Böyük
ömrün kino salnaməsi
Mədəniyyətin hansı sahəsini
götürürsən-götür, orada ulu öndər Heydər
Əliyevin silinməz izləri yaşayır. Milli kino sənətimizdə
isə ulu öndərin xatirəsini yaşadan kadrlar daha çoxdur. İllər ötəcək, nəsillər dəyişəcək, Azərbaycanın bu böyük simasının ölməz əməlləri həmin
kadrlarda yaşayacaqdır.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin
Azərbaycan kinematoqrafiyasının inkişafında rolu
çox böyük olmuşdur. O, incəsənət növləri
arasında kinonu çox yüksək qiymətləndirmiş,
Azərbaycan kinematoqrafiya xadimlərinin xalqımızın
keçmiş və müasir həyatından onlarca yüksək
keyfiyyətli ekran əsərləri yaratdıqlarını
xüsusi vurğulamışdır.
Hələ 1970-82-ci illərədə – Azərbaycana
rəhbərlik etdiyi dövrdə kino sənətinin
inkişafına, həmin sahədə çalışanlara
qayğı və hörmətlə yanaşan Heydər Əliyev
Azərbaycan Prezidenti seçildiyi gündən respublikanın
kino sənəti xadimlərindən öz qayğı və məhəbbətini
əsirgəmədi. Heydər Əliyev Azərbaycan kino sənətinin
dəyərli ənənələrindən danışaraq
tarixi mövzuda çəkilmiş bir sıra bədii filmləri
yüksək qiymətləndirmişdir.
Xalqımız Heydər Əliyev haqqında,
onun çoxsahəli fəaliyyətindən bəhs edən sənədli
filmlərə maraqla baxır. Heydər Əliyev haqqında
çəkilən dəyərli filmlərdən biri də
tanınmış rejissor Andrey Karpovun “Azərbaycan
Respublikasının Prezidenti Heydər Əliyev” filmidir.
MDB ölkələrinin prezidentləri
haqqında silsilə filmləri yaratmağı qarşısna
məqsəd qoymuş A.Karpov birinci olaraq Azərbaycan Prezidenti
Heydər Əliyevə həsr etdiyi filmi çəkmişdir.
Ölkə başçısının gərgin, mənalı,
keşməkeşli həyatının ən vacib anları
ardıcıllıqla canlandırmış bu filmin çəkilişində
Azərbaycan kino, televiziya xadimləri də iştirak
etmişlər. Prezidenti iş yerində, qaçqınlarla
görüşündə, evində, övladlarının, nəvələrinin
əhatəsində təsvir edən epizodlar ustalıqla
çəkilmişdir. Heydər Əliyevin Məkkə səfəri
də filmə daxil edilmişdir.
Ulu öndərin geniş, hərtərəfli
fəaliyyətindən bəhs edən ikinci film N.Səfərovun
ssenarisi əsasında operator O.Şixəliyevin çəkdiyi
“Hamıya nümunə olan ömür yolu” filmidir. Bu əsərdə
Heydər Əliyevin 1990-cı ildən sonrakı fəaliyyəti
öz yığcam ekran ifadəsini tapmışdır.
Son illərdə ssenarist və kinorejissor Vaqif
Mustafayevin Heydər Əliyevin fəaliyyətindən bəhs
edən silsilə filmləri diqqəti cəlb edir. Xüsusən
onun çəkdiyi “Həqiqət anı” filmi
tamaşaçıların marağına səbəb
olmuşdur. Bundan başqa, Vaqif Mustafayev Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin həyat və
fəaliyyətinə həsr olunmuş 12 seriyalı “H.Əliyev”
filminin 10-nu çəkib. Onlar “General”, “Birinci”, “Moskva. Kreml”, “Lider”, “Tale”, “Əsl
məhəbbət haqqında”, “Bir həsədin tarixi”,
“Professional”, “Patriot”, “Xüsusi təyinat” filmləridir.
Bu filmlər
arasında “Əsl məhəbbət haqqında” kino əsəri
böyük uğur qazanıb. Film Moskvada keçirilən
4-cü Avrasiya teleforumunda əsas mükafata və xüsusi
mükafata layiq görülüb. “Bir həsədin tarixi”
filmi 2002-ci ildə Yekaterinburqda keçirilən sənədli
filmlər festivalında əsas mükafatlardan birinə,
Moskvada keçirilən 5-ci Avrasiya Teleforumunda “Qran-Pri”
mükafatına layiq görülüb. Bu filmlər müxtəlif
ölkələrdə böyük uğurla nümayiş
etdirilib.
Bakıda
məşhur dünya neft şirkətləri ilə
bağlanmış saziş Vaqif Mustafayein “Əsrin sazişi”
filmində öz əksini tapmışdır.
Bunlar Heydər Əliyev haqqında
çəkilmiş filmlərin bir hissəsidir. Söz yox ki,
bu dahi insan haqqında hələ neçə-neçə
filmlər ərsəyə gətiriləcək.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2013.- 10 may.- S. 15.