Şəxsiyyətin qüdrəti

 

Xalqlar ilk növbədə görkəmli şəxsiyyətləri ilə tanınır. O şəxsiyyətlərlə ki, onlar, hər şeydən öncə, məhz özlərinin mənsub olduqları xalqların taleyində önəmli xidmətləri ilə tarixin yaddaşına düşmüşlər. Bu mənada Otto Bismark almanlar, Şarl de-Qoll fransızlar, Corc Vaşinqton amerikanlar, Mahatma Qandi hindlilər, I Pyotr ruslar, Mustafa Kamal Atatürk isə türklər üçün unudulmaz tarixi simalardır. Necə ki, ulu öndər Heydər Əliyev  Azərbaycan xalqı üçün ümummilli lider hüququ qazanmış  dahi bir şəxsiyyətdir. Prezident Adminstrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin bu yaxınlarda respublika mətbuatında dərc olunmuş “Şah İsmayıl Xətai” adlı məqaləsində görkəmli tarixi şəxsiyyətlərin xalqların taleyindəki rolu barədə deyilir: “Dünya tarixinin təcrübəsi göstərir ki, dövlət quruluşunun istənilən formasında əgər dövlət başçısı postuna liderlik keyfiyyətləri olan şəxsiyyət gəlirsə, bir qayda olaraq, o, xalqının həyatı və inkişafında aparıcı rol oynayır. Siyasi xaos və birliyin olmadığı vaxtda dövlət sükanı arxasına keçən Şah İsmayılın şəxsiyyəti və əməlləri dünya nizamının dağıldığı dövrdə xalq tərəfindən dövlət başçısı postuna çağırılmış Heydər Əliyevin şəxsiyyəti ilə çox baxımdan oxşardır. Məhz belə dövlət xadimlərinin zəkası və istedadı sayəsində millət öz müstəqilliyinə və suveren dünyagörüşünə nail olur”.

Heydər Əliyevin istər dövlət təhlükəsizlik orqanlarında, istər 70-80-ci illərdə Azərbaycana rəhbərlik etdiyi illərdə, istərsə də SSRİ rəhbərliyində olduğu və nəhayət, müstəqillik illərində Naxçıvana və Azərbaycana rəhbərlik etdiyi illərdə etdiklərini sadalamaqla qutarmaz. Ulu öndərin respublikamızın və xalqımızın parlaq gələcəyinə təminat olan çox gərgin və səmərəli fəaliyyətinin istər ayrı-ayrı mərhələlərini, istərsə də müxtəlif istiqamətlərini hərtərəfli və dərindən araşdırmaq, öyrənmək və ümumiləşdirmək üçün, xüsusi elmi mərkəzlər işləməlidir. Özü də bu, çox vacib bir işdir. Təkrar edirəm, ulu öndərin nəsillərə nümunə olan ömür yolu və zəngin elmi-nəzəri irsi oxumaqla, öyrənməklə bitən bir xəzinə deyil. O, böyük bir məktəbdir. Heydər Əliyevin ömür yolu və əməli fəaliyyəti həm bugünkü, həm də gələcək nəsillər üçün nadir bir mənəvi xəzinədir. Odur ki, hər bir Azərbaycan övladı bu nadir məktəbin və mənəvi xəzinənin qədrini və dəyərini bilməlidir. Ən azı ona görə ki, hər birimizin ailəmizin, qohumlarımızın və yaxınlarımızın taleyində ulu öndərin önəmli rolu olub. Onun qurduğu, dinamik inkişaf yoluna çıxardığı müstəqil Azərbaycanın taleyi elə hər birimizin taleyidir.

