Tariximizin böyük
şəxsiyyəti
Xalqımızın
yetirdiyi dahi şəxsiyyətləri xatırlayarkən ilk
öncə XX əsr Azərbaycan tarixində silinməz izlər
buraxmış, ən böyük dövlət xadimlərindən
biri, müstəqil Azərbaycan dövlətinin memarı,
qurucusu Heydər Əlirza oğlu Əliyev yadımıza
düşür. Əbəs yerə deyil ki, Azərbaycan
xalqı öz böyük oğlunun 90 illik yubileyini
böyük məhəbbətlə qeyd edir. Ümummilli
liderimiz on ildir ki, haqq dünyasına qovuşmuşdur. Ancaq o
hər birimizin qəlbində yaşayır, bizimlədir, bizə
inkişaf yolunu, haqq-ədalət yolunu göstərir. Onun
cızdığı inkişaf yolu dövlətimizin
günü-gündən inkişafına, çiçəklənməsinə
səbəb olmaqla, hər birimizin həyatında
özünü bariz şəkildə əks etdirir.
Azərbaycanın elə bir
bölgəsi yoxdur ki,
ulu öndərimizin nəfəsi orada duyulmasın. Xalqımız bu böyük şəxsiyyəti
daim xatırlayır və
xatırlayacaqdır. Ulu öndərimizin
həyat yolu xalqına, onun
gələcəyinə hesablanmış yol
olmuşdur. O, 1969-cu ildə
Azərbaycan Kommunist Partiyası MK-nin birinci katibi seçildiyi gündən
başlayaraq Azərbaycan
Respublikasının müttəfiq respublika
kimi SSRİ tərkibində önə
çıxmasında əlindən gələni əsirgəməmiş,
əslində, bugünkü milli dövlətçiliyimizə gedən yolun əsasını qoymuşdur.
Heydər
Əliyevin öz dövrünün birinci katiblərindən
ölçüyəgəlməz fərqi onda olmuşdur ki,
o, mərkəzin müəyyənləşdirdiyi şərtləri
xalqının gələcəyinə hesablamış, onun
dilinin, dininin, tarixinin, mədəniyyətinin, mənəviyyatının
qorunmasında səy və bacarığını ortaya
qoymuşdur. Onun hakimiyyətə gəlişinə qədər
Azərbaycan müttəfiq respublikalar arasında geridə
qalmış bir subyekt kimi qəbul edilmiş, zəngin təbi
sərvətləri, istehsal potensialı, insan resursu
olmasına baxmayaraq, sayılıb seçilməmişdir. Ulu
öndərimizin hakimiyyətə gəlişindən az
müddət sonra Azərbaycanda bütün sahələrdə
intibah dövrü başlanmış, yüngül sənaye,
ağır sənaye, tikinti sənayesi, cihaz və neft
maşınqayırma sənayesi, kənd təsərrüfatı
birdən-birə azı 10 dəfə inkişaf edərək əvvəlki
səviyyəsini ötüb keçmişdir.
Görülmüş işlər Azərbaycan
Respublikasını İttifaq asılılığından
xilas etmiş, mərkəzin diqqətinin bu respublikaya yönəldilməsində
böyük rol oynamışdır. Həmin dövr həm də
Azərbaycanda milli özünüdərkin, milli
qayıdışın başlanğıcı olmuşdur. Məhz həmin dövrdə şair və
yazıçılarımız qorxmadan müstəqillik
arzularını dilə gətirmiş, böyük-böyük
əsərlər yaradaraq, cənub həsrətini, bir
xalqın ikiyə bölünməsini, bu işdə
günahı olanları dilə gətirmişlər. Ulu
öndərimiz bütün sahələrdə olduğu kimi,
xalqımızın elmi potensialına arxalanaraq yeni
kadrların yetişdirilməsi üçün gənclərin
ittifaq daxilində yüksək səviyyədə təhsil
almalarının da qayğısına qalmışdır.
