ƏBƏDİYAŞARLIQ
HAQQI
Ulu öndər
Heydər Əliyevin alternativsiz siyasi kursu Azərbaycanın parlaq gələcəyinin təminatıdır
Hər bir xalqın milli kimliyi onun əsrlər boyu siyasi varislik ənənələri üzərində formalaşan və zənginləşən dövlətçilik irsində dolğun təcəssümünü tapır. Milli dövlətçiliyin qorunması və möhkəmləndirilməsi isə təkcə tarixi şans və milli iradə nümayişi ilə deyil, həm də lider amili ilə şərtlənir. Minilliklərin sınağından çıxmış təcrübə göstərir ki, fenomenal keyfiyyətlərə, yüksək dövlətçilik və idarəçilik təfəkkürünə malik lideri olmayan xalqlar nəinki dövlət yarada bilməmiş, hətta dünya səhnəsindən tamamilə silinmək təhlükəsi ilə üzləşiblər. Bu mənada, liderin siyasi iradəsindən çox şey, ən başlıcası isə onun təmsil etdiyi ölkənin taleyi asılıdır.
Əsrlər boyu böyük filosoflar,
Avropanın və Şərqin siyasi fikir tarixinin görkəmli
sımaları liderlik institutunun tarixdəki rolunu
aydınlaşdırmağa çalışmış,
bir-birindən maraqlı və cəlbedici elmi qənaətlərə
gəlmişlər. Fəqət, liderlik
anlayışı ilə bağlı ən fərqli
mülahizələr, elmi nəzəriyyə və
baxışlar bir gerçəklik üzərində
qovuşur, ortaq nöqtəyə gəlir: lider bir çox fərdi
keyfiyyətlərinə görə seçilən hansısa
şəxsiyyətin tükənməz optimizm, yüksək
xarizma, fitri idarəçilik keyfiyyətləri, kütlələri
konkret ideya, məram və məqsədlər ətrafında
səfərbər edib inandırmaq, ətrafında toplamaq,
arxasınca aparmaq bacarığıdır.
Ədalətli
və güclü rəhbərə sahiblik arzusu
dünyanın ən qədim etnoslarından biri olaraq bəşər
sivilizasiyasına böyük töhfələr vermiş azərbaycanlıların
da milli düşüncə sistemində möhkəm
intişar tapmaqla, müdrik xalqımızın minilliklərlə
ölçülən mövcudluq və mücadilə salnaməsinin
ümdə qayəsinə çevrilmişdir. Dünyanın qədim etnoslarından olan Azərbaycan
xalqının milli dövlətçilik şüurunun
formalaşması və möhkəmlənməsi prosesi, eyni
zamanda, onun müstəqil, azad dövlətdə yaşamaq
arzusu müəyyən səbəblərdən qərinələr
boyu müxtəlif maneələrlə üzləşərək
reallaşmamışdır. Xalqımızın
bu gün də qürur hissi ilə andığı
böyük hökmdar — sərkərdələr — Cavanşir,
Atabəy Eldəgiz, Qazan xan, Şirvanşah I İbrahim,
Şah İsmayıl Xətai, Fətəli xan kimi şəxsiyyətlər
Azərbaycanı vahid dövlət bayrağı altında
birləşdirməyə, davamlı milli dövlət
qurmağa çalışsalar da, obyektiv və subyektiv səbəblərdən
qarşıya qoyduqları müqəddəs məramı
sonadək reallaşdıra bilməmişlər.
Azərbaycanlıların əsrlər boyu
cilalanaraq formalaşan güclü, istiqamətverici, gerçək
ümummilli lider idealı isə məhz ulu öndər Heydər Əliyevin
şəxsiyyətində həqiqətə çevrilir. Ulu öndər Heydər Əliyev XX əsr Azərbaycan
tarixində təkcə milli müstəqillik ideyasını
praktik olaraq gerçəkləşdirmiş lider kimi yox, həm
də yaratdığı dövləti hər cür qəsdlərdən
qoruyan, möhkəmliyini, dayanıqlığını təmin
edən, onun hərtərəfli inkişafı
üçün iqtisadi, siyasi, hüquqi zəmin hazırlayan
böyük strateq, müdrik rəhbər kimi əbədiyaşarlıq
qazanmışdır.
