ƏBƏDİYYƏTƏ
QOVUŞAN ÖMÜR
Böyük adamların
ömrü ilk növbədə onların qurduqlarının,
yaratdıqlarının ömrü ilə
ölçülür və onlar əbədi olanda şəxsiyyət
özü də əbədiyyətə qovuşur.
Ümummilli lider Heydər Əliyevin quruculuq dünyası həddi-hüdudu
olmayan elə zəngin və möhtəşəm bir aləmdir
ki, zaman keçdikcə onun əvvəl görə bilmədiyimiz
yeni-yeni qatları üzə çıxır. Bu aləm
olduqca mürəkkəbdir və iyerarxik struktura malikdir.
Belə ki, üzdə olan, adi şüur səviyyəsində mənimsənilən ilk növbədə maddi mədəniyyət abidələri, əzəmətli binalar, sənaye müəssisələridir. Bununla yanaşı, ancaq iqtisadi təfəkkür işığında üzə çıxan ölkə təsərrüfatının yeni strukturu, yeni iqtisadi münasibətlər sistemi kimi fərqli bir mənzərə də görünür. Başqa bir baxış bucağında – siyasi müstəvidə isə müstəqil dövlət quruculuğu, yeni siyasi-hüquqi sistemin yaradılması kimi daha möhtəşəm bir fəaliyyətin nəticələri – müasir, müstəqil Azərbaycan dövləti canlanır. İyerarxik quruculuq strukturunun daha dərin qatlarında isə bütün bu çoxcəhətli fəaliyyətin ideya əsaslarını müşahidə etmək mümkündür.
Qütblər
zirvədə birləşir
Ulu öndər Heydər Əliyev ənənəvi dövlətçiliklə yeni ideologiyanın, Qərb siyasi təfəkkürü ilə Şərq mentalitetinin, təcrübə ilə novatorluğun sintezini yaratmışdır. SSRİ kimi bir böyük dövlətçilik məktəbinin yeni ideya zəmininə transfer edilməsi və əvvəlki təcrübənin zamanca sonrakı ideya ilə üzvi surətdə birləşdirilməsi kimi nadir bir əməliyyat Heydər Əliyev dühasının ən parlaq təzahürlərindən biri idi. Bu hadisə təkcə Azərbaycanın deyil, bütün dünya tarixinin ən unikal səhifələrindən birinə çevrilmişdir.
Milli ruhun inkişafı üçün konkret ictimai gerçəkliyin öz inkişaf məntiqindən doğan milli bir ideologiya tələb olunur. Burada siyasi liderin üzərinə Şərq düşüncə tərzi ilə Qərb düşüncə tərzinin vəhdətinə nail olmaq, milli ideologiyanı ümumbəşəri dəyərlər kontekstinə salmaq kimi çətin bir vəzifə düşür. Bu vəzifə Şərqlə Qərb arasında İpək Yolunu bərpa etmək qədər və bəlkə ondan daha çətindir. Biz bu müqayisəni təsadüfi olaraq aparmırıq. Məsələ burasındadır ki, əslində, İpək Yolunun bərpası ideyası da, Bakı-Tbilisi-Ceyhan layihəsi də məhz qlobal miqyas almış ideologiyanın tərkib hissələridir və bu qlobal ideologiyanın müəllifi Heydər Əliyev olmuşdur. Çünki o özü universal bir fenomen idi. O, şərqçilik və qərbçiliyin, millilik və ümumbəşəriliyin, ənənəvilik və novatorluğun vəhdəti, sintetik azərbaycançılıq məfkurəsinin ən parlaq nümunəsi və ən ali daşıyıcısı, qloballaşan dünyada milli müəyyənliyin qarantı, azərbaycançılığın rəmzi idi.
Heydər
Əliyev fenomeninin miqyası şəxsi həyatdan da, siyasi fəaliyyətdən
də kənara çıxır: güclü məntiq,
misilsiz natiqlik məharəti, unikal yaddaş, qeyri-adi intuisiya,
nəhayətsiz fikir dünyası,
bədii duyumla rasional düşüncənin, sadə
görünüşlə mürəkkəb məzmunun,
mülayimliklə sərtliyin, səmimiyyətlə zəhmin
bir şəxsiyyətdə vəhdəti!
