Azərbaycanı
müasir və qüdrətli dövlətə
çevirən LİDER
Bəşər cəmiyyətinin
mövcudluq salnaməsi zaman-zaman
minlərin, milyonların arasından seçilmiş
fenomenal şəxsiyyət və liderlərin
ictimai-siyasi proseslərə hədsiz təsirini,
bəzən hətta cərəyan edən hadisələrin məcrasını
başqa səmtə yönəltmək
qüdrətini özündə tam
parlaqlığı ilə təcəssüm etdirir.
Yaranmış hansısa əlverişli mərhələdə
meydana çıxan belə liderlər
xalqının əsrlər boyu formalaşaraq ümumbəşəri dəyərlərlə
çulğaşan siyasi
dünyagörüşü və mental dəyərləri əsasında özlərinin
mükəmməl dövlətçilik konsepsiyasını
yaradır, beləliklə, pozitiv rakursda siyasi varislik ənənələri
formalaşdırırlar.
XX əsrin
sonlarına yaxın dövlət müstəqilliyini əldə
etmiş Azərbaycan xalqı da məhz ulu öndər Heydər
Əliyevin rəhbərliyi altında üzləşdiyi bir
sıra faciələri aradan qaldırmış, milli
varlıq və idrakının, özünüdərkinin ali
təzahür forması olan müstəqil dövlət
ideyasını uğurla gerçəkləşdirmişdir.
Məhz ona görə də bu Böyük İnsan təkcə
öz ömrünün, bir insan həyatının deyil, həm
də bütöv bir xalqın tarixinin yüksək zirvəsində
özünə əbədi yer qazanmış dahi şəxsiyyətdir.
Ulu öndərin mənalı və şərəfli
ömür yolunun hər bir parlaq səhifəsi
xalqımızın yaxın tarixi keçmişi ilə
ayrılmaz vəhdət təşkil edir. Azərbaycanın
son 40 illik tarixinin bütün mərhələlərində
bu fenomenal şəxsiyyətin böyük izləri
qabarıq duyulur.
Prezident
İlham Əliyevin 21 yanvar 2013-cü il tarixli “Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik
yubileyi haqqında” sərəncamında
vurğulandığı kimi, “Dahi Heydər Əliyev şəxsiyyətinin
Azərbaycan dövlətçilik tarixində müstəsna
yeri vardır. Azərbaycançılıq məfkurəsinin
parlaq daşıyıcısı kimi Heydər Əliyev öz
müdrik siyasəti, dönməz əqidəsi və tarixi
uzaqgörənliyi sayəsində milli dövlətçilik
ideyasının gerçəkləşdirilməsinə,
müasir Azərbaycan dövlətinin qurulmasına və
xalqımızın müstəqillik arzusuna çatmasına
nail olmuşdur. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində
Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni
potensialından istifadə edərək Şərqlə Qərb
arasında etibarlı körpü rolunu oynamağa
başlamış və dünyanın ən dinamik inkişaf
edən ölkələrindən birinə
çevrilmişdir”.
Ötən
əsrin 90-cı illərində ulu öndər Heydər Əliyev
Azərbaycanda müstəqil dövlətin möhkəmləndirilməsi,
idarəetmə proseslərinin mərkəzləşdirilməsi,
milli iqtisadiyyatın durğunluq prosesinin
dayandırılması məqsədi daşıyan sosial-siyasi
və iqtisadi islahatlar həyata keçirməyə
başlamışdır. Bütün bunlar isə Azərbaycana
maraqların toqquşması məkanı və müxtəlif
kliyentalist qrupların eksperimentləri üçün
sınaq meydanı kimi yanaşanların siyasi romantizmdən və
bəsirətsizlikdən irəli gələn bütün məkirli
niyyətlərinin üstündən qələm çəkmişdir.