Böyük məmnunluq hissi ilə deməliyəm ki, ulu öndərin taleyində xüsusi rolu olan xoşbəxt insanlardan biri də mənəm. Məlumat üçün bildirim ki, o, 1969-cu ildə Azərbaycana rəhbər seçiləndə mən hələ gənc idim. Ali məktəbi yenicə bitirərək Xırdalanda fəaliyyət göstərən  tikinti idarələrindən  birində sıravi işçi kimi çalışırdım. Çox keçmədi ki, məni  həmin tikinti idarələrindən birinə rəis təyin etdilər.  O dövrün çox mühüm  sənaye obyektləri  hesab edilən Xırdalan pivə zavodunun, mebel fabrikinin, daha sonra isə ət kombinatının tikintisi həmin idarəyə həvalə  olunmuşdu. Onlar o dərəcədə mühüm obyektlər  idi ki,  tikintinin vəziyyəti  ilə Mərkəzi Komitənin birinci katibi kimi Heydər Əliyev özü şəxsən maraqlanırdı. Ulu öndəri ilk dəfə yaxından görmək, eşitmək, dinləmək, suallarına cavab vermək, məsləhət, göstəriş və tövsiyələrini eşitmək xoşbəxtliyi də mənə elə o zaman nəsib oldu.

1977-ci ilin iyununda məni Mərkəzi Komitəyə çağırdılar. Şöbə müdiri İsmail Əsgərov dedi ki, səni Heydər Əliyev qəbul edəcək. İstəyirlər Ordubad Rayon Soveti İcraiyyə Komitəsinə sədr göndərsinlər. Ulu öndər məni çox mehribanlıqla qəbul etdi, ünvanıma xoş sözlər dedi:

- Mənə dedilər ki, sən artıq Naxçıvana getməyə razılıq vermisən. Bu, çox yaxşıdır. Naxçıvanlıların bir qismi məndən xahiş edir ki, Bakıya işə gəlsinlər, amma sən Naxçıvana gedirsən. Mən bunu çox bəyəndim.

Ulu öndər daha sonra Ordubadda görüləsi işlərlə bağlı mənə tövsiyələrini bildirdi.

Üç il həmin vəzifədə işlədim. 1980-ci ilin yanvar ayında məni Ordubad Rayon Partiya Komitəsinin I katibi seçdilər. O zaman da Heydər Əliyev məni qəbul etdi. Dedi ki, sənin fəaliyyətini yaxından izləyirəm, hələlik qənaətbəxş işləyirsən.

Beş ay sonra o, Ordubada gəldi, bir sıra yerlərdə, o cümlədən 1500 nəfərin işlədiyi ipəkaçma fabrikində oldu. Qadınların ağır iş şəraitində çalışdığını gördü və oradaca yüngül sənaye nazirinə 3 ay ərzində fabrikdə havalandırma sisteminin qaydaya salınmasını əmr etdi. Çox keçmədi ki, Ordubadda müasir texnologiya və avadanlıqlarla işləyən yeni ipəkaçma fabriki işə düşdü.

Ulu öndər Ordubadda olarkən onun rayonumuza gəlişindən xəbər tutaraq akademik Yusif Məmmədəliyevin abidəsi önünə toplaşmış on minlərlə insanın qarşısında çıxış etdi. Həmin nitqində dediyi “Ordubad Azərbaycanın incisidir” kəlamı  ordubadlılar tərəfindən dillər əzbəri oldu.

O, Bakıya dönəndən sonra Naxçıvan Vilayət Partiya Komitəsinin I katibi məni yanına çağırıb dedi:

- Heydər Əliyev mənə tapşırdı ki, Ordubadın I katibini qoru.

Bu, əlbəttə, mənim üçün çox böyük etibar və diqqət idi. Odur ki, ömrüm boyu bu diqqətə, bu etibara layiq olmağa çalışmışam.

1982-ci ildə Heydər Əliyevi Moskvaya apardılar. O, Sovet dövlətinin rəhbərlərindən biri kimi fəaliyyətini davam etdirdi.

