İnsanlığın
və liderliyin zirvəsində dayanan şəxsiyyət
(əvvəli qəzetimizin
10 may 2013-cü il tarixli sayında)
Ulu öndərimizlə bağlı bir incə məqamı
da qeyd etmək yerinə düşər. Təbii ki,
onun da adi tamaşaçı kimi xoşladığı incəsənət
xadimləri, televiziya tamaşaları və s. vardı. Müşahidə etmişdim ki, TV ilə
bağlı o öz şəxsi arzularını heç vaxt
dilə gətirməz, bu barədə xüsusi göstərişlər
verməzdi. Amma rəğbətləndirmə
vaxtlarında bu incə məqamı hiss etmək o qədər
də çətin deyildi. Həssas televiziya işçiləri
bu incə məqamları vaxtında hiss edib, həyata
keçirməyə çalışırdılar. Ümumilikdə isə onun demokratik mövqeyindən,
sərbəst fəaliyyətə yaratdığı ideal
şəraitdən maksimum istifadə edən əməkdaşlarımız
radio və televiziyada bütün maraqları əhatə etməyə
çalışırdılar. Azərbaycan
efir dünyasındakı rəng bolluğu da məhz ulu
öndərin demokratik idarəçilik mövqeyi sayəsində
formalaşırdı. O, rəsmi səfərlər, tədbirlər
zamanı da TV işçilərinə daha sərbəst və
həyəcansız işləmək imkanı yaradan ən təcrübəli
siyasi xadimlərdən idi. “Televizyonçuları” çox
zaman partnyoru hesab edən Heydər Əliyev onların marağına
görə də işini qurmağa etiraz etmirdi. Nəticənin daha uğurlu alınması
üçün ən xırda nüansların tənzimlənməsinə
imkan yaradır, operatorların əlverişli çəkiliş
nöqtəsi seçməsinə, hazırlıq
aparmasına çox incəliklə şərait
yaradırdı.
Kameranı
Heydər Əliyev kimi hiss edən ikinci dövlət
başçısı tapmaq çətindir. Əslində
o, kamera nümunəsində qarşısında dayanan
milyonlarla xalqı görür, bu cansız TV qurğuya
milyonların məsuliyyətini daşıyaraq
yanaşırdı. Onun televiziya ilə
çıxışlarında bir neçə incə keyfiyyət
həmişə özünü büruzə verirdi:
inandırıcılıq, səfərbərlik, səmimilik...
Çıxışın yüksək
faktlılığı, arqumentliyi baş verən hadisəyə
tamaşaçıda inam hissi təbliğ edirdi. Mövzunun hər kəsdən ötrü vacibliyini,
cəmiyyət üçün gərəkliliyini ən
xırda məsələlərə kimi izah edən Prezident TV
çıxışlarında çox səmimi təsir
bağışlayırdı. Yaşlı adamlar bu
çıxışlarda yetkin siyasətçinin dəmir məntiqinin
ifadəsini hiss edirdilərsə, cavanlar, gənclər ata,
valideyn dərsləri kimi dinləyir, nümunə
götürürdülər. Prezident hər bir
televiziya çıxışçısından bu məsuliyyəti
tələb etməyi TV əməkdaşlarının borcu
sayırdı.
Heydər Əliyev özünün mötəbər
informasiya mənbələrindən biri hesab etdiyi teleradionun
yayım dairəsini həmişə geniş, əhatəli
görmək istəyirdi. Təkcə müsbət
məqamları qabardıb cəmiyyətdə
arxayınçılıq yaratmağın sonrakı pis nəticələri
barədə bizi sayıq salır, haqlı tənqidə
geniş yer ayırmağı ümumi işimizin xeyrinə
hesab edirdi. Lakin bununla belə, qərəzli
tənqidin doğuracağı acı nəticələrdən
ehtiyatlanmağı, hadisənin o biri başında öz
taleyini görməyi, sonra qələm çalmağı
tövsiyə edirdi. Humanitar
yardımları yerlərə çatdırarkən, əziz
günlərdə ehtiyacı olanlara yardımlar edərkən
çox incə hərəkət etməyi “sağ əlin
verdiyini sol əldən gizlətməyi”, kimsənin
könlünü qırmamağı məsləhət
görürdü. Azərbaycanda hər
cür milli-mənəvi dəyərlərin və
inancların yayıldığı şəraitdə mənəviyyatla,
əxlaq, milli mentalitetlə bağlı proqramlara
üstünlük verməyi çox vacib hesab edirdi. Heç nəyi heç kəsə qadağan etməyin
mümkün olmadığı demokratik cəmiyyətdə
öz mənəvi dəyərlərimizin
üstünlüyünü qoruyub saxlamağı əsas
şərt sayırdı.
