Ümummilli lider
Heydər Əliyevin ideyaları yaşayır və qalib gəlir
XX əsr bəşəriyyətə çox
görkəmli dövlət xadimləri, müdrik, təcrübəli
və qətiyyətli rəhbərlər, son dərəcə
bacarıqlı dövlət başçıları bəxş
etmişdir. Belə dahi şəxsiyyətlərdən biri də
Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevdir.
Azərbaycan xalqı fəxr edir ki, onun Heydər Əliyev kimi
bir rəhbəri olmuşdur. Azərbaycanın ən yeni
tarixinin bütöv bir dövrü ümummilli liderimiz Heydər Əliyevin şərəfli
adı və möhtəşəm fəaliyyəti ilə
bilavasitə bağlıdır. Onun 35 illik rəhbərliyi
dövründə respublikamız əsrlərə bərabər
inkişaf yolu keçmişdir. Respublikaya rəhbərlik
etdiyi dövrdə ulu öndər var qüvvəsini və
bacarığını Azərbaycanın yüksəlişinə
həsr etmiş, nəhəng quruculuq işlərinin təşəbbüskarı
olmuşdur.
Yaxın
kecmişə nəzər salsaq görərik ki, 1988-1993-cu illərdə
Azərbaycanın ictimai-siyasi həyatında
çaxnaşmalar, cəbhədəki məğlubiyyətlər,
ölkədə anarxiya, xaos, vətəndaş müharibəsi
və s. mövcud idi. Belə bir təhlükə və faciənin
qarşısını almaq üçün xalq
özünün xilaskarını ikinci dəfə hakimiyyətə
dəvət etdi. 1993-cü ilin 15 iyunu Azərbaycan tarixinə
qızıl hərflərlə yazıldı və xalq bu
günü hər il Milli Qurtuluş Günü kimi bayram edir.
Türkiyənin keçmiş Prezidenti Süleyman Dəmirəl
yazır: “Hörmətli Heydər Əliyev Azərbaycan
dövlətinin qurucusudur. 1918-1920-ci illərdə olduğu
kimi, Azərbaycan dövlətinin bayrağı yenə
yüksəlmişdir və bir daha enməyəcəkdir. Bu
bayrağın enməməsi üçün keçən
10 ildə bütün səylər göstərilmişdir.
Heydər Əliyev Azərbaycan dövlətini sadəcə
tanıtmaqla kifayətlənməmiş, onunla dost olmağa
çalışmışdır. Azərbaycan xalqının
sərvətlərinin ortaya çıxarılması və bunların xalqın zənginliyinə
xidmət etməsi həmin on ildə görülən işlərdəndir”.
Ümummilli lider Heydər Əliyevin zəngin
dövlətçilik təcrübəsi, iradəsi və
uzaqgörənliyi sayəsində vətəndaş
müharibəsi dayandırıldı, cəbhə xəttində
atəşkəs elan edildi, ölkədə əmin-amanlıq
bərpa olundu.
Ulu
öndərin hakimiyyətə yenidən
qayıdışı müstəqil Azərbaycan elminə, təhsilinə,
səhiyyəsinə və mədəniyyətinə də
yeni nəfəs verdi. Demək olar ki, cəmiyyətin
bütün sferalarında inqilabi dəyişikliklər
baş verdi. Təhsil və elm ocaqları Heydər Əliyevin
qayğısı sayəsində öz əvvəlki
şöhrətini bərpa etdi.
Rusiya
Prezidenti Vladimir Putin yazırdı:
“Heydər Əliyevin prezidentliyi dövründə dost Azərbaycanın
dövlətçiliyinin möhkəmləndirilməsi,
ictimai və iqtisadi həyatın bütün sahələrində
dərin dəyişikliklər edilməsi işində nail
olduğu sanballı müsbət nəticələr bizə -
qonşularınıza xüsüsilə aydın
görünür”.
Azərbaycan
Respublikasının dirçəlişi və tərəqqisi
naminə bütün bilik və bacarığını,
istedad və enerjisini əsirgəməyən ulu öndərin
35 illik hakimiyyəti dövründə böyük qələbələr,
zəfərlər, ölkəmizin çiçəklənməsi,
iqtisadiyyatın dirçəlməsi diqqəti cəlb edir.
Onun ardıcıl və düşünülmüş xarici
siyasəti Azərbaycanın bir sıra beynəlxalq təşkilatlara
üzv olması və onun dünyada hüquqi demokratik dövlət
kimi tanınmasına səbəb oldu.
