Cənub bölgəsində 9 May – Qələbə Gününün təntənəsi

 

Lənkəran

 

Şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşov, icra aparatının rəsmiləri, müharibə veteranları, arxa cəbhə iştirakçıları, hüquq-mühafizə orqanlarının rəhbərləri əvvəlcə Naməlum əsgərin abidəsi önünə çiçək dəstələri düzdülər. Sonra iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun əsaslı şəkildə yenidən qurulmuş abidəsi önündə ümumrayon tədbiri keçirildi. İcra başçısı müharibə veteranları ilə səmimi görüşərək onları bayram münasibətilə təbrik etdi və qəhrəmanın abidəsi önünə gül qoydu.

Ədəbi-bədii kompozisiya nümayiş etdirildi. Hərbi marşın sədaları altında keçirilən tədbir hamıya xoş ovqat bağışladı.

Rayon rəhbərliyi sonra Həzi Aslanovun ata ocağı Gərmətük qəsəbəsinə gəldi. Burada yenidən qurulmuş Böyük Vətən müharibəsi abidə kompleksi, rəşadətli sərkərdənin büstü ziyarət edildi. Məktəblilər vətənpərvərlik və qəhrəmanlıq mövzularında şeirlər söylədilər.

Daha sonra rayon rəsmiləri Həzi Aslanovun Lənkəran şəhərindəki ev-muzeyinə baş çəkdilər. Qəhrəmanın həyat və döyüş yolunu əks etdirən ekspozisiyalarla tanış oldular.

Bayram şənliyi Veteranlar klubunda ziyafət stolu arxasında davam etdirildi. T.Qaraşov bayram sevincini veteranlarla bölüşərək ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətdə olduğu dövrlərdə veteranlara göstərilən yüksək dövlət qayğısından danışdı, hazırda möhtərəm Prezidentimiz İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsindən söz açdı, tədbir iştirakçılarına, onların timsalında bütün lənkəranlı veteranlara ən xoş arzularını çatdırdı.

Rayon Veteranlar Şurasının sədri Musarza Əzimov, Ağsaqqallar Şurasının sədri, Respublika Ağsaqqallar Şurasının üzvü Kamal Kələntərli  və başqaları diqqətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər. Onlar Lənkəran rəhbərliyinin qayğısını daim hiss etdiklərini, çevrələrinin heç zaman boş qalmadığını razılıqla ifadə etdilər.  Sonda xatirə şəkilləri çəkdirildi.

 

Astara

 

Böyük Vətən müharibəsində faşizm üzərində qələbənin 68-ci ildönümü ilə əlaqədar keçirilən tədbirdə icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev, hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri şəhərin mərkəzindəki “Qəhrəmanlar bağı”na gələrək Sovet İttifaqı Qəhrəmanları Ziya Bünyadovun, Mirzə Cəbiyevin, İlya Koverinin, Azərbaycanın Milli Qəhrəmanı Yalçın Nəsirovun, Sosialist Əməyi Qəhrəmanı Böyükxanım Əliyevanın, üç “Şöhrət” ordenli Rəhmət Hətəmovun və Ağahəsən Nəhmətovun    məzarları önünə, Qarabağ uğrunda döyüşlərdə həlak olmuş astaralı şəhidlərin xatirə lövhəsinin qarşısına əklil və gül dəstələri qoydular.

Ziyarətdən sonra çay masası ətrafında rayon rəhbərləri müharibə veteranları ilə söhbət etdilər.

İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev qələbənin 68-ci ildönümü münasibətilə veteranları təbrik etdi, ən xoş arzularını bildirdi. O, ölkə Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində işğal altındakı torpaqların azad ediləcəyi günün uzaqda olmadığını bildirərək veteranlara həmin böyük qələbə gününü də görməyi arzuladı.  Veteranlar Şurasının sədri Rafiq Əliyev, keçmiş döyüşçü Məmmədşah Məcidov, Ağsaqqallar Şurasının sədri Hamlet Əliyev onlara göstərilən dövlət qayğısından razı qaldıqlarını bildirdilər, Prezident İlham Əliyevə imzaladığı sərəncama əsasən müharibə iştirakçılarına birdəfəlik yardım ayrılmasına görə minnətdarlıq etdilər.

 

Masallı

 

“Qəhrəmanlar parkı”nda İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 68-ci ildönümü münasibətilə keçirilən təntənəli mərasim iştirakçıları əvvəlcə abidə önünə tər çiçəklər düzərək dünyasını dəyişmiş veteranların xatirəsini ehtiramla yad etdilər.

İcra hakimiyyətinin başçısı Rafil Hüseynov veteranları bayram münasibətilə təbrik etdi, bəşəriyyətin üzləşdiyi faşizm taununun aradan qaldırılmasında 600 mindən çox soydaşımızın iştirakını vurğuladı. O, ümummilli lider Heydər Əliyevin veteranlara göstərdiyi diqqət və qayğıdan ətraflı bəhs edərək bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirdi.

Sonra tədbir bayram süfrəsi arxasında davam etdirildi. Veteranların barıt qoxulu xatirələri dilə gəldi, onlar diqqət qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.

Tədbirdə veteranlara maddi yardım göstərildi.

Sonda Masallı rayonundan olan milli qəhrəmanların abidələri ziyarət olunaraq önünə gül dəstələri qoyuldu onların ailələrinə baş çəkildi.

 

Lerik

 

Qələbənin 68-ci ildönümü münasibəti ilə rayon rəsmiləri, hüquq-mühafizə orqanlarının, idarə, təşkilat müəssisələrin rəhbərləri, veteranlar ictimaiyyət nümayəndələrinin iştirakı ilə bayram tədbiri keçirildi.

 İştirakçılar əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini, Böyük Vətən müharibəsində həlak olanların Qarabağ müharibəsi  şəhidlərinin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət etdilər, önünə gül dəstələri düzdülər.

 MərasimNurşadlıq sarayında bayram süfrəsi arxasında davam etdirildi.

Rayon Veteranlar Şurasının sədri Hidayət Bəşirov bildirdi ki, faşizm üzərində tarixi qələbənin əldə olunmasında Azərbaycan xalqının əvəzsiz rolu olmuşdur. Azərbaycan övladları ön arxa cəbhələrdə fədakarlıq göstərmişlər. Tarixi qələbənin əldə edilməsində leriklilərin xidməti az deyil. 1941-45-ci illərdə Lerikdən 6500 nəfər cəbhəyə yollanmışdır. Onlardan 1584 nəfəri həlak olmuş, 3314 nəfəri yaralanmışdır. 600 nəfər orden medallarla təltif edilmişdir. Ataların yolunu davam etdirən 130 nəfərdən çox lerikli gənc Qarabağ döyüşlərində şəhid olmuş, 5 nəfərAzərbaycanın Milli Qəhrəmanıadına layiq görülmüşdür. Veteranlar şəhid ailələri göstərilən qayğıdan çox razıdırlar.

İcra hakimiyyətinin başçısı Rövşən Bağırov müharibə veteranlarını təbrik etdi, onların  qəhrəmanlıqlarının gənc nəslə vətənpərvərlik nümunəsi olduğunu diqqətə çatdırdı.

Tədbir rayon mədəniyyət turizm şöbəsinin hazırladığı konsert proqramı ilə davam etdirildi, müharibə iştirakçılarına rayon icra hakimiyyəti tərəfindən maddi yardım verildi.

 

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2013.- 12 may.- S. 6.