Nərimanov rayonunda möhtəşəm bayram
tədbirləri
Ulu öndər Heydər Əliyevin
90 illik yubileyi
paytaxtın Nərimanov rayonunda silsilə
tədbirlərlə qeyd olundu.
Nərimanov Rayon İcra Hakimiyyətinin təşəbbüsü
ilə Akademik Həsən Əliyev və
Aşıq Molla Cümə küçələrinin
kəsişməsində salınmış nümunəvi
yaşıllıq zolağının ərazisində ümummilli lider Heydər Əliyevin
90 illik yubileyi
münasibətilə ağacəkmə aksiyası keçirildi.
Rayon
icra hakimiyyəti əməkdaşlarının, millət vəkillərinin,
Yeni Azərbaycan Partiyası fəallarının və
ictimaiyyət nümayəndələrinin iştirak etdikləri
tədbirdə rayon ərazisində ekoloji tarazlığın
qorunması məqsədilə xüsusi olaraq
yaşıllığın salınması üçün
ayrılmış sahədə İtaliyadan gətirilmiş və
hündürlüyü 4-5 metr olan 2 mindən artıq
“Leylandra” ağacı əkildi, ətrafda təmizlik-abadlıq
işləri aparıldı.
Bu tədbirlər
çərçivəsində keçirilən Gül bayramı isə möhtəşəmliyi
ilə daha yaddaqalan oldu. Yeri gəlmişkən, ulu öndər
Heydər Əliyevin ad günü ərəfəsində
paytaxtımızda gül bayramlarının keçirilməsi
xoş bir ənənəyə, əsl ümumxalq şənliyinə
çevrilmişdir. Artıq neçə ildir ki, Bakı
sakinləri, eləcə də şəhərimizin
qonaqları bu möhtəşəm, qəlbləri riqqətə
gətirən tədbirə şahidlik edirlər. Mövzu və
kompozisiya baxımından ildən-ilə zənginləşən
gül bayramları insanlarda, sözün əsl mənasında,
xoş ovqat, şən əhval-ruhiyyə yaradır. Metronun “Nəriman Nərimanov”
stansiyasının
yaxınlığında yerləşən Samir
Xasıyev adına park bayramsayağı bəzədilmiş,
bura başdan-başa gül-çiçəyə
bürünmüşdü. Rayon rəhbərliyi,
ziyalılar, sakinlər və paytaxtımızın
qonaqlarının iştirak etdikləri ənənəvi
Gül bayramının keçirildiyi parkda bir-birindən
gözəl, cazibədar yaradıcılıq nümunələrinə, cürbəcür
rəngli çiçəklərdən hazırlanmış
çələnglərə, müxtəlif mövzuları əhatə
edən əl işlərinə, panno və tablolara, eskizlərə
heyranlıqla tamaşa etməmək mümkün deyildi. Hiss
olunurdu ki, iştirakçılar ümummilli liderimiz Heydər
Əliyevin 90 illik yubiley tədbirləri çərçivəsində
keçirilən Gül bayramına çox ciddi
hazırlaşmışlar. Bunu parkdakı səliqə-sahmandan,
gül-çiçəklərin, müxtəlif əl
işlərinin yaratdığı xoş auradan da hiss etmək
olurdu.
Gül
bayramında rayonda fəaliyyət
göstərən 22 orta məktəbin şagirdlərinin
müxtəlif çiçək və otlardan, bitkilərdən,
yarpaqlardan hazırladıqları rəngarəng tablolar öz
görünüşü və ifadəliyi ilə
seçilirdi. Uşaq təxəyyülünün hədsiz
imkanlarını nümayiş etdirən bu nümunələr
hər kəsdə xoş ovqat yaradırdı. Ümumtəhsil
məktəblərin kollektivlərinin, uşaq tərbiyə
müəssisələri nümayəndələrinin
hazırladıqları əl işlərindən ibarət sərgi,
eləcə də Azərbaycan
Dövlət Rəssamlıq Akademiyasının tələbələrinin
çəkdikləri rəsm əsərləri göz
oxşayırdı.
Bayram
libasına bürünmüş parkda təbiəti sevən,
təsviri sənətə maraq göstərən uşaqlar
öz istedadlarını birbaşa nümayiş etdirmək
imkanı qazanmışdılar. Onlar bayram
iştirakçılarının gözü
qarşısında asfalt və kağız üzərində
gözəl lövhələr yaradırdılar. Parkın mərkəzindəki
fəvvarə meydanında güllərdən düzəldilmiş
müxtəlif heyvan fiqurları
gül bayramına gələnləri, sözün həqiqi
mənasında heyrətləndirmişdi. Ümummilli liderimiz Heydər Əliyevin
tər çiçəklərdən “toxunmuş” portret
xalçası isə Gül
bayramına gələnləri dönə-dönə ayaq
saxlamağa vadar edirdi. Bayram əhval-ruhiyyəsi
ilə bəzədilmiş parkda güllərdən
hazırlanmış kompozisiyalar bu gözəl mənzərəyə
tamaşa edənləri heyrətləndirirdi. Bayramda
iştirak edən yaradıcı şəxslərin, məktəblilərin
dahi rəhbərimizə həsr etdikləri sənət əsərləri
də ulu öndərə olan tükənməz sevgisinin bariz
nümunəsinə çevrilmişdi. Bir sözlə,
Gül bayramı ulu öndər Heydər Əliyevin əziz
xatirəsinə dərin hörmət və ehtiramın daha
bir nümayişinə çevrilmişdi. Yeri gəlmişkən,
axşam saatlarınadək davam edən tədbirdə sərgilənən
və müsabiqədə iştirak edən sənət əsərləri
Bakı Şəhər İcra Hakimiyyətinin qiymətləndirmə
komissiyası tərəfindən müxtəlif nominasiyalar
üzrə dəyərləndirildi.
Gül
bayramı incəsənət ustalarının iştirakı
ilə maraqlı konsert proqramı ilə davam etdirildi. Millət
vəkillərinin, rayon icra hakimiyyəti rəhbərliyinin,
idarə, müəssisə və təşkilat rəhbərlərinin,
ağsaqqallar və ziyalıların,
şəhər sakinlərinin böyük maraqla izlədikləri konsertdə
tamaşaçılara tanınmış incəsənət
ustalarının, muğam ifaçılarının və rəqs
kollektivlərinin ifasında rəngarəng konsert proqramı təqdim
edildi. Təntənəli konsert zamanı havaya rəngarəng
şarlar buraxıldı. Sakinlərin
böyük maraqla izlədikləri konsertdə, həmçinin
xüsusi işıqlandırma və lazer şou
nümayiş olundu. Bayram konserti möhtəşəm atəşfəşanlıqla
başa çatdırıldı.
Mirbağır YAQUBZADƏ
Xalq qəzeti.- 2013.- 11 may.- S. 10.