Astarada beynəlxalq elmi
konfrans
Astara Rayon
İcra Hakimiyyətinin və Astara Pedaqoji Kollecinin birgə təşkilatçılığı
ilə Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan “İnformasiya-Kommunikasiya
Texnologiyaları və Qloballaşma” mövzusunda beynəlxalq elmi
konfrans keçirilmişdir.
Konfransda
Azərbaycan, Rusiya, Özbəkistan, Türkiyə və
Hindistandan gəlmiş tanınmış alimlər iştirak
etmişlər. Qonaqlar Astara
Pedaqoji Kollecində xalqımızın ümummilli lideri Heydər
Əliyevin həyat və fəaliyyətindən bəhs edən
guşəyə baxmış və ulu öndərin portreti
önünə tər gül dəstələri qoymuşlar.
Pedaqoji kollektivin üzvləri və tələbələrlə
səmimi söhbət edən alimlər tələbələrin
əl işlərindən ibarət sərgiyə
baxmış və xatirə şəkilləri çəkdirmişlər.
Beynəlxalq
konfransın iştirakçıları Astara Rayon İcra
Hakimiyyətinin başçısı Qəzənfər
Ağayevlə görüşmüşlər. Onlar səmimi
qarşılandıqlarına görə təşəkkür
etmiş, milli lideri Heydər Əliyevin dünyada tanınmış
çox görkəmli bir şəxsiyyət olduğunu
vurğulamışlar. Ulu öndərin yolunu Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin uğurla davam
etdirməsi və son dövrlərdə qazanılan beynəlxalq
səviyyəli nailiyyətlər qeyd edilmişdir.
Qonaqlar
Astara şəhərinin mərkəzində ulu öndərin
abidəsi önünə gül dəstələri
qoymuş, Heydər Əliyev Mərkəzində ümummilli
liderin zəngin və mənalı ömür yolunu əks
etdirən eksponatlarla tanış olmuş, xatirə
kitabında ürək sözlərini
yazmışlar.
Sonra
“Şindan” sarayında Beynəlxalq Elmi Konfransı öz
işinə başlamışdır.
Konfransı
giriş sözü ilə Astara Pedaqoji Kollecinin direktoru, fəlsəfə
doktoru, Rusiya Fəlsəfə Cəmiyyətinin üzvü, əməkdar
müəllim, dosent Əlihəsən Həmzəyev
açmışdır. O qeyd etmişdir ki,
xalqımızın xilaskarı, müstəqil Azərbaycan
dövlətinin yaradıcısı Heydər Əliyevin 90
illik yubileyi ölkəmizin hər yerində böyük təntənə
ilə qeyd olunub. Yubiley tədbirləri təkcə
respublikamızı deyil, dünyanın bir çox ölkələrini
əhatə etmişdir.
“Bir
tərəfdən Azərbaycan da qloballaşmanın
inkişafına öz töhfəsini verir. Ölkəmiz
dünya miqyasında geostrateji əhəmiyyətə malik
olan əlverişli coğrafi mövqeyindən, zəngin təbii
ehtiyatlarından və böyük potensialından istifadə
edərək, Şərq ilə Qərb arasında
körpü rolunu səmərəli surətdə həyata
keçirməyə qadirdir”. —Ulu öndərin bu fikirləri
artıq həyata keçir. Azərbaycan dövləti Şərq
ilə Qərb arasında körpüyə
dönmüşdür.
Konfransda
Heydər Əliyev və qloballaşma, təhsil sistemində
islahatlar və İKT-nin bu proseslərdə rolu kimi
mövzuların əsas müzakirə obyekti olduğu
bildirilmişdir.
Tədbir
iştirakçıları ulu öndər Heydər Əliyevin
haqqında “Əbədiyyət
yolu” adlı videoçarxa maraqla baxmışlar.
