Qədim milli mədəniyyətimizin kökləri
üstündə çiçəklənən yeni Azərbaycan mədəniyyəti Heydər Əliyev dühasının bəhrəsidir
Şəxsiyyətin böyüklüyünü onun həyatdakı müxtəlif məsələlərə yanaşma tərzi müəyyənləşdirir. Bu keyfiyyət hər kəsə məxsus olmur. Bu cəhətdən xalqımızın bəxti gətirib. Dahilər 100 ildən bir doğulur. Ulu Tanrı bu lütfünü xalq olaraq Azərbaycandan da əsirgəmədi. Adı tarixə əbədi həkk olunan bir dahini – böyük öndər, əbədiyaşar şəxsiyyət, fenomen insan, ümummilli lider Heydər Əliyev kimi bir dühanı xalqımıza bəxş etdi. Ümummilli lider Heydər Əliyev təkcə daxili və xarici siyasətdə gözlənilməz gedişləri ilə tərəf müqabilini heyrətə salan, diplomatik uğurları ilə şöhrətlənən dövlət başçısı deyil, həm də xalqın zaman-zaman yaratdığı mənəvi dəyərlərə atalıq qayğısı göstərən, onları qoruyub saxlayan və zənginləşdirən dahi bir şəxsiyyətdir.
Ulu öndər Heydər Əliyevi
səciyyələndirən mühüm
xüsusiyyətlərdən biri də onun digər sahələrlə
yanaşı elmə, incəsənətə
və mədəniyyətə daim diqqət
göstərməsi idi. Müdrik
şəxsiyyət həm xalqın, həm də musiqi, teatr, kino, ümumilikdə mədəniyyətimizin hamisi idi. Onun
qayğısı sayəsində 1969-1982-ci illərdə
respublikamızda elmin, mədəniyyətin
və incəsənətin bütün sahələri inkişaf
etdi. Dünya
miqyasında tanınan alimlərimiz, bəstəkarlarımız
tərəfindən fundamental əsərlər
yaradıldı. Geniş profilli,
yüksək ixtisaslı kadr potensialı yetişdi. Təəssüf ki,
sonralar ölkədəki hakimiyyətsizlik,
hərc-mərclik dövründə həmin sahə unuduldu. Elmimizin baş qərargahı
- Elmlər Akademiyası fəaliyyətsizliyə düçar edildi. Yaxşı ki, bu
xoşagəlməz hallar çox davam etmədi. Ümummilli lider Heydər Əliyev xalqın təkidli xahişi ilə yenidən hakimiyyətə
qayıtdı və elmimizi, mədəniyyətimizi,
incəsənətimizi, tarixi əhəmiyyətli
abidələrimizi məhv olmaq təhlükəsindən qurtardı. Mədəniyyət
və incəsənətimizin normal
fəaliyyəti üçün hər cür şərait yaradıldı. Hazırda
respublikamızda onlarla incəsənət
müəssisəsi, bu sahəni
özündə əks etdirən
ali məktəblər, mədəniyyət
ocaqları fəaliyyət
göstərir, elmi tədqiqat
instutları elmimizin inkişafına
layiqli töhfələr verir.
Bütün bunlar
respublikamızda yaradılmış sabitliyin,
əmin - amanlığın, işgüzar
fəaliyyətin nəticəsidir. Bu isə
şübhəsiz, xalqımızın böyük
oğlu Heydər
Əliyevin adı ilə bağlıdır. Azərbaycan Prezidenti məsələni
bu cür qoyur: “Ümumi çətinlik
nə qədər çox olsa da biz
elmə, təhsilə, mədəniyyətə və incəsənətə
daim qayğı göstərməliyik və
bu sahələrin inkişafı üçün
mövcud imkanlardan daha da çox
istifadə etməliyik”.