Azərbaycan Respublikasına rəhbərlik
etdiyi bütün dövrlərdə Heydər Əliyevin əsas
amalı qurub yaratmaq, ölkənin tərəqqisinə xidmət
etmək olub. Məlum olduğu kimi 1995-ci ildə müstəqil
Azərbaycan Respublikasının ilk milli Konstitusiyası qəbul
edildi. Milli Konstitusiya müasir dünyanın
sivil dəyərlərinə və qanun
yaradıcılığı təcrübəsinə, milli və
ümumbəşəri prinsiplərə söykənərək
demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu
ücün möhkəm təməl
yaratdı. Yeni Konstitusiyada göstərilir ki, hakimiyyətin
əsas mənbəyi xalqdır, dövlət müstəqilliyinin
qarantı xalq, icraçısı isə prezidentdir. Hakimiyyətin
qanunverici, idarəedici və məhkəmə hakimiyyətinin
üç qola bölünməsi diqqəti cəlb edir.
Heydər Əliyev Konstitusiyasının ən muhum nailiyyətlərindən biri insan hüquq və azadlıqlarının ali dəyər kimi qəbul edilməsidir. Yeni Konstitusiyada ilk dəfə olaraq hakimiyyətin bölünməsi prinsipi rəsmi olaraq öz əksini tapıb. Konstitusiyanın “Əsas hüquqlar, azadlıqlar və vəzifələr” bölməsində şərh edilən əsas hüquq və azadlıqlar BMT Baş Məclisinin 1948-ci il 10 dekabr tarixli “İnsan hüquqlarının ümumi Bəyannaməsi”nə uyğundur.
Müstəqil Azərbaycan
dövlətinin ilk Konstitusiyasının qəbul edilməsi,
ölüm hökmünün və senzuranın aradan
götürülməsi, hüquqi dövlət quruculuğu
prosesinin, iqtisadi islahatların aparılması, “Əsrin
müqaviləsi”nin həyata vəsiqə alması,
respublikamızın dünya dövlətləri ilə
gündən-günə genişlənən iqtisadi və
siyasi əlaqələr qurması məhz ümummilli liderimiz Heydər Əliyevin
uzaqgörən siyasəti və gərgin əməyinin nəticəsində
mumkun olmuşdur.
Bütün
dünyada ulu öndər Heydər Əliyev Azərbaycanın
simvoluna çevrilib, ölkəmizi onun şərəfli
adı və misilsiz quruculuq işləri ilə
tanıyırlar. Onun dünya siyasət meydanında
nüfuzu, yeri get-gedə artırdı. Bunu 1998-ci ildə ulu
öndərin rəhbərliyi ilə Bakıda
keçirilmiş “Böyük İpək Yolu”na dair beynəlxalq
konfransı da bir daha sübut etdi.
Avropa
və Asiya qitəsinin arasında yerləşən Azərbaycan
tarixən qərblə şərq, cənubla şimal
arasında “körpü” funksiyası daşıyıb.
Bakıda keçirilən beynəlxalq konfrans
respublikamızın yenidən iki qitəni birləşdirən
qovşağa çevrilməkdə olduğunu nümayiş
etdirdi.
İpək Yolunun üstündə
yerləşən 33 ölkənin, 8 beynəlxalq təşkilatın
numayəndələri Bakıda
toplaşmaqla Azərbaycanın beynəlxalq nüfuzunu dunyada təsdiq
etdilər.
13
aprel 1999-cu ildə Atatürkün “Yurdda sulh, cahanda sülh”
prinsipinə uyğun olaraq ümummilli lider Heydər Əliyev Azərbaycanda
və Qafqaz bölgəsində sabitliyin bərqərar edilməsi,
dostluq, qarşılıqlı anlaşma və mehriban
qonşuluq munasibətlərinin bərpa olunması,
bütün dünyada sülhün çarçısı
kimi Beynəlxalq Atatürk Sülh Mükafatına layiq
görüldü.
Bütün
bunlar bu gün Azərbaycan xalqının dünyada sülhsevər
bir xalq kimi tanınmasına səbəb olmuş,
respublikamızın müstəqilliyinin qorunub saxlanmasına,
dinc quruculuq işlərinin aparılmasına,
iqtisadiyyatımızın möhkəmləndirilməsinə
tarixi bir imkan yaratmışdır. Tarixi təcrübə
sübut edir ki, yalnız güclü siyasi lider yetişdirən
xalqlar öz milli sərvətlərinə sahib olmaq imkanı
qazanırlar. Qeyd etmək lazımdır ki, dunyada neftlə zəngin
olan ölkələr çoxdur. Lakin həmin sərvətlərdən
bütün dövlətlər heç də öz xalqlarının
rifahı üçün lazımi səviyyədə istifadə
edə bilmirlər. Heydər Əliyevin uzaqgörən siyasəti
sayəsində həmin sərvətlər xalqın rifah
halının yaxşılaşmasına yönəldildi.