Təkrarsızlıq,
unikallıq və hətta fövqəladəliyin səbəbi
də, görünür, qütblərin zirvədə birləşməsi
idi.
Müstəqilliyin
ilk illərində ən böyük çətinliklər
demokratik cəmiyyət quruculuğuna, yeni idarəçilik
sisteminə adekvat düşüncə tərzinin hələ
formalaşmaması, ictımai şüurun iqtisadi bazisilə
müqayisədə çox aşağı səviyyədə
olması ilə bağlı idi. Hələ
şüurlar dəyişməmiş azadlıq dərəcəsinin
artması anarxiya meylləri ilə nəticələnə bilərdi
və belə də oldu. Azadlıqdan sui-istifadə meylləri
geniş miqyas aldı. Vətəndaş cəmiyyəti əvəzinə,
vətəndaş itaətsizliyi və çoxhakimiyyətlilik
formalaşdı.
SSRİ-dən ayrılaraq müstəqilliyə
qədəm qoyduqda Azərbaycanın qarşısında
çox ciddi bir alternativ dururdu. Elə bil ki, ölkəmiz
bir-birinə əks olan iki qütbdən birini seçməli
idi. Birincisi, sistemin dağılmasına
baxmayaraq, yenə də “mərkəz”dən ikiəlli
yapışıb ondan nicat gözləmək, hər hansı
müstəqil addım atmaqdan çəkinmək, köhnə
buxovları saxlamaq təşəbbüsü. İkincisi,
keçmişdən qalan hər nə varsa, onda imperiya
nişanəsi görmək, hər şeyi
dağıdaraq sıfırdan başlamaq təşəbbüsü.
Nə qədər təəssüflənməli olsaq da, Azərbaycan
ilk dövlətçilik illərində bu ifrat birtərəfli
meyllərin hər ikisini “sınaqdan keçirməli”
olmuşdur.
Azərbaycanın müstəqil bir ölkə kimi ayağa qalxmasına, özünü dərk etməsinə, özünəməxsus inkişaf modeli hazırlayıb həyata keçirməsinə mane olan, iqtisadi, mədəni-mənəvi həyatın müstəqillik şəraitində öz məcrasına düşməsini ləngidən səbəblərdən biri müharibə idisə, digəri cəmiyyətdəki qarşıdurma, hər iki qütbü təmsil edən qüvvələrin hakimiyyət iddiaları idi. Bu iddialar müstəqilliyin ilk illərində ölkəmizə böyük ziyanlar vurdu. O vaxt rəhbərlikdə olan qüvvələrlə xalq hərəkatını təmsil edən qüvvələr qarşı-qarşıya dururdu. Birincilərdə vətəndaşlıq mövqeyi, ikincilərdə dövlətçilik şüarı və təcrübəsi çatışmırdı. Həm böyük dünyagörüşü, rəhbərlik təcrübəsi olan, həm də xalqın həqiqi milli mənafeyini müdafiə etmək əzmində olan yeganə sinkretik qüvvə nə iqtidar, nə də müxalifət tərəfindən yaxına buraxılırdı.
Xoşbəxtlikdən, bu taleyüklü yol ayrıcında, son məqamda xalq öz sözünü deyə bildi. O vaxt ölkəmizdə keçmiş SSRİ-nin dövlət quruculuğu təcrübəsinə hamıdan yaxşı bələd olan, onun üstünlüklərini və çatışmazlıqlarnı ən yüksək pillədən görmüş olan və eyni zamanda, Azərbaycanın milli və regional spesifikasını, potensial imkanlarını və onların realizə yollarını hamıdan yaxşı bilən bir şəxsiyyətin rəhbərliyə gəlməsi keçid dövrünün, əsasən, uğurla başa vurulmasına şərait yaratdı.
