Azərbaycanı tənəzzüldən inkişafa aparan əvəzsiz lider

 

Heydər Əliyev. Bu ad səslənəndə dərhal hər birimizin qəlbində sevinc yaranır, doğma və əziz bir insanın, əvəzsiz siyasətçinin, misilsiz dövlət başçısının portreti gözlərimizin önündə canlanır. Bunun bir çox səbəbləri var. Onlar arasında ən önəmli olanı  budur ki, ulu öndər Heydər Əliyev  xalqa və Vətənə sonsuz sevgisi,  dövlətçiliyə hədsiz sədaqəti ilə indiki və gələcək nəsillərə örnək ola biləcək bir fəaliyyət nümunəsi, əsl siyasi liderlik məktəbi miras qoymuşdur. Rusiyanın tarixində Böyük Pyotr, ABŞ-ın tarixində Corc VaşinqtonAvraam Linkoln, Türkiyənin tarixində Mustafa Kamal Atatürk hansı rolu oynamışdısa, Azərbaycanın siyasi tarixində Heydər Əliyev də məhz bu rolu oynamışdır.

Bəli, bu reallıqdır ki, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, əbədi liderimiz Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti çoxəsrlik dövlətçilik tariximizdə mühüm yer tutur. Bu gün “Heydər Əliyev Azərbaycan xalqının milli sərvətidir” aforizminin dillər əzbəri olmasının səbəbi də budur.  O, ölkəmizdə iki dəfə siyasi hakimiyyətə gəldi və hər ikisində də uçurumun dibinə düşmüş, tənəzzülə uğramış Azərbaycanı yüksələn, inkişaf edən, çiçəklənən diyara, gülüstana çevirdi. Hər iki halda xalqımız bir daha şahid oldu ki, Heydər Əliyev ictimai-siyasi quruluşdan asılı olmayaraq bütün dövrlərdə canından əziz bildiyi Vətəninə sədaqətlə xidmət etdi, azərbaycanlıların firavan və xoşbəxt həyat sürməsi üçün əlindən gələni əsirgəmədi.

   Bu reallığı daha yaxşı görmək üçün bir daha tarixə nəzər yetirək. 1969-cu ilə qədər Azərbaycan keçmiş Sovet İttifaqında ən geridə qalmış respublika kimi tanınırdı. Ölkəmizdə sənaye potensialı da daxil olmaqla bir çox sahələrdə böhranlı vəziyyət hökm sürürdü. Lakin 1969-cu ilin 14 iyulunda türk dünyasının böyük oğlu Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlişindən qısa müddət sonra proseslər müsbət istiqamətə doğru yön aldı. Həmin ildən 1982-ci ilədək ölkədə  213 yeni sənaye müəssisəsi istismara verildi, böyük iqtisadi potensialı olan fabriklər, zavodlar fəaliyyətə başladı. Qeyd edilən 13 il ərzində istehsal olunan sənaye məhsulu öz həcminə görə əvvəlki 50 ilə bərabər idi. 1969-cu ildə orta aylıq əməkhaqqının səviyyəsinə görə Azərbaycan 15 müttəfiq respublika arasında axırıncı yerdə dayandığı halda, 1980-ci ildə 4-cü yerə yüksəldi. O vaxtlar Sovet İttifaqında cəmi iki respublika özünü təmin edirdiümumittifaq büdcəsinə töhfələr verirdi ki, onlardan biri də Azərbaycan idi.

Onu da deyək ki, 1969-cu ildən sonrakı dövrün ən qabarıq siyasi təzahürü sovet imperiyasının sərt ideoloji şəraitində azərbaycançılıq məfkurəsinin, milli ruhun hədsiz yüksəlişinin, xalqın tarixi kökünə qayıdışı kimi fundamental prinsiplər əsasında milli dövlətçilik arzularının və hisslərinin güclənməsi, real siyasi amilə çevrilməsi ilə bağlı olmuşdur. Heydər Əliyev 1982-1987-ci illərdə Sovet İttifaqının ali rəhbərliyində təmsil olunmuşdur. İlk dəfə idi ki, bir azərbaycanlı böyük dövlətdə yüksək vəzifəyə layiq görülmüşdü. Həmin illərdə Sovet İttifaqı Nazirlər Soveti sədrinin birinci müavini, Siyasi Büro üzvü kimi o, Azərbaycanın inkişafına da böyük diqqət göstərmişdir. Heydər Əliyevin inersiya gücü o qədər möhkəm idi ki, hətta o, Moskvaya getdikdən sonra da Azərbaycan  inkişaf edirdi.