1994-cu il sentyabrın 20-də müstəqil Azərbaycanın ictimai-siyasi və iqtisadi həyatında çox mühüm hadisə baş verdi. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə dunyanın aparıcı dövlətlərinin iri şirkətləri Xəzər neftinin çıxarılması və dünya bazarına nəqlinə dair “Əsrin müqaviləsi”ni imzaladılar. “Əsrin müqaviləsi” Azərbaycanın dövlət müstəqilliyini, xalqın öz taleyini həll etdiyini göstərməklə yanaşı, ölkəmizin dünya iqtisadiyyatına qovuşmasında da mühüm və həlledici rol oynamışdır.
Azərbaycanda
həyata keçrilən neft siyasəti ölkəmizdə
xarici sərmayələrlə yanaşı, müasir
texnolgiyaların, iş təcrübələrinin, yeni idarəcilik
qaydalarının, iqtisadi münasibətlərin daxil
olması üçün də əlverişli şərait
yaratmışdır. Heydər Əliyev “Əsrin
müqaviləsi” imzalanarkən demişdir: “Biz belə bir
addım atmaqla Azərbaycanın dünya üçün,
dünya iqtisadiyyatı üçün açıq ölkə
olduğunu numayiş etdirdik. Biz bu müqaviləni imzalamaqla Azərbaycan
Respublikasının suveren hüquqlarının bərqərar
olduğunu, Azərbaycanın öz sərvətlərinə
özünun sahib olduğunu dünyaya bir daha nümayiş
etdirdik”. Azərbaycan müstəqillik əldə
etdikdən sonra onun güclu dövlət kimi
formalaşmasında neft sənayesinin rolu daha da artdı. Hələ
Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi işləyərkən
neft sənayesinin inkişafına çox böyük diqqət
yetirirdi. Həmin dövrdə Bakı Dərin
Özüllər Zavodu, Bakı neftayırma zavodunda yeni
müasir qurğular məhz ulu öndər Heydər Əliyevin
təşəbbüsu ilə tikilmiş, üzən qazma
qurğuları xaricdə inşa edilib Azərbaycan dəniz
neftçilərinin ixtiyarına verilmişdir.
Hal-hazırda bu müəssisələrin fəaliyyət
göstərməsi neft sənayesinin inkişafına xidmət
edir.
Heydər Əliyevin rəhbərliyi
ilə hazırlanan və dünyanın nəhəng şirkətləri
ilə birgə imzalanan “Əsrin müqaviləsi” yeni neft
strategiyamızın şanlı səhifələrini
acdı. “Əsrin müqaviləsi” Azərabaycan
iqtisadiyyatının inkişafının təməl
daşına çevrildi, azad iqtisadi mexanizmlərin tətbiq
edilməsi və respublikamızın dünya iqtisadiyyatına
dinamik inteqrasiyasını təmin etdi, xarici investisiyanın
ölkəmizə axını sürətləndi və Azərbaycanda
yeni neft-qaz müqavilələrinin bağlanmasına güclu
təkan verdi.
Həmin
dövrdə Amerika Birləşmiş Ştatlarının
Prezidenti Corc Buş Heydər Əliyevə
ünvanlandığı məktubda yazırdı: “Amerika Birləşmiş
Ştatları Sizinlə sıx işləyərək, qlobal
enerji təhlükəsizliyini təmin etməyə və Azərbaycan
xalqı üçün daha firavan, dinc gələcək
qurmağa yardım etməyə hazırdır”.
Keçən müddət ərzində
respublikamızda 30-dan çox beynəlxalq neft müqaviləsi
imzalamışdır. Bu müqavilələrin
respublikamız üçün əlverişli şərtlərlə
imzalanmasında və onların uğurla həyata
keçirilməsində möhtərəm Prezidentimiz
İlham Əliyevin xidmətləri xüsusilə qeyd edilməlidir.
