Mərhum Heydər
Əliyevlə bağlı xatirələrim
Ulu öndərin 90 illik
yubileyinə həsr olunur
İslam Əməkdaşlıq
Təşkilatının baş katibi Ekmaləddin İhsanoğlu
ümummilli lider Heydər
Əliyevin 90 illik yubileyi
ilə əlaqədar xatirələrini yazmışdır. AzərTAc
Azərbaycanın Səudiyyə Ərəbistanı
Krallığındakı səfirliyindən göndərilmiş
məqaləni təqdim edir.
Mərhum
Heydər Əliyev türk dünyasının və İslam
aləminin XX əsrdə yetişdirdiyi ən böyük
liderlərindən biridir. Heydər Əliyevin bilinən rəsmi
tərcümeyi-halı və onun fövqəladə
karyerası hamıya məlumdur. Mən bu barədə
çox şey deyə bilmərəm. Ancaq bir lider kimi hələ
1994-cü ildən Azərbaycanın müqəddəratına
sahib çıxdığı vaxtdan etibarən onun fəaliyyətini
yaxından izləməyə nail oldum. Azərbaycan müstəqilliyə
qovuşduqdan sonra çətin vəziyyətlərlə dolu
günlərin ərəfəsində onunla müxtəlif tədbirlərdə
bərabər iştirak etdim və onu yaxından tanımaq
fürsətim oldu.
Mən
o zaman İslam Əməkdaşlıq Təşkilatının
İstanbuldakı İslam Tarixi, İncəsənəti və
Mədəniyyəti üzrə Araşdırmalar Mərkəzinin
(İRCİCA) rəhbəri idim və mərhum Heydər Əliyev
İstanbulu ziyarət edirdi. Həmin dövrdə Türkiyə
hökumətində nazir vəzifəsində
çalışan Namik Kamal Zeybəkə zəng edərək,
Heydər Əliyevin bizim mərkəzi ziyarət etməsini
rica etdim. Heydər Əliyev bu təkliflə dərhal razılaşmış
və bizim mərkəzi ziyarət etmək arzusunda olduğunu
bildirmişdir. O vaxtdan etibarən mərhum Heydər Əliyev
ilə yaxından tanışlığımız və
işgüzar əlaqələrimiz olmuşdur.
Heydər
Əliyev mərkəzimizi 1997-ci il mayın 8-də - məhz
doğum günü ərəfəsində ziyarət
etmişdir. Bu ziyarət zamanı Heydər Əliyev
güclü şəxsiyyəti, qəlb oxşayan
çıxışı və fövqəladə hafizəsi
ilə hər kəsi heyran etdi. O zaman biz İRCİCA-da Azərbaycanla
bağlı kitab, xəritə, müxtəlif növ nəşrlər,
tarixi fotolar və Azərbaycan ensiklopediyasını sərgilədik.
Bütün bu sərgi materiallarının önündə
diqqətlə durdu və bir neçə mühüm izahlar
verdi. Sonra ensiklopediyada özü ilə əlaqədar səhifəni
açdı, daha geniş bilgiləri dilə gətirərək
yazılmayan qisimləri bəyan etdi.
Bu
ziyarət əsnasında mərhum Prezidentlə mərkəzimizin
dünyanın bəlli bölgələrində İslam mədəniyyət
tarixinə dair beynəlxalq toplantılar təşkil etdiyini
bildirdim və Qafqazda İslam mədəniyyəti və
tarixinə dair Azərbaycanda toplantı keçirməyi təklif
etdim. Bunu eşidincə mərhum Heydər Əliyev çox
yaxşı olar dedi və bu barədə onun adına məktub
yazmağı tövsiyə edərək toplantının
keçirilməsi üçün sərəncam
imzalayacağına söz verdi.
Bununla
da, Heydər Əliyevin yardımı ilə 1998-ci ilin dekabr
ayında Bakı şəhərində Qafqazda İslam Mədəniyyəti
və Tarixinə dair Simpozium çox yüksək səviyyədə
təşkil olundu. Simpoziumu Azərbaycan Milli Elmlər
Akademiyası ilə birgə keçirdik və dünyanın
müxtəlif yerlərindən mötəbər alimlər,
tanınmış şəxsiyyətlər toplantıda
iştirak etdilər.
Mənim
üçün mühümü Heydər Əliyevin etdiyi
çıxış idi. Mərhum Prezident tədbirin
proqramına uyğun olaraq kürsüyə çıxdı
və əlində heç bir qeyd olmadan bir saat
çıxış etdi. Bu çıxış əvvəlindən
sonuna qədər gözəl üslubla sıralanmış,
heç bir tərəddüd olmadan səlis bir ifadə ilə
60 dəqiqə davam etdi. Heydər Əliyev bu
çıxışında islamiyyətin Qafqaza gəlişi,
yayılması və müxtəlif zamanlarda vəziyyəti
barədə yetərli və akademik baxımdan əsaslı məlumat
verdi.
