İnkişafa xidmət edən ideyalar
müəllifi
Azərbaycanda müstəqil milli
dövlətin mövcudluğu dünya şöhrətli ictimai-siyasi
xadim, ümummilli lider Heydər Əliyevin adı ilə sıx
bağlıdır. Həqiqi müstəqilliyə uzun illər ərzində zəmin yaradan iqtisadi müstəqillik
də məhz bu fenomen
şəxsiyyətin milli resursları nəzərə
almaqla müəyyənləşdirdiyi inkişaf strategiyasına əsaslanır.
Ölkəmizin son illərdə sosial-iqtisadi sahədə
qazandığı böyük uğurlar, əldə etdiyi
səmərəli nəticələr məhz ulu
öndər Heydər Əliyevin hələ ötən əsrin
70-80-ci illərində
müdrikliklə formalaşdırdığı iqtisadi resurslardan, sənaye
və istehsal potensialından
qaynaqlanır. Dahi öndərin respublikamıza rəhbərlik etdiyi 1969-1982-ci illərdə milli
şüurun oyanışı naminə həyata
keçirilən kompleks tədbirlər təkcə
ədəbi-mədəni sferaları əhatə etməmişdir.
Ümummilli liderimizin
rəhbərliyi ilə təhsil, səhiyyə, kadr hazırlığı, sosial-iqtisadi
sahələr üzrə həyata keçirilən məqsədyönlü
tədbirlərin uğurlu nəticələri
bir neçə onillikdən sonra Azərbaycanın müstəqil dövlət
kimi yaşamasına etibarlı təminat
yaratmışdır.
Həmin
illərdə formalaşmış sənaye potensialı əsasında
respublikamız neft maşınqayırması, məişət
kondisionerləri, elektrik mühərrikləri, elektromaqnit
avadanlığı, soyuducular, sintetik kauçuk, boru-prokat, şüşə
və şüşə qablar və s. istehsalına görə
ittifaq miqyasında qabaqcıl mövqelərə
çıxmışdır. Həmin dövrdə Sumqayıt
şəhərinin respublikanın ən iri sənaye mərkəzlərindən
birinə çevrilməsi, burada çoxlu sayda zavod və
fabriklərin, emal müəssisələrinin tikilib istifadəyə
verilməsi, şəhər infrastrukturunun
formalaşdırılması da məhz ulu öndər Heydər
Əliyevin müstəsna xidmətləri ilə
bağlıdır. 70-80-ci illərdə şəhərdə
ağır sənaye ilə yanaşı, yüngül sənaye
və maşınqayırma müəssisələri,
çoxsaylı sosial obyektlər fəaliyyətə
başlamış, Azərbaycanın müxtəlif bölgələrindən
gəlmiş insanlar işlə təmin olunmuşlar.
Ümummilli lider Heydər Əliyev “kiçik Azərbaycan”
adlandırdığı Sumqayıta mütəmadi olaraq
baş çəkmiş, şəhər sakinlərinin
qayğıları, problemləri ilə maraqlanmış, yeni
müəssisələrin açılış mərasimində
iştirak etmişdir. Bu görüşlərin hər biri
Sumqayıtda yeni infrastruktur layihələrinin həyata
keçirilməsində, tikinti-quruculuq işlərinin sürətlənməsində
mühüm rol oynamışdır.
Bütün
bunların nəticəsi olaraq ötən əsrin 70-80-ci illərində
Sumqayıt özünün iqtisadi potensialına görə
SSRİ məkanında tanınır, onun istehsal etdiyi məhsullar
ittifaqın 700 şəhərinə ixrac olunurdu. Burada fəaliyyət
göstərən bir neçə elmi-tədqiqat institutu nəinki
ittifaq miqyasında, həmçinin xarici ölkələrdə
böyük nüfuza malik idi. Sumqayıtda
maşınqayırma, qara və əlvan metallurgiya, trikotaj,
kimya, şüşə sənayesi inkişaf edərək bir
çox ölkələrin diqqətini özünə cəlb
edirdi. 1963-cü ildə fəaliyyətə başlayan, uzun
illər respublikamızda şüşə sənayesinin formalaşmasına
və inkişafına töhfə vermiş Sumqayıt
şüşə zavodunun intibah dövrü də məhz
ümummilli liderin birinci rəhbərlik dövrünə təsadüf
edir. Heydər Əliyev hələ o dövrdən bu müəssisənin
və bütövlükdə şüşə sənayesinin
problemlərini diqqət mərkəzində saxlamış,
onun inkişafı, yüksək səviyyədə məhsul
istehsalı üçün lazımi köməyi əsirgəməmişdir.
