Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu

 

Xatirə kitabına ürək sözlərimi göz yaşları içində qeyd etdim. Həmin cümlələrdən biri belə idi: “Heydər Əliyevin qiymətini illər keçdikcə zaman verəcəkdir”. Artıq həmin cümləni yazdığım vaxtdan 10 ilə yaxın vaxt ötür. Bu gün həmin cümlənin mənasını daha çox dərk edirəm. Bu böyük şəxsiyyətin həyat yoluna nəzər salarkən, fəaliyyətini düşüncələrimdə qiymətləndirərkən Heydər Əliyev və Sovet Azərbaycanı, Heydər Əliyev və Sov.İKP MK Siyasi Bürosu, Heydər Əliyev və 1990-cı illərin Naxçıvan Muxtar Respublikası, Heydər Əliyev və müstəqil Azərbaycan Respublikası, onun neft strategiyası, ordu quruculuğu, müstəqil dövlətin qanunlarının yaradılmasında rolu və nəhayət, azərbaycançılıq ideyasının nə qədər önəmli və faydalı olduğunu görürəm.

Ulu öndər ömrün vəfasızlığını yaxşı bildiyindən başladığı işlərini yarımçıq qoymamaq üçün gecə-gündüz demədən çalışırdı. Düzü, biz də ona insafsızcasına yanaşırdıq, onu qorumurduq. Sanki onu dincəlməyə, istirahət etməyə qoymurduq, həyat və sağlamlığını durmadan istismar edirdik...

Ulu öndərin həyat yoluna, fəaliyyətinə nəzər yetirəndə Sovet Azərbaycanının onun rəhbərliyi illərində çox güclü inkişaf yolu keçməsinin şahidi oluruq. 1969-cu ildən 1982-ci ilədək onun ölkəyə rəhbərlik etdiyi illərdə sənayedə, kənd təsərrüfatında, tikintidə, elmdə, mədəniyyətdə birdən-birə intibah dövrü başladı, xalqın maddi rifah halı  yüksəldi. Azərbaycan müttəfiq respublikalar arasında SSRİ müqyasında önə keçdi. Qibtə ediləcək inkişaf gedirdi. Heydər Əliyev zəhmətkeşləri, ziyalıları çox sevirdi, onların əməyini yüksək qiymətləndirirdi. Azərbaycan xalqı da ulu öndəri çox sevirdi. Biz fəhlə balalarının irəli getməsi üçün o, hər cür şərait yaratmışdı. Onun təhsil sahəsində atdığı radikal  addımlar nəticəsində mənim kimi minlərlə gənc istər Azərbaycanda, istərsə də keçmiş SSRİ məkanında müxtəlif ali məktəblərdə seçdikləri ixtisaslara yiyələndilər. Bu, Heydər Əliyevin bizlərə sonsuz qayğısı və diqqəti idi.

O, sanki SSRİ-nin dağılacağını, Azərbaycanın müstəqil olacağını əvvəlcədən görürdü. Bunun üçün də kadr potensialına xüsusi diqqət ayırırdı. Zaman gəldi, onun əkdikləri müstəqil Azərbaycan dövlətinin inkişafında öz bəhrələrini verdi.

Bu gün Azərbaycanın sosial-iqtisadi inkişafında, Naxçıvan MR-in ermənilər tərəfindən işğal olunmamasında ulu öndərin əvəzsiz xidmətlərini görməmək sadəcə mümkün deyil. Əgər 1990-cı ildə ulu öndər doğulduğu Naxçıvana zamanında Allah tərəfindən göndərilməsəydi bu möhtəşəm diyarın taleyi tamam başqa cür ola bilərdi. Bəlkə də bu gün Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan erməni işğalı altında qalmışdı...

Tarix sübut edib ki, xalq hər adamın işığına, çevrəsinə yığılmır. İnandığı, güvəndiyi böyük şəxsiyyətlərin ətrafına yığışır. Oxumuşam ki, zamanında Əmir Teymurun ətrafında 3 nəfər olanda 100 nəfər türkmən çöldə ona qoşulub biət edərək onu özlərinə başçı seçiblər. Bu hadisənin düşünməyə vadar edən tərəfi odur ki, Əmir Teymur 100 nəfərə deyil, 100 nəfər ona qoşulub. Sonradan tədricən dünyanın Əmir Teymur  kimi fatehi formalaşıb.

