Dünya azərbaycanlılarının
şəriksiz lideri
Dünya tarixinə iz qoyan şəxsiyyətlər
çox olub. Lakin onlardan biri, 50 milyonluq dünya azərbaycanlılarının
ulu öndəri, şəxsən mənim üçün
çox əziz olan dostum Heydər Əliyev haqqında
danışmaqdan çox ehtiyat edirəm. Çünki o, nəinki
qəzet məqaləsinə, kitablara belə sığmayan,
tükənməyən, bitməyən mövzudur,
danışdıqca insan danışmaq istəyir. Heydər Əliyev
dünyada yaşayan bütün azərbaycanlıların
şəriksiz lideri kimi həmişə tarixdə
qalacaqdır.
Xatirimdədir
ki, keçən əsrin 80-ci illərinin axırlarında
Kreml rəhbərləri Azərbaycana qarşı
açıq-açığına haqsızlıq edəndə
ürəyimdən ağır hisslər keçirdi. Həmişə
düşünürdüm ki, xalqımızın sahibi
yoxdur. 1990-cı ilin Qanlı Yanvar faciəsindən dərhal
sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə
gələn Heydər Əliyevin verdiyi kəskin etiraz bəyanatından
sonra isə qət elədim ki, bu millətin yiyəsi var, amma
o, hələ Azərbaycanda deyil. Həmin
narahatlığımıza 1993-cü il iyun ayının 9-da
son qoyuldu. Ümummilli liderimizin Naxçıvandan Bakıya gəldiyi
barədə xəbəri eşidərkən rahat nəfəs
aldım və öz yanımdakılara söylədim: “Azərbaycan
fəlakətlərdən qurtuldu”. Cəmi bir həftədən
sonra iyunun 15-də bizim arzu etdiyimiz qurtuluş artıq rəsmiləşdi.
Mən o vaxt Londondan ulu öndərin özünə telefon
açaraq sevincimi onunla bölüşdüm.
Heydər
Əliyev Azərbaycan tarixində “liderlər əsri olan XX əsrin
lideri” (Gürcüstanın sabiq Prezidenti E.Şevardnadze) kimi
qalacaqdır. Yeni Azərbaycan Heydər Əliyevin adıyla
bağlıdır. Ulu öndərin idarəçiliyi
dövründə çoxsaylı azərbaycanlının
dövlət işlərinə cəlb olunması nəticəsində
xalqımızın ictimai, elmi, ziyalı, elitar təbəqəsi
formalaşdı. Göründüyü kimi, ümummilli lider
Heydər Əliyev hələ sovet dönəmində
xalqımızın, dövlətimizin
bütövlüyünü təşkil edən
ideologiyanın bünövrəsini qoymuşdu. Qeyd edək ki,
hal-hazırda dünyada 50 milyondan artıq azərbaycanlı
yaşayır. Onların böyük bir hissəsi Türkiyədə,
Rusiyada, Ukraynada, Almaniyada, ABŞ-da, Fransada, Hindistanda, Pakistanda
və digər ölkələrdə məskunlaşıb. Məhz
bu miqyasda “sosial gücün” vahid hədəf ətrafında
birləşdirilməsi və ölkənin maraqları naminə
kompleks hərəkətinin təmin edilməsi
üçün xalq güclü iradəyə, rasional
düşüncəyə malik liderə və ideologiyaya
ehtiyac duyurdu. Milləti yeni geosiyasi şəraitdə dünya
millətləri liqasına və siyasət arenasına
çıxara biləcək yeganə şəxsiyyət isə ulu öndər Heydər Əliyev
idi.
Bütün
dünya azərbaycanlılarının ümummilli lideri,
müstəqil Azərbaycan Respublikasının xilaskarı və
banisi Heydər Əliyev – 1994-cü il fevralın 23-də
Londonun “Hilton” otelində bizimlə görüşərkən
Vətənimiz Azərbaycan haqqında qürurla
danışanda, tam səmimi
deyirəm, fərəhdən gözlərim yaşardı.
