Naxçıvanda
ümummilli lider Heydər
Əliyevin anadan olmasının 90 illiyi münasibətilə təntənəli
yubiley mərasimi
Mayın 9-da Naxçıvan şəhərindəki
Heydər Əliyev Sarayında xalqımızın ümummilli lideri Heydər
Əliyevin anadan olmasının 90-cı ildönümü münasibətilə yubiley mərasimi keçirilmişdir.
Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov və
tədbir iştirakçıları əvvəlcə
sarayın foyesində “Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyev - 90” sərgisinə baxmışlar.
Sərgi
ilə tanışlıqdan sonra keçirilən təntənəli
mərasimdə çıxış edən Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Azərbaycan
xalqının dünyaya bəxş etdiyi qüdrətli şəxsiyyət,
böyük dövlət xadimi, xilaskar və qurucu lider Heydər
Əliyevin 90 illik yubileyi münasibəti ilə tədbir
iştirakçılarını və muxtar respublika əhalisini
təbrik etmişdir.
Ali Məclisin
sədri demişdir: “Müasir dövrdə müdrik dövlət
xadimi Heydər Əliyevin adı müstəqil Azərbaycan
dövlətinin rəmzi kimi səslənir. Müstəqil Azərbaycanın
simasını müəyyənləşdirmiş bu qüdrətli
şəxsiyyət xalqımızın tarixində və
taleyində silinməz izlər qoymuşdur. 1923-cü il
mayın 10-da Azərbaycanın qədim Naxçıvan
diyarında dünyaya göz açan möhtərəm Heydər
Əliyev nəsillərə nümunə olan şərəfli
ömür yolu keçmiş, daim xalqımızın rifahı
naminə, Azərbaycan naminə
çalışmışdır.
Ulu
öndərimiz Azərbaycanı həyatının mənası
hesab edirdi. Bu səbəbdən o, Azərbaycanı müqəddəs
yer kimi uca tutur, azərbaycanlı olmağı ilə fəxr
edir və deyirdi ki: “Azərbaycan mənim qibləgahımdır”.
Yaxud: “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam”.
Sonsuz iftixar və qürur hissi ilə səslənən bu
fikirlər bir dahi ömrünün manifestidir”.
Ulu
öndərin daim yüksəlişdə olan zəngin,
çoxcəhətli bioqrafiyasından söz açan Vasif
Talıbov onun Azərbaycana rəhbərlik etdiyi dövrlər
üzərində daha geniş dayanmışdır: “1969-cu il
iyulun 14-də hakimiyyətə gələn 46 yaşlı
dövlət təhlükəsizlik orqanı generalı və
möhkəm siyasi iradə sahibi olan möhtərəm Heydər
Əliyevi çətin sınaqlar gözləyirdi. O, Azərbaycanı
böyük bir imperiyanın tərkibində milli
varlığını itirməkdən qorumalı, heç
bir əsas olmadan tarixi torpaqlarımızın Ermənistana
güzəştə gedilməsinin qarşısını
almalı, iqtisadiyyatı dirçəltməli, sosial ədalətsizliyi
aradan qaldırmalı, bir sözlə xalqı yaşatmalı
idi. Bununla yanaşı təhsil, mədəniyyət və
sosial sahədə də öz həllini gözləyən
ciddi problemlər yığılıb qalmışdı. O
dövrün Azərbaycanı ittifaq dövlətinin digər
respublikalarından fərqli olaraq əhalisi son dərəcə
kasıblıq həddində yaşayan aqrar region idi.
44 il
bundan əvvəl ümummilli lider Heydər Əliyev tərəfindən
elan olunmuş siyasi-iqtisadi müstəqillik kursu,
inkişafın milli intibaha yönəldilmiş modeli Azərbaycana
yeni həyat bəxş etdi. Bu həyat özünü nədə
göstərirdi? Hər şeydən əvvəl, tarixilik
baxımından olduqca qısa bir müddətdə - cəmi
14 il ərzində Azərbaycan ittifaq iqtisadiyyatının
xammal və aqrar əlavəsindən müxtəlif sahələrdə
hərtərəfli inkişafa qovuşan nəhəng
infrastruktur ölkəsinə çevrildi. Bu dövrdə Azərbaycanın
gələcək müstəqilliyi üçün atılan
addımlar, həyata keçirilən məhsuldar fəaliyyət
Heydər Əliyev quruculuq xəttinin fəlsəfəsini təşkil
edirdi. İyirminci əsrin 70-ci illərinin kiçik Azərbaycanı
böyük Sovetlər Birliyinin əsas neft
maşınqayırma, üzümçülük bazası,
yeganə məişət kondisionerləri istehsalı mərkəzi
statusunu qazanmışdı. Respublikamızın ittifaq
miqyasında iqtisadi çəkisi əhəmiyyətli dərəcədə
artmışdı.