Hazırda ictimai fikirdə
mütləqləşmiş qənaətlərdən biri də
məhz budur ki, ulu öndər Heydər Əliyevin 1993-cü
ildə xalqın təkidi və tələbi ilə siyasi hakimiyyətə
qayıdışı Azərbaycanı müstəqil dövlət
kimi dünya xəritəsindən silinmək təhlükəsindən
xilas etmişdir. Məhz ümummilli liderin qətiyyətli
addımları sayəsində respublikada ictimai-siyasi sabitlik,
qanunçuluq təmin edilmiş, xaos və anarxiya
burulğanından qurtulan cəmiyyət yeni ictimai-iqtisadi
formasiyanın tələblərinə cavab verən mütərəqqi
inkişaf yoluna qədəm qoymuşdur. Bu
mərhələdən iqtisadi, siyasi, hüquqi və digər
sahələrdə kompleks islahatlar həyata keçirən,
ölkənin milli iqtisadi inkişaf modelinin xüsusiyyətlərini
elmi şəkildə açıqlayan, yeni neft
strategıyasını irəli sürən, cəmiyyətdə
sabitliyin qarantı olan orta təbəqənin - sahibkarlar
sinfinin formalaşması yönümündə
ardıcıl addımlar atan ümummilli lider Heydər Əliyev
dövlət müstəqilliyinin möhkəmləndirilməsini
və Azərbaycanın davamlı inkışaf yoluna
çıxarılmasını həmin dövrün
başlıca milli ideyasına çevirmişdir.
1993-2003-cü
illərdə ölkədə həyata keçirilən siyasət
deməyə əsas verir ki, ulu öndər Heydər Əliyev
milli ideyanın təcəssümü olan məqsədlərin
gerçəkləşdirilməsi, ələlxüsus
müstəqillik amilinin praktik şəkildə bərqərar
olunması baxımından, ilk növbədə, iqtisadiyyatda
çoxşaxəli islahatların aparılmasını,
davamlı inkışaf üçün bazisin
formalaşmasını vacib saymışdır. Qısaca xatırlatmaq kifayətdir ki, ulu öndərin
müstəqil Azərbaycana rəhbərliyi illərində
milli iqtisadiyyatda köklü islahatlar aparılmış,
sosialyönümlü bazar iqtisadiyyatına keçidin ümdə
prinsipləri müəyyənləşdirilmiş, torpaq
islahatı kimi çətin və ağrılı proses,
habelə özəlləşdirmənin birinci mərhələsi
uğurla başa çatdırılmış, milli
sahibkarlığın inkişafı üçün zəruri
qanunverıcilik aktları qəbul edilmiş, respublikanın
dünya təsərrüfat sisteminə inteqrasiyası sürətlənmişdir.
Bütün bunlar göstərir ki, məhz Heydər
Əliyevin prezidentliyi dövründə ölkənin
müasir inkışafı üçün möhkəm təməl
qoyulmuş, Azərbaycanın yetkin dövlət kimi qəbul
edilməsi təmin olunmuş, gələcəkdə
müasir dünyaya sürətlə qovuşmasına
şərait yaradılmışdır.
Prezident
İlham Əliyevin 2013-cü il 21 yanvar tarixli “Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik
yubileyi haqqında” sərəncamında göstərildiyi
kimi, “dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan
dövlətçilik tarixində müstəsna yeri
vardır. Azərbaycançılıq məfkurəsinin
parlaq daşıyıcısı kimi Heydər Əliyev öz
müdrik siyasəti, dönməz əqidəsi və tarixi
uzaqgörənliyi sayəsində milli dövlətçilik
ideyasının gerçəkləşdirilməsinə,
müasir Azərbaycan dövlətinin qurulmasına və
xalqımızın müstəqillik arzusuna
çatmasına nail olmuşdur. Məhz Heydər
Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan
özünün geostrateji, iqtisadi və mədəni
potensialından istifadə edərək Şərqlə Qərb
arasında etibarlı körpü rolunu oynamağa
başlamış və dünyanın ən dinamik inkişaf
edən ölkələrindən birinə
çevrilmişdir”.
Ulu
öndər Heydər Əliyevin fenomenal şəxsiyyət və
lider kimi səciyyəvi xüsusiyyətlərindən, idarəçilik
keyfiyyətlərindən, ümumilikdə dövlətçilik
fəaliyyətindən bəhs edən müəlliflər,
istər-istəməz, bir sual üzərində
düşünməli olurlar: Görəsən, Heydər Əliyevin
böyük siyasətdə məğlubedilməz və
xarizmatik lider kimi uğurlarını təmin edən
başlıca amillər nə olmuşdur? Böyük
əksəriyyəti bu sualın ən sadə, lakin dərin məzmun
yükünə malik bir cavabı üzərində
dayanır: Şübhəsiz, tarixə öz
möhürünü vurmuş böyük liderlər kimi
ümummilli lider Heydər Əliyevin də siyasətdə və
dövlət idarəçiliyində qazandığı
nailiyyətlər, ilk növbədə, xalqın dəstəyinə,
ictimai inam amilinə söykənmişdir. Ulu
öndər qarşıya qoyduğu ali məqsədlərə
doğru irəliləyərkən təkcə daxili
inamına, iti fəhminə, yüksək intellektinə və
parlaq zəkasına deyil, həm də ictimai etimada əsaslanmış,
ən böyük dəstəyi xalqdan almışdır.
