Heydər Əliyev – xarizmatik liderin
siyasi portreti
Azərbaycanın
dövlətçilik tarixinin ən böyük şəxsiyyətlərindən
biri olan, xalqı qarşısında misilsiz xidmətlər
göstərən, bütün ictimai-siyasi fəaliyyətini
doğma xalqının yüksəlişinə və tərəqqisinə,
ana vətəninin çiçəklənməsinə və
qüdrətlənməsinə həsr edən, bu yolda
böyük qələbələr qazanan, ümummilli lider
Heydər Əliyevin uğur fenomeni dünyanın bir çox
məşhur siyasi xadimləri, politoloqları və
filosofları tərəfindən təqdir edilən, tədqiq
olunan və uzun müddət öyrəniləcək bir hadisədir.
Dünya
siyasət tarixində öz xalqının və ölkəsinin,
eləcə də regionun və hətta dünyanın taleyini
dəyişmək qüdrətinə malik hökmdarlar,
dövlət xadimləri çox olmuşdur.Lakin bu xadimlərin,
demək olar ki, hamısı güclü dövlətə, hərbi
gücə və müasir silaha malik böyük ölkələrin
və xalqların nümayəndələri olmuşlar.
Bütün bu şəxsiyyətlərdən fərqli olaraq
Heydər Əliyev iki bir-birinə zidd ictimai-iqtisadi formasiyada -
sosializm və bazar iqtisadiyyatı zamanında, iki bir-birinə
antaqonist məkanda - SSRİ kimi nəhəng diktaturanın bətnindən
çıxmış birpartiyalı sistemin idarə etdiyi
hökmran dövlətin tərkib hissəsi olan Sovet Azərbaycanında
və müstəqilliyini elan etmiş, lakin onu qura bilməmiş,
siyasi-iqtisadi, hərbi xaos içərisində olan Azərbaycan
Respublikasında rəhbər kimi uğurlar
qazanmışdı, bütün daxili və xarici
basqıları dəf edərək dünyanın qəbul
etdiyi dövlət xadiminə və milli liderə çevrilə
bilmişdi.
1969-cu ildə
Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin
birinci katibi seçilən və 1982-ci ilə kimi - 13 il bu vəzifədə çalışan Heydər
Əliyev Azərbaycanı SSRİ məkanında 1920-ci ildən
bu yana nail olmadığı ən yüksək mərtəbəyə
qaldırdı. SSRİ-nin aqrar xammal bazası olan, geridə
qalmış, kasıb, mədəniyyəti və elmi tənəzzül
edən, bütün göstəricilərinə görə
15 respublika arasında 13-cü yerdə gedən bir ölkəni
inkişaf etmiş sənaye mərkəzinə, müasir
texnologiyanı tətbiq edərək yüksək göstəricilər
əldə edən aqrosənaye kompleksinə malik kənd təsərrüfatı
respublikasına, yüksək mədəniyyəti və biliyi
ilə seçilən tanınmış ziyalıları olan
xalqın yaşadığı ölkəyə çevirdi.
Heç də təsadüfi deyildi ki, SSRİ-nin
iqtisadiyyatı durğunluq keçirən bir vaxtda Heydər Əliyevin
Azərbaycanı sosial-iqtisadi, mədəni-elmi, ictimai həyatının
bütün sahələrində böyük nailiyyətlər
əldə etmişdi. Heydər Əliyev 1982-ci ildə SSRİ tarixində ilk
türk olaraq bu nəhəng dövlətin ali
rəhbərliyinə gətirildi. Siyasi Büro
üzvü seçildi və SSRİ Nazirlər Soveti sədrinin
birinci müavini vəzifəsinə təyin olundu. SSRİ-də əsrin tikintisi sayılan Baykal Amur
Magistralının tikintisinə rəhbərlik etmək Heydər
Əliyevə həvalə olunmuşdu və onun səyləri
nəticəsində bu nəhəng magistral vaxtında və
keyfiyyətlə istifadəyə verildi.