Bunun nəticəsi olaraq Azərbaycan o dövrdə
bütün Zaqafqaziyanı və Rusiyanın bir çox
bölgələrini 25 il müddətində keyfiyyətli pəncərə
şüşəsi ilə təmin etmişdir.
Heydər
Əliyevin respublikaya birinci rəhbərliyi dövründə
Azərbaycanda istehsalın ümumi həcmi 2,7 dəfə
artmış, respublikamız milli gəlirin səviyyəsinə
görə ittifaq miqyasında ön mövqelərə
çıxmış, əmək məhsuldarlığı
1,8 dəfə yüksəlmişdir. Heydər Əliyevin
1982-ci ildən sonra siyasi fəaliyyəti Kremlə bağlansa
da, müdrik rəhbər xalqına və respublikasına
maksimum dərəcədə diqqət və qayğı ilə
yanaşmağa çalışmışdır. Bununla belə,
80-ci illərin ikinci yarısında keçmiş SSRİ-də
müşahidə olunan iqtisadi böhran respublikadan da yan
keçməmiş, milli iqtisadiyyatda durğunluq və geriləmə
meyilləri özünü göstərmişdir. 1986-cı
ildə ümumi milli gəlirin səviyyəsi 1985-ci ilə
nisbətən 101,6 faiz olmuşdu və bu da Azərbaycan
üçün son 10 ildə ən aşağı göstərici
idi. Respublikanı idarə edən o vaxtkı rəhbərlər
ümumi milli gəlirin səviyyəsinin artım tempinin
aşağı düşməsindən heç bir nəticə
çıxarmırdılar. Xüsusən də
1990-1993-cü illərdə obyektiv və subyektiv səbəblər
üzündən ölkə iqtisadiyyatında tənəzzül,
böhran və əks proseslərin genişlənməsi, idarəetmədə
səriştəsiz və bacarıqsız adamlara geniş
meydan verilməsi az qala Azərbaycanın dövlət kimi
süqutuna səbəb olacaqdı.
Xalqın
ən ağır günlərində – 1993-cü ilin iyununda hakimiyyətə
qayıdan Heydər Əliyev yorulmaq bilmədən, qətiyyət
və böyük bacarıqla Azərbaycanın başı
üstünü almış vətəndaş müharibəsi
alovunu söndürmüş, ölkədə baş alıb
gedən qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsinə,
ictimai-siyasi sabitliyin tam bərpasına, qanunçuluğun və
hüquq qaydalarının möhkəmləndirilməsinə,
cəbhə bölgəsində atəşkəs rejiminə
nail olmuş, habelə demokratik inkişaf kursu ilə
uzlaşan sosial-iqtisadi siyasət strategiyasını irəli
sürmüşdür. Ulu öndər bir ictimai-iqtisadi
formasiyadan digərinə keçid dövründə
respublikanın qarşısında duran strateji vəzifə və
hədəfləri düzgün müəyyənləşdirməklə
dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində
sınaqdan uğurla çıxmış, müsbət nəticələri
sübut olunmuş inkişaf kursunun Azərbaycan gerçəkliyinə
adekvat modelini yaratmışdır. Heydər Əliyev qısa
zamanda özəl mülkiyyətçiliyə,
sahibkarlığa, sərbəst rəqabətə meydan
açan, dövlətsizləşdirməni özündə
ehtiva edən, sosialyönümlü mahiyyət daşıyan,
habelə xarici iqtisadi əlaqələrin gücləndirilməsi
və münbit biznes mühitinin formalaşdırılması
yolu ilə ölkəyə investisiya axınını stimullaşdıran
liberal inkişaf modelinin praktik surətdə gerçəkləşdirilməsinə
nail olmuşdur. Ümummilli lider mərkəzi
planlaşdırma və bölgü sistemindən sərbəst
bazar münasibətlərinə əsaslanan iqtisadi modelə
keçid prosesinin aztəminatlı təbəqənin
maraqlarına toxunmaması üçün dövlət
büdcəsində sosial müdafiə tədbirlərinə
geniş yer ayrılmasını da təmin etmişdir.
