Dağıstan Respublikasının geniş tərkibli nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi tədbirlərində iştirak etmək üçün Xaçmaza gəlmişdir

 

Mayın 10-da Rusiya Federasiyasının Dağıstan Respublikasının  geniş tərkibli nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin 90 illiyi münasibətilə keçirilən yubiley tədbirlərində iştirak etmək üçün Xaçmaza gəlmişdir.

AzərTAc xəbər verir ki, nümayəndə heyətinin tərkibində Dağıstan Respublikası Xalq Məclisinin sədr müavini Nikolay Alçıyev, qonşu respublikanın milli siyasət üzrə naziri Aleksey Həsənov, Dərbənd Rayon Administrasiyasının rəhbəri Qurban Qurbanov, Xalq Məclisinin komitə sədrləri, deputatları və digər rəsmi şəxslər olmuşlar.

Səfər çərçivəsində qonaqlar Xaçmaz şəhərinin görməli yerləri ilə tanış olmuşlar.

Əvvəlcə  “Heydər Əliyev Seyrəngahı”nda qonaqlar duz-çörəklə qarşılanmış, onlara şərbət təqdim olunmuşdur.

Daha sonra qardaş respublikanın nümayəndələri  “Çənlibel” parkına gəlmiş, burada istirahət üçün yaradılan  şəraitlə  tanış olmuşlar.

Bundan sonra qonaqlar rayon ictimaiyyətinin nümayəndələri ilə birlikdə  ulu öndərin Xaçmaz şəhərinin mərkəzindəki abidəsini ziyarət etmiş, xatirəsini ehtiramla anmışlar.

Daha sonra qonşu respublikanın  nümayəndələri Heydər Əliyev Mərkəzi ilə tanış olmuş, ümummilli liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotoşəkillərə baxmışlar.

Həmçinin, həyatının bir hissəsi Dağıstanla bağlı olan görkəmli dövlət adamı və ictimai-siyasi xadim Əziz Əliyevin Xaçmaz-Dərbənd Dostluğu abidəsinin qarşısındakı büstü ziyarət olunmuş, önünə tər çiçəklər düzülmüşdür.

Bundan sonra qonaqlar ümummilli liderin 90 illik yubileyi  münasibətilə  şəhərin mərkəzindəki “Fəvvarələr bağı”nda  təşkil olunmuş mərasimə qatılmışlar.

Mərasimdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, Dağıstan Respublikası Xalq Məclisi sədrinin müavini Nikolay Alçıyev, Dərbənd Rayon Administrasiyasının rəhbəri Qurban Qurbanov çıxış edərək iki dost xalq arasındakı isti münasibətlərdən söz açmışlar. Bildirilmişdir ki, Azərbaycan və Dağıstan  xalqları  daim bir-birinə dayaq olmuş,  zamanın ən çətin sınaqlarına birlikdə sinə gərmişlər.

Qeyd olunmuşdur ki, qarşılıqlı  dostluq münasibətlərinin kökü qədim zamanlara gedib çıxsa da, görkəmli ictimai-siyasi xadim Əziz Əliyev  Dağıstanda rəhbər vəzifədə çalışdığı dövrdə bu əlaqələr daha da dərinləşmiş, ümummilli lider Heydər Əliyevin səyi nəticəsində müasir mərhələdə əməkdaşlıq geniş vüsət almışdır.

Natiqlər iki xalq arasında dostluq münasibətlərinin Rusiya-Azərbaycan əlaqələrinin inkişaf etməsində mühüm rol oynadığını vurğulamışlar.

Çıxışlardan sonra mərasim  konsert proqramı ilə davam etdirilmişdir. Bayram konsertində yerli sənətçilərin və Dağıstanın məşhur “Ləzginka” qrupunun çıxışları  tamaşaçıların zövqünü oxşamışdır.

Konsert proqramının ardınca qonaqlar  Dağıstanın  görkəmli ictimai-siyasi xadimi Səid Qurbanovun adını daşıyan küçədə onun barelyefi qarşısında xatirəsini anmış, Azərbaycan-Dağıstan əlaqələrini əks etdirən “Xalqlar dostluğu” muzeyində olmuşlar.

Bundan sonra nümayəndə heyəti  Zərifə Əliyeva adına 8 nömrəli məktəb-liseyin həyətində dünya şöhrətli oftalmoloqun abidəsini ziyarət etmiş, önünə tər güllər düzərək xatirəsini ehtiramla anmışlar.

 

 

Xalq qəzeti.- 2013.- 11 may.- S. 6.