Həmin dövrdə, yəni 1969-1982-ci illərdə respublikamızda 3677 klub, 4794 kütləvi kitabxana, 906 kino qurğusu, 25 peşəkar teatr, 4 filarmoniya, 7 musiqi kollektivi, 123 muzey fəaliyyət göstərib. Heydər Əliyevin diqqət və qayğısı sayəsində doğma Bakımız dünyanın ən möhtəşəm memarlıq tələblərinə cavab verən, orijinal görünüşə malik arxitektura nümunələrinin mərkəzinə çevrilmişdi. Misilsiz sənət abidələri olan “Gülüstan” və “Respublika” sarayları, İdman Kompleksi, neçə - neçə mədəniyyət, inzibati və yaşayış binaları, yazıçı, şair, bəstəkar, mədəniyyət və incəsənət xadimləri üçün ucaldılmış heykəllər ulu öndərimizi tarixdə yaşadacaq.
Müdrik
şəxsiyyət Heydər Əliyevin respublikamıza rəhbərlik
etdiyi dövrdə bütün rayon mərkəzləri öz
görkəmini dəyişmişdi. Əvvəlki,
miskin durumdan əsər
- əlamət qalmamışdı. Ədəbiyyatın, incəsənətin
inkişafı diqqət mərkəzində saxlanılmışdı. Tarix— diyarşunaslıq muzeyləri, musiqi məktəbləri, poeziya
evləri açılmışdı. Tarixi—mədəni yerlərin mühafizəsi gücləndirilmişdi.
Özünəməxsus
memarlıq görünüşü olan paytaxtımızın
adı XXI əsrdə də dünyanın inkişaf etmiş
şəhərləri sırasında çəkilir. Dünya praktikasından bəllidir ki, sivil ölkələr
tərəqqiyə məhz bazar
iqtisadiyyatı, mədəniyyət və incəsənətin, milli mənəvi
dəyərlərin, adət - ənənələrin
inkişafı sayəsində çatmışlar. Bu baxımdan İstanbulu,
Romanı, Parisi, Dubayı, Nyu-
Yorku göstərmək olar.
Artıq doğma Bakımız da bu şəhərlərlə
birgə irəliləyir.
Heydər
Əliyev həmişə yaradıcı ziyalılara yüksək
qiymət verib. Bu mənada onun ədəbiyyat və incəsənət
xadimlərinə münasibəti diqqətə layiqdir. Musiqiçilərin, bəstəkarların, mədəniyyət
xadimlərinin mədəni irsinə
qayğı, yazıçı və şairlərin kitablarının nəşri,
ayrı-ayrı incəsənət xadimlərinin yubileylərinin
keçirilməsi olduqca təqdirəlayiq
işdir və bütün
bunlar dövlət səviyyəsində
aparılırdı.
Azərbaycan
Prezidentinin müdrikliyi və uzaqgörənliyi
respublikamızın hüdüdlarını çoxdan
aşmışdı. Dahi Azərbaycan
şairi Nizami Gəncəvinin
xatirəsinin Lüksemburqda – Rusiya Federasiyası səfirliyinin binası
önündə yad edilməsi bunu aydın sübut edir. Dahi Azərbaycan mütəfəkkiri Məhəmməd
Füzulinin 500 illik
yubileyinə türkdilli dövlətlər
qurumundan nümayəndələrin gəlməsi,
Tbilisidə Nəriman Nərimanovun
ev – muzeyinin açılması, Ulyanovskda
büstünün qoyulması, Hüseyn Cavidin qəbrinin
Sibirdən doğma torpağı
Naxçıvana gətirilməsi və orada
dəfn edilməsi Heydər Əliyevin Azərbaycan mədəniyyətinə
dair siyasətinin bir
hissəsidir.
Heydər
Əliyevin sərəncamı ilə “Dədə Qorqud”un 1300
illik yubileyinin təntənəli şəkildə qeyd olunması mədəniyyət və incəsənətimizə
verilən yüksək dəyərin bariz nümunəsidir.
Ulu
Öndər Heydər Əliyev Azərbaycanın ən
böyük sərvəti hesab olunan milli-mənəvi dəyərlərin
və mənəviyyatımızın sözün
böyük mənasında hamisi idi. “ Hər bir azərbaycanlı
öz milli mənsubiyyətinə görə qürur hissi
keçirməlidir və biz azərbaycançılığı
– Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi
dəyərlərini, adət-ənənələrini
yaşatmalıyıq” - deyən Heydər Əliyev azərbaycançılığı
milli bir ideologiya kimi irəli sürür, mədəniyyətimizi,
mənəvi dəyərləri
təkcə milli varlığımızın yox, həm
də siyasi varlığımızın - dövlət
quruculuğu işinin mühüm atributu kimi dəyərləndirirdi.