Heydər
Əliyevin ən böyük nailiyyət saydığı
hadisə Azərbaycanın müstəqilliyi, ən çox
vurğuladığı və diqqət verdiyi vəzifə isə
müstəqilliyin dönməzliyinin təmin edilməsi idi.
Dövlət quruculuğu Heydər Əliyevin fəaliyyət strategiyasında özlüyündə son məqsəd deyildi. Dövlətin möhkəmləndirilməsi ona görə bir nömrəli vəzifə idi ki, o bizim müstəqil iqtisadi siyasətimizin və milli mənəviyyatımızın təminatçısı, qarantı ola bilsin. “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz” (Heydər Əliyev).
Ümumiyyətlə, müstəqilliyin taleyi üç əsas amildən asılıdır: dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadiyyatın dirçəldilməsi, mədəni-mənəvi dəyərlərin qorunub saxlanması və inkişaf etdirilməsi. Bu amillərin üçü də əsasdır. Lakin onları necə sıraya düzməkdən, onların yerini və rolunu düzgün qiymətləndirməkdən çox şey asılıdır. Bu amillərdən hansının məqsəd, hansının vasitə, hansının təməl olduğunu aydınlaşdırmadan, düzgün strateji fəaliyyət proqramı müəyyənləşdirmək mümkün deyil.
İqtisadiyyatın
inkişafı da dövlətin möhkəmləndirilməsi
kimi, olduqca vacib şərtdir. Lakin nə
iqtisadiyyat, adamların güzəranı, rifah halı, nə
də dövlət quruculuğu müstəqillik yolunun son məqsədi,
mənzil başı ola bilməz. Əgər xalq dövlət
qurur, iqtisadiyyatı inkişaf etdirir, sərhədləri
möhkəmləndirirsə və bu sərhədlər
daxilində özünə yad bir mənəviyyat
saxlayırsa, bu hələ müstəqillik deyil. Mənəvi
buxovlardan azad olmayan, öz milli mənliyini dərk etməyən
xalq azad sayıla bilməz.
Ümummilli
lider Heydər Əliyevin əsərlərini oxuyub dərindən
təhlil edərkən bir daha əmin olursan ki, müstəqilliyin
ali məqsədi milli-mədəni və mənəvi dəyərlərin
bərpa olunması, xalqın özünü dərk etməsi,
öz mənliyinin sahibi olmasıdır.
Müdriklik rəmzi
Heydər Əliyevin ölkəmizin taleyində
oynadığı misilsiz rol, xilaskarlıq missiyası,
yaratdığı sabitlik və əminamanlıq, ilkin iqtisadi
və ideoloji təməl öz əhəmiyyətini indi də
saxlamaqdadır. Bütün bu böyük uğurların təməlində
duran əsas səbəb isə ondan ibarət idi ki, Heydər Əliyev
şəxsiyyətində liderlik və müdriklik keyfiyyətləri
üzvi surətdə birləşmişdi.
Hər
bir xalqın müdriklik haqqında özünəməxsus təsəvvürü,
öz müdriklik etalonu vardır. Lakin müdrikliyin
bütün xalqlar tərəfindən qəbul olunmuş
ümumi meyarları da var. Heydər Əliyev müdrikliyi həm
milli, həm də ümumbəşəri meyarlara cavab verən
sinkretik müdriklikdir.
Müdrikliyin
əsas şərtləri böyük maraqları kiçik
maraqlardan, mühümü qeyri-mühümdən, çətin
olanı heç mümkün olmayandan seçə bilməkdir;
nəyin əvvəl, nəyin sonra həyata keçirilməli
olduğunu müəyyənləşdirmək, hadisələrin
ardıcıllığını düzgün seçməkdir.
Yeri gələndə pauza vermək və onu lazım olan qədər
uzatmaq qabiliyyətidir.
