QAX: Heydər Əliyevin fəaliyyətinə həsr olunmuş elmi-praktik konfrans

 

Respublikamızın hər yerində olduğu kimi Qaxda da Respublika Prezidenti İlham Əliyevin ulu öndərimizin 90 illik yubileyi ilə bağlı imzaladığı sərəncama əsasən, rayon icra hakimiyyətinin hazırladığı tədbirlər planına uyğun olaraq silsilə tədbirlər, müsabiqə və sərgilər, elmi-praktik konfranslar, dəyirmi masalar, ədəbi-bədii gecələr, bayram konsertləri təşkil olunmuş, kütləvi idman növləri üzrə rayon birincilikləri, bilik yarışmaları keçirilmişdir.

Şəhər 2 saylı tam orta məktəb-liseyində keçirilən rayon ictimaiyyəti nümayəndələrinin də iştirak etdiyi “Səni unutmaz bu xalq, bu torpaq” mövzusundakı yubiley gecəsi, Qax bələdiyyəsində təşkil olunan Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən dəyirmi masa, YAP rayon təşkilatının və Rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə keçirilən velosipedçilərin yarışı, futbol, güləş, qaçış üzrə rayon birincilikləri, “Xəmsə” intellektual bilik yarışması, rəsm, şeir qiraəti üzrə müsabiqələr, sərgilər, Heydər Əliyev mərkəzinin yubileylə bağlı tədbirləri daha maraqlı olmuş, iştirakçılar uyğun olaraq ulu öndərin mənalı həyatı və Azərbaycan xalqı qarşısındakı zəngin xidmətləri barədə təəssüratlarını bölüşmüş, gənclər bu böyük Azərbaycanlıya sevgi və məhəbbətlərini öz yaradıcılıqlarına uyğun ifadə etmişlər.

Rayon mədəniyyət evində təşkil olunmuş yubiley konsertində mədəniyyət kollektivlərinin üzvləri, məktəblilər görkəmli bəstəkarların ulu öndərimizin əziz xatirəsinə bəstələdikləri mahnıları, şairlərimizin yazdıqları şeirləri çox böyük məhəbbətlə, yaradıcılıqla səsləndirmiş, ədəbi-bədii kompozisiyalar, rəqslər nümayiş etdirmişlər.

Bu günlərdə keçirilən ulu öndərin 90 illik yubileyi ilə bağlı ümumrayon tədbirinin, elmi-praktik konfransın iştirakçıları isə əvvəlcə ulu öndərin rayonun mərkəzi meydanındakı abidəsini ziyarət etmiş, abidənin önünə gül-çiçək dəstələri düzərək hörmət və ehtiramlarını bildirmişlər.

Rayon icra hakimiyyəti binasının geniş zalında təşkil olunmuş konfransı icra hakimiyyətinin başçısı Musa Şəkiliyev açaraq xalqımızın müdrik oğlu, dünya şöhrətli siyasətçi, ümummilli liderimiz Heydər Əliyevin həyatı və zəngin siyasi fəaliyyətindən söz açaraq bu dahi şəxsiyyətin yaratdığı milli dövlətçilik irsindən, onun xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən danışmışdır. Qeyd etmişdir ki, Heydər Əliyevin memarı olduğu müasir Azərbaycan hazırda Respublika Prezidenti, onun layiqli davamçısı İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişaf yolu ilə inamla irəliləyir, BMT Təhlükəsizlik Şurası da daxil olmaqla dünyanın əksər mötəbər beynəlxalq təşkilatlarının üzvüdür. Ulu öndərimizin 90 illik yubileyi ilə ölkəmizdə, həmçinin Qaxda təşkil edilən tədbirlərdən də danışan Musa Şəkiliyevin təklifi ilə ulu öndərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

YAP rayon təşkilatının sədri Nizami Əhmədov məruzə ilə çıxış edərək ulu öndərin həyat və fəaliyyəti, xüsusilə dövlət quruculuğu istiqamətindəki misilsiz xidmətləri barədə ətraflı məlumat verdi. Onun təşəbbüsü, rəhbərliyi və gərgin əməyi nəticəsində mükəmməl bir sənəd kimi ərsəyə gələn Əsas Qanunun, konstitusiyamızın dövlət quruculuğumuzdakı rolundan söz açdı.

Konfransda RİH aparatının hüquq şöbəsinin müdiri Dəyanət Əminov, Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Nəzir Omarov, RİH başçısının müavini, Aqrar məsələlər şöbəsinin müdiri İlqar Abbasov, Rayon Təhsil Şöbəsinin müdirinin müavini Babək Heydərov, RİH başçısının müavini Məhərrəm Məhərrəmov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Qax rayon bölməsinin rəisi Şahin Xəlilov da məruzələrlə çıxış edərək ulu öndərimizin zəngin fəaliyyətinin ayrı-ayrı sahələrindən, müəllifi olduğu azərbaycançılıq ideyasından, onun siyasi irsindən danışdılar. Qeyd etdilər ki, ölkə başçısı, cənab İlham Əliyevin rəhbərliyi ilə ulu öndərimizin ideyaları uğurla həyata keçməkdədir. Hələ sağlığında Heydər Əliyevə öz qəlbində möhtəşəm abidə ucaldan qədirbilən xalqımız yaşadıqca Heydər Əliyev də əbədi yaşayacaq.

Konfransı yekunlaşdıran rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev qeyd etdi ki, ulu öndərin azərbaycançılıq ideyalarına sadiq qalan qaxlılar hörmətli Prezidentimizin ətrafında sıx birləşərək bu ideyaların həyata keçirilməsinə öz töhfələrini verməkdədir və indidən sonra da əzmlə çalışacaqlar.

Sonra ulu öndərin mənalı həyatından, zəngin fəaliyyətindən, türk dünyası və xalqımız, dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətlərindən bəhs edən film nümayiş etdirildi.

 

 

İlqar HƏSƏNOV

 

Xalq qəzeti.- 2013.- 11 may.- S. 10.