Azərbaycançılıq-türkçülük
ideyalarının sistemli təbliği ilə tanınan
“Turan”, “Azərbaycan dili”, “Vətəndaş”, “Türk elləri”
kimi proqramların türk dünyasında doğurduğu əks-səda
ilə bağlı onun razılıq dolu sözlərini
dönə-dönə eşidib sevinmişəm. Xüsusən,
xalq yaradıcılıq redaksiyasının xətti ilə
hazırlanan “Yallı”, “Qala”, “Karvan”, “Buta”, “Qobustan” kimi
verilişlərin Türkiyə Cümhuriyyətində
populyar proqramlar kimi sevildiyi haqda Prezidentdən xoş sözlər
eşitmək bu sahədəki işlərimizi daha da
inkişaf etdirməyə stimul yaradırdı. Təkcə
“Dəmir qapı Dərbənd” proqramının yaxın
xaricdəki soydaşlarımızın taleyini əks etdirməsi
istiqamətində müsbət nəticələri barədə
dünya şöhrətli siyasətçidən dəfələrlə
razılıq eşitmişəm. Əslində,
cənab Prezidentin ən populyar proqramlar haqqında orijinal
fikirləri, tövsiyələri vardır. Müşahidə etmişdim ki, Prezidentin maraq
göstərdiyi proqramlar sırasında “Səhər”in
xüsusi yeri var. Proqramın əlvan politrasını peşəkarcasına
təhlil edən ölkə başçısı xüsusən
xəbərin təqdimat ritmini, blokdakı
düzümünü hər dəfə təqdir edirdi.
Hər fəsildə yeniləşən tərtibatı
ilə təzə görünən “Səhər” xoş ovqat
proqramı kimi ölkə başçısının da diqqətini
cəlb edirdi. Yaradıcı kollektiv bu
faktı yeni axtarışlar üçün bir borc hesab etdilər.
İstər musiqi seçimində, istərsə də
qonaqların planlaşdırılmasında ən ali tamaşaçı zövqü diqqət mərkəzində
saxlanılırdı.
Azərbaycan televiziyasının hər bir uğuru
Prezidentin nəzərindən yayınmırdı. Azərbaycan
dili haqqında prezident sərəncamında teleradionun
bütövlükdə milli yayıma keçməsi məsələsi
də bir vəzifə kimi qarşıya qoyulurdu. Azərbaycan
televiziyasında hələ bir neçə il
əvvəl yaradılmış “Dublyaj” redaksiyası sərəncamdan
irəli gələn tələblərə əməl etmək
üçün yaradıcılıq potensialını qat-qat
artırdı. Efirdə yer alan hər
növ filmlərin, bədii lentlərin dublyajı - milli dildə
təqdimatı ölkə başçısını
çox razı salmışdı. Tez bir zamanda
zəngin film fondu yaradan kollektivi bu işi davam etdirməyə
çağırırdı. Çoxsəsli
çevirmə prinsipi ilə hazırlanan dublyaj filmləri həm
də orijinala yaxınlığı, səslərin obrazlara
uyğun seçilməsi ilə ölkə Prezidentinin diqqətini
cəlb edirdi. Eşidəndə ki,
kiçik bir kollektiv ayda 50-60 film dublyaj edir, ilk dəfə təəccüblənmiş,
işin həcmini burada çalışanların fədakarlığı
kimi qiymətləndirmişdi. O zaman AzTV-də mindən artıq
dublyaj filmi var idi, bunların sayı gündən-günə
artır, efirin milli dildə lent ehtiyacını tamamilə
ödəyirdi.