Ümumiyyətlə,
ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi
iqtisadi inkişaf strategiyasının əsasını
üç mərhələdə həyata keçirilməsi
nəzərdə tutulan islahatlar təşkil etmişdir:
birinci mərhələdə güclü dövlət tənzimlənməsi
ilə böhrandan çıxmaq, ikinci mərhələdə
iqtisadiyyatın sabitliyini təmin etmək,
üçüncü mərhələdə iqtisadi dirçəlişə
nail olmaq. Hər bir mərhələyə uyğun həyata
keçirilən iqtisadi islahatlar nəticəsində
1996-cı ildə respublika iqtisadiyyatında sabitlik təmin
edilmiş, 1997-ci ildən sosial-iqtisadi inkişafda müsbət
meyillər özünü göstərməyə
başlamışdır.
İqtisadi
islahatların ardıcıl və sistemli şəkildə həyata
keçirilməsinin tərəfdarı kimi
çıxış edən Heydər Əliyev yeni mərhələdə,
ilk növbədə, torpaq islahatı və dövlət
mülkiyyətinin özəlləşdirilməsi vacibliyini
önə çəkmiş, bu proses keçid
dövrünün bəzi kiçik
çatışmazlıqlarına rəğmən, uğurla
başa çatdırılmışdır. Ümummilli lider
yaxşı başa düşürdü ki, dövlət
mülkiyyətinin xalqın mənafeyinə uyğun formada
özəlləşdirilməsi sərbəst bazar rəqabəti
prinsiplərinin, xüsusi mülkiyyətçiliyin bərqərar
olması, habelə milli iqtisadiyyatın dünya iqtisadi sisteminə
inteqrasiyası, insanların şüurunda, həyat tərzində
əsaslı dəyişiklik deməkdir. Ölkədə həyata
keçirilmiş özəlləşdirmə prosesinin məqsədi
də məhz hər bir vətəndaşın iqtisadi
islahatlarda şəxsi marağını təmin etmək, əhalinin
həyat səviyyəsini yaxşılaşdırmaq,
sağlam rəqabətə əsaslanan istehsal
üçün şərait yaratmaq olmuşdur.
İqtisadiyyatın bütün sahələrini əhatə
edən özəlləşdirmə prosesi müstəqil
respublikamızda bazar iqtisadiyyatı meyarlarının sürətlə
formalaşmasına, ölkənin xarici iqtisadi əlaqələrinin
yüksəlməsinə ciddi zəmin yaratmışdır.