Bu müqavilələr ölkəmizə yeni
idarəçilik metodlarının, mütərəqqi
texnologiyaların, müasir texnikanın gətirilməsinə,
neft sənayesinin infrastrukturunun yenidən qurulmasına, nəqliyyat
və xidmət sahələrinin inkişafına, yeni iş
yerlərinin açılmasına və xarici
investisiyaların ölkəmizə axmasına
güclü təkan verdi.
Əsası
ulu öndərimiz Heydər Əliyev tərəfindən
qoyulan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istismara verilməsi
ölkəmizdə istehsal edilmiş neftin dünya bazarına
çıxarılmasında mühüm rol oynayır. Heydər
Əliyev kəmərin təməlinin qoyulması mərasimindəki
nitqində demişdir: “Bakı-Tbilisi- Ceyhan çox
böyük iqtisadi xarakter daşıyır. Ancaq təkcə
iqtisadi deyil, hesab edirik ki, siyasi xarakter daşıyır. Bu layihə
və onun həyata keçirilməsi Qafqaz bölgəsində
sülhün, əminamanlığın, təhlükəsizliyin
təminatçısı ola bilər”.
Bu
boru kəməri Xəzərlə Aralıq dənizi
arasında ilk və Turkiyə ərazisindən keçən
birbaşa xəttdir. Hesablamalara görə
bu kəmər dünya bazarına gündə 1 milyon barel xam
neft çıxarır ki, bu da dünyanın hazırki neftə
olan tələbatının 1,3 faizinə bərabərdir. “Əsrin
müqaviləsi” çərcivəsində 30 il ərzində
504 milyon ton neftin çıxarılacağı nəzərdə
tutulub ki, bunun da 244 milyon tonu mənfəət kimi
ölkəmizə çatacaq, 188 milyon tonu kapital qoyuluşuna
və istismar xərclərinə sərf olunacaq, qalan 72 milyon
tonu isə gəlir şəklində xarici şirkətlərə
çatacaq.
Respublikamızda
istehsal edilən neft-qaz xalqımızın güzəranının
yaxşılaşmasında, onun ictimai-siyasi həyatında
böyük rol oynayır. Bu nemət ulu öndər Heydər
Əliyevin memarı olduğu neft strategiyasının
uğurla həyata keçirilməsi sayəsində ölkəmizdə
dinamik inkişafın təmin edilməsi, əhalinin
rifahının yaxşılaşması, dünya təsərrufat
sisteminə inteqrasiya əlaqələrinin güclənməsi
mümkun olmuşdur.
Azərbaycanda
1993-cü ilin ikinci yarısından etibarən ümummilli liderimiz Heydər Əliyev tərəfindən
aparılan məqsədyönlü daxili və xarici siyasət
nəticəsində 1995-ci ildə ölkədə
ictimai-siyasi sabitlik yarandı, sosial-iqtisadi problemlərin həlli,
o cümlədən əhalinin həyat səviyyəsinin
yaxşılaşması istiqamətində görülən
işlər ön plana çəkildi. Ardıcıl
olaraq aparılan islahatlar qısa muddət ərzində öz
bəhrəsini verməyə başladı və
iqtisadiyyatın ayrı-ayrı sahəsində ciddi irəliləyiş
əldə edildi. Görülən məqsədyönlü və
uzaq perspektivlərə tuşlanmış tədbirlər nəticəsində
geriləmənin qarşısı birdəfəlik
alındı.
Alfred
Nobelin XX əsrin əvvəllərində “burada neft, qan və
siyasət çox sıx şəkildə bir-birinə
qarışıb”, - deyə xarakterizə etdiyi Azərbaycan
artıq XX əsrin sonunda xalqın dahi oğlu Heydər Əliyevin
gərgin əməyi, məntiqi siyasi gedişləri və
inkişaf strategiyası nəticəsində qan-qadadan uzaq,
sabitliyin və əmin-amanlığın hökm
sürdüyü bir ölkəyə çevrilirdi. Gündən-günə
artan neft gəlirləri, xarici investisiya axını ölkənin
iqtisadi mənzərəsini dəyişdi, Azərbaycanı
regionun lider dövlətinə çevirdi.
Regionda
qlobal enerji layihələrinin təşəbbüskarı və
iştirakçısı olan
Azərbaycan hazırda bir sıra dünya və Avropa
ölkələrinin “mavi yanacaq”la təminatında
mühüm rol oynayır. Məlum olduğu kimi, ölkəmizi
dünyanın potensial qaz ixracatçılarından birinə
“Şahdəniz” yatağı çevirmişdir.