Tarixdən
məlumdur ki, istənilən milli ideyanın gerçəkləşdirilməsi
üçün müstəqil dövlətin və xalqın
güclü idarəçilik səriştəsinə malik
liderinin olması vacib şərtdir. Məhz belə xarizmatik
liderlərin seçdiyi düzgün strategiya milli hədəflərə
doğru inamlı addımların atılmasına,
qarşıya qoyulmuş məqsədlərin uğurla
reallaşdırılmasına imkan yaradır. XX əsrin
sonlarında dövlət müstəqilliyini bərpa etmək
şansı qazanmış Azərbaycanın ilk illərdəki
acınacaqlı ictimai-siyasi, iqtisadi durumu lider fenomeninin milli
inkişafdakı müstəsna rolunu bir daha təsdiqləyir.
Təəssüflə qeyd etmək lazımdır ki, 1991-ci
ilin oktyabr ayından 1993-cü ilin iyun ayınadək ölkədə
cərəyan edən xaotik proseslərin fonunda Azərbaycan
dövlətinin mövcudluğunun qorunub saxlanılması
özü milli ideyaya çevrilmişdi. Bu mərhələdə
respublikada cərəyan edən mürəkkəb və
ziddiyyətli proseslər, eyni zamanda, ölkənin müstəqilliyi
üçün real təhdidlərin baş qaldırması,
vətəndaş qarşıdurması meyillərinin güclənməsi,
hüquqi nihilizmin, xaos və anarxiya mühitinin dərinləşməsi
göstərdi ki, ölkəni yaranmış acınacaqlı
vəziyyətdən yalnız Heydər Əliyev kimi müdrik
və uzaqgörən şəxsiyyət xilas edə bilər.
Ulu öndər xalqın təkidli tələbi ilə hakimiyyətə
gəldiyi ilk gündən Azərbaycanın milli dövlətçilik
atributlarını formalaşdırmağa başlamış,
müstəqilliyini şərti müstəqillik aktı və
bəyanatlar səviyyəsindən
çıxarmışdır.
Heydər
Əliyev böyük şəxsiyyət olaraq cəmiyyətin
sivil inkişafını hər bir fərdin maraq və mənafelərinin
etibarlı təminatında görərək, bunun
üçün bütün zəruri tədbirləri həyata
keçirmişdir. Məhz ulu öndərin gərgin səyləri
nəticəsində hüquqi, demokratik, dünyəvi dövlət
quruculuğu yolu ilə irəliləyən müstəqil
respublikamızda vətəndaş cəmiyyətinin
formalaşması, insanların azad, sərbəst
yaşaması, qanunun aliliyinin təmin edilməsi
üçün ən yüksək tələblərə
cavab verən normativ-hüquqi baza yaradılmışdır.
Hüquqa və ədalətə söykənən vətəndaş
cəmiyyətinin əsası qoyulmuş, onun təkmilləşdirilməsi
prosesi uğurla davam etdirilmişdir.
Ümummilli
lider Heydər Əliyevin siyasi uzaqgörənliyinin,
prinsipiallığının və siyasi iradə
nümayişinin məntiqi nəticəsi olaraq 1994-cü ildə
“Əsrin müqaviləsi”nin əfsanədən
reallığa çevrilməsi ölkənin bütün
strateji əhəmiyyətli sahələrinin inkişafına
təkan verməklə, Azərbaycanda hüquqi-siyasi
islahatların yeni mərhələdə aparılmasına da
geniş imkanlar açmışdır. Ulu öndərin rəhbərliyi
altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi
yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın
ilk Konstitusiyası ölkənin gələcək inkişaf
prioritetlərini müəyyənləşdirməklə
yanaşı, insan hüquq və azadlıqlarının təminatını
dövlətin ali məqsədi kimi ön plana çıxarmışdır.