Respublikada
özəl sektorun inkişafı, ictimai-siyasi sabitliyin,
davamlı inkişafın təminatçısı olan
sahibkarlar sinfinin formalaşması da məhz ulu öndər
Heydər Əliyevin müstəsna xidmətləri ilə
bağlıdır. Ulu öndər hakimiyyətə gəldiyi
ilk dövrlərdən milli sahibkarlarla görüşür,
onların qayğılarını, problemlərini öyrənir,
mövcud çətinliklərinin həlli məqsədilə
operativ qərarlar qəbul edirdi. Sahibkarlarla ilk belə səmimi
görüşlərdən biri də 1996-cı ilin əvvəllərində
keçirilmişdi. Həmin görüşdə iş
adamları sahibkarlığın inkişafı sahəsində
mövcud çətinlikləri diqqətə
çatdırmış, səmərəli nəticələrə
nail olmaq üçün təkliflər irəli
sürmüşdülər. Ulu öndər Heydər Əliyev
özünəməxsus təmkinlə, həssaslıqla
sahibkarları dinləmiş, özəl sektorun fəaliyyətinə
mane olan neqativ amillərin aradan qaldırılması ilə
bağlı yerindəcə aidiyyəti dövlət
qurumlarına tapşırıqlar vermişdi. Eyni zamanda, Heydər
Əliyev sahibkarlıq subyektlərinə dövlət büdcəsindən
güzəştli kreditlərin verilməsi, habelə dövlət-sahibkar
münasibətlərinin institusionallaşdırılması məqsədilə
Azərbaycan Respublikası Prezidenti yanında Sahibkarlar
Şurasının yaradılması ilə bağlı təşəbbüslərimizə
müsbət yanaşmış, belə bir qurumun
yaradılmasını dəstəkləmişdi. Bu
görüşdən az sonra ulu öndərin sərəncamı
ilə yaradılmış şuranın məqsədi ölkədə
sahibkarlığın inkişafına nail olmaq, iş
adamlarının dövlət başçısının
yürütdüyü siyasətin həyata keçirilməsində
səmərəli, fəal iştirakını istiqamətləndirmək,
bu yolda mövcud olan problemləri araşdırmaq və
onların həlli üçün təkliflər verməkdir.
Şura uzun illər ölkədə sahibkarlığın
inkişafına, bu sahəyə dövlət
qayğısının artırılmasına, mövcud
problemlərin həllinə, ölkə iqtidarının
müəyyənləşdirdiyi mükəmməl inkişaf
strategiyasının reallaşmasına öz töhfəsini
verməyə çalışmışdır.
1998-ci
ilin prezident seçkilərində ulu öndərin vəkili
olmuş şəxs kimi deyə bilərəm ki, Heydər Əliyev
ictimai münasibətlər sisteminin sivil məcrada tənzimlənməsində,
ölkədə siyasi sabitliyin möhkəmlənməsində,
ümumilikdə rifah və tərəqqinin təmin
olunmasında sahibkarlar sinfinin müstəsna rolu və
imkanlarını daim yüksək dəyərləndirmişdir.
Ulu öndərin hakimiyyətə qayıdışı ilə
aparılan məqsədyönlü siyasət sahibkarlar sinfinin
formalaşmasına, bu sahədə mükəmməl
hüquqi bazanın yaradılmasına zəmin
yaratmışdır. Azərbaycanda sahibkarlığın
inkişafına təkan verən mühüm addımlardan
biri 1994-cü ilin sentyabr ayında Heydər Əliyevin təşəbbüsü
və bilavasitə iştirakı ilə Bakıda “Sahibkarlıq strategiyası və
iqtisadi yenidənqurma” mövzusunda beynəlxalq konfrans
olmuşdur. Konfransın açılış mərasimində
dərin məzmunlu nitq söyləyən ulu öndər
xarici şirkətləri ölkə iqtisadiyyatına sərmayə
qoymağa çağırmış, sahibkarların fəaliyyətinə
dövlət təminatının mövcudluğunu xüsusi
vurğulamışdır: “İqtisadi baxımdan inkişaf
etmiş Qərb ölkələrinin təcrübəsindən
bəhrələnməklə, sözün yaxşı mənasında,
sahibkarlıq bizim üçün ən mühüm amildir,
buna görə də dövlət hər şeyi edəcəkdir
ki, biz bu yolla gedə bilək. Bununla əlaqədar olaraq mən
xarici investisiyalar üçün hüquqi imkanlar yaradan,
onların müdafiə edilməsini nəzərdə tutan qanunu
da xatırlatmaq istərdim. Zənnimcə, bu qanun əlverişli
şərait yaradır ki, bizdə sahibkarlıq nəinki Azərbaycanın
məhdud çərçivəsi daxilində inkişaf
etsin, həm də bazar iqtisadiyyatı prinsiplərinin bərqərar
edilməsi xarici firmalarla birlikdə, xarici investisiyalardan fəal
istifadə olunmaqla həyata keçirilsin. Xarici
investisiyaların Azərbaycanda tətbiq olunması
üçün burada şərait var”.