1993-cü ilin iyununda Azərbaycan “ölüm-dirim”
dilemması qarşısında qalanda, bütün xalq, o
cümlədən dövlət başçısı Əbülfəz
Elçibəy üzünü Naxçıvana tutaraq Heydər
Əliyevi - tarixi xilaskarı respublika rəhbərliyinə dəvət
etdi.
Həyatda
bütün təsadüflər zərurətə
bağlıdır.Hətta bizim ən böyük təsadüf
saydığımız hadisələr də, görmədiyimiz,
lakin bizim qavrayış və iradəmizin xaricində olan zərurətin
mövcudluğundan doğur.Varlığı yaradan,
yaşadan, dünyanı idarə edən sirli qüvvə bəlli
zamanda, bəlli fenomenləri yaradır və müəyyən
missiyanı həyata keçirməyi ona həvalə edir.
Peyğəmbərlər, dahilər, müdriklər - tarixdə
müəyyən missiya ilə yer üzərinə göndərilən,
insanları bəlalardan xilas edən, xalqlara xoşbəxtlik gətirən
bu seçilmiş insanlar haqqında zaman - zaman müxtəlif
sirlərin daşıyıcısı, xarizmatik lider,
“Allahın sevimli bəndələri” kimi fikirlər səslənmiş
belə liderlərin xüsusiyyətlərinin
araşdırılması cəhdləri olmuşdur və bu
gün də liderlik fenomeninin konkret izahı yoxdur.
“Xarizmatik lider” fenomenini din, Allah vergisi kimi izah edir. Elə “xarizma”
sözününün özü də qədim yunan dilindəki
“xarita” sözündən götürülüb “özünə
diqqəti cəlb edən”, “cazibədar” anlamı verir. Qədim yunan mifologiyasına görə gözəllik
və zəriflik ilahəsi də Xarita adlanırdı.Qədim
yunanlar xarizmatik keyfiyyətlərə malik insanları
Allahın sevimliləri sayır və müəyyən
uğurlar əldə etmək üçün
seçilmiş insanlar hesab edirdilər. Təbii ki,
xarizmatik liderin bir çox keyfiyyətləri - dində “Allah
vergisi” adlandırılan - istedad, ünsiyyətcillik,
mehribanlıq, cazibədarlıq, intellekt, insanları
inandırmaq və arxasınca apara bilmək
bacarığı və s. onun anadangəlmə xüsusiyyətləri
ilə bağlıdır.
Xarizmatik liderlik fenomeninin klassik tədqiqatçıları
sayılan Maks Veber və Robert Haus bu keyfiyyətləri
xarizmatik liderliyin anadangəlmə xüsusiyyətləri hesab
edir və “anadangəlmə liderlik” nəzəriyyəsini irəli
sürürlər.
Mən 1990-cı illərdə “Urud” kitabımın
üzərində işləyərkən, ulu öndər
Heydər Əliyevin yeniyetməlik və gənclik dostları
ilə görüşüb söhbət etmiş, həmsöhbətlərimin
gənc Heydər Əliyev haqqında təəssüratlarını
yazıya almışam. Müsahiblərimin, demək olar ki, hamısı yeniyetmə
Heydər haqqında eyni fikirdə idilər: “ O,
olduqca ağıllı, təfəkkürlü, savadlı,
istedadlı, səliqəli, mehriban, ədalətli bir oğlan
idi. Kəndə gələndə bütün kənd
cavanları onun başına yığışardı.Onda
insanları asanlıqla öz ətrafına toplamaq, onları
idarə etmək, onlara rəhbərlik etmək
bacarığı var idi”.
Anadangəlmə
keyfiyyətlərlə yanaşı, xarizmatik liderin
formalaşmasında qazanılmış xüsusiyyətlər
- onun xarakteri, həyat təcrübəsi nəticəsində
əldə etdiyi digər keyfiyyətlər - təşəbbüskarlıq,
özünə inam, məqsədyönlülük, geniş
bilik sahəsi, yüksək intellekt,
çalışqanlıq çox mühüm rol oynayır. Bu iki keyfiyyət - liderliyin anadangəlmə və
qazanılma xüsusiyyətləri birlikdə xarizmatik
liderliyin endogen nəzəriyyəsinin əsasını təşkil
edir.
