Zaqatalada “Heydər
Əliyev və Azərbaycan polisi” mövzusunda konfrans
keçirilmişdir
Zaqataladakı Heydər Əliyev Mərkəzində
“Heydər Əliyev və Azərbaycan polisi” mövzusunda
konfrans keçirilmişdir. Konfrans
iştirakçıları əvvəlcə muzeydəki
stendlərə baxmış, ümummilli liderin keçdiyi həyat
yolu ilə tanış olmuşlar.
Konfransı giriş sözü ilə
açan Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki
Arif Babayev bildirmişdir ki, Heydər Əliyevin keçdiyi həyat
yolu hamımız üçün, sözün həqiqi mənasında,
örnəkdir. Heydər Əliyev Azərbaycanın tarixini
yenidən yazmış böyük bir şəxsiyyətdir.
Bu gün biz fəxrlə qeyd edə bilərik ki, Azərbaycan
Prezidenti İlham Əliyevin rəhbərliyi ilə əsası
ümummilli lider tərəfindən qoyulmuş Azərbaycan
dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində
hüquqi-demokratik islahatların bazası daha da genişləndirilir
və zənginləşdirilir. Bu, hüquq-mühafizə
sistemində, habelə polis orqanlarında
çalışanların qarşısına yeni və
mühüm vəzifələr qoymaqla yanaşı,
onların məsuliyyətini daha da artırır və bu
şərəfli peşədə çalışmaq
üçün hər bir polis əməkdaşına stimul
verir.
Arif Babayev daha sonra qeyd etdi ki, müstəqil Azərbaycan
dövlətinin hərtərəfli inkişafında əvəzsiz
tarixi xidmətləri olan, milli dövlətçilik
ideyasının bərqərar olunmasına və ölkəmizin
beynəlxalq aləmdə nüfuzunun artmasına misilsiz
töhfələr vermiş ulu öndər Heydər Əliyevin
90 illik yubileyinin ölkə miqyasında layiqincə
keçirilməsini təmin etmək məqsədilə Azərbaycan
Respublikası Prezidentinin 2013-cü il 21 yanvar tarixli sərəncamı
ilə tədbirlər planı təsdiq edilmişdir. Həmin
planın 11-ci bəndinə uyğun olaraq, Azərbaycan
Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən
təsdiq edilmiş 28 fevral 2013-cü il tarixli xüsusi plana əsasən,
Zaqatala Rayon Polis Şöbəsi tərəfindən də
bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə
tutulmuşdur. Belə ki, ümummilli lider Heydər Əliyevin
həyat yolu haqqında xüsusi mövzular ətrafında
söhbətlər aparılmış, onun həyat və fəaliyyətinə
həsr olunmuş filmlər nümayiş etdirilmiş, rayon qəzetində
“Daxili İşlər orqanlarının və Daxili
Qoşunların inkişafı Heydər Əliyevin adı ilə
bağlıdır” mövzusunda yazı dərc edilmiş, gənc
əməkdaşlara böyük şəxsiyyətin irsinin
öyrədilməsi məqsədilə şöbənin
şəxsi heyəti və polis veteranlarının
görüşləri keçirilmiş, Azərbaycanın ərazi
bütövlüyü uğrunda, eləcə də xidməti
borcu yerinə yetirərkən həlak olmuş əməkdaşların
ailələri ilə görüşlər təşkil
edilmiş, onlara xatirə hədiyyələri və maddi
yardımlar verilmişdir. Həmçinin ulu öndər Heydər
Əliyevin xatirəsinə həsr olunmuş futbol turniri də
təşkil olunmuşdur.
Konfransda rayon polis şöbəsi rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi, polis polkovnik-leytenantı Laçın Paşayev “Heydər Əliyev və Azərbaycan polisi” mövzusunda məruzə ilə çıxış etmiş, Azərbaycan polisinin nüfuzunun artmasında, cinayətkarlığa qarşı şərəflə mübarizə aparmasında onlara göstərdiyi diqqət və qayğıdan danışmışdır.
İlqar HƏSƏNOV
Xalq qəzeti.- 2013.- 10 may.- S. 15.