Yaşadığı
zaman və məkanın xarakterindən asılı olmayaraq, qərinələr
boyu əxz etdiyi milli-mənəvi dəyərlərini, mental
xüsusiyyətlərini qoruyub saxlayan Azərbaycan xalqı gələcək
taleyini daim inandığı, etimad bəslədiyi siyasi
qüvvəyə etibar etmişdir. Heydər Əliyev
fenomeninin böyüklüyü isə onun daim xalq
qarşısında yüksək mənəvi və siyasi məsuliyyət
hissi daşıması, ictimai inamı doğrultmaq
üçün böyük səylə, əzmlə,
vicdanla çalışması olmuşdur. Siyasətə
ideyaların realizə vasitəsi kimi yanaşan ulu öndər
bütün məsələlərdə daim ümumxalq mənafeyindən
çıxış etmiş, hakimiyyətdə olduğu hər
iki mərhələdə eyni əzmlə, həvəslə
çalışmış, qarşıya qoyduğu hədəflərə
yetişmək üçün bütün
gücünü səfərbər etmişdir. Məhz
bu keyfiyyətləri sayəsində Heydər Əliyev
heç zaman kiçik bir qrupun, toplumun lideri olmamış,
bütöv millətə, xalqa rəhbərlik etmək
haqqını təmin etmişdir. Şəxsiyyət və
lider kimi miqyasının böyüklüyü ona hələ
sağlığında ikən ümummilli liderlik zirvəsini
fəth etmək imkanı vermişdir.
Ulu
öndərin 40 ilə yaxın müddətdə
özünü təcrübəli dövlət xadimi və rəhbər
kimi təsdiqləməsi, cəlbedici ideya və proqramlarla
insanların inam və etimadını qazanması, habelə məğlubedilməz
obrazı, həm də qeyri-adi bir keyfiyyətlə - liderlik
xarizması ilə ölçülür.
Əsrlər
boyu politoloji fikirdə möhkəmlənərək müasir
günlərimizədək gəlib çatan bir elmi postulat da
ondan ibarətdir ki, xarizma heç də bütün liderlər
üçün səciyyəvi keyfiyyət deyildir. Xarizma
əsasən liderin son dərəcə cəlbedici auraya malik
olmasını, psixoloji təsir və inandırma qabiliyyətini
özündə ehtiva edən politoloji anlayış kimi şərh
edilir. Xarizmatik liderin müsbət aurası onunla yaxından
ünsiyyətdə olanlara yaxşı mənada təsir
göstərir, onları vahid məram və məqsədlər
ətrafında kökləyir. Bu keyfiyyətə malik şəxsiyyətlər
sosial-iqtisadi, ictimai-siyasi və mənəvi-mədəni
kataklizmlər dövründə xalqa düzgün yolu göstərən
mayak və xilaskar missiyasında çıxış edirlər.
Heydər
Əliyev də xarizmatik şəxsiyyət kimi insanları
öz ideya və baxışları ətrafında toplamaq,
onların iradələrinə, qərarlarına təsir
göstərmək imkanında olmuşdur. Məhz bu qeyri-adi
xüsusiyyəti sayəsində ulu öndər həm də
idarəçilikdə böyük uğurlara imza
atmış, cəmiyyətin həlledici təbəqələrini
arxasınca apara bilmişdir.
Ötən əsrin nüfuzlu dövlət xadimlərindən olmuş Uinston Çörçil demişdir ki, “Siyasətçi növbəti seçkilər, əsl lider isə gələcək nəsillər barədə düşünür”. Böyük siyasi liderlər üçün səciyyəvi cəhətlərdən biri də siyasi intuisiya və uzaqgörənlik, hadisələrin gedişinə təsir göstərmək və ya onu qabaqlamaq bacarığıdır. Bu elə bir vacib keyfiyyətdir ki, təkcə böyük bir millətə deyil, hətta kiçik bir partiyaya, siyasi qrupa rəhbərlik edən şəxs də siyasi proseslərin gedişini fəhmlə duymalı, gözlənilən uğur və uğursuzluqları əvvəlcədən hesablamağı bacarmalıdır. Tarixən bir çox nüfuzlu liderlərin siyasətdə qarşıya qoyduğu məqsədlərə yetişərək uğur qazanması, rəhbərlik etdiyi xalqı böyük fəlakət və faciələrdən hifz etməsi məhz iti fəhm, intuisiya və uzaqgörənliyin nəticəsi olmuşdur. Azərbaycan xalqının ümummilli lideri də məhz belə uzaqgörən, siyasi proseslərin inkişaf trayektoriyasını duyan, çoxgedişli kombinasiyalar qurmağı bacaran, hadisələrə pozitiv təsir göstərən fenomenal şəxsiyyət idi!