O
dövrün politoloq və tarixçiləri öz təhlillərində
göstərirdilər ki, SSRİ-də cəmi 2 respublika
müstəqil olaraq yaşayıb fəaliyyət göstərə
bilər. Onlardan biri Azərbaycan idi. 1969-cu ildə
özünü heç nə ilə təmin edə bilməyən
Azərbaycan 1982-ci ildə ittifaq dövlətinin dotasiyası
olmadan yaşaya bilən, iqtisadi müstəqilliyə tam
hazır olan respublika səviyyəsinə gəlib
çatmışdı. Bu amil ümummilli liderimizin Azərbaycanda
rəhbərliyinin birinci dövrünün ən mühüm
siyasi yekunu və milli liderin, əsl rəhbərin qısa
zaman kəsiyində mümkün olmayanı mümkün etmək
bacarığının əyani ifadəsidir”.
Ali Məclisin
sədri daha sonra demişdir: “1982-ci ilin sonlarında möhtərəm
Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi
Komitəsi Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər
Soveti sədrinin birinci müavini seçildi. Bu təyinat
ümummilli liderimizin misilsiz dövlət idarəçiliyi
bacarığı ilə bağlı idi. 1982-1987-ci illərdə
qüdrətli dövlətin rəhbərlərindən biri
kimi gərgin rejimdə fəaliyyət göstərməsinə
baxmayaraq görkəmli dövlət xadiminin gündəlik
iş qrafikində ən vacib məsələlər
sırasında Azərbaycan və onunla bağlı problemlərin
həlli dayanırdı. Sovetlər Birliyində hamı Heydər
Əliyev — Azərbaycan faktoru ilə hesablaşır, heç
kim Azərbaycanın inkişafının
qarşısını almağa, əsassız torpaq
iddiası irəli sürməyə cəsarət etmirdi. Qərəzli
təzyiqlər nəticəsində 1987-ci il oktyabrın 21-də
ulu öndərimiz siyasi hakimiyyətdən
uzaqlaşdırıldı. Bundan 15 gün sonra Dağlıq
Qarabağın Azərbaycandan ayrılması məsələsi
gündəliyə çıxarıldı.
Ümummilli
liderimizə, onunla birlikdə isə Azərbaycana qarşı
siyasi təzyiqlərin açıq müstəviyə
keçdiyi 1987-ci ildən sonrakı dövr şəxsiyyətin
dönməzliyi və qətiyyəti sayəsində təhlükəli
vəziyyətin xalqın xeyrinə necə dəyişdirilməsinin
fakt və arqumentləri ilə zəngindir. Bu dövr nəyi
göstərdi? Birinci növbədə onu göstərdi ki,
möhtərəm Heydər Əliyev hakimiyyətdə
olmadığı dövrlərdə belə Azərbaycan
naminə çalışmış, Azərbaycanın
müstəqilliyini öz şəxsi həyatından
üstün tutmuş, 1990-cı il yanvarın 20-də
xalqın müstəqillik arzusunu boğmaq üçün
Bakıda törədilmiş qanlı faciəni bütün
dünyaya bildirərək onu törədən dövlət rəhbərlərini
kəskin ittiham etmişdir.
Xalqımızın
böyük oğlunun 1990-cı il iyul ayının 22-də
Moskvadan Naxçıvana qayıdışı Azərbaycanın
qurtuluş tarixinin parlaq səhifəsini təşkil
etmişdir. Bu böyük şəxsiyyətin Azərbaycan və
Naxçıvan parlamentlərinin deputatı, sonralar isə
Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi fəaliyyət
göstərməsi Naxçıvandan başlanan müstəqillik
yolunun bütün Azərbaycan siyasi mühitində
aparıcı qüvvəyə çevrilməsi və milli
dövlətçiliyin bərpası istiqamətində qəti
addımların atılması ilə nəticələnmişdir.