Yadımdadır, bir dəfə Böyük Vətən
müharibəsi illərində əsir düşüb
İsveçrədə yaşayan azərbaycanlının həsrətini
yetirən veriliş təqdim olundu. Ömrünün son
günlərini yaşayan əlil soydaşımızın
göz yaşları içərisində dediyi Vətən
bayatıları, sən demə, ölkə
başçısının diqqətindən
yayınmayıb. Sonralar o, mənə belə
verilişlərin sayını artırmağı, ümumiyyətlə,
xaricdəki azərbaycanlıların taleyi, dövlətin
diaspor siyasəti ilə bağlı olan proqramları
artırmağı tövsiyə etdi. Azərbaycan
televiziyasında “Beynəlxalq proqramlar” redaksiyası yaratmaq
ideyası da bu təqdirdən sonra baş verdi.
Mən bu barədə ona məruzə edəndə,
cəmi iki-üç cümlə ilə redaksiyanın ən
ümumi maraqları haqda uzunmüddətli proqramı gözlərim
önündə canlandırdı. 1998-ci
ildən bəri əsasən diaspor siyasəti ilə məşğul
olan redaksiya dünyanın bir çox ölkələrində
yaşayan azərbaycanlıların ünvanını müəyyənləşdirib
təsirli verilişlər hazırlamışdır. Bu proqramlar həm də bir-birini itirmiş
doğmaların görüş ünvanına çevrilməsi,
ölkələr, talelər arasında körpü salması
ilə diqqəti cəlb edirdi. “Körpü”, “Qürbət
mənim içimdə”, “Sorağınız gəlsin”, “Azərbaycan
bu gün”, “Qonağımız var” və s. verilişlər
öz orijinal axtarışları ilə yadda qalır. Gənclərin cəmiyyətdəki fəallığı
ölkə başçısını həmişə
sevindirir, onların təhsildə, idman yarışlarında,
istehsalatdakı uğurlarını daim diqqətdə
saxlamağı məsləhət görürdü.
Azərbaycanın işıqlı gələcəyinin
təminatı
Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun
layiqli davamçısı İlham Əliyevin xalqın yekdil
rəyi ilə Prezident seçilməsi qanunauyğunluq idi. Onun seçkilər ərəfəsində
xalqla görüşlərində, müdrikliyi, xalqla səmimiliyi,
hədsiz təvazökarlığı, alicənablığı,
insanlara təmənnasız münasibəti, xalqına, millətinə,
Vətəninə, sələfinə, üstəlik, öz
şəxsiyyətinə hörmət və ehtiramı
yüksək, ali tərbiyəsindən, zəngin mənəviyyatından,
siyasi yetkinliyindən xəbər verirdi. O, həm də bu səbəblərdən
qalib gəldi.
Bu gün, doğrudan da, Azərbaycan adlı nəhəng
bir gəminin sükanı etibarlı əllərdədir. Gəlin, çox uzağa
getməyək, elə son vaxtlar onun xarici ölkələrə
səfərləri, Avropa Şurası Parlament
Assambleyasındakı olduqca uğurlu
çıxışları, bu səfərlərdə
Prezidentimizə göstərilən yüksək ehtiram, onun ən
nüfuzlu beynəlxalq mükafatlara layiq görülməsi
dünya siyasət arenasında İlham Əliyevin reytinqinin
çox yüksək olduğunu təsdiq edir. Bu
isə Azərbaycanın işıqlı gələcəyinin
təminatı deməkdir.
İndi ölkəmiz nüfuzlu beynəlxalq təşkilatların,
demək olar ki, hamısında təmsil olunur. Müstəqillik
yolu ilə inamla addımlayan respublikamız dünyada baş
verən demokratikləşmə və əməkdaşlıq
prosesində yaxından iştirak edən dövlət kimi
dünya birliyinin tərkib hissəsinə çevrilmişdir.
Demokratiya və müstəqillik ideyalarına
sadiq olan İlham Əliyev indi milli mənafelərimizi yüksək
səviyyədə qoruyur. Bu gün Heydər Əliyev
siyasətinin uğurlu davamını görmək nə qədər
xoş və ürəkaçandır! Ona
görə də 2002-ci ildə “Sabaha inamla”, 2007-ci ildə
“Uğurlu yolun layiqli davamçısı” adlı (4 dildə)
kitablar nəşr etdirdim.