1990-cı illərin əvvəllərində başsız qalmış, dərdləri ilə üzbəüz buraxılmış Azərbaycan xalqı da ulu öndər Heydər Əliyevin Naxçıvana qayıdışından sonra onun ətrafında toplaşdı. Mərkəzi hakimiyyətdə olan rəhbər kimliyindən asılı olmayaraq onunla rəqabət apara bilmirdi, addım-addım mövqelərini itirərək ya ona biət edir, ya da Tanrı tərəfindən cəzalandırılırdı. Ona xəyanət edənlərin çoxunun cəzasını Allah verirdi.

Ulu öndər həmin çətin günlərdə xalqla birlikdə idi. 1990-cı illərin əvvəlində Naxçıvan MR-in vəziyyəti çox açınacaqlı durumdaydı. Respublikanın blokadada olması bir tərəfə, heç elektrik enerjisi, ərzaq da çatışmırdı, qışı sərt olan Naxçıvanın soyuğuna dözmək  çətin idi. Həmin çətin vəziyyətdə ulu öndər Naxçıvan əhalisi ilə çiyin-çiyinə dayanmışdı. Çıraq işığında, soyuqda Azərbaycanı, Naxçıvanı xilas etməyin yollarını düşünürdü. Belə bir vaxtda onun Türkiyə Respublikası ilə bağladığı müqavilə işimizə yaradı. Bəlkə də zamanında atılmış bu addım olmasaydı Naxçıvan MR-də aclıq insanların sonuna çıxacaqdı. Gördüyü bu böyük işlərə baxmayaraq, aramızda ulu öndərin əməyini qiymətləndirə bilməyənlər, onun şəxsiyyətindən qorxub, ona daş atan nankorlar da tapılırdı. Hətta Naxçıvanın muxtariyyətini ləğv etmək istəyən “vəzifə sahibləri” də var idi.

1990-cı illərin əvvəllərində Naxçıvanın işğalı ilə yanaşı, Azərbaycanın banan respublikasına çevrilmək təhlükəsi də artırdı. Bu təhlükə şimal və cənub qonşularımız tərəfindən açıq-aydın dəstəklənirdi. Şimalda Sadval  təşkilatının və cənubda Talış-Muğan Respublikasının yaradılması ideyası problemlərimizin üzərinə problemlər gətirirdi. Bu separatçı ocaqları hakimiyyətdə olanlar söndürə bilmirdilər, əksinə, onların mövqeyi get-gedə güclənirdi. Dağlıq Qarabağ və onun ətrafında gedən döyüşlərdəki ağır məğlubiyyətlər, bölgələrə və paytaxta daşınan şəhid meyitləri, Gəncə hadisələri Azərbaycanda hakimiyyət böhranını son həddə çatdırmışdı. Artıq yuxarılar ölkəni idarə edə bilmirdilər, aşağılar da onları qəbul etmirdilər.

Belə bir çıxılmaz durumda Azərbaycanın köməyinə onun əvəzsiz  oğlu Heydər Əlirza oğlu Əliyev gəldi. Həllini gözləyən  problemlər olduqca çox idi. Oğul istəyirdi ki, bu düyünləri aça bilsin. Bu azmış kimi, mövcud hakimiyyət nümayəndələri ulu öndərə kömək etmək əvəzinə, addımbaşı ona mane olmağa başlamışdılar. Hər yerdə onun uğursuzluğa düçar olması üçün təxribatlar törədilir və xəyanətlər edilirdi. Yaxın keçmiş olduğundan və hər şeyi bildiyinizdən bir-bir onları sadalayıb oxucunu yormaq istəmirəm. Ancaq onu deyə bilərəm ki, ulu öndərin gərgin əməyi nəticəsində Gəncə qiyamı yatırıldı, Sadval və Talış-Muğan Respublikası kimi separatçı ocaqlar çətinliklə də olsa söndürüldü, xalqın hakimiyyətə olan inamı tədricən bərpa olunmağa bağladı. Görülmüş işlər nəticəsində xalqın özünəinamı artdı.