Siyasət
insanları inandırmaq, müəyyən məqsədlər
naminə səfərbər etmək, ictimai şüurda
pozitiv dönüş yaratmaq vasitəsidir. Bunun
üçün liderdən aydın, məzmunlu,
inandırıcı, cəlbedici nitq mədəniyyətinə,
pozitiv auraya, dərin məntiqi
mühakiməyə, geniş erudisiyaya malik olmaq tələb
olunur. Bu gün siyasi baxışlarından asılı
olmayaraq hamı birmənalı etiraf edir ki, Heydər Əliyev
fenomen natiqlik məharətinə malik lider olmaqla
yanaşı, qeyri-adi intellektə, yaddaşa, hafızəyə,
təfəkkürə malik xariqüladə İnsan idi.
Aydın və cəlbedici nitqi, incə yumoru, inandırmaq
bacarığı, istənilən söhbətinin konkret həyat
reallıqları, fakt və hadisələr üzərində
qurması onun aurasını son dərəcə cəlbedici
edirdi. Heydər Əliyevin publika qarşısında saatlarla
çıxış etməsi, nitq söylədiyi mövzunu
incəliklərinə qədər bilməsi, onun fitri
istedadı insanları heyrətləndirir, məftun edirdi.
Ümummilli
lider Heydər Əliyev çıxışlarında dilimizin
saflığının, mənəvi zənginliyinin
qorunmasını gənc nəslə tövsiyə edirdi. Xüsusi vurğulayırdı ki, Azərbaycan dili
dünyanın inkişaf etmiş dillərindən
olduğundan, müasir dövrün ən müxtəlif
ictimai-siyasi, elmi-mədəni, fəlsəfi intellektual məzmun
və hadisələri, informativ mənzərəsi bu dildə
çevik şəkildə, səlistliklə əksini tapa
bilir. Peşəkar natiq olan ümummilli lider Heydər Əliyevin
hər çıxışında dilımizin zənginlikləri,
incəlikləri aşkara çıxır, ədəbi dilin
normalarına heyrətamiz dərəcədə
əməl olunurdu. Ulu öndər Azərbaycan
dilinin qorunması və inkişafına gənclər sahəsində
dövlət siyasətinin tərkib hissəsi kimi
yanaşırdı. Hələ Azərbaycan Gənclərinin
1996-cı ildə keçirilmiş I Forumunda Heydər Əliyev
gəncləri ana dilini dərindən mənimsəməyə
çağırmış, özünəməxsus
müdrikliklə onlara Şekspiri ingilis, Puşkini rus, Nizamini,
Füzulini, Nəsimini isə Azərbaycan dilində
oxumağı tövsiyə etmişdi: “Məni bu gün bu
forumda sevindirən cəhətlərdən biri də o oldu ki,
çıxış edən bütün gənclər
çox sərbəst, səlis, Azərbaycan dilində
danışırdılar. Bilirsiniz, bir neçə il bundan
öncə bunu görmək mümkün deyildi.
Keçmiş illərin müəyyən xüsusiyyətlərinə
görə Azərbaycan dili Azərbaycanda lazımi qədər
inkişaf edə bilməmişdi. Doğrudur, biz buna çox
çalışmışıq, 60-cı, 70-ci, 80-ci illərdə
bu barədə çox səylər göstərilmişdir.
Ancaq Azərbaycan dili hakim dil ola bilməmişdi. Biz Sovetlər
İttifaqının tərkibində idik. Öz dilini bilməyən,
öz dilini sevməyən adam öz tarıxini yaxşı
bilə bilməz”.