Bu nəzəriyyənin bütün komponentlərini
ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətində
aşkar izləmək mümkündür. Xarizmatik liderin xüsusiyyətlərini
və fəaliyyət diapazonunu onun anadangəlmə keyfiyyətləri
və həyat təcrübəsində əldə etdiyi idarəetmə
bacarığının cəmi kimi izah edən endogen nəzəriyyə
ilə yanaşı, liderin meydana çıxmasına səbəb
olan mühiti, onun liderliyinə ehtiyacı olan ictimai - sosial
toplumun varlığını vacib hesab edən ekzogen nəzəriyyə
(C.Homans) də mövcuddur.Ekzogen nəzəriyyəyə
görə, “idarə edən” sosial qrupdur, bu qrup elə şəxsi
lider seçir ki, həmin lider qrupun gözləntilərini
doğrultsun, onun maraqlarını və arzularını həyata
keçirsin.
Sosial qrup
kimi Azərbaycan xalqını nəzərdən keçirsək,
liderliyə tələbatda bu nəzəriyyə də
özünü doğruldur.1969-87-ci illərdə öz lideri
kimi Heydər Əliyevi tanıyan Azərbaycan xalqı ekstremal
situasiyada (1988-1993-cü illər) dövlətin başında
dayanan hər bir şəxsdə (Ə.Vəzirov, A.Mütəllibov,
Ə.Elçibəy) Heydər Əliyevin liderlik keyfiyyətlərini
axtardı, bu keyfiyyətləri görmədikdə isə həmin
rəhbərləri lider kimi qəbul etmədi.
Xarizmatik lider fenomeninin izahında interaktiv
yanaşmanın tərəfdarı olan Robert Hausa, görə
xarizma lider və onun davamçılarının (tərəfdarlarının)
arasındakı münasibətin xüsusi forması olaraq
meydana çıxır. Davamçılar (tərəfdarlar, Yeni Azərbaycan
Partiyası fəalları, üzvləri, geniş mənada Azərbaycan
xalqı və dünya azərbaycanlıları) hesab edirlər
ki,
1.Liderin
ideyaları doğrudur;
2.Liderin
rəhbərliyi birmənalı qəbul ediləndir;
3.Liderə inanır və ürəkdən bağlanırlar;
4.Öz
qarşılarına böyük məqsədlər
qoymuşlar;
5.Liderin
rəhbərliyi altında əsas missiyalarını həyata
keçirəcəklər.
Müstəqil
Azərbaycan dövlətinin qurulması, vətəndaş
müharibəsinin qarşısının alınması,
dövlət çevrilişlərinə cəhdlərin
yatırılması, iqtisadi, sosial, siyasi, hüquqi sahədə
islahatların uğurla aparılması, neft
kontraktlarının bağlanması, beynəlxalq siyasətdəki
uğurlar və s. nailiyyətlərimiz Lider – sosial toplum, Heydər
Əliyev – Azərbaycan xalqı birliyinin nəticəsində əldə
olunmuşdur.
Xarizmatik
lider kimi ümummilli lider 1969-cu ildən bu yana həmişə
Azərbaycan cəmiyyətinin diqqəti mərkəzində
olmuş, xalq onun hər müraciətini, hər
çıxışını, hər sözünü nəfəs
çəkmədən dinləmiş, ona ürəkdən
bağlanmış, öz xilasını və
işıqlı sabahını onda görmüşdür.