“Şahdəniz” qaz hasilatı və ixracı layihəsinin reallaşdırılması istiqamətində atılan uğurlu addımların səmərəsi getdikcə artır. bp-Azərbaycan şirkətinin 2012-ci ilin yekunları ilə bağlı hesabatına əsasən, “Şahdəniz” konsorsiumunun səhmdarları tərəfindən il ərzində layihə üzrə əməliyyat xərclərinə 269 milyon dollar, əsaslı məsrəflərinə isə 1 milyard 99 milyon dollar sərf olunmuşdur. Ötən il “Şahdəniz” yatağındakı öncəqazma quyularından sabit şəkildə qaz hasil edilərək Azərbaycan, Gürcüstan və Türkiyə sərhədindəki satış məntəqələrinə çatdırılmışdır. Onu da deyək ki, “Şahdəniz” layihəsinin birinci işlənmə mərhələsi çərçivəsində hasil edilən qaz Azərbaycana, GOGC (Gürcüstan), BOTAŞ (Türkiyə) və BTC Ko şirkətinə satılır.
Xəzər
dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz”
yatağında quraşdırılmış unikal platforma vasitəsilə istismar
olunan quyuların sabit rejimdə işləməsi qaz
hasilatının
artırılmasına imkan yaradır. 2012-ci ildə
yatağın gündəlik hasilat həcmi 21,1 milyon
kubmetr qaz və 44 min 100 barel kondensat təşkil
etmişdir. İl ərzində
“Şahdəniz” yatağından
7,73 milyard kubmetr qaz və 2 milyon ton kondensat
çıxarılmışdır.
Bununla belə, yataqdakı 2 saylı quyunun texniki səbəblər
ucbatından dayanması qaz
hasilatının həcminə təsirsiz ötüşməyib.
Xatırladaq ki, sutkada təqribən 6 milyon kubmetr qaz verən
həmin quyunun yenidən işə salınması yataq üzrə gündəlik
hasilatın həcmini 27 milyard kubmetrə
çatdırmağa imkan verəcək. Bütövlükdə
isə 2006-cı ilin
sonlarından - “Şahdəniz” yatağında hasilata
başlanıldığı gündən 2012-ci ilin sonunadək
yataqdan 37,6 milyard kubmetr təbii qaz və 10,1
milyon ton kondensat hasil edilərək mövcud ixrac boru kəmərləri vasitəsilə dünya bazarına
çıxarılmışdır.
Qeyd etmək lazımdır ki, “Şahdəniz” yatağının ikinci işlənmə mərhələsinin ölkəmiz üçün əhəmiyyəti olduqca böyükdür. Belə ki, sözügedən mərhələ çərçivəsində hasil edilən daha böyük miqdarda “mavi yanacaq” Azərbaycanın ixrac imkanlarını genişləndirməklə yanaşı, “Şahdəniz” qazının alıcılarının sayının da artmasına səbəb olacaq. Bu da ölkəmizin regionda, eləcə də dünyada strateji tərəfdaş kimi mövqeyini bir qədər də möhkəmləndirəcək. Ən başlıcası isə “Şahdəniz” yatağının ikinci işlənmə mərhələsi Azərbaycan iqtisadiyyatına təqribən 25 milyard dollar birbaşa investisiyanın qoyulmasına gətirib çıxaracaqdır. Ötən ilin iyun ayında Azərbaycan və Türkiyə hökumətləri arasında Türkiyə Respublikasının ərazisindən keçən Trans-Anadolu boru kəmərinin inşası və tranzit sazişləri imzalanmışdır. Daha sonra isə hər iki saziş Azərbaycan Respublikasının Milli Məclisində ratifikasiya edildikdən sonra qanun statusu almışdır. Artıq TANAP layihəsinin “Şahdəniz” yatağının ikinci işlənmə mərhələsi ilə paralel həyata keçirilməsinə başlanmışdır. Layihənin səhmdarlarından birinə çevrilməsi üçün ARDNŞ-in təklif etdiyi 12 faizlik iştirak payıını əldə edən bp şirkəti hazırda Azərbaycan və Türkiyə hökumətləri tərəfindən TANAP layihəsinə dəvət olunmuş bütün iştirakçılarla yaxından işləyir. Bundan əlavə, bp TANAP layihəsinə dəstək olaraq Türkiyənin BOTAŞ şirkəti ilə əməkdaşlığı da davam etdirir.