Heydər Əliyevin getməsi ilə Azərbaycanda çox sahələrdə, xüsusən də dövlət idarəçiliyində ciddi boşluqlar yaranmağa başladı. Açığını deyim ki, işgüzar və vicdanlı kadrlar üçün olduqca ağır bir dönəm başladı. Heydər Əliyev əleyhinə aparılan, özü də Moskvadan idarə olunan çirkin kampaniya namuslu insanları qəzəbləndirir, onların əlini işdən soyudurdu. Moskvanın Heydər Əliyev əleyhinə apardığı kampaniya Naxçıvan əhalisini, sözün əsl mənasında, hövsələdən çıxarmışdı. Odur ki, 31 dekabr 1989-cu il tarixdə bütün bunlara cavab olaraq Azərbaycanın İran və Türkiyə ilə sərhədindəki sərhəd dirəkləri Naxçıvan əhalisi tərəfindən çıxarılıb atıldı. Bundan 3 gün sonra Vəzirov, Girenko və Nişanov Naxçıvana gəldilər. Başda Nehrəm camaatı olmaqla, Naxçıvan əhli onlara elə bir üz göstərdi ki, gəldiklərinə də peşiman oldular. Təsəvvür edin, camaat onların yolunu blokadaya alaraq Vilayət Partiya Komitəsinin binasına daxil olmalarına çox ciddi əngəl yaratdı. O zaman Ali Məclisin binası qarşısına  toplaşanların bir çoxunun əlində “Vəzirov, çıx get!”, “Yaşasın Heydər Əliyev!” şüarları yazılmış plakatlar və Heydər Əliyevin portretləri var idi. Bu, əslində, Naxçıvan əhalisi tərəfindən keçirilən ilk Heydər Əliyevi müdafiə mitinqi idi.

1990-cı il mayın 6-da Naxçıvan Vilayət Partiya Komitəsinin I katibi Afiyyədin Cəlilov məni kabinetinə çağıraraq, çox yaxşı işləyirsən, ona görə də səni II katib təyin etmək istəyirəm, — dedi. Mən etiraz etmədim. Bir gün ötəndən sonra o yenidən məni çağıraraq işdən getməyim barədə ərizə istədi. Səbəbini soruşdum, dedi ki, belə məsləhət oldu. Mən də ərizə yazıb işdən getdim. Dörd ay işsiz qaldım.

1990-cı ilin iyununda Heydər Əliyev Naxçıvana qayıtdı. İlk vaxtlar o, bacısının evində qalırdı və biz tez-tez görüşürdük. O vaxt Naxçıvanın çox ağır günləri idi. Cəbhəçilər Heydər Əliyevdən canlarını qurtarmaq və hakimiyyəti qəsb etmək naminə hətta Naxçıvanı da ermənilərə təslim etməyə hazır idilər. Əhali isə çaşqınlıq və həyəcan içərisində nə edəcəyini bilmirdi.   Heydər Əliyevin Naxçıvana dönüşü insanları ürəkləndirirdi. Cəbhəçilər isə xalqın təzyiqindən qorxaraq manevr etməyə başladılar.

Naxçıvan camaatı Heydər Əliyevə, Heydər Əliyev isə Naxçıvan camaatına arxa-dayaq oldu.

Günlərin bir günü Ordubadda idim. Xəbər gəldi ki, Afiyyəddin Cəlilov məni çağırır. Mən də getdim. 1990-cı ilin sentyabrında məni Naxçıvan Dövlət Plan Komitəsinin sədri və baş nazirin I müavini vəzifəsinə təyin etdilər. Əlbəttə, neçə aydır ki, işsiz qalan bir adamı birdən-birə belə məsul vəzifəyə təyin etmək elə belə məsələ deyildi. Sonradan öyrəndim ki, bu təyinat məhz ulu öndərin tapşırığı əsasında baş tutub. O zaman nehrəmlilər Heydər Əliyevin deputatlığa namizədliyini vermişdilər. Ulu öndərin seçkiqabağı görüşləri olduqca yüksək səviyyədə keçirdi. Seçki günü də hamıdan daha çox səs toplayan məhz Heydər Əliyev oldu. Nəhayət, 3 sentyabr 1991-ci ildə o, Naxçıvan əhalisinin israrlı təkidi ilə Ali Məclisinin sədri seçildi.