Xarizmatik
liderliyin nəzəri tədqiqi ilə məşğul olan
filosoflar aşağıdakıları xarizmatik keyfiyyətlərə
aid edirlər:
1.Şəxsiyyətin
maqnetik
cəzbedici qüvvəsi;
2.Həyati-vacib məsələlərin həllindən ilham almaq,
ruhlanmaq;
3.Yerinə yetirdiyi vəzifəsinə uyğun olmaq;
4.Öz
gücünə inam və daxili harmoniya;
5.Diqqətini həllivacib məsələnin üzərində cəmləşdirə
bilmək;
6.Ünsiyyətcillik,
hər kəslə uzun müddətli münasibət qura bilmək
bacarığı;
7.Özünü
və başqalarını hər hansı fəaliyyətə
kökləyə bilmək;
8.Düzgün yanaşma;
9.Özünün
və başqalarının qarşısındakı prioritetləri
düzgün müəyyənləşdirmək;
10.Cazibədarlıq;
11.Fəallıq, tükənməz enerji və qərar
qəbul etmək bacarığına malik olmaq;
12.Başqalarına nümunə olmaq və həyatsevərlik.
Ümummilli
lider Heydər Əliyevin siyasi dühası bu keyfiyyətlərin
hamısını özündə cəm etməklə
yanaşı, böyük dövlət xadiminə, mübarizə
qəhrəmanına, dahi filosofa, dünyagörmüş
müdrikə xas olan bir sıra nadir xüsusiyyətlərə
də malik idi ki, bu da onun qabiliyyətli zəfər yolunu daim
nurlandırmışdır.
Zamanında düzgün qərar vermək. Uğur əldə
olunması təkcə qərar qəbul etməklə
bağlı deyil, o qərarın hansı zamanda və məkanda
qəbul edilməsindən çox asılıdır.
Məsələn, 1992-ci ildə Əbülfəz
Elçibəy hakimiyyətə gələn kimi latın
qrafikalı əlifbaya keçidlə bağlı fərman
verdi. Əslində, bu qərar olaraq doğru
idi, lakin zamanı yetişməmişdi, xalq keçidə
hazır deyildi. Heydər Əliyev isə hakimiyyətə
gələndən yalnız 8 il sonra,
2001-ci ildə latın qrafikalı əlifbaya keçid qərarını
verdi. Həmin müddət ərzində bu
prosesin həm psixoloji, həm də nəzəri - texniki
problemləri aradan qaldırıldı. 1994-cü ilin 20
sentyabrında əsrin müqaviləsi adlanan neft sazişlərinin
imzalanması da zamanında verilmiş düzgün qərar
idi.
Cəsarətlilik. Liderin uğurlu və qalibiyyətli fəaliyyəti
üçün çox vacib olan bu keyfiyyət ümummilli
lider Heydər Əliyevin həyat kredosu idi. Cəsarətlilik
bütün həyatı boyu - istər Dövlət Təhlükəsizlik
Komitəsində işləyəndə, istər Sovet
dövründə, istərsə də müstəqillik illərində
respublikaya rəhbərlik edəndə - Heydər Əliyevin
uğurlarını şərtləndirən şəxsi,
yüksək insani keyfiyyəti olmuşdur. Onun 1990-cı ilin
21 yanvarında Moskvada Azərbaycanın Daimi Nümayəndəliyinə
getməsi və SSRİ hökumətini, Mixail Qorbaçovu
ifşa edən çıxışı, 1991-ci il 17 iyulda
Sov. İKP sıralarından istefa ərizəsi yazması,
1991-ci ilin mart referendumunun Naxçıvan MR-də
keçirilməsinə qadağa qoyması, 1993-cü ilin
iyununda Surət Hüseynovun kriminal ünsürlərlə
dolu başıpozuq qiyamçı dəstəni zərərsizləşdirmək
üçün Gəncəyə getməsi, 4 oktyabr
1994-cü ildə və 16 mart 1995-ci ildə dövlət
çevrilişlərinə cəhdlərin
qarşısını alması, 2000-ci ilin 25 noyabrında
Bakıda baş verən güclü zəlzələdən
sonra Prezident Aparatındakı kabinetinə gəlib fəaliyyətini
davam etdirməsi, 2003-cü ilin 22 aprelində indi öz
adını daşıyan saraydakı
çıxışı zamanı iki dəfə huşunu
itirməsinə, həkimlərin və yaxınlarının
etirazlarına baxmayaraq, var qüvvəsini toplayıb yenidən
tribunaya dönüb nitqini bitirməsi və s. dünya liderlik
tarixində cəsarətliliyə dair ensiklopediyalara
düşə biləcək nadir nümunələrdəndir.