İllər ötdükcə dahi rəhbərin bu
böyük işləri görməsi öz bəhrəsini
vermiş və Azərbaycanın müstəqilliyə
qovuşduğu illərdə həmin kadrlar onun ayaqda
durmasına, inkişafına təsir göstərmişlər.
Ulu öndərimizin Azərbaycan xalqı, Azərbaycan dövləti üçün gördüyü işləri bir yazıya sığışdırmaq mümkün deyildir. O, bütün varlığı ilə həmişə yanımızda olmuşdur. Tarixin elə dönəmləri olmuşdur ki, Azərbaycan xalqının mövcud olub-olmaması təhlükəsi bir an məsələsinə çevrilmişdir. 1988-1993-cü illəri mən məhz belə xatırlayıram. Həmin illərdə məkirli düşmən Azərbaycan xalqını, Azərbaycan dövlətini yox etmək üçün bütün gücünü ortaya qoymuş, buna nail olaraq arxasız qalmış xalqın sonuna çıxmağa yaxınlaşmışdı. Nicat yolu yalnız onun böyük oğlunda ola bilərdi. Xalq yanılmamışdı, tək deyildi, onun böyük oğlu belə ağır günlərində bütün çətinliklərə sinə gərib həyatını təhlükə altına ataraq qanlı 20 Yanvar hadisələri ilə bağlı öz səsini imperiyanın mərkəzindən ucaltdı, xalqına başsağlığı verdi, onunla bir yerdə olmasını dilinə gətirdi, imperiyanın iç üzünü bütün dünyaya açıb göstərdi. Onun bu çıxışı Azərbaycan xalqına böyük ruh verdi, az bir zamanda ona ağrı-acısını unutmağa şərait yaratdı. Ulu öndərimiz bununla da kifayətlənmədi, imperiyanın min cəhdlə ona mane olmasına baxmayaraq, özünü Azərbaycana, xalqına yetişdirdi. Böyük fədakarlıq idi, bir nəfərə qarşı böyük bir imperiya mübarizə aparırdı. Lakin şəxsiyyətin böyüklüyü elə ondadır ki, qabağa çıxıb, yoxdan var yaradır, xalqını arxasınca aparır.
Öz
xalqları üçün həyatını təhlükə
altına atıb onu var edən şəxsiyyətlər tarixdə
olmuşdur. Məsələn, Osmanlı dövləti Birinci
Dünya müharibəsində imperialist dövlətlərinin
işğalı altına düşəndə, Mudros
müqaviləsinin ağır şərtləri ilə
razılaşanda böyük türk oğlu Mustafa Kamal
Atatürk ayağa qalxmış, Vətən
qarşısına qoyulmuş bütün ağır şərtlərlə
hesablaşmayaraq Türkiyənin ərazisini,
bütövlüyünü qoruyub saxlamış və
işğalçıların ölkədən qovulub
çıxarılmasına nail olmuşdur. Qardaş ölkənin
o zaman yaşadıqları təklənmiş Azərbaycan
xalqının başına gətirilməkdə idi. Tarix təkrarlanırdı,
xalqın arasında birlik pozulmuşdu, hakimiyyət hərisliyi
Azərbaycan dövlətinin sonunu
yaxınlaşdırırdı. Belə bir vaxtda ulu öndərimizin
Azərbaycana, onun bir parçası olan Naxçıvana gəlməsi
dövlətçiliyimizin tarix səhnəsindən silinməsinin
qarşısını aldı. Ulu öndərimizin xalqla
birlikdə olması, xalqına arxalanması yeni elan olunmuş
müstəqil Azərbaycan dövlətini parçalanmaqdan
xilas etdi. Həqiqətən, Azərbaycan dövləti,
xalqı böyük şəxsiyyət Heydər Əliyevin
Naxçıvandan Bakıya gəlişi ilə çox
böyük bəlalardan xilas oldu, qurtuldu.
Tarixə
ekskurs edəndə 1993-cü ilin may-iyun aylarının Azərbaycan
dövlətinin, xalqının “olum ya ölüm”
dilemması qarşısında qaldığını görərik.