Hər zaman Allahıma şükür edirəm ki, o dahi insanla görüşməyi, onunla bir yerdə işləməyi, məsləhət və tövsiyələrini eşitməyi, onun insanlara olan qayğısını müşahidə etməyi mənə qismət edib. Mən özümü çox xoşbəxt insan hesab edirəm. Yəni, mənim üçün Heydər Əliyev kimi dahi bir insanın rəhbərliyi altında işləməkdən, onunla bir dövrdə yaşamaqdan şərəfli nə ola bilərdi?!   Naxçıvana rəhbərlik etdiyi qısa müddət ərzində o dörd dəfə Türkiyədə, iki dəfə İranda rəsmi səfərdə oldu. Turqut Özal, Süleyman Dəmirəl, Rəfsəncani və digər rəsmilərlə görüşərək danışıqlar apardı. Bilirsiniz, o insanlar Heydər Əliyevə necə qiymət verirdilər?! Onlardan heç biri və heç zaman onun sözünü kəsmirdi. Bu insanların hər biri onu çox böyük maraq və diqqətlə dinləyirdi.         1992-ci ilin aprelində İzmirdə çox böyük bir iqtisadi forum keçirilirdi. 67 ölkənin dövlət və hökumət başçılarının təmsil olunduğu bu forumda ən hörmətli yerdə Turqut Özal, onun xanımı, Heydər Əliyev, daha sonra Süleyman Dəmirəl və qeyriləri əyləşmişdi. Heydər Əliyevin forumdakı nitqi çox böyük marağa səbəb oldu və hamıdan əvvəl məhz Turqut Özal ayağa qalxaraq onu alqışladı. Turqut Özala baxaraq bütün salon ayağa qalxdı və Heydər Əliyevi alqışladı.

1992-ci ilin avqustunda İran Prezidenti Rəfsəncani onu rəsmi səfərə dəvət etdi və özünün şəxsi təyyarəsini Naxçıvana onun dalınca göndərdi. İran Prezidenti Heydər Əliyevi çox böyük hörmət və ehtiramla qarşıladı, danışıqların gedişində İranla Naxçıvan arasında çox mühüm əhəmiyyətli protokol imzalandı. Həmin protokola əsasən tez bir zamanda Şahtaxtı kəndində yeni körpü tikildi. İki müştərək bazar açıldı, iri qabaritli maşınların İran ərazisindən keçərək Bakıdan Naxçıvana yük daşımasına icazə verildi, Xoy-Culfa-Naxçıvan qaz kəmərinin çəkilişinə dair razılıq əldə olundu və nəhayət, İrandan Naxçıvana 30 meqavat gücündə elektrik enerjisi verilməsinə başlanıldı. 1992-ci ilin sonlarında isə Türkiyədən, daha doğrusu, İqdırdan Naxçıvana elektrik xətti çəkildi. Təsəvvür edin, 98 kilometrlik yüksək gərginlikli elektrik xətti cəmisi 6 ay ərzində istifadəyə verildi. Bütün bunlar, əlbəttə, o zaman ağır blokada şəraitində olan Naxçıvan üçün həyati əhəmiyyətli işlər idi.

18 mart 1993-cü il tarixdə İran Prezidenti Rəfsəncani ilə növbəti görüşündən qayıdarkən Heydər Əliyev Xudafərin körpüsünə baxmağı qərara aldı. Yolüstü İran Culfasının Ordubadla üzbəüz olan Siyaqut kəndindən keçərkən camaat onu tanıdı. Hamı ətrafına toplaşdı, hörmət və ehtiram əlaməti olaraq ayağının altında 31 qoyun qurbanı kəsildi. Daha sonra Xudafərin istiqamətində yolumuzu davam etdirərkən Meqri rayonunun Aqarak qəsəbəsində Araz çayı üzərində İranla-Ermənistanı birləşdirən körpü tikildiyini görəndə ulu öndər bərk narahat oldu.

