Qələbənin
68-ci ildönümü Nərimanov rayonunda geniş qeyd edildi
Mayın 9-da Nərimanov rayonunda
yerləşən “Qardaşlıq məzarlığı” Əbədi
Xatirə Kompleksi önündə faşizm üzərində qələbənin
68-ci ildönümünə həsr edilmiş
təntənəli mərasim keçirildi.
Nərimanov
Rayon İcra Hakimiyyəti tərəfindən təşkil
edilən tədbirdə müharibə veteranları, Milli Məclisin
deputatları, Rusiya, Ukrayna, Moldova, Belarus, Qazaxıstan, Özbəkistan,
Qırğızıstan, Türkmənistan və digər MDB
ölkələrinin Azərbaycanda akkreditə olunmuş səfirləri,
hərbçilər, gənclər, ictimaiyyət nümayəndələri
iştirak edirdilər.
Azərbaycanın
dövlət himni səsləndirildikdən sonra Böyük Vətən
müharibəsində həlak olanların əziz xatirəsi
bir dəqiqəlik sükutla yad edildi. Əllərində MDB
dövlətlərinin bayraqlarını tutmuş gənc
şahinlər fəxri keçidlə abidənin ətrafına
dövrə vurdular.
Tədbirdə
çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin
başçısı Abdin Fərzəliyev 1941-1945-ci illər
Böyük Vətən müharibəsində yüz minlərlə
azərbaycanlının iştirak etdiyini və onlardan 300 min nəfərin
həlak olduğunu, 300 mindən çox
soydaşımızın isə cəbhədə göstərdikləri
igidliyə görə orden və medallarla təltif
olunduğunu diqqətə çatdırdı. Qeyd olundu ki,
müharibə illərində Azərbaycan ön cəbhəni
yanacaq, silah, ərzaq, geyimlə təmin etmiş, neft və
neft məhsullarının 70 faizi Bakıda istehsal olunmuş və
Sovet Ordusunun, demək olar ki, bütün hərbi texnikası
məhz Bakı nefti ilə işləmişdir.
Azərbaycan
rəhbərliyinin İkinci Dünya müharibəsində həlak
olanların xatirəsinə ehtiramla
yanaşdığını vurğulayan A.Fərzəliyev
“Qardaşlıq məzarlığı” Əbədi Xatirə
Kompleksinin ölkə Prezidenti İlham Əliyevin xüsusi
diqqət və qayğısı sayəsində
yaradıldığını qeyd etdi. Bildirildi ki, sahəsi 11
min 220 kvadratmetr olan ərazidə həmin illərdə
Bakıdakı hospitallarda vəfat etmiş 1462 qəhrəman
döyüşçü dəfn olunmuşdur. Onların
arasında müxtəlif xalqların nümayəndələri
vardır.
Müharibə
veteranlarını faşizm üzərində qələbənin
68-ci ildönümü münasibətilə təbrik edən
A.Fərzəliyev Nərimanov rayonunda yaşayan 1941-1945-ci illər
müharibəsinin veteranları ilə vaxtaşırı
görüşlər keçirildiyini, onlara qayğı
göstərildiyini diqqətə çatdırdı, bu tədbirin
gənclərin vətənpərvərlik ruhunda
böyüyüb tərbiyə almasında xüsusi əhəmiyyət
daşıdığını vurğuladı.
Tədbirdə
Böyük Vətən müharibəsinin veteranı Abbas
Mazanov çıxış edərək ümummilli lider Heydər
Əliyevin hakimiyyətə qayıdışından sonra
müharibə veteranlarına, onların ailə üzvlərinə
diqqət və qayğının xeyli artdığını
və 9 May – Qələbə Gününün Azərbaycanda
daha möhtəşəm qeyd olunmağa
başlandığını diqqətə
çatdırdı. Bu siyasətin hazırda Prezident İlham Əliyev
tərəfindən davam etdirildiyini vurğulayan natiq göstərilən
yüksək diqqət və qayğıya görə
müharibə veteranları adından dövlətimizin
başçısına minnətdarlıqlarını
bildirdi.
MDB
ölkələrinin səfirləri adından veteranları təbrik
edən Rusiya Federasiyasının ölkəmizdəki səfiri
Vladimir Doroxin Azərbaycan dövlətinin rəhbərliyinin
keçmiş sovet ölkələrinin müştərək
tarixi ilə bağlı mövqeyini yüksək qiymətləndirildiyini
qeyd etdi. Səfir, həmçinin Azərbaycanın müharibə
illərində verdiyi töhfələri böyük qəhrəmanlıq
nümunəsi kimi dəyərləndirdi.
Sonda
tədbir iştirakçıları 1941-1945-ci illər
müharibəsində həlak olanların xatirəsinə
ucaldılmış abidə önünə əklillər və
gül dəstələri qoydular.
M.YAQUBZADƏ
Xalq qəzeti.- 2013.- 10 may.- S. 14.