1993-cü
ildə xalqın təkidli tələbilə yenidən siyasi
rəhbərliyə gələn Heydər Əliyev həyata
keçirdiyi dövlət quruculuğu ilə paralel surətdə
mədəni-mənəvi və
milli-tarixi yaddaşın bərpası işini
reallaşdırdı. Vaxtilə qadağalara məruz qalan,
yasaq olunan milli və dini bayramlar, adət və mərasimlər xalqa qaytarıldı. Heydər Əliyev hər
il milli
bayramımız olan Novruzda
əhali ilə bayramlaşmağa
çıxır, azad və müstəqil
xalqımızın Novruz sevinclərindən
zövq alır, özü
də sevinməyi bacarırdı.
Heydər
Əliyev bu tədbirləri təkcə Azərbaycanda yox,
bütün türk dünyası miqyasında həyata
keçirirdi. Ortaq türk mədəniyyəti və mənəviyyatının
öyrənilib təbliğ edilməsi, keçmişdən
gələcəyə ötürülməsi yönündə
müstəsna xidmətlər göstərirdi.
Heydər
Əliyevin mədəniyyət və incəsənətimizin
inkişafı ilə
bağlı gördüyü işləri saymaqla
qurtaran deyil. Ulu öndərin Azərbaycan
musiqisinə göstərdiyi xidmətlər
saysız-hesabsızdır. Bu gün Azərbaycan musiqisinin
təkcə ölkəmizdə deyil, dünya səviyyəsində tanınması,
təbliği böyük öndərin
xidmətləri sayəsində baş tutub. O, təkcə musiqinin hamisi deyildi, həm də musiqi bilicisi idi.
Nizami Cəncəvinin məqbərəsinin
bərpası, Şuşada
Molla Pənah Vaqifə məqbərə
tikilməsi, Gəncədə
Cavad xan kompleksinin inşa edilməsi, Naxçıvanda
Hüseyn Cavidə məqbərə ucaldılması,
Qazaxda Hacı Əfəndi pirinin yenidən qurulması və digər minlərlə quruculuq işləri Heydər Əliyevin adı ilə bağlıdır. Sevinirik
və fəxr edirik ki, Heydər Əliyevin ən layiqli davamçısı Prezident
İlham Əliyev və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bu gün mədəniyyətimizə
hamiliyi davam etdirirlər. Onlar həm
də böyük öndərin
ideyalarının ən dəyərli təbliğatçılarıdır.
Azərbaycan mədəniyyət nümunələri, bütün dəyərli irs xəzinəsi ulu öndərimiz Heydər Əliyevin diqqət və qayğısı sayəsində xalqımızın milli-mənəvi sərvəti kimi dünyada tanınmağa başlandı. Azərbaycan mədəniyyət nümunələri milli sərvət kimi Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO - nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva tərəfindən də dünyada Azərbaycan düşüncəsinin zənginliyini nümayiş etdirmək üçün vasitəyə cevrilib. Xalqımızın ruhunun məhsulu olan mədəniyyəti onun sivil dünyaya inteqrasiyasına, humanitar prinsiplər əsasında yaxınlaşmasına xidmət edir. Prezident İlham Əliyevin bu sahədə hərtərəfli inkişaf üçün göstərdiyi diqqət və qayğı, qəbul etdiyi qərarlar bir daha təsdiqləyir ki, Heydər Əliyevin milli-mənəvi intibah amalı bu gün yaşayır və inkişaf edir. Yeri gəlmişkən, deyək ki, YUNESKO-nun dünya irs siyahısına Azərbaycanın bir neçə sərvəti artıq daxil edilmişdir. Qobustan qaya rəsmləri, Azərbaycan muğamları, Azərbaycan aşıq sənəti, Azərbaycan xalçaları, “ Kitabi-Dədə Qorqud ” dastanları və bir neçə Azərbaycan klassikləri. Şübhəsiz ki, bu faktlar Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xalqımız qarşısında böyük xidmətləridir. Bütün bunlar görülən işlərin hamısı deyil, bu istiqamətdə ardıcıl siyasət davam etdirilir və inanırıq ki, bunun çox böyük nəticələri olacaqdır.