Astara
Rayon İcra Hakimiyyətinin başçısı Q.Ağayev
qeyd etmişdir ki, ümummilli liderimiz Heydər Əliyevin
memarı və qurucusu olduğu müasir müstəqil Azərbaycan
son 20 ildə həyatımızın bütün sahələrində
misilsiz inkişaf yolu keçmiş, dünyada özünəməxsus
yeri və nüfuzu olan dövlətlərdən birinə
çevrilmişdir. Heydər Əliyevin ideyalarının
davamçısı Prezident İlham Əliyev bu siyasi xəttə
sadiq qalaraq nailiyyətlərimizi daha da genişləndirməkdədir.
Bugünkü beynəlxalq elmi konfrans da məhz Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik
yubileyi münasibəti ilə “İnformasiya Kommunikasiya
Texnologiyaları və Qloballaşma” mövzusuna həsr
olunması ilə maraq doğurur.
Ulu
öndər Heydər Əliyevin ideyalarının ən
böyük təntənəsi kimi Azərbaycanın ilk
telekommunikasiya peykinin orbitə çıxarılaraq idarə
olunması və istismarını göstərmək olar. Əmin
olduğumu bildirmək istəyirəm ki, bu mötəbər
konfransda ediləcək məruzələr,
çıxışlar və tövsiyə olunan təkliflər
də Azərbaycanda İKT-nın daha sürətli
inkişafına, qloballaşma prosesinə öz layiqli töhfəsini
verəcək.
Rusiya
Fəlsəfə Cəmiyyətinin birinci vitse-prezidenti, fəlsəfə
elmlər doktoru, professor A.
Çumakov və Özbəkistan Fəlsəfə Cəmiyyətinin
prezidenti, fəlsəfə elmləri doktoru, akademik
S.Şermuxamedov ulu öndər Heydər Əliyevlə
bağlı xatirələrini danışmışlar. Alimlər
Azərbaycanın inkişafının dünya dövlətlərinə
nümunə olduğunu vurğulamışlar.
AMEA-nın
Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun
direktoru, professor İ.Məmmədzadə, “Braxma Kumaris
Sankt-Peterburq Mərkəzi” Regional mədəni-maarifçilik
ictimai təşkilatının baş direktoru D.S.Kukredja
(Hindistan), M.Uluqbəy adına Özbəkistan Milli
Universitetinin kafedra müdiri, professor N.Şermuxamedova, Rusiya EA
Fəlsəfə İnstitutunun bölmə müdiri, fəlsəfə
elmləri doktoru, akademik V.Fedotova, AMEA-nın müxbir
üzvü, akademik S.İmamverdiyev, Rusiya FC vitse-prezidentinin
müavini, fəlsəfə doktoru A.Gözəlov, professorlar
M.Rəhimov, İ.Quliyev, İ.Vəliyev və X.Qənbərov
Türk-rus Mədəni Mərkəzinin baş direktoru
A.Asalıoğlu (Türkiyə), MDBMİ-nin dosenti N.Fedotova, fəlsəfə
elmləri doktorları M.Hacıyeva, A.Əlizadə,
T.Hacıyev, fəlsəfə doktoru Ş.Ağayev konfransda
çıxış etmişlər.
Beynəlxalq
konfransın işində fəallıq göstərən
iştirakçılara və ən yaxşı məruzəyə
görə fəxri diplom və sertifikatlar verilmişdir. Xarici
qonaqlara Azərbaycan milli ornamentlərini əks etdirən
suvenir-xalçalar hədiyyə edilmişdir.
Rusiya
Fəlsəfə Cəmiyyəti adından A.Çumakov və
Özbəkistan Fəlsəfə Cəmiyyəti adından
S.Çermuxamedov mədəniyyətlərarası dialoqun
inkişafında, xalqların dostluq əlaqələrinin
möhkəmləndirilməsində və qloballaşma şəraitində
mövcud problemlərin həllinə göstərdiyi xidmətlərə
görə Astara Pedaqoji Kollecinin direktoru Ə.Həmzəyevə
Fəxri diplomlar təqdim etmişdir.
Konfransdan
sonra onun iştirakçıları rayon əhalisi ilə
birlikdə respublika incəsənət ustalarının
konsertinə baxmışlar.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.- 2013.- 10 may.- S. 11.