Heydər Əliyevin müdrikcəsinə və uzaqgörənliklə işləyib hazırladığı, mərhələ-mərhələ reallaşdırdığı milli neft strategiyası ötən əsrin doxsanıncı illərinin ortalarından başlayaraq Azərbaycanın uzunmüddətli uğurlu inkişaf epoxasının təməlini qoyub. Milli neft strategiyası, enerji siyasəti qloballaşan dünyanın tələbinə uyğun olaraq son illər ölkəmizdə daha intensiv aparılır və öz gözəl bəhrəsini verir. Son illər ərzində Azərbaycanın enerji potensialının gücləndirilməsi istiqamətində sözün həqiqi mənasında çox böyük addımlar atılıb, genişmiqyaslı işlər görülüb. Yalnız 2012-ci ildə ölkəmizin enerji potensialı 50 faizdən çox artıb və bu proses davam edir.
Azərbaycanın təşəbbüsü və iştirakı ilə TANAP layihəsinin reallaşması olduqca mühüm tarixi hadisə sayıla bilər. Bu layihə ölkəmizin iqtisadi qüdrətinin və dünyadakı siyasi nüfuzunun artmasında önəmli rola malikdir. Prezident İlham Əliyev bu layihənin tarixi rolundan danışaraq deyib: “TANAP layihəsi bizə imkan verəcəkdir ki, Azərbaycan zəngin qaz resurslarını dünya bazarlarına böyük həcmdə nəql etsin. Hesab edirəm ki, TANAP layihəsi son illər ərzində nəinki ölkəmizdə, regionda, Avropa qitəsində enerji təhlükəsizliyi ilə bağlı olan məsələlər arasında ən böyük addımdır. TANAP layihəsinin təşəbbüskarı da Azərbaycan olmuşdur. Əminəm ki, TANAP layihəsini Azərbaycan öz tərəfdaşları ilə vaxtında icra edəcək və beləliklə, Avropanın enerji xəritəsi böyük dərəcədə dəyişdiriləcəkdir”.
Qeyd
etmək lazımdır ki, Azərbaycan hazırda nəinki
özünün, eləcə də dünyanın enerji təhlükəsizliyi
məsələlərinə öz layiqli töhfəsini
verir. Dünya ölkələri, xüsusən
də Qərb enerji təhlükəsizliyi kimi ciddi problemin həllində
Azərbaycanla daha sıx əməkdaşlıq qurmaqda
marağını açıq şəkildə ortaya qoyub.
İndi söhbət məhz Azərbaycanın fəal
iştirakı ilə Xəzər-Qara dəniz-Aralıq-Baltik
dənizləri və Avropa İttifaqı regionunda enerji əməkdaşlığının
geniş formatı haqqında gedir.
2012-ci ildə Azərbaycan ilə
dünyanın ən böyük iqtisadi mərkəzi olan
Avropa İttifaqı ölkələri arasında enerji
sektorunda əməkdaşlıq xeyli genişlənmişdir. Bakıda Aİ-nin energetika məsələləri üzrə
baş direktorluğunun rəhbəri Paulo Abrie Markes Azərbaycan
ilə Aİ arasında energetika sahəsində anlaşma
memorandumu çərçivəsində keçirilən
müşavirədə qeyd etmişdir ki, tərəflər
arasında energetika sahəsində əməkdaşlıq
baxımından ötən il çox əhəmiyyətli
olmuşdur. O, Trans-Anadolu qaz kəməri layihəsi üzrə
hökumətlərarası sazişin Azərbaycan və
Türkiyə parlamentləri arasında ratifikasiya
olunmasını mühüm hadisə
adlandırmışdır. P.A.Markes 2013-cü
ildə Azərbaycanın “Şahdəniz” qaz-kondensat
yatağının işlənməsinin ikinci mərhələsi
ilə bağlı yekun investisiya qərarı, eləcə də
Aİ-nin qaz tədarükü layihələri üzrə qərar
qəbul ediləcəyini və Azərbaycan ilə Aİ
arasında əməkdaşlığın genişləndirilməsi
baxımından mühüm əhəmiyyət kəsb edən
“Cənub qaz dəhlizi” layihəsinin reallaşmağa yaxın
olduğunu bildirmişdir.
Təbii
ki, neft amilinin ölkəmizin iqtisadi və siyasi həyatında
strateji əhəmiyyəti və xüsusi yeri vardır. Lakin
Azərbaycan rəhbərliyi çalışır ki, ölkə
neft amilindən asılı olmasın. Buna görə də
qeyri-neft sektoruna aid layihələrin reallaşmasının
sayı da durmadan artmaqdadır.