Uzaqgörənlik. Buna bəsirət gözü də deyilir.Uzaqgörənlik
siyasi xadimlərdən daha çox dövlət xadimlərinə
xas olan vəhy, bilik və təcrübənin vəhdətindən
yaranan düzgün proqnozlaşdırma, hadisələrin ətrafdakıların
görə bilmədiyi inkişaf istiqamətinin öncədən
müəyyənləşdirilməsidir.Uzaqgörən
dövlət xadimi öz siyasətini bir seçki
dövrü, bir inkişaf mərhələsi
üçün deyil, bütöv epoxa, bəzən bir
neçə nəsillər üçün müəyyənləşdirir.Ümummilli
lider Heydər Əliyevin siyasi portretində uzaqgörənlik
cizgisi parlaq şəkildə nəzərə çarpır.
Sovet dövründə Azərbaycana rəhbərlik
etdiyi dövrlərdə onun gördüyü böyük
işlərin, demək olar ki, hamısı müstəqillik
illərində öz bəhrəsini vermiş və bu gün
də verməkdədir. C.Naxçıvanski adına hərbi
məktəbin yaranması, milli zabit kadrlarımızın
hazırlanması Milli Ordumuzun təşkilində tarixi rol
oynadı və bu gün milli generallarımızın tam əksəriyyəti
bu məktəbin – Heydər Əliyev uzaqgörənliyinin
müdavimləridir.
Heydər
Əliyev Azərbaycanın gələcəyinin təhsilli və
elmli insanlarla bağlı olduğunu nəzərə alaraq hər
il minlərlə gənci Sovet
İttifaqının aparıcı ali məktəblərinə,
akademiyalarına təhsil və elm dalınca göndərirdi.
Onların oxumasına maddi və mənəvi dəstək verdi. Bu gün qüdrətli
dövlət olan Azərbaycanın qurulmasında və
inkişafında həmin kadrların rolu danılmazdır.
1991-ci ilin martında SSRİ-nin saxlanılması ilə
bağlı referendumun keçirilməsi ilə əlaqədar
müzakirələr keçirilərkən Heydər Əliyev
böyük uzaqgörənlik və siyasi qətiyyətlə
söylədi ki, SSRİ-nin dağılması
qaçılmazdır, tarixi zərurətdir. Zaman göstərdi
ki, referenduma getmək əvəzinə, SSRİ-dən
çıxmağı təklif edən, Azərbaycanın
öz müstəqilliyini təmin etmək potensialının
olduğunu uzaqgörənliklə söyləyən Heydər
Əliyev nə qədər haqlı idi.
Müdriklik ümummilli lider Heydər Əliyevin
siyasi portretinin çox mühüm bir əlaməti onun
peyğəmbərcəsinə müdriklik keyfiyyətidir.
Müdrik qərar qəbul edərkən, eyni zamanda, daha
çox parametrləri nəzərə alan,
daha az səhv edən şəxsdir. Müdriklik mərtəbəsində
ən ali pillə, şəksiz ki, Allaha məxsusdur.
Ondan sonrakı pillədə peyğəmbərlər,
daha sonrakı yerlərdə isə dahilər, aqillər və
ən sonda adi insanlar dayanırlar. Müdriklik pilləsində
Heydər Əliyevin yeri, dahilərdən bir az
yuxarı, peyğəmbərlər mərtəbəsindədir.