Dövlət
başçısının peşəkar siyasi xadim olmaqla
yanaşı, həm də fəlsəfi təfəkkürə
malik olması həmişə böyük şərəf
sayılmışdır. Xüsusən, Şərqin
dövlətçilik idealında “müdrik dövlət
başçısı”, “ədalətli şah” obrazı
insanların ən böyük istək və arzusunu ifadə
edir. Heydər Əliyevin Azərbaycanın
tarixi, elmi, mədəniyyəti, ictimai-siyasi və fəlsəfi
fikri ilə bağlı hərtərəfli biliyə malik olması, dərin fəlsəfi
təfəkkürü və böyük
yaradıcılıq potensialı Azərbaycan xalqının
ağsaqqallıq, böyüklük, liderlik təsəvvürləri
ilə üst-üstə düşürdü.
Heydər
Əliyev böyük siyasətçi olmaqla bərabər, həm
də böyük siyasətşünas idi:
dövrünün böyük alimi, mütəfəkkiri,
habelə böyük ədəbiyyat və sənət
bilicisi idi. O, həm qədim, həm də
müasir tariximizi, az qala, əzbər bilirdi. Özü də
təkcə mülki tarixi yox, iqtisadiyyatımızın
tarixini, mədəniyyətımizin tarixini, milli köklərimizi
və milli-mənəvi dəyərlərimizi dərindən
bilir və eyni zamanda, onların yaşadılması və
inkişaf etdirilməsi üçün tədbirlər
görürdü.
Vəziyyəti
düzgün qiymətləndirmək, həm
özünün, həm də başçılıq etdiyi
dövlətin mövcud reallıqlar şəraitində
imkanlarını bir sövq-təbii ilə
ölçüb-biçmək və həmişə məhz
real imkanlardan çıxış etmək qabiliyyəti Heydər
Əliyevi səciyyələndirən əsas keyfiyyətlərdən
biri idi.
Napoleonun fikrinə görə, “dahilik çətin olanla qeyri-mümkün olanı fərqləndirmək qabiliyyətidir”. Çətinlik dərəcəsindən asılı olmadan bütün səyləri məhz həlli mümkün olan problemlərə yönəltmək və mövqeyində israrlı olmaq, iradə nümayiş etdirmək Heydər Əliyevə məxsus spesifik cəhətlər idi. Burada İ.Nyutonun da məşhur bir fikrini yada salmaq yerinə düşərdi: “Dahilik müəyyən səmtə yönəlmiş fikrin dözümlüyüdür”. Həqiqətən də, görülən işin uğurla nəticələnəcəyinə böyük daxili inam olması və bu istiqamətdə ardıcıl və dözümlü siyasət yeridilməsi əvvəlcə məqsədin, ideyanın aydınlığını, fikrin özünün dözümlü və sürəkli olmasını nəzərdə tutur. Heydər Əliyevə aid edildikdə isə, təkcə fikrin yox, həm də məqsədyönlü səylərin ardıcıllığından və davamlılığından danışılsa, daha çox yerinə düşərdi. Ağıl, fəhm və iradənin vəhdəti dövlət quruculuğunda və iqtisadi yenidənqurma fəaliyyətində deyil, həm də xarici siyasət sahəsində öz bəhrələrini verirdi.
Xarici siyasətdə əsas məsələlərdən biri Azərbaycan haqqında həqiqətləri dünyaya çatdırmaqla yanaşı, Azərbaycanı böyük ölkələrin iqtisadi maraq dairəsinə daxil etmək, yerli iqtisadiyyata böyük sərmayələr qoyulmasına nail olmaq idi. Yalnız bu yolla böyük dövlətlər Azərbaycanda sabitliyin təmin olunmasında maraqlı ola bilərdilər. Heydər Əliyev bunu da gözəl bilirdi ki, Qərb dövlətlərinin dini təəssübkeşlik hissini ancaq iqtisadi maraqla kompensasiya etmək mümkündür.