Mərhum
Heydər Əliyev islamiyyətin Azərbaycan milli mədəniyyətindəki
yerini böyük ustalıqla müəyyən edərək,
onun gələcəkdə də mühüm rolundan
danışdı. Həmçinin, islamiyyətin Qafqazda tarixi
missiyasına işıq tutuldu. Heydər Əliyev
İslamın tarixinin daha dərindən öyrənilməsi
və milli mədəni dəyərlərin daha da inkişaf
etdirilməsi üçün öz
çıxışında bir neçə təkliflər səsləndirdi.
Onlardan biri Qafqazda İslam Sivilizasiyası Araşdırmalar Mərkəzinin
Azərbaycanda təsis edilməsi, digəri isə Azərbaycanda
islamşünaslıq elminin inkişaf etdirilməsi
üçün Azərbaycan Milli Elmlər Akademiyası,
Bakı Dövlət Universiteti və elmi-tədqiqat
institutları ilə birgə elmi mərkəzlərin
yaradılmasıdır. Göründüyü kimi, bu təkliflər
islamiyyətin Qafqazda daha da möhkəmləndirilməsi
üçün gələcəyə verilmiş bir mesaj
idi. Eyni zamanda, Heydər Əliyev
öz çıxışında indi də aktual olan bir
sıra mühüm məqamlara toxundu. Onun sözlərinə
görə, Avropa ölkələrində, o cümlədən
Rusiyada keçmişdə də, indi də bəzi tədqiqatçılar
İslam mədəniyyətinə, İslam dininə subyektiv
hissiyyatlar nöqteyi-nəzərindən baxırlar və bu
cür yanaşmalar qəbuledilməzdir.
Onun
çıxışındakı başqa bir mühüm məqam
isə “Sovet İttifaqının mövcud olduğu 70 il ərzində
onun ərazisində din yasaq, qadağan edilmiş, ateizm təbliğatı
aparılmışdır” ifadəsidir. Bununla bağlı daha
sonra vurğuladı ki, Azərbaycan öz müstəqilliyini
bərpa edəndən sonra tarixi nöqteyi-nəzərdən
qısa bir zamanda dinin, o cümlədən İslam dininin nə
qədər dərin kökləri olduğunu daha da çox dərk
edə bilmişdir. Qısa bir zamanda məlum oldu ki, əgər
Azərbaycanda kommunist ideologiyası 70 il yox, 170 il də
hökm sürmüş olsaydı belə, insanları
İslam dinindən ayırmaq mümkün olmayacaqdı.
Heydər
Əliyevin çıxışındakı digər
mühüm məqamlardan biri isə Azərbaycanı öz
coğrafi vəziyyətinə əsasən Qərb
sivilizasiyası ilə Şərq sivilizasiyası, - həm
coğrafi, həm də məzmun, mənəvi nöqteyi-nəzərdən,
- birləşdirən bir ölkə adlandırmasıdır.
O vurğuladı ki, Şərq ilə Qərbi, Avropa ilə
Asiyanı, İslam aləmi ilə xristian dünyasını
birləşdirən Azərbaycan müstəqil dövlətdir
və bundan sonra da müstəqil dövlət kimi
yaşayacaqdır.
Daha
sonra Heydər Əliyevlə müxtəlif mərasimlərdə,
tədbirlərdə bir yerdə olmaq imkanım onun fövqəladə
və güclü şəxsiyyətini bir daha kəşf etməyə
imkan verdi. 1997-ci və 1998-ci illərdə təməlini
qoyduğumuz yaxın dostluq əlaqələrimiz sonradan Azərbaycanın
İslam dünyası ilə sıx əməkdaşlığına
şərait yaratdı. Onun rəhmətə getməsindən
2 il sonra mən 2005-ci ildə İslam Əməkdaşlıq
Təşkilatının (İƏT) baş katibi
seçildim və bu tarixdən sonra Azərbaycan İslam aləmi
ilə fəal dostluq münasibətlərini davam etdirdi.
2006-cı ilin iyun ayında Bakıda İƏT Xarici
İşlər Nazirləri Şurasının
toplantısı keçirildi. Sonrakı illərdə Azərbaycan
İƏT-in turizm nazirləri, mədəniyyət nazirləri,
ali təhsil nazirləri və nəhayət, 15 gün öncə
əmək nazirləri konfransına ev sahibliyi etmişdir.
İslam dünyası və İƏT Azərbaycanın
haqqını hər zaman müdafiə edir və bundan sonra da
edəcəkdir.
Böyük
insanın əziz xatirəsi önündə onu sayğı
və rəhmət ilə anıram.
Məkanı
cənnət olsun!
Xalq qəzeti.- 2013.- 11 may.- S. 6.