Resursları səfərbər etmək və lazımi məcraya
yönəltmək qabiliyyəti. Heydər Əliyev
dühasının misilsiz uğurlarını şərtləndirən
keyfiyyətlərdən biri də bu xüsusiyyətdir. Bu qabiliyyəti ümummilli liderin bütün qərarlarında,
fərman və sərəncamlarında görmək olar.Heydər
Əliyev istənilən məsələnin həllinə
kompleks yanaşır, aidiyyatı olan bütün qurumları
problemin çözülməsi üçün cəlb
edirdi.
Yüksək təşkil olunma və təşkil etmə. Bu keyfiyyət
Heydər Əliyevin bir dövlət xadimi kimi müvəffəqiyyətinin
əsasında dayanan çox qiymətli xüsusiyyətidir.
Heydər Əliyev heç bir tədbirə,
çıxışa,
görüşə, fəaliyyətə ikinci dərəcəli
iş kimi baxmırdı. Ümummilli lider
heç bir tədbirə hazırlıqsız getmirdi, onun
geyimi, səliqə - sahmanı, nitqi, davranışı, hətta
səsinin tembri də qarşıya qoyulan məqsədə
çatmağa xidmət edirdi.
Fenomenal
yaddaş, dərin zəka, yüksək savad, böyük
intellekt, təkrarolunmaz natiqlik qabiliyyəti ümummilli lider Heydər Əliyevin
siyasi portretinin bənzərsiz ifadələridir. Onun uca boy-buxunu, işıqlı gözləri, iti
baxışı, şux yerişi, dəqiq jestləri, valeh
edici nurlu siması hamını məftun edirdi. Məşhur
estrada müğənnisi SSRİ-nin xalq
artisti Alla Puqaçovanın Heydər Əliyev haqqında
söylədiyi “Həyatımda ondan gözəl və
müdrik kişi tanımırdım” fikri milyonlarla insanın
qəlbindən keçənləri ifdə edirdi.
O siyasi
lider xoşbəxtdir ki, onun davamçısı,
ideyalarını daha irəli aparacaq varisi vardır. Siyasi liderin daha bir keyfiyyəti öz
davamçıları (tərəfdarları) arasından ən
qabiliyyətini seçib yeni mərhələdə ideya
daşıyıcısına çevirə bilməsidir.Ümummilli
lider bu baxımdan - siyasi varislik prinsipi baxımından da
mükəmməldir, əbədiyaşardır. Bu gün Heydər Əliyevin siyasi kursu Prezident
İlham Əliyev tərəfindən günün tələblərinə
uyğun səviyyədə inkişaf etdirilir, Azərbaycan
dünyanın mədəniyyət, tolerantlıq, iqtisadiyyat,
idman mərkəzinə çevrilməkdədir. Bu gün Azərbaycan dünyanın ən nüfuzlu
təşkilatı olan Birləşmiş Millətlər Təşkilatının
Təhlükəsizlik Şurasının 20 üzvündən
biridir. Bu gün Azərbaycan dünyanın az sayda ölkəsinin təmsil olunduğu
“Kosmos klubu”-nun üzvüdür. Bu gün
regionda dünya birliyinin bir çox transmilli layihələri
Azərbaycanın adı ilə bağlıdır.
Bu gün ümummilli liderin böyük uzaqgörənliklə
söylədiyi “Azərbaycan dünyaya Günəş kimi
doğacaq” - fikri parlaq təsdiqini tapmaqdadır.
Yazımı
ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun
prezidenti, millət vəkili
Mehriban Əliyevanın
ümummilli lider haqqında fikirləri ilə tamamlamaq istəyirəm : “Tərəqqisi
üçün çalışdığı, mədəniyyəti,
keçmişi ilə fəxr etdiyi, nəsillərinin gələcəyi
üçün düşündüyü Vətənin - Azərbaycanın
taleyi onun adi insan taleyi ilə əbədi olaraq
bağlandı. Azərbaycan üçün
Heydər Əliyevin varlığı taleyin Tanrı
payıdır.”
Musa
URUD,
millət vəkili, YAP Siyasi
Şurasının üzvü
Xalq qəzeti.- 2013.- 11 may.- S. 5.