Liderlik və
demokratiya
D emokratik cəmiyyət
quruculuğu prosesində rəhbərin liderlik keyfiyyətləri
ilə bağlı bunu da yada salmaq istərdik ki, Amerika Birləşmiş
Ştatlarında vətəndaş cəmiyyətinin hələ
tam formalaşmadığı dövrlərdə liderlərin
roluna böyük qiymət verilirdi. Məsələn,
Con Adams belə hesab edirdi ki, respublika siyasi quruluşunun
uğurları onun liderlərinin şöhrətindən
asılıdır. Məhz yeni dövlət quran Azərbaycanda
da liderin nüfuzu, beynəlxalq şöhrəti əlavə
müsbət amil olmuş, ölkəmizin dünyada
tanınmasında, haqq səsinin eşitdirilməsində
mühüm rol oynamışdır.
Düzdür,
liderin şöhrət amili böyük rol oynadıqda, müəyyən
bir təhlükə də yarana bilər; yəni hər
hansı bir səbəbdən böyük nüfuz sahibi olan
dövlət başçısı siyasi arenadan gedəndə,
yaranmış boşluğu doldurmaq çox çətin
olur. Bu baxımdan, Heydər Əliyevin bir
böyüklüyü də özündən sonra onun kursunu
davam etdirə biləcək bir komanda hazırlaması, güclü
bir siyasi partiya qoyub getməsi və ən əsası,
başladığı böyük işlərə rəhbərlik
edə biləcək yeni siyasi lider yetişdirməsi idi.
Tarixdən yada salsaq ki, nə qədər
gözəl niyyətlər və başlanğıclar layiqli
davamçının olmaması üzündən
yarımçıq qalmışdır, onda Heydər Əliyevin
bu böyük xidmətinin həqiqi dəyərini təsəvvür
edə bilərik. Təsadüfi deyildir ki, Heydər Əliyev
dönə-dönə təkrar edirdi ki, “müstəqilliyin əldə
olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi
olması bundan da çətindir”.
Ulu
öndər Heydər Əliyev öz fəaliyyətində
tam və hissə arasındakı optimal nisbətdən
çıxış edirdi. Heç bir ölkə
öz işini beynəlxalq prosesləri nəzərə
almadan, ancaq öz daxili inkişaf meylləri əsasında
qura bilməz. Lakin nəyi və nə dərəcədə
dünya təcrübəsindən götürmək, nədə
və nə dərəcədə milli zəminə əsaslanmaq
böyük siyasi fəhm və fəlsəfi təfəkkür
tələb edir. Heydər Əliyevin özünün dəfələrlə
qeyd etdiyi kimi, Azərbaycan ümumbəşəri dəyərlərə
söykənərək, demokratik, hüquqi dövlət qurmaq
yolunu tutmuşdur. Təbii ki, bu yolu bizdən qabaq keçənlərin
təcrübəsi nəzərə alınmalıdır.
Lakin başqalarını təqlid etməklə böyük
uğur əldə etmək mümkün deyil. Ona görə
də Azərbaycan öz müstəqil inkişaf yolunu müəyyənləşdirərkən,
demokratiyanın da, dövlət quruculuğunun da, iqtisadi
islahatların da məhz özünə uyğun olan modelini
işləyib hazırlamalı idi.
Xarici ekspertlər bizdən öz standartlarına uyğun islahatlar tələb etdikdə, demokratiyanın da məhz Qərb modelini təklif etdikdə, Heydər Əliyev böyük təmkin və səbatla onlara yerli şəraitin və milli xüsusiyyətlərin nəzərə alınması zərurətini izah edirdi. Dönə-dönə başa salırdı ki, demokratiya kənardan transfer yolu ilə deyil, milli-ictimai tərəqqinin, ictimai şüurun inkişafının qanunauyğun nəticəsi kimi yaranmalı, tədricən, addım-addım irəliləməlidir. Burada biz ya yenə də Moskvadan ikiəlli yapışıb ayrıla bilməyən, ya da kor-koranə Qərbi təqlid etməyə çalışan ölkələrdən fərqli olaraq, Azərbaycanın, həqiqətən, müstəqil siyasət yeritdiyinin və ümumbəşəri dəyərlərlə milli dəyərlərin sintezinə əsaslanaraq, daha dayanıqlı, sabit cəmiyyət qurmaq əzmi göstərdiyinin şahidi oluruq.