Siyasi
lideri səciyyələndirən əxlaqi keyfiyyətlərin
idarəetmə üçün zəruriliyıni Platon, Aristotel, Konfutsi kimi
böyük filosoflar öz nəzəriyyələrində
xüsusi önə çəkmişlər. Bütün
bunların fonunda ulu öndər Heydər Əliyevin mənəvi-əxlaqi
cəhətdən nə qədər zəngin, kamil insan
olduğu bir daha aydın görünür. Ulu
öndər istər ailədə, istər hansısa dar
çevrədə, istərsə də dövlət idarəçiliyində
və cəmiyyətdə daim milli-mənəvi, əxlaqi dəyərlərə
sadiq qalmış, etnik-mental tipi etibarilə əsl azərbaycanlı-türk
dünyagörüşünə malik olmuşdur. Ulu öndər barışmaz, prinsipial, sərt, məsuliyyətli
olduğu qədər də, humanist, tolerant, haqqa, ədalətə
yüksək önəm verən, mərhəmətli, nəcib
və xeyirhax şəxsiyyət kimi xatırlanır.
1993-2003-cü illərdə
ölüm hökmü cəzası üzərində
moratoriumun qoyulması, Prezident yanında əfvetmə
komissiyasının yaradılması, 1998-ci ilin 10 fevralında
isə bu cəzanın tam ləğv edilməsi, 32 əfv, 8
amnistiya aktının imzalanması məhz bu humanizmin, insanpərvərliyin
bariz təcəssümü idi.
Ulu öndər Heydər Əliyevin humanist lider olmasının ən qabarıq təzahürləri həm də onun tolerant şəxsiyyət olmasında özünü ehtiva edirdi. Böyük ürək sahibi olan bu insan hətta özünə qarşı edilmiş ədalətsizlikləri, haqsızlıqları da unudur, bağışlamağı bacarırdı. Bir zamanlar Heydər Əliyevin parlamentdə nitq söyləməsinə mane olmağa çalışanlar, ona qarşı hədyanlar söyləyənlər sonradan ulu öndərin böyüklüyü qarşısında kiçildilər, səhvlərini dərk edərək mövqelərini dəyişdilər. Fəqət, milli-mənəvi dəyərlərə bağlı olan ümummilli lider geniş ürək sahibi kimi həmin şəxsləri də bağışladı, bir qismini hətta vəzifələrə təyin etdi. Sonralar Heydər Əlıyev həmin şəxslər barədə deyirdi: “Mən dəfələrlə demişəm, heç kəsə damğa vurmaq olmaz. Heç kimi keçmiş səhvlərinə görə cəmiyyətdən təcrid etmək olmaz. Əgər bir adam dünən səhv etmişdirsə, yolunu azmışdırsa və bu gün düz yolla gedirsə, xalqla birlikdədirsə, qanuna riayət edirsə, - buna söz yoxdur”.
Ulu
öndərin idarəçiliyinin bütün mərhələrində
qanunçuluğa, hüquq qaydalarına, ədalətə
bağlı olması da, əslində, onun zəngin mənəviyyatından
rişələnmişdir. Heydər Əliyev
gücün siyasətinə qarşı qanunun
gücünü qoyaraq “haqlı həmışə
güclüdür” düsturundan çıxış edirdi.
Ulu öndər yaxşı başa düşürdü ki,
xalqa rəhbərlik edən hakimiyyət daim hər bir fərdin
maraq və mənafeyini uca tutmalıdır. Bu baxımdan əsl
liderlərə xas sosial arbitraj funksiyası – sosial mübahisələri
həll etmək bacarığı Heydər Əliyevin daxili
demokratizmindən irəli gəlirdi.
Dövlət
idarəçiliyində, ümumilikdə, siyasi arenada
uğuru təmin edən cəhətlər sırasında
novatorluq və praqmatizm də xüsusi yer tutur. Xaraktercə yenilikçi, təşəbbüskar
liderlər həm də praqmatik keyfiyyətləri özlərində
daşıyırlar. Ümummilli lider xalqın milli xüsusiyyətlərinin,
özünəməxsusluğunun
saxlanılması və gələcək nəsillərə
çatdırılması məsələsində nə qədər
mühafizəkar idisə, elmi-texniki tərəqqiyə,
inkişafa, sosial-mədəni tərəqqiyə xidmət edən
proqram və konsepsiyaların həyata keçirilməsində,
informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqində
bir o qədər yenilikçi, islahatçı və novator
idi. Ulu öndərin lider kimi yenilikçilik, təşəbbüskarlıq
keyfiyyətləri onun qurucu və yaradıcı, eyni zamanda,
maarifçi insan olmasından irəli gəlirdi.