Xudafərin körpüsündə bizi 18 yaşlı bir əsgər qarşıladı. Körpünü qoruyurdu. Əvvəlcə o, bizi körpüyə buraxmadı və birdən ulu öndəri tanıyaraq, -Siz yoldaş Əliyev deyilsiniz?!-deyə qabağa düşərək böyük ehtiramla: – Buyurun, keçin, – dedi. Ulu öndər soruşdu ki, ay oğul, sən məni haradan tanıyırsan? Əsgər dedi ki, atam Füzulidəki evimizdə Sizin şəklinizi divardan asdığımız xalçanın üstünə vurub. Sizi ondan tanıdım. Gənc Azərbaycan əsgərinin bu səmimi sözləri ulu öndəri bərk kövrəltdi. O, əsgəri qucaqlayaraq öpdü və xidmətində ona uğurlar arzuladı.

O dövrün çətinlikləri barədə çox danışa bilərəm. Bir tərəfdən, Bakının Naxçıvana ögey münasibəti, respublikanın başında duran təsadüfi və başabəla rəhbərlərin Heydər Əliyev xofu, digər tərəfdən isə Ermənistanın yaratdığı blokada və müharibə çağırışları Naxçıvandakı onsuz da dözülməz olan şəraiti daha da gərginləşdirdi. Təsəvvür edin, Ali Məclisin sədri hətta qışın sərt şaxtalı günlərində belə çox vaxt gecə saat 3-4-ə qədər işləyirdi.

Heydər Əliyevlə görüşmək üçün Naxçıvana saysız-hesabsız insan gəlirdi. Bu adamları yerləşdirmək, onlara qulluq etmək lazım idi. Yeni Azərbaycan Partiyasının təsis konfransını yada salmaq istərdim. Adamlar cəmisi 32 nəfərlik tutumu olan YAK-40 təyyarəsinə tramvaya doluşan kimi doluşaraq Naxçıvana gəlirdilər. Təsis konfransının keçirildiyi C.Məmmədquluzadə adına Naxçıvan Teatrının binasında son 3-4 ildə, demək olar ki, heç bir tədbir keçirilməmişdi. Teatrın içərisi küçədən soyuq idi. Amma ulu öndər bu şəraitdə belə paltosunu soyunaraq kostyumla konfransa girdi və axıradək də heç nə hiss elətdirmədi.

1993-cü ilin iyununda ölkədə siyasi gərginlik pik həddinə çatdı. Cəmisi bir neçə ay öncə hakimiyyət əldə etmək uğrunda bir-birini didən üzdəniraq liderlər günü-gündən dərinləşməkdə olan daxili siyasi böhran və xaricdən olan təzyiqlər qarşısında tab gətirə bilməyərək pərən-pərən düşdülər. Qarabağda hərbi əməliyyatların gedişi zamanı düçar olduğumuz uğursuzluqlar hamıya dərd olmuşdu. Bu problemlər Heydər Əliyevin də yuxusunu ərşə çəkmişdi. Daxili siyasi qüvvələrlə, xarici ölkə rəsmiləri ilə bu istiqamətdə ardıcıl olaraq danışıqlar aparmaqda idi. Belə olan halda Heydər Əliyevin yenidən Bakıya-siyasi rəhbərliyə qayıtması üçün hər yanda imza toplama kampaniyası gedirdi. Görkəmli ziyalılar, alimlər, ictimai xadimlər ona dönə-dönə müraciət etdilər və nəhayət, iyunun 7-də Prezident Əbülfəz Elçibəy öz şəxsi TU-134 təyyarəsini onun ardınca Naxçıvana göndərdi.