Belə incə və məsuliyyətli bir prosesdə kənar təsirlərə uymamaq, yaradıcılıq nümayiş etdirmək olduqca çətindir. Bu baxımdan, artıq qərarlaşmış, cəmiyyətlərdən fərqli olaraq, keçid dövründə olan ölkələrin qarşısında daha çətin vəzifələr durur və dövlət başçısının da üzərinə daha böyük yük, daha böyük məsuliyyət düşür. Heydər Əliyev özü bu barədə belə deyirdi: “Keçid dövrü yaşayan ölkələrə başçılıq etmək istəyən şəxslər gərək çox təcrübəli, dünyanı bilən adam olsun”. Biz əlavə edərdik ki, gərək həm də müdrik və fövqəladə insan olsun.
Məqsəd və
vasitə
Ali məqsədi cari məqsədlərdən
fərqləndirmək qabiliyyəti Heydər Əliyevi səciyyələndirən
ən mühüm cəhətlərdən biri idi. O, hadisələr fonunda mahiyyəti görür və
məhz mahiyyətlər arasındakı münasibətləri
diqqət mərkəzində saxlayırdı. Hadisələr
və cari məqsədlər içərisində itib-batan, əsasən
şəxsi maraqlar üzərində qurulmuş cari fəaliyyət
proqramlarını həyata keçirən milyonlarla
insandan fərqli olaraq, böyük şəxsiyyətlər
bütün fəaliyyətlərini son məqsədin əldə
olunmasına yönəldilmiş mürəkkəb,
çoxpilləli proqramlar əsasında qururlar.
Son məqsədin aralıq məqsədlərdən fərqləndirilməsi, xüsusən, xalq və millət qarşısında duran böyük məqsədlərin müəyyənləşdirilməsi bir qayda olaraq hər bir millətin mütəfəkkirləri tərəfindən həyata keçirilir. Dövlət başçısının dar məqamda bu şərəfli vəzifəni də öz üzərinə götürə bilməsi isə olduqca əlamətdar bir haldır. Bu zaman ideyanın yaranması ilə onun icrasının təşkili üst-üstə düşür ki, bu da bir sıra bürokratik əngəlləri və bu istiqamətdəki ictimai strukturlaşmanı istisna edir.
Hər
bir insanın səadəti, hüquq və azadlığı
bütün quruculuq proseslərinin ali məqsədidir. Lakin
bu məqsədə aparan yol uzun, keşməkeşli və
mürəkkəbdir. Bunun üçün, ilk növbədə,
cəmiyyət təkmilləşdirilməli, qanunların
aliliyi təmin edilməlidir. Heydər Əliyev yazırdı:
“Hətta inqilabi dəyişikliklər belə
köhnə sistemi dərhal yeni bir sistemlə dəyişdirmir.
İnqilabi dəyişikliklər, adətən, köhnə
sistemi vurub dağıdır, amma ondan çox fərqli olan
bir sistem yaratmaq üçün buna vaxt lazımdır, illər
lazımdır.” Əgər qarşıya hər
hansı bir köklü dəyişiklik, əsaslı yeniləşdirmə
məqsədi qoyulursa, bunu birdən-birə həyata
keçirmək istəyənlər məqsədə
heç vaxt çata bilməzlər. İnqilabdan
başlayanlar heç islahat da apara bilməzlər.