Azərbaycanın bütün
regionlarında və Bakı
şəhərində olan mədəniyyət
abidələrinin yenidən inşası və əsaslı təmir
edilməsi mədəniyyətimizə göstərilən
diqqətin bariz nümunəsidir. Tarixi abidələr və
monumental binalar dövlət başçısının
şəxsi diqqətindəndir.
Azərbaycanın
milli- mənəvi və əxlaqi dəyərlərinin
ümumbəşəri ideyalarla zənginləşdirilməsində
ulu öndərin misilsiz xidmətləri
olmuşdur. O, Azərbaycan xalqının qəhrəmanlıqlarla
dolu tarixi
keçmişinə, zəngin mənəvi dəyərlərinə,
maddi-mənəvi irsinə, incəsənətinə həmişə
qayğı ilə yanaşmışdır. Heydər Əliyev
Azərbaycan mədəniyyətinin hamisi olmuşdur. O, xalqın mənəviyyatını
zənginləşdirən, onu bütün dünyaya
tanıdan milli mədəniyyətimizin hərtərəfli
inkişafını, yüksəlişini daim
izləmiş, ona ən ümdə vəzifəsi
kimi baxmışdır. Ulu öndər demişdir: “Ədəbiyyatımızın,
incəsənətimizin, mədəniyyətimizin ən böyük və fərqləndirici xüsusiyyətlərindən
biri də odur ki, zaman- zaman
istedadlı insanlar mədəniyyətimizdə
yeni yollar, yeni cığırlar açırlar, yeni formalar meydana
gətirirlər”. Müasir ədəbiyyatımızın, incəsənətimizin
və mədəniyyətimizin bəşəri arenada öz nadir inciləri ilə dünyanı heyran qoyması, ölkəmizin şöhrətini
qaldırması, xalqımızın qədim mədəniyyətə
malik olması bu müdrik fikri təsdiq edir.
Məlum
oduğu kimi, XX əsrdə Azərbaycan mədəniyyətinin
bütün sahələrinin vüsətli inkişafı,
geniş miqyasda təbliği və böyük naliyyətləri
bilavasitə Heydər Əliyevin müstəsna tarixi xidmətlərinin
nəticəsi idi. Onun ölkəmizə rəhbərlik etdiyi
70-80- ci illərdə, xüsusən,
sonrakı dövrdə mədəni və ədəbi irsimizə,
təsviri sənətə, balet və teatra qayğı misilsiz dərəcədə
artmışdı. Heydər Əliyev incəsənət
xadimləri ilə görüşlərinin birində demişdir: “Xalqımızın incəsənət,
mədəniyyət sahəsindəki naliyyətləri Vətənini,
millətini sevən hər bir azəbaycanlı
üçün iftixar
mənbəyidir. Mən bununla daim fəxr etmişəm”.
Köhnə
libasını dəyişən, qədim milli mədəniyyətimizin
kökləri üstündə çiçəklənən
yeni Azərbaycan mədəniyyəti Heydər Əliyev
dühasının bəhrəsi idi.
“ Biz öz milli- mənəvi dəyərlərimizlə, adət- ənənələrimizlə fəxr edirik”, – deyən ümummilli liderin ideyaları bu gün də yaşayır və həyata keçirilir. Bu gün möhtərəm Prezidentimiz İlham Əliyev sabaha böyük inamla baxır. O, Azərbaycanın gələcəyi haqqında düşünür və fəaliyyət göstərir. Xalqın sabahına diqqət isə onun milli mənəviyyatında yaşamaq deməkdir.
Hacı Kamal GÜLÜŞOV,
Saatlı rayonu, Bülbül
adına uşaq
musiqi məktəbinin direktoru,
Azərbaycan Jurnalistlər Birliyinin
üzvü
Xalq qəzeti.- 2013.- 12 may.- S. 5.