Prezident İlham Əliyevin ulu öndərin 90 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimindəki çıxışında qeyd etdiyi kimi, Heydər Əliyev kimi parlaq şəxsiyyətin mötəbər kürsüdə əyləşməsi sovet rəhbərliyindəki  bəzi şovinist dairələri qıcıqlandırırdı. Onun kimi dəmir məntiqə malik olan, öz sözünü deyən, cəsarətli, heç kimdən çəkinməyən şəxsiyyət bəzilərini qane etmirdi. Təsadüfi deyil ki, ulu öndər siyasi hakimiyyətdən gedəndən sonra iki həftə keçməmiş erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək üçün  fəal işlərə başlamışdılar. Görünən o idi ki, əvvəlki illərdə onları bu əməllərdən çəkindirən məhz Heydər Əliyev amili olmuşdur.  Məhz o illərdə, 1987-ci ilin sonundan başlayaraq separatizm meyilləri gücləndi və beləliklə, Dağlıq Qarabağ münaqişəsinin başlanması üçün şərait yaradıldı. Əgər o zaman Heydər Əliyev Azərbaycanda olsaydı, heç vaxt bu münaqişə baş verməzdi və Azərbaycanın tarixi torpaqları işğal altına düşməzdi. Heydər Əliyevin ürəyi Azərbaycanla döyünürdü. Ancaq o vaxtkı sovet rəhbərliyi Heydər Əliyev amilini dərk edərək bütün imkanlardan istifadə edirdi ki, onu Azərbaycandan təcrid etsin. Başlanmış böhtan kampaniyasının mənası və səbəbi məhz ondan ibarət idi ki, Heydər Əliyev amili Azərbaycandan silinsin. Ancaq onun əməlləri, onun ölkəmizə verdiyi töhfələr xalqımızın qəlbində daim yaşayırdı.

Ulu öndərin Azərbaycan xalqına sonsuz sevgisinin növbəti nümunəsini isə biz 1990-cı il yanvarın 21-də gördük. Həmin il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusu Bakıda dəhşətli qırğınlar törətmişdi. Heydər Əliyev təzyiq altında olmasına baxmayaraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində mətbuat konfransı keçirərək keçmiş Sovet İttifaqının, Kommunist Partiyasının rəhbərliyini çox kəskin tənqid etdi və silahsız, dinc insanların həlak olmasında onları günahlandırdı, sonra isə onilliklər ərzində xidmət etdiyi Kommunist Partiyasının sıralarını tərk etdi. Bütün bu addımlar böyük siyasi iradə və cəsarət tələb edirdi. Ən əsası isə gərək Vətəninə, xalqına o qədər bağlı olasan ki,  bu bağlılıq ən təhlükəli anlarda belə onun müdafiəsinə qalxmaq, səsini dünyaya çatdırmaq kimi ali məqsədləri reallaşdırmaq naminə ölümü belə gözə almaq hissi aşılasın. Heydər Əliyev cəsarəti, qətiyyəti ilə bir daha göstərdi ki, Vətəni Azərbaycan ona dünyada hər şeydən, hətta canından da əzizdir.

Həmin gündən etibarən Moskvada ulu öndərə qarşı təzyiqlər artmağa başladı. Hətta onu həbs etməyə də cəhd göstərildi. Lakin bütün səylər boşa çıxdı. Böyük siyasətçi Heydər Əliyev düşmənlərin ona qarşı hazırladıqları  bütün çirkin planları alt-üst edərək Vətənə üz tutdu. Təəssüf ki, Kremlin Bakıdakı nökərləri ona burada yaşamağa imkan vermədilər. 1990-cı il iyulun 22-də Heydər Əliyev doğulub boya-başa çatdığı Naxçıvana getməli oldu. Qədirbilən naxçıvanlılar onu böyük sevinclə, təntənəylə, bayram əhval-ruhiyyəsində qarşıladılar. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, Naxçıvanda xalq onu müdafiə etdi. O isə öz növbəsində xalqı müdafiə etdi. Çünki ermənilərin məkrli niyyətləri Naxçıvana da yönəlmişdi. Onlar Naxçıvanı işğal etmək istəyirdilər. O, buna imkan vermədi, erməniləri yerinə oturtdu, Naxçıvanı qorudu və müstəqilliyin əldə edilməsi üçün həlledici addımlar atdı. Məhz onun təşəbbüsü ilə ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağı — üçrəngli bayraq Naxçıvanın dövlət bayrağı elan edilmişdir və Azərbaycan Ali Məclisinə vəsatət göndərilmişdir ki, bu bayraq dövlət bayrağı kimi qəbul olunsun. Məhz həmin illərdə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adı dəyişdirilmiş, “Sovet Sosialist” sözləri çıxarılmışdır və bu da müstəqilliyə doğru atılan çox ciddi bir addım idi. Yəni, Azərbaycanın dövlət müstəqilliyinə gedən yol Naxçıvandan başlamışdır, Heydər Əliyevin təşəbbüsü ilə, onun zəhməti, cəsarəti, qətiyyəti hesabına mümkün olmuşdur. Məhz o illərdə Azərbaycanın müasir siyasi sistemi formalaşmış və inkişaf etməyə başlamışdır.