Aprelin
8-də Dünya İqtisadi Forumunun Bakıda keçirilən
yekun iclasındaAzərbaycan Prezidenti İlham Əliyev
demişdir: “İyirmi bir il əvvəl Azərbaycan müstəqilliyini
yenicə əldə etdiyi zaman bazar iqtisadiyyatının
ümumi daxili məhsuldakı payı sıfır faiz idi. Bu
gün isə bu göstərici 83 faizdir. Bu, bazar
iqtisadiyyatına yönələn islahatların yaxşı
göstəricisidir. Başqa sözlə, planlı
iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid dövrü
başa çatıb. Hazırda Azərbaycanda qeyri-enerji
sektorunda, tikinti, yüksək texnologiyalar, kənd təsərrüfatı,
neft-kimya sahələrində geniş imkanlar
açılır.
Ölkəmizin
davamlı inkişafını təmin etmək
üçün sərmayələrə ehtiyac duyulan sahələrə
investisiyaları cəlb etmək məqsədi ilə dövlət
strategiyası vardır. Hamımız bilirik ki, neft və
qaz müvəqqətidir. Biz, nəinki neft və
qaz erasından sonrakı dövrə
hazırlaşırıq, - baxmayaraq ki, bu, hələ ən
azı 100 ildən sonra baş verəcək, - o cümlədən
neft və qaz gəlirlərini qeyri-enerji sektorunun
inkişafı, insan kapitalı və təhsil
üçün istifadə edirik. Gənc nəsil bundan
bəhrələnir. Bu gün Azərbaycanda və xarici
ölkələrdə yaxşı təhsil almış gənclər
ölkəmizdə mühüm biznes fəaliyyəti ilə məşğuldurlar
və Azərbaycanın davamlı inkişafına töhfə
verirlər".
Qeyd etmək lazımdır ki, hazırda qlobal iqtisadi inkişafın gələcəyini müəyyənləşdirən texnologiyalar dünyanın ən aparıcı dövlətlərinin həyata keçirdikləri siyasətdə əsas xətti təşkil edir. Sürətlə yayılmaqda olan informasiya-kommunikasiya texnologiyaları və onların fonunda formalaşaraq yeni inkişaf vüsəti qazanan qloballaşma prosesləri ölkələrin sosial-iqtisadi həyatına birbaşa təsir göstərməkdədir. Təsadüfi deyil ki, artıq dövlətlərin iqtisadi üstünlüyü də məhz texnologiyalara yiyələnməyə, onları mənimsəmə gücünə əsaslanır. Bir sözlə, iqtisadi qüdrəti müəyyən edən meyarların, qazanılan makro və mikro iqtisadi göstəricilərin önündə bu gün məhz həmin ölkələrdə informasiya-kommunikasiya texnologiyalarının tutduğu yer və onun inkişafı dayanır. Texnoloji proseslərin, innovasiyaların insanlara xidmət, korrupsiyaya qarşı mübarizə, şəffaflıq, yenilik baxımından müasir dünyamızın əsas tələbinə çevrildiyi belə bir mühitdə ölkəmiz də qlobal çağırışlardan kənarda qalmayıb. Bu reallıqları əsas tutaraq ölkə Prezidenti İlham Əliyev 2013-cü ili Azərbaycan Respublikasında “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edib. Bununla bağlı verilən sərəncamla Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə “Tədbirlər Planı” hazırlayıb və Azərbaycan Respublikasının Prezidentinə təqdim edib.
Bu
gün Azərbaycan İKT-nin inkişaf göstəricilərinə
görə inkişaf etməkdə olan ölkələrlə
inkişaf etmiş ölkələr arasında qiymətləndirilir
və son 5-7 ildə ən dinamik inkişaf edən 10 ölkə
qrupuna daxildir. Eyni zamanda, məqsədyönlü
dövlət siyasəti nəticəsində ölkənin
İKT sektorunda son 8-10 ildə orta illik artım tempi 20-25 faiz təşkil
edib və bu, ümumdünya inkişaf tempini 2-3 dəfə
qabaqlayır. Təkcə yola saldığımız 2012-ci
ilin göstəricilərinə nəzər salsaq, 2012-ci il ərzində
ölkə üzrə ümum daxili məhsulun (ÜDM) həcmi
54 milyard manat, ötən illə müqayisədə real
artım tempi isə 2,2 faiz olub. İKT, informasiya və
poçt sektorunda əldə olunan gəlirlərin həcmi
ötən illə müqayisədə 17,3 faiz artaraq 1503,4
milyon manat təşkil edib.