Azərbaycan
Respublikası Prezident Administrasiyasının rəhbəri,
akademik Ramiz Mehdiyevin “Əsl vətəndaş, şəxsiyyət
və lider haqqında düşüncələr” əsərində
vurğuladığı kimi, ulu öndər Heydər Əliyevin
şəxsiyyətinin və fəaliyyətinin mahiyyətinin
dərk olunması on illərlə Azərbaycan ətrafında
cərəyan etmiş hadisələrin təbiətinə,
son dərəcə mürəkkəb ümummilli problemlərin
həlli yollarına işıq salır. Ulu
öndəri öz xalqının psixologiyasını və
mentalitetini çox gözəl bilən xarizmatik lider kimi səciyyələndirən
akademik qeyd edir ki, Azərbaycan vətəndaşları gələcək
inkişafın üfüqlərini məhz Heydər Əliyevin
həyata keçirdiyi sistemli fundamental dəyişikliklər
çərçivəsində görür: “Heydər
Əliyev iki əsrin ayrıcında öz ölkəsinin
“dövlət” adlı gəmisini qlobal sarsıntılar
dövrünün fırtınalarından sağ-salamat və
uğurla keçirərək ölkənin milli dəyərlərinin,
insanların mənəvi sağlamlığının,
özlərinə inamının qorunub
saxlanılmasına müvəffəq olmuşdur. Siyasətin ön səhnəsində olduğu 34 il ərzində
o, XX — XXI əsrlərin görkəmli
siyasətçilərindən biri kimi, müasir dövrün
böyük siyasi lideri kimi bütün dünyada
tanınmışdır... Öz təndiqçilərindən
və siyasi opponentlərindən fərqli olaraq, Heydər
Əliyev ölkənin bir çox problemlərinin - siyasətin,
iqtisadiyyatın və ictimai həyatın nəbzini və mahiyyətini
müəyyənləşdirən problemlərin həllinin
açarını tapmışdır. Yalnız həmin
problemlərin həllindən sonra Azərbaycan
üçün gələcək inkişafın perspektivləri
açılmış və bu perspektivlər bizdən
ötrü nikbinlik və daha yaxşı gələcək
üçün ümidlər mənbəyi olmuşdur”.
Ümumiyyətlə,
Heydər Əliyevin böyük müdrikliklə irəli
sürdüyü inkişaf modeli spesifikliyi ilə fərqlənməklə,
demokratik dəyərləri özündə maksimum ehtiva edən
milli inkişaf prioritetlərini müəyyənləşdirmişdir.
Məhz bunun nətıcəsidir ki, Azərbaycan cəmi 20 il
müddətində inanılmaz yol qət edərək bir
sıra Qərb dövlətlərinin onilliklər ərzində
zərrə-zərrə əldə etdiyi iqtisadi tərəqqiyə
nail olmuş, demokratikləşmə, vətəndaş cəmiyyəti
quruculuğu, insan hüquq və azadlıqlarının təminatı
sahəsində ciddi uğurlar əldə etmişdir.
Yetmiş
il inzibati-amirlik sistemində yaşamış, milli ideallardan
uzaqlaşdırılmış, iqtısadiyyatı səmərəsiz,
köhnə texnologiya və infrastruktur üzərində
qurulmuş respublikanın qısa müddətdə
qazandığı nailiyyətlərin miqyası Azərbaycanla
genişmiqyaslı əməkdaşlığa maraq göstərən
beynəlxalq təşkilatlarda, habelə aparıcı Qərb
dövlətlərində də heyrət doğurur. Prezident İlham Əliyevin ötən 10 il müddə-tində
uğurla davam etdirdiyi siyasət Azərbaycanda möhkəm təməllərə
söykənən və dinamik sosial-iqtisadi tərəqqini təmin
edən siyasi sabitliyin, vətəndaş sülhünün, həmrəyliyin
qorunub saxlanılmasına yönəlmişdir. Və bu
sabitliyi heç bir qüvvə pozmaq, ölkəni xaos,
anarxiya burulğanına sürükləmək iqtidarında
deyildir.
Prezident
İlham Əliyev ulu öndər Heydər Əliyevin əsasını
qoyduğu çoxşaxəli siyasəti ən müxtəlif
sahələrdə uğurla davam etdirməyə qadir siyasi
lider olduğunu ötən 10 illik fəaliyyəti
dövründə tam sübuta yetirmişdir. Vəzifəli
şəxslərə etimad prinsipini onların xalqa xidmətinə
nəzərən müəyyənləşdirmiş,
hökumətin xalq qarşısında hesabat verməsini idarəçilikdə
xoş ənənə kimi formalaşdırmışdır. Xalqla birbaşa təmasa üstünlük verərək
yerlərdə sıravi vətəndaşlarla
görüşməsi, onlarla səmimi söhbət edərək
problemlərinin həlli istiqamətində çevik qərarlar
qəbul etməsi möhtərəm Prezidentimizin xarakter
etibarilə sadə və səmimi, praktik siyasətçi
olması onun sıravi vətəndaşlarla təmaslarında
daha qabarıq şəkildə üzə
çıxmışdır. Dövlət
başçısı bütün müdrik dövlət
adamlarına xas olan qabiliyyətlə hər kəslə dil
tapmağı, Prezidentlə vətəndaş
arasındakı psixoloji səddi aradan götürməyi
bacarmışdır.