Böyük Britaniyaya rəsmi səfəri çərçivəsində
ulu öndər həmin gün vaxt tapıb Londonda
yaşayanlarla görüş keçirirdi. Həmin
görüşdə Heydər Əliyev bizimlə çox səmimi
söhbət etdi və əslində, xaricdə yaşayan azərbaycanlılarla
aparılacaq işin, dövlət siyasətinin ilk
konturlarını nəzərimizə çatdırdı və
dəyərli tövsiyələrini verdi.
Ulu öndər Heydər Əliyevin Azərbaycan Prezidenti kimi rəsmi və işgüzar səfərləri çərçivəsində xaricdə yaşayan azərbaycanlılarla görüşməsi, onların fəaliyyətləri ilə tanış olması, soydaşlarımızı Azərbaycanda investisiya layihələrində iştirak etməyə dəvət etməsi bu istiqamətdə göstərilən diqqətin bariz nümunəsidir. Diaspor nümayəndələri ilə görüşmək, onların Azərbaycana gəlməsini təşviq etmək ənənəsinin əsasını qoyan ilk dövlət başçımız ulu öndər Heydər Əliyev olmuşdu.
Tarixdə ilk dəfə olaraq, dünya azərbaycanlılarının Vətənimizin paytaxtı Bakı şəhərində belə bir mötəbər qurultaya toplanması məhz ulu öndər Heydər Əliyevin adı və fəaliyyəti ilə əlaqələndirilməlidir. Belə ki, 2001-ci il mayın 23-də xüsusi sərəncam imzalayan ümummilli lider Heydər Əliyev belə bir qurultayın Bakı şəhərində keçirilməsini zəruri hesab etmişdi. Dünya azərbaycanlılarının, xalqımızın həyatında möhtəşəm tarixi hadisə hesab olunan bu qurultayda çıxış edən soydaşlarımız bu mühüm tədbiri ümumxalq bayramı kimi qiymətləndirmişdilər.
Mən özüm də həmin tarixi qurultayın iştirakçısı idim. Qurultayın iştirakçıları arasında gözəl ab-hava hökm sürürdü – biz hamımız bir-birimizlə tanış olmağa, ünsiyyət saxlamağa, şəkil çəkdirməyə və diasporların problemlərinin həlli yollarını bölüşməyə çalışırdıq.
Birinci
qurultayda məhz ulu öndərimizin təşəbbüsü
ilə Dünya Azərbaycanlılarının Əlaqələndirmə
Şurası (DAƏŞ) yaradıldı. Bu gün də
fəxr edirəm ki, ümummilli liderimiz həmin forumda namizədliyimi
“mənim dostum Qulamrza Səbri Təbrizi” kimi, DAƏŞ sədrinin
birinci müavini vəzifəsinə təklif etdi. Mənim
üçün həyatda bundan böyük və qiymətli
mükafat olmayıb.
Bu
hadisədən sonra mən aşağıdakı şeiri
yazdım:
Heç vaxt ölməz
millətini
sevən ruh.
Yaşar
ağaclarda,
dağlarda-daşlarda,
Ürəklərdə,
çiçəklərdə, güllərdə.
Buna
görə mən sevirəm xalqımı,
Buna
görə sevinirəm onların
Gözəl,
azad gələcəyinə.
Onu da qeyd edim ki, xaricdə yaşayan soydaşlarımızın fəallığının artmasında, diasporlarımız arasında əlaqələrin yaradılmasında və onların fəaliyyətinin bir məcraya yönəldilməsində DAƏŞ-in çox mühüm rolu olmuşdur. Dünyanın bir sıra ölkələrində, o cümlədən İngiltərədə, ABŞ-da, Norveçdə... Azərbaycan dilini öyrənən məktəblər, dərnəklər, kurslar təşkil etdik və oraya yüzlərlə dərs vəsaiti, bədii və tarixi əsərlər göndərdik. Azərbaycanın mədəni irsinin qorunması ilə bağlı müxtəlif tədbirlər, konfrans, seminar və simpoziumlar keçirdik.