Dünya
İqtisadi Forumunun “The Global Competitiveness Report 2012-2013”
hesabatında “Qlobal rəqabətqabiliyyətlilik indeksi"
üzrə Azərbaycan əvvəlki mövqeyindən 9 pillə
irəliləyərək dünyanın 144 ölkəsi
arasında 46-cı yeri tutub və beləliklə, yenə də
MDB məkanında öz liderliyini qoruyub saxlamağa müvəffəq
olub. Beynəlxalq Telekommunikasiya İttifaqının
(BTİ) İnformasiya Cəmiyyətinin ölçülməsi
“Measuring the Information Society - 2012” adlı hesabatında “İKT
inkişaf indeksi” (IDI) üzrə əvvəlki hesabatla
müqayisədə 6 pillə irəliləyərək 155
ölkə arasında 68-ci yerə qalxıb. Bu hesabatda Azərbaycan
10 “Ən dinamik inkişaf edən ölkələr” qrupunda
yerini möhkəmlədib. Məhz bu göstəricilərə
əsaslanaraq beynəlxalq təşkilatlar ölkəmizdə
İKT sahəsinin gələcək inkişafı ilə
bağlı müsbət və optimist fikirlər səsləndirirlər.
Bu proqnozlara görə, Azərbaycan hökuməti
İKT sahəsinə investisiya yatırmaq, eyni zamanda İKT
sahəsinin inkişafına xüsusi şərait yaratmaqla, bu
istiqamətdə islahatları davam etdirərsə, 2025-ci ildə
Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsindən
əldə olunan gəlirlər neft sektorundan gələn gəlirlərə
bərabər olacaq və daha sonra bu gəlirləri
üstələyəcək.
Ölkəmizdə
möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən
aparılan uğurlu islahatlar nəticəsində respublikada
makroiqtisadi gostəricilər artmış, struktur dəyişiklikləri
keyfiyyətcə yeni səviyyəyə qalxmış, daha surətli
iqtisadi artım, yoxsulluğun azaldılması, işsizliyin
aradan qaldırılması, yeni iş yerlərinin acılması,
inflyasiyanın qarşısının alınması, əhalinin
aztəminatlı hissəsinin sosial mudafiəsinin gucləndirilməsi,
əhalinin real pul gəlirlərinin artması sahəsində
xeyli irəliləyişlər əldə edilmişdir.
Ölkəmizdə
neft sektoru ilə yanaşı qeyri-neft sektorunun inkişafına
xususi diqqət yetirilir. Bu işdə iqtisadi
islahatların, regionların
sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət
Proqramlarının həyata keçirilməsi müstəsna
rol oynayır. Məhz bunların sayəsində regionlarda
sahibkarlıq inkişaf edir, yeni iş yerləri yaradılır.
Belə ki, hazırda ölkədə işsizlərin
sayı 5 faizə bərabərdir. Ölkə əhalisinin sosial vəziyyətinin getdikcə
yaxşılaşması yoxsulluğun azaldılmasına
öz təsirini göstərmiş və ilkin məlumatlara
görə bir il ərzində
yoxsulluq səviyyəsi 1,6 faiz azalaraq
6,0 faizə enmişdir.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin son illərdə
respublikamızda həyata keçirdiyi tədbirlər ölkədə
mövcud ictimai-siyasi sabitliyin qorunub saxlanmasına,
sosial-iqtisadi islahatların uğurla davam etdirilməsinə,
ölkə əhalisinin maddi rifahının
yaxşılaşdırılmasına yönəlib. Butun
bunlar isə bizə deməyə əsas verir ki, yaxın gələcəkdə
Azərbaycan dünyanın ən qüdrətli dövlətlərindən
birinə çevriləcək.
Dahi Üzeyir Hacıbəyov yazırdı: “Bəşər tarixində elə şəxslər var ki, onlar tək özləri ücün yox, bütün xalqın, bəlkə də bütün bəşəriyyətin xoşbəxtliyi və çiçəklənməsi naminə həyata gəliblər”. Bu sözləri tam cəsarətlə Heydər Əliyev haqqında demək olar. Bu böyük insanın ideyaları yaşayır, qalib gəlir və xalqımızı yeni-yeni qələbələrə aparır.
Arif ŞƏKƏRƏLİYEV,
Azərbaycan Dövlət İqtisad
Universitetinin kafedra müdiri,
iqtisad elmləri doktoru, professor
Xalq qəzeti.- 2013.- 10 may.- S. 13.