Amma ulu öndər Bakıya dönmək məsələsində əvvəlcə razılıq vermədi. Prezidentin təyyarəsi 3 gün Naxçıvanda onu gözlədi. Mənim kabinetimdən bir neçə dəfə Elçibəylə danışdılar və bildirdilər ki, Heydər Əliyev gəlmir. Yalnız Elçibəyin təkrar-təkrar və israrlı xahişindən sonra o, Bakıya getməyə razılıq verdi.

Onu Bakıya yola salmaq üçün, demək olar ki, bütün Naxçıvan əhalisi Ali Məclisin qarşısındakı meydana toplaşmışdı. İnanın, insanların çoxu göz yaşları içərisində idi. Kimisi sevinirdi ki, Heydər Əliyev Bakıya gedib qardaş qırğınının qarşısını alacaq və Azərbaycan dövlətini parçalanma təhlükəsindən xilas edəcək. Kimisi də Heydər Əliyev gedəndən sonra Naxçıvanın taleyinin necə olacağından narahat olduğu üçün göz yaşları axıdırdı.

Bakı aeroportunda onu Naxçıvanda olduğundan daha böyük izdiham qarşıladı. Adamlar bütün maneələri aşaraq birbaşa təyyarənin pilləkəni yanına qədər doluşmuşdu. Onları buraya gətirən  ulu öndərə olan məhəbbət, sədaqət və ən başlıcası inam idi. Hamı inanırdı ki, Azərbaycanı düçar olduğu bəlalardan yalnız Heydər Əliyev xilas edə bilər.

Əslində, Naxçıvan əhalisinin narahatçılığı da, Bakı aeroportuna toplaşanların sevinci də başa düşülən idi. Çünki naxçıvanlılar da, bütünlükdə Azərbaycan əhalisi də Heydər Əliyevin hakimiyyətdə olduğu illəri də, onun hakimiyyətdən  kənarda qaldığı dönəmi də öz gözləri ilə  görmüşdülər. Ölkənin hər zaman olduğundan daha ağır böhranlı bir çağında ulu öndərin  gedişinin də, gəlişinin də  məna və əhəmiyyəti, sözsüz ki, qat-qat artıq idi. Bəli, Vəzirov, Mütəllibov və Xalq Cəbhəsi hökumətlərinin səriştəsiz rəhbərlikləri dövründə Azərbaycan dövləti və Azərbaycan xalqı çox ciddi  problemlərlə üz-üzə qaldı. Hadisələrin inkişafı Azərbaycanın  parçalanmasına, yenidən dövlət müstəqilliyinin itirilməsinə doğru gedirdi. Ulu öndərin Naxçıvandan Bakıya qayıdışı ölkədə siyasi böhranın pik həddində olduğu günlərə təsadüf etdi. Gəncə hadisələrinin başında duran polkovnik Surət Hüseynovla hökumət arasında  silahlı qarşıdurma anbaan dərinləşməkdə idi. Vətəndaş müharibəsi və qardaş qırğını xofu hamını şoka salmışdı. Bunlar az imiş kimi, cənubda Əlikram Hümbətovun separatçı dəstələri “Talış-Muğan Respublikası”, şimalda isə “Sadvalçı”ların “Ləzgistan” yaratmaq istiqamətində məkirli oyunları gedirdi.