Heydər
Əliyevin dövlətçilik nəzəriyyəsi və
praktikasına gətirdiyi ən böyük yeniliklərdən
biri sosial-siyasi sistemləri öz daxili enerjisi hesabına dəyişdirmək,
proseslərin təbii gedişini istiqamətləndirmək
taktikası idi. Xüsusilə bir
ideologiyadan və ictimai-iqtisadi sistemdən başqasına
keçid prosesində belə yanaşmaya çox
böyük ehtiyac olduğunu da zaman göstərdi. 90-cı
illərin əvvəllərində, müstəqillik elan
olunduqdan sonra, sosializm dəyərlərinə göstərilən
etinasızlıq və hətta, az qala, düşmənçilik mövqeyinin nə dərəcədə
qüsurlu olduğu, kommunist ideologiyası ilə
yanaşı, sosializmdən qalma maddi-texniki bazanın və
sosial dəyərlərin də dağıdılmasına
heç bir ehtiyac olmadığı sonralar
aydınlaşdı. Sonralar, yəni Heydər Əliyev
dövründə – əvvəlki dövrlərdə
yaradılıb qurulmuş sərvətlərə də
sahib çıxıldığı, diqqət və
qayğı göstərildiyi bir dövrdə! Əslində,
bu sərvətlərin böyük bir qismi Heydər Əliyevin
öz rəhbərliyi ilə hansı isə bir ideologiya naminə
yox, xalqın rifahı naminə yaradılmışdı.
Bir sistemdən başqa sistemə keçid zamanı ən əsas məsələ mürəkkəb proseslərə müxtəlif rakurslardan yanaşmaq qabiliyyətidir. Yəni sistemin daxili məzmununu dağıtmadan, onun fəaliyyət yönünü və infrastrukturunu dəyişmək üçün böyük dünyagörüşü, məsələyə fəlsəfi və sinergetik münasibət tələb olunur. Biz əminik ki, Heydər Əliyevin idarəçilik metodologiyası yetərincə öyrənilərsə, onun bu sahədə də yenilikləri üzə çıxar.
Zaman sübut edir ki, sözün hər mənasında böyük və ibrətamiz ömür yaşamış Heydər Əliyevin ideya dünyasının, təməlini qoyduğu siyasi kursun, strateji inkişaf xəttinin ömrü daha böyükdür. Hisslər, xatirələr heykəllərdə və muzeylərdə rəmzləşdiyi kimi, ideyalar, fikirlər gerçək ictimai-siyasi proseslərdə təcəssüm olunur. Həm də bu, daha rəmz deyil, həyatın özüdür – reallıqdır. Bu mənada Heydər Əliyevə ən böyük abidə onun siyasi kursunun saxlanması və inkişaf etdirilməsidir ki, bu missiya da Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük uğurla həyata keçirilir.
Milli ideologiya və
dövlətçilik
Heydər Əliyevin bu gün də
yaşamaqda olan ideya-siyasi varlığına öz münasibətimizi
təkcə iftixar hissi keçirməklə deyil, həm də
bu ideya dünyasını öyrənmək, tədqiq etmək
və həyata keçirməklə ifadə edirik. Əsas məsələ
bu ideyalarla silahlanmış yeni nəslin yetişdirilməsidir.
Bizim nəsil təkcə ictimai həyatda yox, həm
də mənəvi-ideoloji həyatda keçid
dövrünü yaşadığı halda, gənc nəsil
artıq təməli Heydər Əliyev tərəfindən
qoyulmuş yeni ideologiyanın, azərbaycançılıq məfkurəsinin
təsiri altında formalaşır. Ona
görə də, bu gün yeni siyasi reallığın, yeni
iqtisadi münasibətlərin mahiyyəti və məzmunu ilə
yanaşı, yeni ideoloji kursun, yeni mədəni-mənəvi
dəyərlər sisteminin də mahiyyətinin
açılmasına və təbliğinə böyük
ehtiyac vardır.
Heydər
Əliyevə görə, azərbaycançılığın
əsas komponentləri, bir tərəfdən, milli dövlətçilik,
digər tərəfdən, milli-mənəvi dəyərlərdir. Dövlətçilik
ideologiyası insanların bir vətəndaş kımi
formalaşdırılmasını, Vətənə sevgi
hissini, dövlət mənafeyini üstün tutmaq, şəxsi
mənafeyi dövlət mənafeyi prizmasından keçirmək
vəzifələrini əhatə edir. Heydər Əliyevə
görə, dövlətçilik ənənələri
dövlətçilik ideologiyası, dövlətçilik
psixologiyası və dövlətçilik praktikasının
vəhdətindən yaranır.