Siyasi
təlimlər nəzəriyyəsinə görə, liberalizm
fərdi hüquq və azadlıqların müstəsna
prioritetinə əsaslandığı üçün
dövlətçilik kursu ilə heç də həmişə
və asanlıqla uzlaşmır. Dövlətçiliyin əlverişli
geosiyasi və hətta hərbi-siyasi şərtlər çərçivəsində
qurulması müstəqillik qazanmış bütün
xalqların başlıca
arzularındandır. Heydər Əliyev hakimiyyətə
gəlişinin ilk illərində liberal dəyərlərlə
manipulyasiya edən bəzi beynəlxalq siyasi dairələrin
“daha çox demokratiya, daha az dövlət”
çağırışlarına cavab olaraq, Azərbaycanın
yerləşdiyi coğrafi-siyasi regionda, həmçinin,
ictimai inkişafın ilkin pilləsində dövlətçilik
prinsipinin dominantlığı zərurətini əsaslandırmalı
olmuşdur. Aydın məsələdir ki, dövlət olmadan
vətəndaşların demokratik hüquq və azadlıqlarını
həyata keçirmək də mümkün deyildir. Lakin o
biri tərəfdən, insanların hüquq və
azadlıqlarını qoruya bilmədikləri dövlət son
nəticədə cəmiyyətin inkişafı
üçün təkanverici rolunu yox, buxov və əngəl
rolunu oynamağa məhkumdur. Ümummilli lider Heydər Əliyev
bu iki siyasi ideyanın hər ikisinin eyni dərəcədə
düzgün olduğunu qəbul etdiyi üçün onlar
arasında elə ritmik bir ahəng yaratmışdı ki, nə
dövlət vətəndaşların, nə də vətəndaşların
hüquq və azadlıqları dövlətçilik təmayülünün
labüd inkişafına xələl gətirməsin. Azərbaycan
xalqı müstəqilliyinə qovuşduqdan sonrakı
dövrdə liberal dəyərlərdən nəyi
qazanıbsa, məhz dövlətçilik prinsiplərinin
aliliyinə əsaslanan ümummilli lider Heydər Əliyevin
hakimiyyəti dövründə qazanmışdır.
Ulu
öndər Heydər Əliyev bu mərhələdən
respublikanın yeni dövr üçün demokratik inkişaf
modelini müdrikliklə irəli sürmüş, eyni zamanda,
mütərəqqi dəyişikliklərin ictimai
şüurda tədricən qəbul olunması zərurətini
önə çəkmişdir. Böyük öndərin irəli
sürdüyü milli ideya Azərbaycanın tarixi ənənələrini
və müasir Avropa dəyərlərini özündə
birləşdirən yeni inkişaf strategiyasının təməli
olmuşdur. İctimai-siyasi sabitlik faktoru bu strategiyanın əsas
dayaqlarından və istinad nöqtələrindən biri kimi
çıxış etmişdir. Şübhəsiz, sabitliyə
nail olmadan yeni idarəetmə sisteminə keçid formulunu
reallaşdırmaq, bazar iqtisadiyyatı və demokratiya, insan
hüquqları kimi fundamental prinsiplərin tətbiqinə nail
olmaq mümkün deyildir. Məhz bu sabitliyin, iqtisadi tərəqqinin
nəticəsidir ki, hazırda demokratik normalar qanunların və
milli dəyərlərin tənzimlədiyi sərhədlərdən
kənara çıxmır və dialektik inkişafa uyğun
olaraq getdikcə ictimai şüur tərəfindən tam
şəkildə mənimsənilir.
Azərbaycan
xalqının milli ideologiyasının vahid sistem halına gətirilməsi
də məhz ulu öndər Heydər Əliyevin müstəqil
respublikamıza rəhbərliyi dövrünə təsadüf
edir. Bütün ruhu, qanı, canı ilə özünü
azərbaycanlı sayan ümummilli lider cəmiyyətin
bütövləşməsi, azərbaycançılıq
ideologiyasının milli həmrəyliyin aparıcı amilinə
çevrilməsi istiqamətində mühüm işlər
görərək ümumxalq birliyinin dərin politoloji-nəzəri
əsaslarını irəli sürmüşdür.
Böyük strateq azərbaycançılığın tarixən
formalaşmış ayrı-ayrı komponentlərini vahid
konsepsiyada birləşdirərək onu dövlət idarəçiliyinin
elmi-nəzəri bazasına çevirmiş və praktikada
uğurla tətbiq etmişdir.
Azərbaycançılıq
ideologiyası real müstəqilliyə nail olmaq, vahid,
bölünməz Vətənimizi qoruyub saxlamaq və möhkəmləndirmək
üçün vasitədir; o, həmçinin, milli mənsubiyyəti,
milli-mənəvi dəyərləri qoruyub saxlamaq, eyni zamanda,
onların ümumbəşəri dəyərlərlə
sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir.