Böyük öndərin Azərbaycanda hakimiyyətə yenidən qayıdışı  məhz belə bir son dərəcə gərgin və mürəkkəb şəraitdə baş verdi. Ölkədə xaos və özbaşınalıq o həddə çatmışdı ki, əli silahlı qoçular hətta Milli Məclisin içərisində meydan sulayırdılar. Belə bir şəraitdə Heydər Əliyevin  yenidən Bakıya hakimiyyətə qayıdışı sözsüz ki, bəzi dağıdıcı qüvvələrin və kriminal ünsürlərin ürəyindən deyildi. Amma ulu öndər o dərəcədə tədbirli və uzaqgörən bir siyasi xadim idi ki, son nəticədə həmin qüvvələrin hamısını zərərsizləşdirə bildi. Amma daxildən və xaricdən olan dağıdıcı qüvvələr öz məkirli planlarından asanlıqla əl çəkmək niyyətində deyildilər. 1994 və 1996-cı illərdə əvvəlcə Surət Hüseynovun, daha sonra isə Rövşən Cavadovun rəhbərliyi ilə hazırlanan dövlət çevrilişinə cəhdlərin qarşısını almaqla ulu öndər həm daxili, həm də xarici düşmənlərə sübut etdi ki, bu dəfə yüksələn bayrağımız bir daha enməyəcəkdir.

Bu günlər ölkəmizin hər yerində ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illiyi böyük təntənə ilə qeyd  olunur. Müstəqil Azərbaycan dövlətinin qurucusunun şərəfinə hər yanda yeni-yeni parklar, binalar, yollar, prospektlər, körpülər, sənaye və xidmət obyektləri istifadəyə verilir. Bununla da sanki hər kəs ulu öndərin xidmətləri müqabilində Vətən, xalq üçün nə isə gərəkli bir iş görməyə tələsir. Beləliklə, ümummilli liderinin doğum gününün bayram edilməsi sonda doğma Azərbaycanımızın hər bir guşəsinin getdikcə  daha da abad olması, ölkə vətəndaşlarının həyat şəraitinin daha da  yaxşılaşması ilə nəticələnir.

1997-ci ildə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi “Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin anadan olmasının 75 illik yubileyinin Naxçıvanda keçirilməsi haqqında” xüsusi qərar qəbul etmişdi. Yubileyi yüksək səviyyədə keçirmək məqsədilə xüsusi tədbirlər planı qəbul olunmuşdu. Ali Məclisin qərarı ilə yubiley ili  Muxtar Rspublikada quruculuq ili elan edilmişdi. Mən Naxçıvan Muxtar Respublikasının Baş naziri kimi həmin ilin  iyul ayında Prezident Heydər Əliyevin sədrliyi ilə keçirilən respublika müşavirəsindəki çıxışımda bu barədə də məlumat vermək istədim. Lakin ulu öndər mənim çıxışımı yarımçıq kəsərək dedi:

- Şəmsəddin, sizin mənə göstərdiyiniz bu diqqətə görə təşəkkür edirəm...  Bu, birinci. İkincisi, mən dəfələrlə demişəm və bu gün də qeyd edirəm ki, mənim şəxsi tərcümeyi-halımla  əlaqədar olan bu günlərin, yaxud da ki, illərin xüsusi qeyd olunmasına mən tam etiraz edirəm... Ümumiyyətlə, gənc vaxtlarımdan  mənim xasiyyətim belədir... Vaxtilə burada işləyəndə, 50 yaşım tamam olanda mən yüksək mükafatlarla təltif olundum. Amma imkan vermədim ki, bu qeyd edilsin. Mən Moskvada işləyərkən 60 yaşım tamam oldu, onda da imkan vermədim. Mən Naxçıvanda işləyərkən 70 yaşım tamam oldu, çox çalışdılar ki, bunlar bir şey təşkil etsinlər... Amma biz ailəvi bir axşam keçirdik... O vaxtlar Naxçıvanda hamımız bir ailə kimi yaşayırdıq. Bundan artıq mən heç bir şey istəmirəm. Nəinki istəmirəm, hətta buna etiraz edirəm... Əgər istəyirsiniz ki, ümumiyyətlə mənə xoş olsun, mənim mənəviyyatıma zidd olan hərəkətlər etməyin".

