ABŞERON: Ulu öndərə möhtəşəm ehtiram

 

10 may  2013-cü  il. Abşeron  rayonu. Ulu öndərin  adına  əbədiləşdirilmiş 9,5 hektarlıq  yaraşıqlı  park. Abşeron yarımadasının “şıltaqlığı”  bu dəfə də  sinoptikləri  təəccübləndirdi — gözlənildiyindən  də daha  günəşli,  mülayim  bir sabahın  açılmasıyla  abşeronlular ümummilli lider  Heydər Əliyevin  möhtərəm  xatirəsini  anmaq,  90 illik  yubileyini  birlikdə qeyd  etmək üçün  axın-axın  parka yığışırdılar.

Əllərində gül  dəstələri tutmuş  yüzlərlə  insanın  üzündəki  təbəssüm  möhtəşəm yubileyin ahənginə  uyğunlaşırdı.  Rayon tədbirlərində həmişə fəal iştirak edən köhnə tanışlarımdan  biri ilə rastlaşdım.  Hal-əhvaldan  sonra  dedi: –  Qardaş,  sən Allah,  bir  havanın  gözəlliyinə  bax!  Belə  gözəl gündə dünyaya  gəlməyin  özü də bir  xoşbəxtlikdir,  həm də hər insana  qismət olmayan  xoşbəxtlik!  Bayramımız  mübarək olsun!

Çox keçməmiş  Abşeron  Rayon  İcra Hakimiyyətinin başçısı  Zakir  Fərəcovun  gəlişi ilə   tədbir başlayır. O, bacarıqlı   əllərin  bəhrəsi  olan  müxtəlif əl işlərinin  sərgisini  diqqətlə  izləyir,  bədii özfəaliyyət kollektivlərinin, balaca  rəqqasların  çıxışlarına  maraqla  tamaşa  edir. Üzündəki  məmnunluqdan  açıq-aydın  görünür ki,   abşeronluların  Heydər Əliyev  şəxsiyyətinə səmimi  və sonsuz  sevgiləri rayon rəhbərini olduqca təsirləndirib və məmnun  edib.  “Yüz eşitməkdənsə bir görmək  yaxşıdır”  atalar  sözünə əməl  edərək  təəssüratlarımı və  müşahidələrimi  buradaca nöqtələyirəm.  Qoy  bu  təəssüratları və  müşahidələri  şəkillər  tamamlasın.

 

 

Səməd HÜSEYNOĞLU

 

Xalq qəzeti.- 2013.- 12 may.- S. 6.