Ümumiyyətlə,
dövlət başçısı Heydər Əliyevin siyasi
kursunun davamçısı, xalqın lideri olmaq məsuliyyətini
yüksək dəyərləndirir və bu da onun cəmiyyət
qarşısındakı öhdəliklərə sadiqliyindən
irəli gəlir. Hələ 2003-cü ildə
andiçmə mərasimində “Azərbaycanı qüdrətli
dövlətə çevirmək üçün ən
başlıcası ölkədə Heydər Əliyevin siyasəti
davam etdirilməlidir. Bu gün yüksək
kürsüdən çıxış edərkən mən
Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə
sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm”
- deyən İlham Əliyev ulu öndərin dövlətçilik
irsinə necə sadiq olduğunu ötən müddətdə
tam təsdiqləmişdir.
Cənab
İlham Əliyevin qazandığı uğurların
başqa bir mühüm səbəbi də var: dövlət
başçısı insan və şəxsiyyət amilini
ucaltmaqla, hər bir vətəndaşın maraqlarının
dövlət üçün üstün olduğunu
nümayiş etdirmişdir. Cənubdan Şimala, Şərqdən
Qərbə çoxsaylı yaşayış məntəqələrində
yeni sosial-mədəni obyektlərin - ən müasir tələblərə
cavab verən yeni məktəblərin, səhiyyə
ocaqlarının, körpülərin, yolların və s.
tikintisi buna əyani sübutdur.
Cəmiyyət
həyatındakı sürətli dəyişikliklər
ötən 10 ildə elm və təhsil konsepsiyasının
müasirləşdirilməsini, inkişaf etmiş dövlətlərin
maarifçilik ənənələrinin mənimsənilməsini,
eləcə də mənəvi-intellektual intibaha xidmət edən
siyasətin yeni əsaslarla davam etdirilməsini vacib məsələ
kimi gündəmə gətirmişdir. Bu
baxımdan Prezident İlham Əliyevin son illərdə
imzaladığı “Azərbaycan elmində islahatların
aparılması ilə bağlı Dövlət
Komissiyasının yaradılması haqqında”, “Azərbaycan
Respublikasında 2009-2005-ci illərdə elmin
inkışafı üzrə Milli Strategiyanın həyata
keçırilməsi ilə bağlı Dövlət
Proqramı”nın təsdiq edilməsi
haqqında", “Elmin İnkışafına Yardım Fondunun
yaradılması haqqında” və digər sərəncamlar
elm sahəsində yeni dövrün tələbi ilə səsləşən
islahatların aparılmasını təmin etmişdir. 2009-cu
ildə respublikada Elmin İnkişafı Fondunun
yaradılması elmi tədqiqatların stimullaşdırılmasının
yeni maliyyə mexanizmi kimi diqqəti çəkir.
Azərbaycan
Prezidentinin “Azərbaycan Milli Elmlər Akademiyasının gənc
alimlərinin Avropanın elmi mərkəzlərində
doktorantura təhsilinin maliyyələşdirilməsi
haqqında” 2010-cu il 9 fevral
tarixli Sərəncamı respublikada elmi tədqiqatların
dünya standartları səviyyəsində
aparılmasını, ölkənin elmi kadr
potensialının artırılmasını və Azərbaycan
elminin beynəlxalq elm məkanına inteqrasiyasının təmin
olunmasını daha da sürətləndirmək məqsədi
daşıyır.
