsiz çox olmasına baxmayaraq, ölkə başçısı təbliğatın bu növünü daim diqqətdə saxlayır, reportyorların ən adi suallarına belə ətraflı cavablar verirdi. O, TV ilə, radio ilə xalqa çatdırılan informasiyanın miqyasını və təsirliliyini yüksək qiymətləndirərək deyirdi: “Televiziya bütün informasiya orqanlarından ən kütləvisidir. İndi heç kəs öz həyatını televiziyasız təsəvvür edə bilməz. Yəqin ki, televiziyasız yaşamaq da olmaz. Televiziya Azərbaycan xalqının milli sərvətidir”. Təbliğatda ardıcıllığa, təhlilə, aydın və dəqiq faktlara əsaslanmağa üstünlük verən, cəmiyyətin inkişafında teleradionun rolunu yüksək qiymətləndirən Heydər Əliyev burada çalışanların yüksək mənəvi əxlaqını, təhsil, peşə savadını, işə, sənətə fanatik sevgi keyfiyyətləri ilə seçilmələrini, ətrafdakılara nümunə olmağı arzulayırdı. O, şirkətimizdə olarkən buradakı iş şəraiti ilə maraqlanır, müasir televiziyanın texniki bazasının möhkəm olmasının vacibliyini, işçilər üçün yaradılan şəraitin, xidmətlərin böyük rol oynadığını bildirirdi. Ən qaynar nöqtələrdən reportajlar hazırlayan jurnalistlərin fədakar əməyindən dönə-dönə söz açan dövlət başçısı şəhid jurnalistlərimizin ailələrinə daha çox qayğı göstərməyi tövsiyə edirdi. Günün xronikasını yaradan teleradio əməkdaşlarının ən sevimli müsahibi kimi tanınan Heydər Əliyev bir çox xarici, eləcə də ölkə mətbuat və TV qurumlarının mükafatları ilə təltif olunmuşdur. Ölkədə yaratdığı sabitlik və demokratiyaya görə, mətbuatda söz azadlığına, ölkə iqtisadiyyatında və siyasi kursunda xalqa maksimum səmərəli variantları seçib müəyyənləşdirdiyinə görə, ulu öndərin bir neçə il dalbadal “İlin adamı” fəxri adına layiq görülmüşdür.
Görkəmli lider özəl teleradio şirkətlərinin inkişafına çox diqqət yetirir, “ana” televiziyamıza yeni yaranan efir vasitələrinə hər cür yardım göstərməyi tövsiyə edirdi. Sağlam efir mübadiləsini, xüsusən, informasiya mübadiləsi zamanı birgə işi təqdir edir, bu sahədə intensiv yaradıcılıq əməkdaşlığını vacib sayırdı.
(ardı var)
Nizami XUDİYEV,
YAP İdarə Heyətinin
üzvü,
filologiya elmləri doktoru, professor
Xalq qəzeti.- 2013.- 10 may.- S. 5.