Dövlətçilik
ideologiyası hüquqi və siyasi şüurun yüksəldilməsini, insanın şəxsi həyatının,
şəxsi maraqlarının cəmiyyətdə gedən
proseslərlə əlaqələndirilməsini, dövlət
idarəçiliyində hər bir şəxsin bilavasitə və
ya bilvasitə iştirakının təmin olunmasını nəzərdə
tutur.
Ulu
öndərin milli ideologiyanın ən mühüm istiqamətlərindən
və komponentlərindən biri kimi qiymətləndirdiyi
milli-mənəvi dəyərlər özü də mürəkkəb
daxili struktura malikdir. Burada Heydər Əliyev bu
anlayışın üç tərkib hissəsini xüsusi
qeyd edirdi: dil, din, adət-ənənə. Və bunların
şüur müstəvisində proyeksiyası olan milli
mentalitet.
Heydər
Əliyev milli-mənəvi dəyərlərimizin öyrənilməsini,
qorunub saxlanmasını və inkişaf etdirilməsini əsas
vəzifələrdən biri kimi irəli sürürdü. Çünki
bunlarsız millət yoxdur. Yalnız bunları qoruyub saxlayan
xalq müstəqillik yolu ilə getmək, müstəqilliyini
qorumaq əzmindədir. Heydər Əliyev milli
ideologiyamızın əsas prinsiplərini müəyyənləşdirməklə
bərabər, onların həyata keçirilməsinə
şəxsən özü nəzarət edirdi ki, bu da onun
dövlət başçısı olmaqdan əlavə, bir
milli lider kimi üzərinə götürdüyü
missıyaya böyük məsuliyyətlə
yanaşmasından irəli gəlirdi.
Siyasi
liderliklə milli (ümummilli) liderlik keyfiyyətlərinin bir
şəxsdə birləşməsi, əlbəttə, nadir
bir haldır. Məhz bu cəhət
keçid dövrləri üçün bir qayda olaraq səciyyəvi
olan siyasi və iqtisadi islahatlarla milli ənənəçilik
arasında uyğunsuzluqlar və qarşıdurmalardan xilas
olmağa, milli və ümumbəşəri dəyərlərin
vəhdətınə nail olmağa imkan vermişdir. Məhz bunun sayəsində dövlətin
başçısı, eyni zamanda milli məfkurənin ən
böyük daşıyıcısı və istiqamətləndiricisi
kimi çıxış edə bilmiş, milli
ideologiyamızın əsasını təşkil edən azərbaycançılıq
ideyasını mükəmməl bir konsepsiya səviyyəsinə
qaldırmışdır.
Öncə
dövlətçiliyi möhkəmləndirmədən,
xarici ölkələrlə münasibətləri ümumbəşəri
dəyərlər və beynəlxalq normalar əsasında
quraraq dünya birliyinə bərabərhüquqlu tərəf
kimi daxil olmadan, yeni iqtisadi münasibətlərə
keçid strategıyasını müəyyənləşdirmədən
milli mədəniyyəti və milli dili inkişaf etdirmək
mövqeyi real ictimai tərəqqi üçün təməl
ola bilməzdi. Ona görə də, Heydər Əliyev
quruculuq işinə bazisdən, siyasi-iqtisadi təməlin
möhkəmləndirilməsindən başladı.
Heç
bir dövlət başçısı, heç bir siyasi lider
və hətta heç bir millətçi ziyalı dövlət
quruculuğu və idarəçiliyi ilə yanaşı,
milli ideologiyanın əsas istiqamətlərinin müəyyənləşdirilməsi,
bu sahədə yeni mükəmməl elmi konsepsiyasının
yaradılması və onun həyata keçirilməsi sahəsində
Heydər Əliyev qədər şəxsi əzmkarlıq
göstərməmişdir.
Səlahəddin
XƏLİLOV,
YAP Siyasi
Şurasının üzvü,
professor
Xalq qəzeti.- 2013.- 10 may.- S. 7.