Ulu öndər təkrar-təkrar yubiley mövzusunu qapatmaq istəsə də, mən də ürək sözlərimi sonadək deməkdə israr etdim. Bu dəfə də o, özünəməxsus bir şəkildə böyüklük nümayiş etdirərək mənə danışmaq üçün şərait yaratdı. Beləliklə, mən çıxışımı davam etdirərək ürəyimdəkiləri dedim.

Dedim ki, möhtərəm Prezidentimizin əvvəllər göstərdiyi xidmətlər  sovetlər dövründə yüksək qiymətləndirilmiş, iki dəfə Sosialist Əməyi Qəhrəmanı kimi Naxçıvan şəhərində onun büstü qoyulmuşdur. Bu gün ora şəhər əhalisinin ən sevimli guşələrindən biridir. Lakin bu, bir həqiqətdir ki, son  illərdə Naxçıvanda və bütün Azərbaycanda göstərdiyi misilsiz xidmətlərə görə, möhtərəm Prezidentimiz Azərbaycan xalqının qəlbində Azərbaycan boyda bir abidəyə, heykələ çevrilmişdir. Belə olan bir halda mən sual verirəm, qəlblərdə yaradılmış bu heykəl nə üçün  reallığa çevrilməsin? Azərbaycan xalqı bu dahi insanın qədrini bilməli və onu əsrlər boyu yaşatmağa borcludur. Axı, bu şəxsiyyət özünün məhrumiyyətləri hesabına min bir əzabla Azərbaycanı qurub-yaratmış, özünə Azərbaycan boyda bir abidə ucaltmış, Azərbaycanın rəmzinə, bəzəyinə çevrilmişdir. İndi daxildəki bisavad, qaraya , ağa qara deyənlərdən başqa, bütün dünya bu şəxsiyyətin dahiliyini qəbul edir".

Prezident Sarayının yüksək tribunasından bu sözləri dediyim vaxtdan  16 il keçir. Bu illər ərzində Azərbaycanda çox şey dəyişib, inkişaf edib. Ölkəmiz regionun lider dövlətinə çevrilib. Dünyanın bizə olan hörmət və inamı artıb. Bütün bunlar ona dəlalət edir ki, Azərbaycanın Heydər Əliyev tərəfindən müəyyən olunmuş uzunmüddətli  strateji inkişaf yolu düzgün yoldur. Bu yol Azərbaycanı qələbələrə aparan yoldur. Bu yol xalqımızı xoşbəxt gələcəyə və nurlu sabahlara aparan bir yoldur.

Vətəni, xalqı böyük hədəflərə doğru aparmaq qüdrətində olan yetkin siyasi liderlər az-az yetişir. Azərbaycan xalqı xoşbəxt xalqdır ki, Heydər Əliyevdən sonra möhtərəm Prezidentimiz cənab İlham Əliyevin timsalında böyük siyasətdə xüsusi yeri və çəkisi olan daha bir parlaq dövlət xadimi yetirdi. Böyük fəxr hissi ilə deməliyəm ki, ulu öndər Heydər Əliyevin ailəsində böyüyən, tərbiyə alan, onun məktəbində püxtələşmiş möhtərəm Prezidentimiz yeni tarixi şəraitdə doğma Azərbaycanımıza daha böyük uğurlar qazandırmaqdadır. Möhtərəm Prezidentimizin hər dəfə dünya liderləri ilə görüşlərini, onun çox nüfuzlu beynəlxalq tədbirlərdəki nitqlərini seyr etdikcə, vallah, ürəyim dağa dönür. Baxın, Azərbaycanın hər bir bölgəsi necə də sürətlə inkişaf edir. Şəhərlərimiz, kəndlərimiz gündən-günə daha da abadlaşır. Bütün bunlar isə birbaşa Heydər Əliyev ideyalarına sədaqət nümunəsi olan Prezidentimiz cənab İlham Əliyevin xidmətləridir.

 

 

Şəmsəddin XANBABAYEV,

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı

 

Xalq qəzeti.- 2013.- 10 may.- S. 6.