İsmayıllıda
forma və məzmunca zəngin yubiley tədbirləri
Ulu öndərin 90 illik yubileyinə həsr olunmuş
təntənəli mərasimlərdə iştirak
edən soydaşlarımızın və
dostlarımızın sayı ölçüyəgəlməzdir.
Hər bir rayon sakini, hər bir idarə, müəssisə və təşkilat,
ümumtəhsil məktəbi çalışır ki, ümummilli lider Heydər Əliyevin ruhu
qarşısında olan borcunu
daha maraqlı, daha yaddaqalan tədbirlə qismən də olsa ödəsin.
Rayon
icra hakimiyyəti ötən müddətdə YAP rayon təşkilatı
və Rayon Mədəniyyət və Turizm Şöbəsi ilə
birgə bütün inzibati ərazi dairələrində Heydər
Əliyevin anadan olmasının 90 illiyinə həsr
olunmuş təntənəli tədbirlər
keçirmişdir. 38 yerdə sakinlərin böyük
razılıq və rəğbətlə
qarşıladıqları tədbirlərdə
Heydər Əliyevin həyat və fəaliyyəti,
İsmayıllıya səfərləri haqqında rayon icra
hakimiyyəti başçısının müavini Sevil Əhmədova,
YAP rayon təşkilatının sədri Əzizə Vahabova,
dövlət qulluğu veteranı Valeh Salehov məruzə
etmiş, rayon Mədəniyyət Mərkəzinin
hazırladığı bədii proqrama və konsertə
baxılmışdır.
Ümummilli liderimiz Heydər Əliyev
İsmayıllıya 1981-ci il iyul ayının 23-də, həmin
il noyabr ayının 30-da baş verən zəlzələdən
sonra dekabr ayının 5-də səfər etmişdir. Həmin
səfərlər zamanı ulu öndərlə
görüşən, onun isti münasibətini görən,
səfərbəredici nitqini dinləyən insanları rayon
icra hakimiyyəti Heydər Əliyev Mərkəzində bir
araya gətirdi, gənclərlə onların
görüşünü təşkil etdi.
Şəhərin
Mübariz Orucov küçəsində yaşayan Pərişan
Mahmudova, əmək veteranı Alıcan Süleymanov, dövlət
qulluğu veteranı Gözəl Osmanova, Xəlilli kəndində
briqadir işləmiş Əlvan Qurbanov, Kürdmaşı kənd
sovetinin sədri olmuş Sənubər Zeynalova
görüşdəki çıxışları ilə
iştirakçılarda ən ülvi duyğular, ən səmimi
hisslər oyatdılar və dinləyənləri Heydər Əliyev
dünyasına apardılar.
90
illik yubiley rəsm, mahnı, musiqi və inşa müsabiqələri,
müxtəlif idman növləri üzrə rayon
spartakiadasının keçirilməsi, qaliblərin
mükafatlandırılması ilə daha xarakterik olmuşdur.
Azərbaycan Respublikası Teleradio Verilişləri Qapalı Səhmdar
Cəmiyyəti rayon icra hakimiyyəti ilə birgə möhtəşəm
konsert təşkil etmişdir. Konsert
birbaşa canlı yayımla translyasiya edilmişdir.
May
ayının 5-də Azərbaycan Respublikasının xalq
artisti Alim Qasımov da ulu öndərin 90 illik yubileyinin təntənəsi
üçün sənətini nümayiş etdirmişdir. “Gənclər
Mərkəzi”ndə Alim Qasımov qızı Fərqanə
ilə birgə 450 nəfər tamaşaçı
üçün Heydər Əliyev ruhuna uyğun muğam dəstgahları
oxumuşdur. Konsertin başlanğıcında rayon icra hakimiyyətinin
başçısı Mirdaməd Sadıqov ümummilli liderin
musiqiyə, incəsənətə münasibəti, sənət
ustalarına qayğısı barədə
çıxış etmiş, Alim Qasımovun da bu mövzuda
sözləri dinlənilmişdir. Məşhur xanəndənin
konserti yubiley təntənələrinin zirvəsinə
çevrilmişdir.