Xalqın
təkidli tələbi ilə 1993-cü il iyunun 15-də ulu
öndərimizin ikinci dəfə ali hakimiyyətə
qayıdışı Azərbaycanı dağılmaq, bir
dövlət kimi siyasi xəritədən silinmək təhlükəsindən
xilas etdi. 15 iyun ən yeni tariximizə Milli Qurtuluş
Günü kimi daxil oldu. Böyük öndərimiz Azərbaycan
naminə yaşadığı həyatın, mənalı
ömür yolunun siyasi mübarizələrlə dolu olan
anlarını göz önünə gətirərək
deyirdi: “İndi... bütün həyatımı təhlil edərək
görürəm ki, hər halda bir başlıca hadisə də
var. O da bundan ibarətdir ki, mən Azərbaycanın müstəqilliyini
təmin edə bilmişəm. Onu daxili çəkişmələr
alovunda, dağıntılar və qan içində məhv
olmağa qoymamışam”.
Ümummilli
liderimizin siyasi təcrübəsi, uzaqgörənliyi və
sarsılmaz iradəsi sayəsində Azərbaycan vətəndaş
müharibəsi təhlükəsindən və
separatçılıq meyllərindən xilas olmuş,
dövlət çevrilişi cəhdlərinin və terror
aktlarının qarşısı alınmış, milli ordu
quruculuğunda əməli addımlar atılmış, əldə
olunmuş sabitlik nəticəsində iqtisadi inkişafın əsası
qoyulmuşdur. Bu gün ölkəmizin və muxtar
respublikamızın sosial-iqtisadi, elmi və mədəni həyatında
gedən proseslərin kökündə fəal yaradıcı
gücə malik olan Heydər Əliyev milli dövlətçilik
konsepsiyası, inkişafın Heydər Əliyev modeli
dayanır. Gecəli-gündüzlü fədakar əməyi
ilə müstəqil Azərbaycan dövlətini yaradan, Azərbaycanı
öz həyatının mənası bilən ulu ödərimizin
xalqımız qarşısında xidmətləri
unudulmazdır. Özündən sonra qüdrətli Azərbaycan
adlı möhtəşəm abidə qoyub gedən
ümummilli liderimizin adı, siyasi və dövlətçilik
fəaliyyəti müstəqil Azərbaycanla birgə
yaşayır və yaşayacaqdır!”
Ali Məclisin
sədri tədbir iştirakçılarını bir daha
şanlı yubiley münasibəti ilə təbrik etmiş,
Heydər Əliyev ilində hər kəsə doğma Azərbaycanımızı
ulu öndərimiz kimi sevməyi, Azərbaycan naminə ulu
öndərimiz kimi fəaliyyət göstərməyi
arzulamış və çıxışını Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin “Bu gün
inkişaf edən, güclənən Azərbaycan, Heydər Əliyevin
xatirəsinə olan hörmətimizin ən gözəl
nümunəsidir. Biz bu yolla gedəcəyik. Heydər Əliyev
siyasəti Azərbaycanda yaşayacaqdır. Biz bu yoldan dönməyəcək,
Heydər Əliyev siyasətinə daim sadiq qalacağıq” —
fikirləri ilə tamamlamışdır.
Sonra
Ali Məclisin sədri muxtar respublikanın sosial-iqtisadi və
mədəni inkişafında əməyinə görə
bir qrup şəxsə ümummilli lider Heydər Əliyevin 90
illik yubileyi münasibətilə buraxılan “Xatirə”
qızıl medalını təqdim etmişdir.
Yubiley
tədbirində Naxçıvan Dövlət
Filarmoniyasının kamera orkestri, xor kollektivi, mahnı və
rəqs ansamblı maraqlı konsert proqramı ilə
çıxış etmişlər.
Mayın
9-da Naxçıvan MR Ali Məclisinin “Araz” dövlət qəbul
evində ümummilli lider Heydər Əliyevin anadan
olmasının 90 illik yubileyi münasibətilə ziyafət
təşkil olunmuşdur. Ali Məclisin sədri Vasif Talıbov mərasim
iştirakçılarını yubiley münasibətilə
bir daha təbrik etmişdir.
Xalq qəzeti.- 2013.-
11 may.- S. 7.