Bu gün xarici ölkələrdə
yaşayan azərbaycanlıların sürətlə təşkilatlanması
prosesi müşahidə edilməkdədir. Vurğulamaq
lazımdır ki, Əlaqələndirmə Şurası bu
prosesə dəstək verir və onu daha da təkmilləşdirməyə,
soydaşlarımızın diaspor quruculuğu sahəsində
fəaliyyətini koordinasiya etməyə maksimum səy
göstərir. Azərbaycan Respublikasının diaspor
quruculuğu sahəsindəki dövlət siyasətinin
başlıca qayəsi ümummilli lider Heydər Əliyevin
müəllifi olduğu azərbaycançılıq ideologiyasının
fundamental prinsiplərini həyata keçirməkdən ibarətdir.
Heydər Əliyevin bir fikrini xatırlatmaq istərdim: “Azərbaycanlı
hər yerdə yaşaya bilər, ancaq dinini, milli ənənələrini
unutmamalıdır. Onun qəlbi doğma Azərbaycanla bir
vurmalıdır”.
Ulu
öndərimizin ideyalarını davam etdirən möhtərəm
Prezidentimiz cənab İlham Əliyev də Azərbaycanın
inkişafı , gələcəyi üçün əlindən
gələni edir. Azərbaycanın günü-gündən
çiçəkləndiyini, dünyanın aparıcı
dövlətləri arasında öz yerini tutmasını,
xarici ölkələrdə yaşayan soydaşlarımıza
dövlətin diqqət və qayğısını hər dəfə
seyr etmək mənə böyük məmnunluq, xoşbəxtlik
hissi bəxş edir. Bu işdə şəxsiyyətinə həmişə
hörmət bəslədiyim ümummilli lider Heydər Əliyevin
layiqli davamçısı, Prezidentimiz İlham Əliyevin qətiyyətli
mövqeyi təqdirəlayiqdir. Onun
çıxışlarında “Mən 50 milyonluq azərbaycanlının
Prezidentiyəm” deməsi və özünün hər əməlində
bunu isbatlaması məndə soydaşlarımızın gələcək
taleyinə olan əminlik hisslərini bir daha artırır.
Müstəqil Azərbaycan dövləti hər bir azərbaycanlının qüruru, istinadgahıdır. İndi dünyanın hər yerinə səpələnmiş azərbaycanlılar hamılıqla bir məsələ ilə fəxr edirlər: Azad Azərbaycanın varlığı ilə! Bu, çox şey deməkdir. Hər bir insan ilk növbədə öz Vətənini azad görməyi həmişə arzulayır. Mən çox xoşbəxtəm ki, ömrüm boyu arzuladığım müstəqil Azərbaycanı görə bildim. Bu, mənim üçün hər şeydən vacib və önəmlidir. Ən böyük arzum, amalım Azərbaycanın öz tarixi torpaqlarında suveren hüquqlarını bərpa etməsidir. Doğrudur, bu, hələlik gerçəyə çevrilməsə də, müstəqil Azərbaycanın varlığı bu yaşımda mənim üçün hələ ki ən böyük təsəllidir. Bu gün əminliklə deyə bilərəm ki, əsas düşmənimiz olan Ermənistan Azərbaycanla müqayisə oluna bilməz. Vətənimizə qarşı tutduqları bu mənfur işğalçılıq və terror yolunda onlar heç nəyə nail ola bilməyəcəklər. Ən böyük ağrılı-acılı yerimiz olan Qarabağ problemi tezliklə öz həllini tapacaq, qaçqın və məcburi köçkünlərimiz öz doğma, qədim ata-baba torpaqlarına dönə biləcəklər. Getdikcə güclənən və düşmənə “göz dağına” çevrilən Azərbaycan dövlətinin bu problemi də tezliklə çözəcəyinə məndə dərin inam hissi var.
Qulamrza SƏBRİ TƏBRİZİ,
Dünya Azərbaycanlıları
Konqresinin fəxri sədri,
Edinburq Universitetinin
professoru
Xalq qəzeti.- 2013.- 11 may.- S. 8.