Ulu öndər Heydər Əliyevin Yeni Azərbaycan Partiyası kimi mühüm siyasi qüvvəni tarix səhnəsinə gətirməsi də ölkəmizin ictimai-siyasi həyatı üçün əlamətdar hadisə  kimi yadda qaldı. 1992-ci ilin noyabrında Naxçıvanda yaradılan bu partiya Azərbaycanda siyasi münasibətlər sisteminin demokratik əsaslarla davam etdirilməsində mühüm rol oynadı. Çıxışında bu məqama da toxunan Prezident  İlham Əliyev demişdir: “Yeni Azərbaycan Partiyasının yaradılması siyasi sistemin formalaşmasında xüsusi rol oynamışdır. Təsadüfi deyildir ki, qısa müddət ərzində Yeni Azərbaycan Partiyası Heydər Əliyevin rəhbərliyi ilə ölkədə böyük nüfuz qazanmışdır. Bu partiya 1993-cü ildən bu günə qədər iqtidar partiyasıdır. Bu gün nəinki Azərbaycanda, Cənubi Qafqazda ən böyük partiyadır”.

1993-cü ildə xaosdan, anarxiyadan cana doyan xalqın təkidli tələbiylə Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıtması, dövlət başçısı seçilməsi və Azərbaycanı parçalanmaqdan, yox olmaqdan xilas etməsi, onun dövlət müstəqilliyinin əbədiləşdirilməsi üçün həyata keçirdiyi titanik siyasi fəaliyyət müasir Azərbaycan tarixinin ən şərəfli səhifələrindəndir. Təsadüfi deyil ki, müstəqil respublikamızın bu gün beynəlxalq aləmdə qazandığı istənilən uğur - həmin uğurlar artıq yüzlərlədir - barədə söz açan əcnəbilər ilk növbədə ulu öndər Heydər Əliyevin adını çəkir, bugünkü Azərbaycanın məhz onun əsəri olduğunu söyləyirlər. Azərbaycan xalqının başdan-başa bu fikirdə olması isə ulu öndərin xoşbəxtliyi, xalqın qədirşünaslığının nümunəsidir.

Bu gün sürətlə inkişaf edən Azərbaycanın bütün sahələrdə qazandığı möhtəşəm uğurlardan fəxr və iftixarla danışırıq. Dünyanın aparıcı kütləvi informasiya vasitələri və ən mötəbər beynəlxalq təşkilatların təmsilçiləri də bu mövzuda ürək açıqlığı ilə danışır, səmimiyyətlə söz açırlar. Ancaq 1993-cü ildə nəinki hansısa uğurdan danışmaq mümkün deyildi, hətta beynəlxalq aləmdə kimin bizə inanıb-inanmayacağını müəyyənləşdirmək də çətin idi. Ancaq ulu öndər üfüqdə Azərbaycanın qazanacağı möhtəşəm uğurları gördüyü üçün qətiyyətlə, inamla  dövlət quruculuğu prosesinə start vermişdi. Məhz həmin qətiyyətin sayəsində dünyanın aparıcı ölkələrini təmsil edən güclü neft şirkətləri Azərbaycana cəlb edildidünyaya səs salan  “Əsrin müqaviləsi” adlı beynəlxalq saziş imzalandı. Ulu öndər həmin müqavilədən ölkəmizin təbii sərvətlərindən milli dövlətimizin qüdrətlənməsi üçün istifadə etdi. Həm də böyük ustalıq və peşəkarlıqla.