1994-cü ilin may ayında atəşkəs haqqında sazişə, sentyabr ayında isə “Əsrin müqaviləsi”nə imza atıldı. Azərbaycan tədricən özünə gəlirdi. Buna dözməyən  xarici qüvvələr və onların daxildəki  muzdlu nökərləri  ulu öndəri fiziki və mənəvi cəhətdən məhv etmək üçün ən iyrənc üsullara əl atırdılar. Ancaq Heydər Əliyev uzaqgörənliyi və dahiliyi, xalqın dəstəyi və Allahın köməyi onu həmişə qoruyurdu.

Ulu öndər deyirdi: “Mən fəxr edirəm ki, Azərbaycanlıyam”.  O, bu sözlərlə Azərbaycanı vətənimiz olaraq hər şeydən üstün tutduğunu, Azərbaycanın irqindən, milliyyətindən, dinindən asılı olmayaraq hər bir azərbaycanlının vahid, bölünməz Vətəni olmasını bəyan edirdi. Bəlkə də xaricdəki və daxildəki separatçılara bundan tutarlı cavab ola bilməzdi. Ulu  öndər Azərbaycanın hər birimizin Vətəni olduğunu önə çəkməklə onu bir övlad kimi sevməyi, qorumağı bizə öyrədirdi.

Ulu öndərin tarixi şəxsiyyət kimi Azərbaycana və biz azərbaycanlılara etdiklərini qısa da olsa sadalamaq istəyirəm.

Ulu öndər Sovet Azərbaycanını SSRİ məkanında müttəfiq respublikalardan  bir addım önə çıxardı. Azərbaycanın tanınmasına, söz sahibi olmasına nail oldu;

Keçmiş İttifaq məkanında gələcək üçün sırf azərbaycanlı kadrların yetişdirilməsinə, onların irəli çəkilməsinə öz töhfəsini verdi;

Bir azərbaycanlı kimi böyük bir imperiyanı idarə edənlərin cərgəsində öz  layiqli yerini  tutdu.  Azərbaycan SSRİ məkanından ayrılandan sonra Naxçıvan Muxtar Respublikasının ermənilər tərəfindən işğalına imkan vermədi və Sədərəklə İqdır arasında “Ümid” körpüsünün tikilməsinə nail oldu;

Neft müqavilələrini bağladı, Bakı — Ceyhan neft boru kəmərinin çəkilməsinə nail olmaqla Azərbaycanın müstəqilliyinə möhkəm təminat yaratdı;

Separatçı Sadval cəmiyyətinin və Talış — Muğan Respublikasının  yaradılmasının qarşısını almaqla Azərbaycanın bölünməsinə imkan vermədi;

Azərbaycanın yeni Konstitusiyasının hazırlanmasında öz sözünü dedi və Azərbaycanın müasir qanunlarını formalaşdırdı;

Xarici güclərin Azərbaycana təzyiqlərini zərərsizləşdirdi. Müstəqil və  müasir Azərbaycan dövlətinin memarı    qurucusu oldu;

Azərbaycanın Avropa Şurasına qəbul edilməsinə nail oldu;

Azərbaycanın gələcək inkişaf strategiyası və taktikasını hazırladı...

Bəli, ulu öndərin  Azərbaycan dövləti  və Azərbaycan  xalqı  qarşısında  xidmətləri çoxdur, onları  sadalamaqla  qurtarmaq olmaz. Nə qədər ki,  Azərbaycan  xalqı  və Azərbaycan dövləti var,  xalqımızın bu dahi oğlu da həmişə böyük qədirbilənliklə xatırlanacaq    dərin  hörmətlə yad  ediləcəkdir.

 

 

 Elman YƏHYA,

Ədliyyə Nazirliyi İstintaq

İdarəsinin böyük müstəntiqi

 

Xalq qəzeti.- 2013.- 12 may.- S. 5.