Ölkədə
sosial-iqtisadi inkişafın bilavasitə sahibkarlıqla, onun tərəqqisi
ilə kifayət qədər böyük əlaqəsi
olduğunu aydın görən Heydər Əliyev bu istiqamətdə
dövlət qayğısının artırılması və
ən əsası mövcud potensialın
reallaşdırılması üçün vacib addımlar
atmışdır. Bu xüsusda 1993-1995-ci illəri və
1997-2000-ci illəri əhatə edən sahibkarlığın
inkişafı ilə bağlı iki dövlət proqramı
ayrıca qeyd olunmalıdır. Həmin illərdə
iqtisadiyyata nəzarəti həyata keçirən dövlət
orqanlarının çoxluğu və fəaliyyəti bir
sıra hallarda iqtisadi inkişafa subyektiv maneələr
yaradır, iqtisadi islahatların tələblərinə cavab
vermir və çox vaxt sahibkarlığın
inkişafına süni əngəllər törədirdi.
Yaranmış vəziyyəti ən xırda detallarına qədər
düzgün qiymətləndirən Heydər Əliyev qeyd
olunan istiqamət üzrə problemlərin aradan
qaldırılması üçün qısa bir müddətdə
kompleks tədbirlərin həyata keçirilməsinə nail
olmuşdur. Bu kontekstdə ən vacib addımlardan biri kimi
ölkə Prezidenti tərəfindən 1996-cı il iyunun 17-də
“İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə
dövlət nəzarətinin qaydaya salınması və əsassız
yoxlamaların qadağan edilməsi barədə” fərmanın
imzalanması qeyd edilməlidir. Fərmanın təsdiqindən
bir müddət sonra dövlət nəzarətinin təkmilləşdirilməsi
sahəsində əhəmiyyətli işlər
görülmüş, iqtisadi sahədə bir-birini təkrarlayan,
paralel və lüzumsuz yoxlamaların sayı
azaldılmışdır.
Ümumiyyətlə,
1996-2003-cü illərdə “Azərbaycan Respublikasında
kiçik və orta sahibkarlığa Dövlət Köməyi
Proqramının (1997-2000-ci illər üçün)”, habelə
“Sahibkarlıq fəaliyyəti haqqında”, “Müəssisələr
haqqında”, “Səhmdar cəmiyyəti haqqında”, “Haqsız
rəqabət haqqında”, “Əmtəə birjası haqqında”,
“Lizinq xidməti haqqında” və bazar iqtisadiyyatının
hüquqi mexanizminin qurulmasını təmin edən digər
qanunların qəbulu sahibkarlıq fəaliyyətinin
hüquqi tənzimlənməsi mexanizmlərini təkmilləşdirmişdir.
Ümummilli
lider sonrakı mərhələdə də sahibkarların
problemləri ilə bilavasitə tanış olmaq
üçün onlarla mütəmadi görüşlərin
keçirilməsinə, iş adamlarını hansı məsələlərin
narahat etməsini onların öz dilindən eşitməyə
xüsusi diqqət yetirirdi. Buna
nümunə kimi ulu öndərin 2002-ci il aprel
ayının 10-da yerli, 25-də isə xarici sahibkarlarla
görüşməsini, onların hər birinə şifahi
və ya yazılı surətdə problemlərini söyləmək
üçün əlverişli şərait
yaratmasını göstərmək olar. Bu, yeni idarəçilik
metodlarından istifadənin ən gözəl və səmərəli
forması kimi tarixiləşmişdir.
Ulu
öndər Heydər Əliyevin böyük müdrikliklə
irəli sürdüyü sahibkarlığın
inkişafı strategiyası son 10 ildə onun ən layiqli
davamçısı - Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. “Müasir dövlət, güclü
iqtisadiyyat, yüksək sosial rifah” tezisi əsasında
reallaşdırılan iqtisadi siyasət sivil və inkişaf
etmiş cəmiyyət quruculuğu sahəsində
mühüm uğurların əldə olunmasına imkan
yaratmışdır. Ötən illərdə Azərbaycan “təqibedici
artım” modelini uğurla həyata keçirərərək
keçid dövrünü başa vurmuş, ölkə
modern inkişaf mərhələsinə adlamışdır.