Xalqımızın milli-mənəvi dəyərlərini həm
müdafiə etməyi, həm də qoruyub saxlamağı
bacaran, dövlətlə vətəndaşların mənafeyini
üzvi şəkildə birləşdirən azərbaycançılıq
ideologiyası ölkədə vətəndaş birliyi və
vahid sosium üçün uğurlu təməl rolunu
oynayır.
Bu
gün monoetnik və işğalçı Ermənistandan fərqli
olaraq, Azərbaycan polietnik dövlət kimi ərazisində
yaşayan bütün xalqların Vətənidir. Bu mənada,
ölkədə reallaşdırılmasına səy göstərilən
istənilən ideya da təkcə azərbycanlıların
deyil, digər milli azlıqların maraqlarını
özündə ehtiva edir. Yəni dövlətin hədəflədiyi
hər hansı ideya və proqramlar etnik mənsubiyyətindən,
dinindən asılı olmayaraq, ölkənin bütün əhalisinin
maraqlarını ön plana çəkir. Dünyəvi və
demokratik dövlət modelini qəbul etməsinə rəğmən,
respublikada insanların dini inancları, habelə vicdan
azadlığı yüksək səviyyədə təmin
olunur.
Ümummilli
lider Heydər Əliyev ölkədə mütərəqqi
İslam dəyərlərinin inkişafına xüsusi diqqət
yetirməklə yanaşı, başqa dinlərin
inkişafına da dözümlü mühitin
yaradılmasını təmin etmiş, dini konfessiyalar
arasında qarşılıqlı hörmətə söykənən
münasibətlərin formalaşmasına
çalışmışdır. Milli-dini mənsubiyyətindən
asılı olmayaraq, hər bir vətəndaşın bu
torpaq üçün milli yiyəlik hissini yaşaması da
tolerantlığın bariz təzahürüdür. Ulu
öndər Heydər Əliyevin irəli sürdüyü azərbaycançılıq
ideologiyası dini tolerantlığın başlıca təminatçısı
kimi çıxış edir.
Milli
ideya sabit və statik xarakterli olmayıb, zamanla inkişaf edir,
yeniləşir, fərqli hədəf və məqsədləri
özündə birləşdirir. Hələ 90-cı illərin
əvvəlində ulu öndər Heydər Əliyev obyektiv
ictimai-siyasi proseslərlə əlaqədar Azərbaycanın
dövlət müstəqilliyinin qorunub saxlanılması və
möhkəmləndirilməsini, habelə yeni ictimai-iqtisadi
formasiya üçün zəruri iqtisadi islahatların həyata
keçirilməsini milli ideya səviyyəsinə yüksəltmişdir.
Lakin son illərdə Azərbaycanın ciddi makroiqtisadi nailiyyətlər
əldə edərək bütün sahələrdə
sürətlə modernləşməsi, milli maraq və mənafeyini
qətiyyətlə müdafiə etməsi fonunda perspektiv
üçün qarşıya qoyulan milli ideya da mahiyyətcə
dəyişmişdir.
Yeni
minilliyin başlanğıcında formalaşan mürəkkəb
və ziddiyyətli dünya nizami böyük siyasət
ustadının məharətlə əsaslandırdığı
inkişaf modelinin respublikamız üçün müstəsna
əhəmiyyətini tam sübuta yetirir. Respublikamızın
son 20 ildə iqtisadi və demokratik inkişaf, hüquqi
dövlət və vətəndaş cəmiyyəti
quruculuğu istiqamətində qazandığı
böyük nailiyyətlər də məhz ümummilli lider
Heydər Əliyev tərəfindən
formalaşdırılmış möhkəm təmələ
əsaslanır. İqtisadi sahədə keçid
dövrünü başa vuran Azərbaycan bu gün
özünəməxsus milli inkişaf modeli ilə
tanınır. Bu modelin üstün cəhətləri ilə
bağlı beynəlxalq maliyyə qurumlarında geniş
müzakirələr və təhlillər aparılır.