Dağlıq Qarabağla bağlı ermənilərlə
apardığımız hərbi əməliyyatlar zamanı cəbhədəki
uğursuzluq, Azərbaycanın şimal və cənub bölgələrində
düşmənlərimizin əli ilə baş
qaldırmış separatizm, Gəncə şəhərində
qardaş qanının artıq tökülməsi Azərbaycanın
var olmaq şansını təhlükə altına
almışdı. Azərbaycan dövlətinin yox
olması prosesi
başlanmışdı. Belə bir şəraitdə Xalq Cəbhəsi
və Müsavat hakimiyyəti bunun qarşısında dayanmaq
iqtidarında deyildi. Onların hakimiyyətdən çəkilməməsi
yaxşı heç nə vəd etmədiyi kimi, çəkilməsi
də özündən sonra xeyli fəsadlar buraxacaqdı. Necə
ki, buraxdı da. Belə çətin anlarda xalqımız dəyərli
oğluna, sınanmış rəhbərinə güvənməkdə
yanılmamışdı, onun Bakıya, hakimiyyətə gəlişini
təkidlə tələb edirdi. Yerlərdə ona
böyük inam var idi. Bəlalardan qurtuluşumuzu onda
görürdük. Ancaq maneələr də az deyildi. Sadəcə
bu sevgi ümumxalq sevgisi olduğundan onun
qarşısını almaq o zamankı rəhbərlik
üçün imkan xaricindəydi. Elə bu baxımdan da
dilemma qarşısında qalmış o zamankı rəhbəlik,
yaranmış şəraiti nəzərə alaraq ulu öndərimizi
Bakıya dəvət etməyə, problemlərlə onu
baş-başa buraxıb hakimiyyətdən uzaqlaşmağa məcbur
oldu.
Ümummili
liderimizin hakimiyyətə gəlişi asan olmasa da, o, bu
çətin, ağır anlarda ona güvənən
insanları qırmadı, onların ümid yeri olduğu kimi,
inamlarını doğrultdu. Hakimiyyətə gəlişi ilə
o, Azərbaycanı bir dövlət kimi yox olmaq təhlükəsindən
xilas etdi, qardaş qırğınının
qarşısını dayandırdı. Cənub bölgəsində
Azərbaycanın bütövlüyünə zərbə
vuran, insanları qorxu altında saxlayan
separatçıların yaratdıqları
“Talış-Muğan Respublikası”ndan əsər-əlamət
qalmadı. Şimal bölgəsində fəaliyyət
göstərən “Sadval” təşkilatı
respublikamızın hüdudlarından kənarlaşdırıldı.
Bax bunlar bizim çox bəlalardan qurtuluşumuzun
başlanğıcı idi. Niyə məhz
başlanğıcı? Çünki qarşıda dövlətimizi
hələ çox sınaqlar gözləyirdi, hər şey
bununla bitmirdi. Düşmənlərimiz Azərbaycan
Respublikasında sabitlik istəmirdilər, onların məkirli
planları ümummilli liderimizin hakimiyyətə gəlişi
ilə alt-üst olmuşdu. Respublikamızda güclü
hakimiyyət, nizami ordu formalaşırdı. Daxili və xarici
düşmənlərə zərbə vurulur, həm də
böyük-böyük işlər görülürdü.
1994-cü il may ayında cəbhədə ermənilərlə
atəşkəs elan olunmuş, sentyabrın 20-də isə
heç kəsin ağlına gətirə bilmədiyi “Əsrin
müqaviləsi” imzalanmışdı. Yeni iqtisadi siyasətə
keçidlə bağlı 1995-ci ilin noyabr ayında müstəqil
Azərbaycan Respublikasının ilk Konstitusiyası da
gerçəkliyə çevrildi. Xoş günlərimizin
sayı günbəgün artdı. Ulu öndərimiz tərəfindən
müstəqil qurumların daxili bayram günlərinin
keçirilməsi barədə fərmanlar imzalandı.