Azərbaycan xalqı təbii sərvətlərdən milli maraqların təmin edilməsi üçün atılan addımlardan böyük məmnunluq hissləri yaşadı. Qeyd etdiyimiz həmin müqavilənin ardınca isə Heydər Əliyev milli maraqlarımızın təmin olunması üçün digər addımları da atdı. 1996-cı ildə böyük layihə — “Şahdəniz” layihəsi haqqında razılıq əldə olundu, anlaşma imzalandı. Bu gün Azərbaycanı dünya miqyasında təbii qaz ehtiyatlarına malik bir ölkə kimi təqdim etmək üçün “Şahdəniz” layihəsi mühüm rola malikdir. Azərbaycanın dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, ulu öndər bilirdi ki, bu layihələrin həyata keçirilməsi bir il, iki il deyil, on il çəkə bilərdi. Yəqin bilirdi ki, o, görülən bu işlərin nəticələrini görməyəcəkdir. Ancaq Vətən sevgisi, xalqa bağlılıq, Azərbaycana məhəbbət onun üçün hər şeydən üstün idi. Onun yaratdığı möhkəm əsaslar bu gün Azərbaycanı qüdrətli dövlət kimi dünyaya tanıtdırır.

Heydər Əliyevin ölkəmizin gələcəyinə istiqamətlənmiş digər mühüm bir təşəbbüsü isə  Azərbaycanda Böyük İpək Yolunun bərpasına dair beynəlxalq forumu təşkil etməsi  idi. Həmin forumda dünyanın 42 ölkəsinin nümayəndələri iştirak edirdi ki, onlardan səkkizi prezidentləri ilə təmsil olunurdu. 1998-ci ilin sentyabrında Bakıda keçirilən həmin forumda ulu öndər demişdi: “Bu zirvə görüşü əməkdaşlığın inkişafında, sülhün qorunmasında, hər bir ölkəyə və ümumiyyətlə, bütün Avrasiya məkanına firavanlıq və rifahın gətirilməsində öz rolunu oynayacaqdır”. Nəticədə nə oldu? Bu layihə bölgədə yerləşən ölkələrin ticarət-iqtisadi əlaqələrinin inkişafını, beynəlxalq yük və sərnişin daşınmasının intensivliyini, tranzit daşımalarının əlverişli olmasını, yük daşımalarının müddətinin qısaldılmasını, nəqliyyat siyasətinin səmərəliləşdirilməsini, müxtəlif nəqliyyat sahələri arasında əlaqələrin koordinasiya edilməsini və bir çox başqa göstəriciləri təmin etdi. Yəni Azərbaycan çoxsaylı dostlar qazandı ki, bu da beynəlxalq tribunalardan Azərbaycan həqiqətlərinin daha çox səslənməsinə zəmin yaratdı.

Bu gün Heydər Əliyevin memarı və qurucusu olduğu Azərbaycan Respublikası böyük nailiyyətlər qazanır. Dünya maliyyə böhranı ilə çalxalandığı və yeni dalğanın gözlənildiyi, inkişaf etmiş dövlətlərdə belə ciddi maliyyə və sosial problemlərin baş qaldırdığı, bir sıra ölkələlərdə sabitliyin pozulduğu, toqquşmaların baş verdiyi bir vaxtda Azərbaycan sabitlikinkişaf adası kimi iqtisadi sahədə misli görünməmiş nailiyyətlər əldə edir. Ölkəmizdə işsizlik aradan götürülür, yoxsulluq 50 faizdən 6 faizədək azaldılıb, təkcə cari ilin birinci rübündə qeyri-neft sektoru 11 faizdən çox  artıb.

Biz bu qədər uğurlara ona görə imza atırıq ki, ölkəmizdə xüsusi inkişaf strategiyası həyata keçirilir. Nəticələrimiz ildən-ilə ona görə yaxşılaşır ki, ölkə düşünülmüş şəkildə, müasir dövlətçilik prinsipləri əsasında idarə edilir. Nailiyyətlərimiz ona görə çoxdur ki, ölkədə istənilən sahənin inkişafı üçün mükəmməl dövlət proqramları icra edilir. Həmin amillər dövlətin və cəmiyyətin gündən-günə inkişafını, müasirləşməsini şərtləndirir. Bu, Azərbaycan reallığıdır. Bunu Azərbaycana bəxş edən ulu öndər Heydər Əliyevin siyasəti və bu siyasəti müasir dövrün çağrışları çərçivəsində daim zənginləşdirərək uğurla davam etdirən Prezident İlham Əliyevdir.

 

 

Rauf  KƏNGƏRLİ

 

Xalq qəzeti.- 2013.- 12 may.- S. 1; 2.