Ulu
öndərin dövlətçilik kursunu bütün sahələrdə
inamla davam etdirən möhtərəm Prezıdent İlham Əliyevin
bəyan etdiyi kimi, hazırda qarşıda duran ən
başlıca məqsəd Azərbaycanı inkişaf
etmiş dövlətlər səviyyəsinə
çatdırmaqdır. Ölkədəki sürətli
inkışaf və mütərəqqi islahatlar fonunda bu məqsəd
ictımai şüurda getdikcə möhkəmlənir, milli
ideyaya çevrilir. Prezident İlham Əliyev Azərbaycanı
müasir və qüdrətli dövlətə çevirmək
məqsədini sadəcə deklorativ bəyanatlarla ifadə
etmir, onun konkret icra mexanizmlərinin müəyyənləşdirilməsi
istiqamətində də konkret addımlar atır. Dövlət
başçısının “Azərbaycan 2020: gələcəyə
baxış” İnkışaf Konsepsiyasının
hazırlanması barədə” 29 noyabr 2011-ci il tarixli sərəncamı
bunun bariz nümunəsidir.
Ölkənin
inkişafının hazırkı mərhələsində əsas
hədəf çoxşaxəli, səmərəli və
innovasiya yönümlü iqtisadiyyatın
formalaşdırılması, sosial sahədə önləyici
inkişaf trendinin təmin olunması və əhalinin
rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara
uyğun səviyyəyə çatdırılması, habelə
elmin, mədəniyyətin inkişafında, ictimai həyatın
bütün istiqamətlərində yeni nailiyyətlərin əldə
olunmasıdır. Sərəncama əsasən, Azərbaycan
Respublikası Prezidentınin Administrasiyası 2020-ci ilədək
dövrü əhatə edən “Azərbaycan 2020: gələcəyə
baxış” İnkişaf Konsepsiyasını
hazırlamışdır. Şübhə etmədən demək
olar ki, ölkə başçısının sərəncamı
təsdiqlənmiş bu konsepsiya Azərbaycanın inkişaf
etmiş ölkələr sırasına yüksəlməsində
mühüm rol oynayacaqdır.
Keyfiyyətcə
yeni mərhələdə, eyni zamanda, Azərbaycanın
modernləşməsi mərhələsi uğurla başa
çatdırılmalıdır. Şübhəsiz, modernləşmə
dedikdə, kosmetik deyil, keyfiyyətcə təkmilləşdirməni,
iqtisadiyyatın xarakterinin mahiyyətcə dəyişdirilməsini
başa düşmək lazımdır. Bu, ilk növbədə,
iqtisadiyyatı bazar prinsiplərinə keçirməkdən,
sərt bürokratik nəzarətdən xilas etməkdən, sərmayə
mühitini yaxşılaşdırmaqdan, büdcə siyasətini
sağlamlaşdırmaqdan ibarətdir. Eyni zamanda, cəmiyyətin
varlı və yoxsul təbəqələri arasında
aralıq mövqe tutan orta sinfin yaradılması
üçün dövlətin məqsədyönlü səyləri
olmadan modernləşmə mümkün deyildir.
Demokratik
inkişaf və modernləşmə yalnız yüksək
maddi rifah şəraitində özünə möhkəm
ictimai dayaqlar tapa bilir. Təsadüfi deyildir ki, Prezident
İlham Əliyevin fəaliyyətində iqtisadiyyat həyata
keçirilən islahatların əsas ağırlıq mərkəzini,
nüvəsini təşkil etmişdir. Bu da kifayət qədər
əsaslı yanaşma olaraq Azərbaycanın dövlət
müstəqilliyinin iqtisadi bazisini möhkəmlətmək, cəmiyyətin
davamlı inkişafı üçün zəmin
hazırlamaq məqsədindən irəli gəlmişdir.
Dövlət başçısının iqtisadi siyasəti nəticəsində
son illər vətəndaşların yaşayış tərzində,
sosial rifah halında özünü qabarıq göstərməyə
başlayan müsbət keyfiyyət dəyişiklikləri, hər
bir hüquqi dövlətdə ictimai-siyasi sabitliyin
başlıca təminatçısı sayılan orta təbəqənin
- milli sahibkarlar ordusunun mövqelərinin ildən-ilə
möhkəmlənməsi ümumbəşəri xarakter
daşıyan demokratik-hüquqi normaların ictimai rəydə
düzgün dərk olunmasına, qavranılmasına və
qiymətləndırilməsinə əlverişli şərait
formalaşdırır.