İllər ötdükcə respublikamız regionda
aparıcı dövlətə və söz sahibinə
çevrildi. Uzun illərdən bəri müstəqqilliyini
arzuladığımız Azərbaycan dövləti Avropa
Şurasının üzvü oldu. Bu gün bayraqlar arasında
bayrağımızı görməyimiz, Azərbaycan neftinin
dünya bazarına çıxarılması bizim hər
birimizə qürur verir. Mən 1993-cü ilin 15 iyunundan bu
günə kimi orta yaşlı nəsillə birlikdə
yaşadığım çox ağır, lakin qürurverici
günlərimizin bir qismini xatırlatmağı özümə
borc bildim. Qoy, 1993-cü ilin 15 iyununa qədər olan
ağır, faciəli günləri bir də yaşamaq
xalqımıza nəsib olmasın.
Ulu
öndərimizin müstəqillik illərində böyük
xidmətlərini saymaqla qurtarmaz, onlardan biri də demokratik dəyərlərə
və prinsiplərə uyğun ilk milli Konstitusiyamızın
onun hakimiyyəti illərində hazırlanaraq, 12 noyabr 1995-ci
ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilməsi
olmuşdur. Bununla da Azərbaycanda demokratik quruluşun və
hüquqi dövlətin təməli qoyulmuşdur. Bu da insan
hüquq və azadlıqlarının qorunması sahəsində
yeni qanunların qəbul edilməsinə, hüquqi
islahatların genişlənməsinə böyük təkan
verirdi. Az bir zamanda ölkədə beynəlxalq standartlara
uyğun qanunlar qəbul olundu, dövrün tələblərinə
uyğun “Konstitusiya Məhkəməsi haqqında”, “Prokurorluq
haqqında”, “Məhkəmələr və hakimlər
haqqında”, “Polis haqqında” qanunlar, Azərbaycan
Respublikasının Ailə, Mülki, Mülki-Prosessual, Cinayət
və Cinayət-Prosessual məcəllələri, həmçinin
digər məcəllələr və qanunlar qəbul edildi Azərbaycanda
çoxpilləli məhkəmə sistemi yaradıldı. O
cümlədən, Azərbaycan xalqının hüquqi təminatını
yaxşılaşdırmaq üçün islahatlar davam
etdirilərək nazirlik və komitələrin tərkibində
yeni istintaq idarələri və şöbələrinin
yaradılmasına başlanıldı. Onun “Azərbaycan Respublikası
CPM-nin təsdiq edilməsi, qüvvəyə minməsi və
bununla bağlı hüqüqi tənzimləmə məsələləri
haqqında” Azərbaycan Respublikası Qanununun və həmin
qanunla təsdiq edilmiş Azərbaycan Respublikası CPM-nin tətbiq
edilməsi barədə 25 avqust 2000-ci il tarixli fərmanı
ilə Azərbaycan Respublikası CM-nin 196, 289, 303, 305 və
306-cı maddələrində nəzərdə tutulmuş
cinayətlərin ibtidai araşdırmasının
aparılması Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyinə həvalə olunmuş və bu fərmana
uyğun olaraq ədliyyə nazirinin 15 noyabr 2000-ci il tarixli,
16-T nömrəli əmri ilə nazirliyin mərkəzi
aparatında istintaq idarəsi yaradılmışdır, Həmin
idarə hal-hazıradək fəaliyyətini müvəffəqiyyətlə
davam etdirməkdə, xalqın pozulmuş
hüquqlarının bərpasında önəmli rol
oynamaqdadır.
Ulu
öndərimizin zamanında çox böyük uzaqgörənliklə
həyata keçirdiyi siyasi, iqtisadi və hüquqi islahatlar Azərbaycanın
güclü demokratik, hüquqi, dünyəvi və unitar
dövlətə çevrilməsində bu gün də
köməyimizə gəlir. Azərbaycan dövləti, Azərbaycan
xalqı var olduqca ulu öndərimiz Heydər Əliyev onun qəlbində
yaşayacaqdır.
Zakir QAFAROV,
Ədliyyə
Nazirliyi İstintaq
İdarəsinin rəisi, III dərəcəli
dövlət ədliyyə
müşaviri
Xalq qəzeti.- 2013.- 10 may.- S. 12.