Bəli,
İlham Əliyev Prezident kimi, elə ilk addımlarından
sübut etdi ki, ona inanmaq, ona arxalanmaq, ona güvənmək
olar! İnanırıq ki, o “Bizim yolumuz Azərbaycanda
demokratik, hüquqi, sivilizasiyalı dövlət qurmaqdan,
demokratik prinsipləri gündən-günə inkişaf etdirməkdən,
dünyanın əldə etdiyi bütün demokratik nailiyyətləri
Azərbaycanda yaymaqdan, onlardan bəhrələnməkdən
ibarətdir”, – deyən Heydər Əliyevin amallarını
uca tutur və uca tutacaqdır... O, buna qadirdir!
Həmişə zirvədə...
Ümummilli liderimizin fiziki yoxluğunu hamı kimi, mən
də böyük ürək ağrısı və
yanğı ilə yaşayıram. Çünki o, Azərbaycanın
itkisidir, bütün türk dünyasının itkisidir.
Amma bu cismani yoxluqdur, o, ölməzdir, bizimlədir, nə qədər
ki, Azərbaycan adlı məmləkət var, yenə də
var olacaq və hər zaman insanlara doğru yol göstərəcək!
Allah – təala Heydər Əliyevi adi insanlardan fərqləndirən
bir çox fenomenal xüsusiyyət və bacarıqla
mükafatlandırmışdı. Hansı idi bu
xüsusiyyətlər? Hər şeydən
əvvəl, dərin bilik, yüksək idarəçilik
qabiliyyəti, intuisiya, yaddaş, işgüzarlıq. Heydər Əliyev həftələr, aylar, bəlkə
də illərlə gündə 15-18, bəzən isə 20
saat işləməyi bacarır, yoruldum demirdi. Onun ətrafındakılar deyə bilməzlər
ki, nə vaxtsa biz ümummilli liderimizi səhər işə
gələndə yorğun, əzgin görmüşük.
O, həmişə işə gümrah gələr, gəncliyində,
ahıl və yaşlı vaxtlarında da öz geyimi, səliqəsi
ilə hamıya nümunə olardı.
Heydər
Əliyev elə bil onlarca ixtisas üzrə ali
təhsil almış, universitet bitirmişdi. Elmin
elə sahəsi yox idi ki, həmin sahənin ən yüksək
ixtisaslı mütəxəssisləri ilə danışanda
həmsöhbətlərini heyrətdə qoymasın. Onun Azərbaycan ədəbiyyatını, tarixini, mədəniyyətini,
incəsənətini necə dərindən bildiyini televiziya
ilə nümayiş etdirilən yığıncaqlarda
hamı görüb. Ədəbiyyatımızın,
musiqimizin, rəssamlıq, memarlıq sənətinin korifeyləri
etiraf edirlər ki, Heydər Əliyevlə sənət
haqqında söhbət etməkdən, sözün əsl mənasında,
ehtiyat edirdilər, çünki o, qəflətən sənətlə
bağlı elə incə məqamlara toxunurdu ki, şairi də,
yazıçını da, bəstəkarı, rəssamı,
heykəltəraşı da heyrətdə qoyurdu.
Unutmayaq ki, yaşarı dünyasından sonra xalqın
yaddaşında qalmaq hər kəsə qismət olmur. Xalq yalnız
sevdiklərini yadda saxlayır və yaşadır. Heydər
Əliyev misilsiz xidmətlərinə görə hər zaman
doğulub-böyüdüyü torpaq üçün,
xalqı, milləti üçün, Azərbaycan
üçün müqəddəs olaraq qalacaq! Bu sevgi onun
halal haqqıdır!
İllər
keçəcək, əsrlər dəyişəcək, amma
bir fakt faktlığında qalacaq: dünyanın Atilla,
Atatürk, Vaşinqton, Şarl de Qol, Bismark, Ruzvelt,
Çerçill kimi siyasi liderləri sırasına Azərbaycan
XX əsrdə Heydər Əliyev kimi dahini bəxş etdi! Bu,
xalqımızın xoşbəxtliyidir!
Heydər
Əliyev hər
zaman zirvədə dayandı və indi də zirvədədir.
Nizami
XUDİYEV,
YAP İdarə Heyətinin
üzvü,
filologiya elmləri doktoru, professor
Xalq qəzeti.- 2013.- 12 may.- S. 3.