Son
10 ildə Azərbaycanda həyata
keçirilən islahatların insan və vətəndaş
amilinin yüksəlişinə xidmət etdiyini xüsusi
vurğulamağa ehtiyac yoxdur. Respublikanın iqtisadi cəhətdən
inkişaf etmiş dövlətə çevrilməsi məqsədinin
özü də, ilk növbədə, ölkə vətəndaşların
sosial rifah səviyyəsinin yüksəldilməsi məqsədınə
hesablanmışdır. Üstəlik,
sosialyönümlülük respublikanın milli iqtisadi
inkişaf modelinin əsas xüsusiyyətlərindən
biridir. Bu baxımdan, Azərbaycanın inkişaf modeli İçveç
modelinə nisbətən daha yaxındır. İsveç
modelində sosial siyasət vacib yer tutur və işçi
qüvvəsinin (əsasən yüksək ixtisaslı) təkrar
istehsalı üçün qismən normal şəraitin
yaradılmasını təmin etməklə, sosial gərginliyin
azaldılmasında, sinfi antoqonizm və münaqişələrin
neytrallaşdırılmasında mühüm rol oynayır.
Ümumiyyətlə,
müasir dövrdə sosial ədalət meyarını rəhbər
tutan hər bir dövlətin qarşıya qoyduğu ən
ali məqsəd vətəndaş amilinin tərəqqisi,
insanlar üçün maksimum firavan yaşayış şəraitınin
təmin edilməsidir. Neft gəlirlərinin iqtisadiyyatın
vacib sahələrinə, xüsusən də qeyri-neft
sektoruna, istehsal sahibkarlığına yönəldilməsi,
yeni müəssisələrin açılması yolu ilə
işsizlik problemınin aradan qaldırılması, bir
sözlə, əhalinin sosial müdafiə tədbirlərinin
gücləndirilməsi Azərbaycanda həyata keçirilən
sosialyönümlü iqtisadi siyasətin ana xəttini təşkil
edir. Dövlət başçısı iqtisadi
inkışafa yalnız neft amili hesabına nail olmağı məqbul
saymayaraq tarazlı və davamlı tərəqqi naminə
qeyri-neft sektoruna xüsusi diqqət yetırilməsinin
vacibliyini önə çəkir. Bu siyasət neftdən
asılılığı azaltmaqla ölkədəki dinamik
iqtısadi inkişaf tempini sabit saxlamağa imkan verən
fundamental əsasların yaradılmasını nəzərdə
tutur. Ulu öndər Heydər Əliyevin irəli
sürdüyü milli ideya ötən 20 ildə
xalqımızın inkişaf və tərəqqisində
lokomotiv rolunu oynamış, onun firavan gələcəyi
üçün uğurlu təməl
hazırlamışdır. Bu mənada, müstəqil Azərbaycan
qarşısında duran ümummilli məqsədləri dəqiq
müəyyən edərək, onların gerçəkləşdirilməsi
istiqamətində ardıcıl, sistemli fəaliyyət
göstərən ölkə kimi dünyanın yeni iqtisadi
fenomeninə çevrilmişdir. Ümumi şəkildə
ifadə etsək, bu gün ölkədə həyata
keçırilən siyasətin ən başlıca məqsədi
modernləşmə mərhələsini də sürətlə
başa vuraraq Azərbaycanı inkişaf etmiş ölkələr
səviyyəsində yüksəltmək, demokratik
idealların cəmiyyətdə tam möhkəmlənməsinə
nail olmaq, yeni düşüncəli vətəndaş
yetişdirməkdir. Yeni dövrün milli ideallarına
çevrilən bu məqsədlərin reallığa
adekvatlığı isə qətiyyən şübhə
doğurmur.
İlham MƏMMƏDZADƏ,
Fəlsəfə, Sosiologiya və
Hüquq İnstitutunun direktoru
Xalq qəzeti.- 2013.- 10 may.- S. 8.