Həyata keçirilən yeni iqtisadi siyasət sayəsində
milli iqtisadiyyatın həcmi son 10 ildə 3,4 dəfə
artmışdır. Hazırda Cənubi Qafqazda istehsal olunan
ÜDM-in 85 faizi, strateji valyuta ehtiyatlarının 91 faizi Azərbaycanın
payına düşür. Azərbaycanda ÜDM-in 1 faizlik
nominal artımı təxminən 1,5 milyard dollar təşkil
etdiyi halda, bu göstərici Gürcüstanda cəmi 160 milyon
dollara, Ermənistanda 100 milyon dollara bərabərdir.
Respublikamız
iqtisadi artım və makroiqtisadi sabitlik hədəflərini də
müvəffəqiyyətlə balanslaşdıra
bilmişdir. Ölkənin, o cümlədən Mərkəzi
Bankın beynəlxalq normalardan bir neçə dəfə
çox valyuta ehtiyatları var və bu da zəruri “təhlükəsizlik
yastığı” rolunu oynayır. Azərbaycanın strateji
valyuta ehtiyatlarının həcmi 47 milyard ABŞ
dollarını ötmüşdür ki, bu da ölkəyə
idxalın təxminən 3 il ərzində fasiləsiz şəkildə
maliyyələşdirilməsinə kifayətdir. Bu vəsaitin
xarici dövlət borcunu təxminən 10 dəfə üstələməsi
də kifayət qədər diqqətçəkici faktdır.
Sumqayıt
və Gəncə kimi ənənələri olan böyük
şəhərlərdə mövcud sənaye müəssisələrinin
yenidən qurularaq işə salınması Azərbaycanın
iqtisadi sahədə inkişaf etmiş dövlətə
çevrilməsi prosesinə ciddi təkan verəcəkdir.
Ölkə iqtisadiyyatına layiqli töhfəsini verəcək
belə layihələrdən biri də “Xəzər” Səhmdar
Cəmiyyətinin şüşə sənayesini inkişaf
etdirəcək “Azərşüşə” layihəsidir. Azərbaycanın
hazırkı sosial-iqtisadi uğurları - tikinti-quruculuq,
abadlıq və yenidənqurma işlərinin geniş vüsət
alması, yeyinti, qida, tibb sənaye sahələrinin
inkişafı, habelə elmi-texniki tərəqqi sahəsindəki
nailiyyətlər şüşə sənayesinin
inkişafını aktual məsələ kimi gündəmə
gətirmişdir.
Hər
bir azərbaycanlı bugünkü inkişafa,
firavanlığa, əmin-amanlığa, ictimai-siyasi sabitliyə,
ölkəmizin dünyadakı nüfuzunun artmasına görə
ümummilli liderimiz Heydər Əliyevə və onun siyasi
kursunun layiqli davamçısı möhtərəm
Prezidentimiz İlham Əliyevə borcludur. Ölkə vətəndaşları
ürəkdən inanırlar ki, Azərbaycanın hərtərəfli
tərəqqi və yüksəlişinə xidmət edən
bu siyasət qarşıdakı illərdə də inamla,
uğurla davam etdiriləcəkdir. Qədirbilən
xalqımız öz ümummilli liderini daim böyük məhəbbət
və ehtiramla anacaq, bu dahi şəxsiyyətə olan sədaqətinin
ifadəsi olaraq onun siyasi kursunun layiqli davamçısı Prezident
İlham Əliyevin ətrafında sıx birləşəcəkdir.
Qüdrət KƏRİMOV,
“Xəzər” Səhmdar Cəmiyyətinin
sədri,
iqtisad elmləri doktoru
Xalq qəzeti.- 2013.- 10 may.- S. 11.