Bu
müddətdə rayonda keçirilən iqtisadi forumlar, elmi
konfranslar, ziyalılar, qadınlar, gənclər və iş
adamları ilə görüşlər də Heydər Əliyevin
90 illik yubileyi ilə bağlı olmuşdur. AMEA-nın
İqtisadiyyat İnstitutu, Kənd Təsərrüfatının
İqtisadiyyatı və Təşkili İnstitutu ilə birgə
rayon icra hakimiyyəti “İsmayıllının resurs potensialı
və inkişafın investisiya prioritetləri” mövzusunda
elmi konfrans keçirmişdir. Bu konfrans elmi tutumu, praktik əhəmiyyəti,
perspektiv aydınlığı ilə daha çox diqqəti
cəlb etmişdir.
İsmayıllıda
Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbirlər
sırasına yeni-yeni layihələrin həyata keçirilməsini
daha qətiyyətlə aid etmək olar. Heydər Əliyev
adına Mədəniyyət evi müasir memarlıq
üslubunda əsaslı təmir olunur. Axundov və
Cavanşir küçələrindəki 2-5 mərtəbəli
yaşayış binalarında da bu istiqamətdə iş
aparılır. Şəhərin girəcəyində ikitərəfli
yol çəkilmiş, səkilər düzəldilmiş,
işıqlandırma sistemi
quraşdırılmışdır. 140 yerlik və 90 yerlik
uşaq bağçaları binalarının tikintisinə
başlanmışdır. Layihələr çoxdur və əhəmiyyətlidir.
Əsas mövzudan yayınmamaq üçün onların
hamısını qeyd etmək yox, daha vacib bir məsələ
barədə məlumatı önə çəkmək zərurəti
var.
Rayon
icra hakimiyyətinin başçısı Mirdaməd
Sadıqovun vəzifəyə başladığı ilk
günlərdə verdiyi tapşırıqların birincisi
ümummilli lider Heydər Əliyevin İsmayıllıya səfərləri
barədə kitab hazırlamaq olmuşdur. “Mübarək səfərlər,
səmimi görüşlər” adlı kitab artıq nəşr
olunmuşdur və 9 may 2013-cü il tarixdə təqdimatı
keçirilmişdir. 120 nəfərin iştirakı ilə
keçirilən tədbirdə ideya müəllifi və məsləhətçisi
iqtisad elmləri doktoru, professor, əməkdar elm xadimi Mirdaməd
Sadıqov olan kitabın ərsəyə gəlməsi, məziyyətləri,
yüksək keyfiyyətləri barədə jurnalist Lətifə
Əliyeva danışdı. Ümummilli lider Heydər Əliyev,
ona həsr olunmuş kitab haqqında çox maraqlı, səmimi,
ulu öndərə ehtiramla zəngin olan
çıxışlar dinlənildi. Müəlliflərdən
biri olan dövlət qulluğu veteranı Gözəl Osmanova
Mirdaməd Sadıqova üzünü tutaraq dedi: “Mübarək
səfərlər, səmimi görüşlər” kitabı həyatda mənə verilən
ən böyük hədiyyədir.
Maraqlıdır
ki, təqdimat mərasiminin hər bir
iştirakçısı bu dəyərli hədiyyəni əbədi
xatirə kimi evinə apardı.
Heydər
Əliyevin 90 illik yubileyi Qələbənin 68-ci
ildönümü ilə mayın 9-da birgə qeyd edildi. Rayon
icra hakimiyyətinin başçısı 35 müharibə
veteranını təbrik etmək üçün həkimlər,
müəllimlər və dövlət qulluqçularından
ibarət 12 qrup yaradıb bayram sovqatı ilə yerlərə
göndərdi. Hər bir müharibə
iştirakçısının evinə şagirdlər də
getmiş, onlara müəyyən işlərin görülməsində
kömək etmiş, xatirələrini dinləmişlər.
Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin anadan
olmasının 90 illik yubiley tədbirləri çoxsaylı
məktəblərin, xalq yaradıcılığı sənətkarlarının,
bədii tikmə ustalarının və rəssamların
iştirakı ilə “Gül-yaradıcılıq bayramı”
formasında başa çatdı.
Heydər
Əliyev irsinin dərindən öyrənilməsi, rayon əhalisinin
onun müəyyən etdiyi strateji yolla getməsi daha inamla,
daha ardıcıllıqla davam edir.
İlqar HƏSƏNOV
Xalq qəzeti.- 2013.- 11 may.- S. 11.