Cənab
İlham Əliyevin 2011-ci il 21 aprel tarixdə AMEA-nın illik
ümumi yığıncağında iştirakı və dərin
məzmunlu nitqində intellektual elitaya bir sıra dəyərli
tövsiyələr verməsi bu sahənin
inkişafının ölkə rəhbəri
üçün prioritet məsələlərdən biri
olduğunu bir daha təsdiqləyir. Möhtərəm
Prezident həmin toplantıda bir daha xüsusi
vurğulamışdır ki, Azərbaycan dövləti
iqtısadi inkişaf prosesində ilk növbədə cəmiyyətin
intellektual potensialına istinad edir. Respublikada təbii
sərvətlərin hasilatından əldə olunan vəsaitlərin
böyük qisminin məhz elm və təhsilə, informasiya
texnologiyalarının inkişafına, insan kapitalının
formalaşdırılması məqsədinə yönəldilməsi
inkişaf etmiş bir sıra dövlətlərin təcrübəsində
özünü doğrultmuşdur. Bütün bunlarla
yanaşı, cənab İlham Əliyev hazırkı mərhələdə
elmi proqnozlardan iqtisadi inkişaf prosesində səmərəli
istifadə olunması, daha dəqiqi, elmlə
iqtisadiyyatının uğurlu vəhdətinin təmin edilməsi
vacibliyini də vurğulamışdır:
“Bütövlükdə Azərbaycan iqtisadiyyatının
uğurlu inkişafı dünya miqyasında bir fenomendir. Son bir neçə il ərzində ölkəmizdə
iqtisadi artım ən yüksək səviyyədədir və
biz bu göstəriciyə görə dünya miqyasında
birinci yerdəyik... İqtisadiyyatın hərtərəfli
inkişafı da beynəlxalq maliyyə qurumları tərəfindən
qiymətləndirilir... Bununla bərabər, biz
uzunmüddətli inkişaf strategiyamızı müəyyən
edərkən mütləq güclü elmi bazaya
arxalanmalıyıq. Biz iqtisadi inkişafımızın gələcək
istiqamətlərini müəyyən edərkən
güclü elmi əsaslara söykənməliyik. Burada
düzgün proqnozlar verilməlidir”.
Prezidentin
həmin tədbirdə alimlərə mühüm tövsiyələrindən
biri də elmin inkişaf prioritetlərinin respublikanın
hazırkı inkişaf dinamikası ilə
uzlaşdırılması olmuşdur. İnsan
kapıtalının formalaşdırılmasını
prioritet məqsəd kimi diqqətə çəkən,
dövlətin innovasiya inkışafında müasir biliklərin,
nanotexnologiyaların roluna mühüm yer ayıran bu effektiv
iqtisadi siyasətin elmi cəhətdən təhlili və əsaslandırılması
mövcud uğurların davamlılığının təmini
baxımından son dərəcə vacibdir.
Düşünürəm
ki, cənab İlham Əliyevin rəhbərliyi altında son
illərdə qazandığımız minlərlə, on minlərlə
uğurlu faktı sadalamağa lüzum yoxdur. Bu siyasətin ən böyük uğuru isə
bütövlükdə Azərbaycan insanın təfəkkür
və düşüncə baxımından müasirləşməsi,
modern baxışlar sisteminə liberal yanaşması, mental və
bəşəri dəyərləri uzlaşdıra bilməsidir.
Bəli, 22 il bundan əvvəl dünyaya göz açan
körpələr indi müstəqil Azərbaycanın 22
yaşlı, yetkin, müasir düşüncəli gəncləridir.
Onlar tam olaraq müstəqillik dövründə
yaşamış, formalaşmış, bu nemətin
şirinliyini dadmışlar. Onlar yeni ictimai-iqtisadi formasiyada,
azərbaycançılıq və müstəqillik
ideologiyası ruhunda formalaşdıqları üçün
müstəqilliyin qədir-qiymətini daha yaxşı bilirlər.
Hər cür nostalgiyadan uzaq müasir düşüncəli,
kreativ, yenilikçi ruhlu bu gənclik müstəqilliyimizin,
ulu öndərin təbirincə desək, ədəbi,
dönməz olmasının etibarlı təminatçısıdır.
Bütün bunlar göstərir ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqil, milli ənənələrə və ümümbəşəri dəyərlərə, dünya standartlarına cavab verən elmi potensialının formalaşdırılması istiqamətində həyata keçirilən siyasət bu gün də əzmlə davam etdirilir. Azərbaycan elmi Prezident İlham Əliyevin rəhbərliyi altında məhz bu ənənələr əsasında inkişaf edir, mövcud problemlərə, çətinliklərə sinə gərərək millətin nurlu gələcəyinə yol açmağa çalışır. Ölkənin elm adamları Azərbaycanın iqtisadi potensialı artdıqca, elmi sahəyə qoyulan sərmayələrin də ildən-ilə artacağına böyük ümidlər bəsləyir, eyni zamanda ölkədə həyata keçirilən effektiv islahatlar kursuna hərtərəfli dəstək verirlər.
İsaxan VƏLİYEV,
AMEA Fəlsəfə, Sosiologiya və
Hüquq İnstitutunun şöbə
müdiri,
hüquq elmləri doktoru, professor
Xalq qəzeti.- 2013.- 10 may.- S. 9.